vaxtlı-vaxtında oxuyun! Şənbə, 16 dekabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0032 AZN
Rusiya rublu 1 RUB = 0.0289 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2846 AZN
Türk lirəsi 1 TRY = 0.4379 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
BÖHRAN  
11:35 | 8 oktyabr 2017 | Bazar Məqaləyə 303 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Böyük müharibəyə saatlar qaldı

Türkiyə şimaldan İdlibə hücuma hazırlaşır, müttəfiq qüvvələr bölgəyə daxil olub, Suriyanın taleyini həll edəcək savaş yaxın zamanda başlayacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə Suriyanın İdlib vilayətinə hərbi müdaxiləyə start verib. Hələlik Türkiyə ordusu Suriya sərhədlərini keçməsə də, son bir aydır ordu Hatay vilayətinin İdliblə sərhəd məntəqələrinə ordu və texnika toplayır. Son olaraq ötən gecə Reyhanlı qəsəbəsinə 20 maşından ibarət tank konvoyu gətirilib. Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar, qoşun komandanları və Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının rəisi Hakan Fidanla sərhəd nöqtəsinə gedib, əməliyyat şəraiti ilə tanış olub. İdlibdən birbaşa xəbər yayan xəbər mərkəzləri isə Türkiyə ordusunun Reyhanlı istiqamətində sərhəddəki beton dirəkləri götürdüyünü yazıb.

Qeyd edək ki, Suriyada Fua və Kafarya qəsəbələri istisna olmaqla, tamamilə üsyançıların nəzarətində olan İdlib vilayətinin terror qruplarından təmizlənməsi ilə bağlı razılıq bu ilin mayında Ərdoğan və Putin arasında danışıqlar zamanı əldə olunub. İyulda isə Astana prosesində Rusiya, Türkiyə və İran rəsmiləri İdlibin nəzarətə alınması planını razılaşdırıblar. Plana əsasən Türkiyə şimaldan (Hatay vilayətindən), Rusiya ordusu isə mərkəzdən, Suriya ordusu və İran qüvvələri cənubdan İdlibə əməliyyat həyata keçirəcək. Artıq bir aydan çoxdur ki, Türkiyə ordusu Hatay vilayətinə döyüş texnikası toplamaqdadır

AKP düşərgəsində çıxış edən prezident Rəcəb Tayyib Ərdoğan isə İdlib əməliyyatının başladığını, ancaq hələlik Türkiyə ordusunun birbaşa döyüş əməliyyatlarına qoşulmadığını, Türkiyənin müttəfiqi «Azad Suriya Ordusu»nun əməliyyatı həyata keçirdiyini bildirib. Ərdoğan deyib ki, əməliyyata ruslar havadan, Türkiyə ordusu isə sərhəddən dəstək verir. Türkiyə prezidenti bildirib ki, Rusiya ilə əldə olunmuş razılaşmaya əsasən İdlib daxildən Türkiyə, xaricdən isə Rusiya qüvvələri tərəfindən mühafizə olunacaq. Əsas məqsəd isə İdlibdəki dinc əhalinin qorunmasıdır.

«Sözcü» qəzetinin yazdığına görə, ötən gün Türkiyənin dəstəklədiyi ASO-nun «Həmza birliyi» «Fırat Kalkanı» əməliyyatı zamanı təmizlənmiş bölgədən çıxaraq Türkiyə ərazisi ilə Hataya gəlib və buradan İdlibə daxil olub. Qeyd edək ki, İdlib vilayətinin eyni adlı mərkəzi Türkiyə sərhədlərinə 45 km məsafədə yerləşir. Rusiya və Türkiyə arasında anlaşmaya əsasən bu ərazidə «atəşkəs» bölgəsi qurulacaq və Türkiyə qüvvələri, müttəfiq silahlı birliklərlə orada asayişi təmin edəcəklər.

İlkin məlumatlara əsasən Türkiyə ordusunun 1-ci Kayseri və 2-ci Bolu xüsusi təyinatlı briqadaları İdlib əməliyyatına cəlb olunmaq üçün Hatay sərhəd ərazisinə gətirilib. Baş Qərargah rəisi Akar və MİT rəhbəri, quru qoşunları, hərbi hava qüvvələri komandanları ilə birlikdə Hatay sərhəd xəttinə gəlib, hərbi birliklərin əməliyyat hazırlığını, eləcə də əməliyyat bölgəsini müşahidə ediblər.

Qeyd edək ki, İdlib əməliyyatının taleyi ümumilikdə Suriya münaqişəsinin taleyində həlledici rol oynayacaq. Məsələ ondadır ki, hazırda İdlib tamamilə silahlı müxalif qrupların nəzarətində olan yeganə vilayətdir. İdlibdə qonşu vilayətlərdən də qaçıb gələnlərlə birlikdə ümumilikdə 2 milyon əhalinin yaşadığı ehtimal olunur. Bundan başqa İdlib Türkiyə üzərindən Əsədə qarşı savaşan qüvvələrin yeganə quru sərhədidir. Digər ərazilər demək olar ki, bütövlükdə kürd – YPG-SDQ qüvvələrinin nəzarətindədir. Türkiyə ordusunun «Fırat Kalkanı» əməliyyatı ilə azad etdiyi ərazilərin də Suriyanın daxili bölgələri ilə əlaqəsi yoxdur, çünki qarşıda Suriya ordusu və kürd qüvvələrinin nəzarətində olan bölgələr var. İdlibdə bir neçə hökumət əleyhdarı silahlı qruplar var. Onlar əsasən islamçı xətdə olan qüvvələrdir. Bunların arasında «Şamın Fəth Cəbhəsi» (keçmiş adı ən-Nusra), Tahrir əş-Şam, Əhrar əş-Şam və digər islamçı qruplar (bunların bir qismi «Heyət Tahrir Şam» adı altında birləşib) var. Bunların bir qisminin Türkiyədə ciddi dəstəkləri var. Hətta Əhrar Şamın lideri bu gün sosial şəbəkə vasitəsilə Türkiyəyə inqilaba dəstəyə görə təşəkkür edib. Bundan başqa Hizb ət-Təhrir təşkilatının təşəbbüsü ilə cümə günü Türkiyənin bir neçə şəhərində İdlib əməliyyatı əleyhinə aksiyalar keçirilib.

Bu isə onu göstərir ki, İdlibdəki qrupların Türkiyədəki ayağı ciddi müqavimət göstərəcək. Türkiyə polisinin son günlər iri şəhərlərdə, o cümlədən İstanbulda keçirdiyi antiterror həbsləri onu göstərir ki, hökumət İdlib əməliyyatı zamanı ölkə daxilində radikal terrorçuların hücumlarından narahatdır.

Eyn zamanda əməliyyat bölgəsindən xəbər verən bəzi internet mənbələri islamçı qrupların Türkiyə ordusu ilə qarşılaşmamaq üçün cənuba çəkildiyini və burada Suriya ordusuna qarşı müqavimətə hazırlaşdığı haqda xəbər yayıb. Çünki İdlibin şimalı Türkiyənin faktiki artilleriya atəşi altındadır və burada silahlıların Türkiyə ordusuna ciddi müqavimət göstərməsi mümkün olmayacaq. Buna görə də bəzi qrupların ASO bayrağı altına keçdiyi, daha radikal qrupların isə cənuba çəkilib Suriya hökumət qüvvələrinə qarşı mühairbəyə hazırlaşdığı bildirilir.

Ancaq istənilən halda İdlib əməliyyatı Türkiyə ordusu üçün ikinci sərhədaşığı əməliyyat olaraq əhəmiyyət kəsb edir. İdlibə ən çox diqqət edən Rusiyadır. Ruslar İdlibi parçalamaq, vilayətin şimalında Türklərin, mərkəz və cənubunda isə hökumət qüvvələrinin nəzarətini yaratmaq istəyirlər. Çünki İdlib Tartus və Laziqiyyə kimi rusların əsas yerləşdiyi bölgələrə yaxındır.

Rusiya İdlibdə yerləşən keçmiş ən-Nusra «Şamın Fəth Cəbhəsi» qruplaşmasnı və onun müttəfiq qrupları ləğv etməyə çalışır. Bu qruplaşmalarda İŞİD-dən sonra ən çox Rusiya vətəndaşı məhz bu qruplaşmanın tərkibindədir. Üstəlik, qruplaşma digər müxalif qruplarla yaxındır, yaxın müttəfiqlik münasibətləri var və ən əsası beynəlxalq təşkilatlarla əməkdaşlıq edir və siyasi hakimiyyətə iddia edir.

Türkiyə isə İdlibi nəzarət altına almaqla müttəfiq müxalif qrupları qorumaq və mövqelərini gücləndirməklə yanaşı, İdlib və «Fırat Kalkanı» əməliyyatı nəticəsində ələ keçirilmiş ərazinin ortasında qalan Afrin bölgəsini kürdlərdən alaraq Suriya-Türkiyə sərhədlərinin böyük qismini kürdlərin əlindən almağa nail olmaq istəyir.

İstənilən halda İdlib əməliyyatının başlaması Suriya münaqişəsinin növbəti ən gərgin mərhələlərindən biri olacaq. Bu əməliyyatın nəticəsi həm də Suriyada münaqişənin həllinin hansı formatda və hansı qüvvələrin iştirakı ilə həll olunacağını göstərəcək.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *