vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
21:19 | 5 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 2675 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan Avropadan uzaqlaşmamalıdır

Əks halda İrəvan Bakının yoxluğundan istifadə edərək Azərbaycan əleyhinə qətnamələr qəbul etdirmək imkanı qazanacaq

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Dövlət başçısı İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşdü. Görüşdə müxtəlif mövzulardan danışdı. Açıq müzakirə getdi. Avropalı qonaqlar prezidentə çoxsaylı suallar verdilər. Heç bir sual cavabsız qalmadı. Görüşdəki müzakirə olunan mövzuları aşağıdakı kimi qruplaşdırmaq olar:


- Dağlıq Qarabağ münaqişəsi;

- Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər, tərəflər arasındakı strateji anlaşma və enerji layihələri;

- İnsan haqları ilə bağlı məsələlər;

- Azərbaycanla Avropa Şurasındakı münasibətlər.

 

Görüşdə Dağlıq Qarabağ ən çox müzakirə olunan mövzulardan idi. Çünki bu problemin həll olunmaması birbaşa Avropanın da təhlükəsizlik maraqlarına toxunur.

Bu görüşdə İlham Əliyevin sözlərindən aydın oldu ki, Ermənistan danışıqlardan yayınır. İrəvan ötən ilin aprel savaşından sonra da eyni taktikaya üstünlük verdi. İddia etdilər ki, atəşkəsi guya Azərbaycan pozub və belə vəziyyətdə Ermənistan hakimiyyəti danışıqlarda iştirak etməyəcək. Ancaq üstündən bir neçə gün sonra yenidən danışıqlara qatıldılar. Çünki Moskvadan əmr aldılar və bu əmrə tabe olmaqdan başqa alternativləri yox idi. Elə indi də, əgər Moskvadan yenə əmr alsalar başlarını aşağı salıb danışıqlara qatılacaqlar. İlham Əliyev avropalı qonaqların diqqətinə onu çatdırmaq istəyirdi ki, danışıqlara qatılmamaq status-kvonun uzanması bu isə yenidən bölgədə toqquşma ehtimalını artıracaq. Prezidentin Dağlıq Qarabağ ətrafındakı 7 rayonun işğal altında saxlaması faktını xatırlaması isə o demək idi ki, erməni separatçıları bu rayonlardan şantaj predmeti kimi istifadə etdikcə vəziyyət normallaşmayacaq. İlham Əliyevin Avropaya mesajı bu şəkildə idi: Avropa Azərbaycanın işğalına seyrçi qaldıqca və Ermənistan hakimiyyətinə təsir etmədikcə müharibə ehtimalı azalmayacaq.

İlham Əliyev Qarabağdan danışarlən avropalı qonaqlara Şimali İraq və Kataloniyadakı referendumları da xatırlatdı və bununla demək istədi ki, xalqların özmüqədərratının təyini hüququ ərazi bütövlüyü prinsipinə zidd olmamalıdır, Helsinki Yekun aktı da məhz bu yanaşmanı diktə edir. Şimali İraq və Kataloniyadakı referendumlar fərqli iki bölgədə gərginliyə səbəb olub. Şimali İraqdakı referendum bölgədə hər an toqquşma ehtimalını artırıb. Türkiyə, İran və İraq Kürdüstan dövlətinin yaradılmasının əleyhinədirlər, bunun bölgə üçün dağıdıcı olacağını vurğulayırlar. Eləcə də Kataloniyadakı referendum İspaniyanın ərazi bütövlüyünü şübhə altına alınmasına yönəlib. Aydındır ki, Bağdad kimi Madrid də ərazisinin itirilməsiylə razılaşmayacaq, separatçılara müqavimət göstərəcək.

Avropa bu iki referenduma qiymət verməkdə çətinlik çəkir. Doğrudur, Avropa İttifaqı həm İraqın, həm də üzvü olduğu İspaniyanın ərazi bütövlüyünü dəstəkləyir, ancaq separatizmə qiymət verməkdə də çətinlik çəkir. Belə davam etdikcə Avropanın özündə bölünmə prosesi sürətlənəcək. İlham Əliyev avropalı qonaqların diqqətinə onu çatdırmaq istəyirdi ki, Brüssel bu məsələlərdə çaşbaş qalınca vəziyyəti Avropa İttifaqının zərərinə inkişaf edəcək. Separatçılıq hər yerdə pislənilməlidir.

Avropa ilə münasibətlərdə sualların sayının çox olmasına baxmayaraq, rəsmi Bakı Brüssellə dialoqu davam etdirməlidir. Azərbaycan heç bir halda Avropa Şurasından çıxmamalıdır. Bəli Avropa Şurasının bəzi qərarları rəsmi Bakının xoşuna gəlmir. Avropa Şurası da rəsmi Bakının insan haqları siyasətindən və siyasi məhbusların varlığından narazıdır. Bütün bu məsələlər dialoq yolu ilə həll olunmalıdır. Gərginliyə getmək olmaz. Bu nə Avropanın, nə də Azərbaycanın maraqlarına cavab verir. Azərbaycan Avropadan iki səbəbə görə qopa bilməz.

Birincisi, rəsmi Bakı Avropa Parlamentinin və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nə qədər tənqid etsə də, hər iki qurum müxtəlif illərdə Dağlıq Qarabağ münaqişəsinin həlliylə ədalətli qətnamələr qəbul edib, birmənalı şəkildə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini vurğulayıblar. Bu qətnamələr kağız üzərində qalsa da, Azərbaycan üçün qiymətləndirmə də vacib olmalıdır. Ona görə də Azərbaycan AŞPA-nı tərk etməməlidir. Əks halda Ermənistan Azərbaycanın bu təşkilatda yoxluğundan istifadə edərək Azərbaycan əleyhinə qətnamələr qəbul etmək imkanı qazanacaq.

İkincisi, Avropa İttifaqına üzv ölkələr Azərbaycanın əsas ticarət tərəfdaşıdırlar. İlham Əliyev də görüşdə vurğuladı ki, Azərbaycanın enerji məhsulları əsas Avropa bazarına yönəlib. Tikilməkdə olan TAP və TANAP boru xətlərinin məqsədi də elə budur. Digər tərəfdən Avropa İttifaqı ilə Azərbaycan arasında strateji əməkdaşlıq sazişi imzalanmalıdır. Bu istiqamətdə çalışmalar davam edir. Elə bu səbəbdən də Azərbaycanın Avropanın hər hansı təşkilatından uzaqlaşması doğru deyil. Rusiya və işğalçı Ermənistan Azərbaycanın Avropadan uzaqlaşmasından öz məqsədləri üçün istifadə edə bilərlər. Ona görə də nə Moskvaya, nə də İrəvana belə bir fürsəti vermək olar. Bu mənada Azərbaycan prezidentinin ötən dəfəkindən fərqli olaraq bu dəfə Avropa İttifaqının «Şərq Tərəfdaşlıq Proqramı»nın zirvə toplantısına qatılmaq qərarı doğrudur.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)