vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 17 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
MÜSAHİB  
12:23 | 8 oktyabr 2017 | Bazar Məqaləyə 3077 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Yazan adam üçün nə pensiya, nə yaş?»

Elçin Şıxlı: «Bir-birimizi tərifləyib məmnun şəkildə dağılışacağıq»

Elşad PAŞASOY

MÖVZU İLƏ ƏLAQƏLİ

Oktyabrın 4-də Azərbaycan Jurnalistlər Birliyinin sədri, «Ayna- Zerkalo» qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlının 60 yaşı tamam oldu. Artıq rəhbərlik etdiyi qəzetlərin fəaliyyəti dayansa da, son zamanlar «Ayna.az» saytını yaradıb və bir sıra həmkarları ilə birgə müəllif yazıları ilə çıxış edir. Elçin bəylə yubiley söhbətində onunla mətbuat, ölkə, perspektiv planlarından danışdıq.


- Elçin bəy, son zamanlar az-az yazırsınız, elə danışdığınız kimi. Bu, özünəsenzuradan irəli gəlir, yoxsa başqa səbəbi var?

- Yox. Az-az yazmaq... yazanda əvvəlki yazı yaxşı olubsa, ondan sonrakı yazının səviyyəsini aşağı salmamaq istəyindən irəli gəlir. Tez-tez yazmaq olar təbii ki. Amma əvvəlki yazı yaxşı alınırsa, sonrakını heç olmasa çox da aşağı salmamaq xətrinə düşünüb-daşınırsan, ona görə də az yazırsan.


- Mövzuya tabu qoyduğunuz hallar olurmu?

- Yox, elə bir tabu yoxdur. İstənilən mövzu haqqında elə yazmaq olar ki, haqqında yazdığın obyektmi, subyektmi səni dinləməyə çalışsın. Yəni onu təhqir etmədən, heysiyyatına toxunmadan istənilən sözü söyləmək olar.


- Bir sıra hallarda ölkədə söz azadlığının durumu ilə bağlı fərqli fikirlər səslənir. Amma sizin bu dedikləriniz tamam əksini deyir. Yəni yazmaq mümkündür, yetər ki, təhqir olmasın...

- Birincisi, söhbət nədən gedir? Təbii ki, mətbuat həmişə tənqidlə bağlı olmalıdır. Məsələn, hava yaxşıdırsa, biz yazsaq ki, hava yaxşıdır, hər şey gözəldir, quşlar oxuyur, bülbüllər cəh-cəh vurur, bu, bir az poetik məsələdir və bunu şairlər şeirlərində yazırlar. Jurnalistika, publisistika elə sahədir ki, orada yazanda gərək hansısa bir problemə toxunasan. Yəni bu, o demək deyil ki, elə «barmaqdan sorulmuş» bir problem tapırsan, yox! Təəssüf ki, problem hər yerdə var. Təkcə Azərbaycanı nəzərdə tutmuram. Ola bilsin ki, bizdə onun təmərküzləşməsi bir xeyli çoxdur. Hər halda mən istədiyimdən çoxdur. Elementar şeylər var ki, onları çox rahatlıqla həll etmək olur. Savadsızlıq, nadanlıq, ələbaxımlıq, yaltaqlıq və bir sıra digər təəssüf ki, insana xas olan naqis xüsusiyyətlərin nəticəsində bu problemləri həll etmək olmur. Yəni hətta məişət səviyyəsində olan şeyləri yerində olmayan adamlar həll etmirlər və belələliklə də hamı üçün problem yaradırlar. Ona görə də əgər söz azadlığından söhbət gedirsə, söz azadlığı o demək deyil ki, bir-iki, yaxud 5-10 adam nə istədi, sərbəst hər şeyi yazdı... Söz azadlığı o deməkdir ki, kütlədə olan insanlar, bütün millət istədiyi fikrini rahat ifadə edə bilsin. Yoxsa istənilən cəmiyyətdə on adam tapılacaq ki, həmişə öz sözünü deyəcək. Öz sözünü deyə bilən adamların sayı nə qədər çox olacaqsa, söz və ifadə azadlığının bərqərar olması üçün daha çox stimul olacaq. Amma ümumilikdə götürəndə təəssüf ki, bizdə söz azadlığının olduğunu mən söyləyə bilmərəm.


- Opponentləriniz əks arqument söyləyə bilər ki, əgər tənqidi media varsa, sizin özünüzün belə tənqidi fikirləriniz varsa, bunun özü də azadlığın nümunəsidir. Razılaşırsınızmı?

- Təbii, belə bir yanaşma da var. Mən həmin söylədiyimi mediaya da aid edirəm. 1-2 qəzet, ya 2-3 saytla  söz, fikir, ifadə azadlığı bərqərar olmur. Bu, gərək norma şəklində olsun. Onda mən deyərəm ki, bəli, söz və ifadə azadlığı tam, sərbəst şəkildə var. Özü də bir məsələ var: sözünü deyirsənsə, bundan sonra səni rəsmi şəkildə cəzalandırmırlarsa, söz azadlığı mühiti budur.


- Elçin bəy, özünüsenzura tədbirləri çərçivəsində yazıb çap etdirmədiyiniz, sandığa yığdığınız yazılarınız varmı?

- Yox. Özümüsenzuranı mən əvvəldən başlayıram, əgər o, varsa. Yazıramsa, onu saxlamıram. Sandığımda heç nə saxlamamışam, nə varsa, süfrədədir, hər şey ortalıqdadır. (gülür). 


- 60 yaşla bağlı müsahibələrinizin birində demisiniz ki, bu günə qədər heç nə etməmişəm. Bu, obrazlı yanaşmadır, yoxsa şair demişkən, doğrudan da özünüzdən narazısınız?

- Təbii ki, burada obrazlılıq var. İnsan nə etməsə də, 60 il ərzində heç olmasa, ailə qurur, övlad gətirir dünyaya, ev qurur, bir-iki adamla dostluq edir. Bunlar hamısı işdir. Kiməsə yaxşılıq edirsən, nəsə öyrədirsən, kiminsə əlindən tutursan, bunlar təbii ki, işdir. Bilirsiniz, mən onu nə mənada demişəm? Yəni kimsə 50 yaşında, kimsə 70, ya kimsə 30 yaşında desə ki, mən böyük bir kəşf etmişəm və bundan sonra əl-ayağımı uzadıb heç nə etməyəcəyəm, mən bu nöqteyi-nəzərdən demişəm. Yəni əgər mən desəm ki, hər şeyi etmişəm, bundan sonra artıq yaşamağın mənası da qalmır. Ona görə belə hesab edirəm ki, hələ heç nə etməmişəm.


- Altıncı onillik sizin üçün ömrün hansı həddidir? Qocalıq yaşıdır, yoxsa hələ bu ifadəni özünüzə yaxın buraxmırsınız?

- Birincisi, yaş insanın özünün daxili aləmindən və özünü necə hiss etməyindən asılıdır. Təbii ki, indi fiziki cəhətdən... Tutalım 30 yaşında biz qəzeti buraxmağa başlayandakı kimi, sutkada 10-12 saat işləyə bilmirəm. Amma o həvəs var. Daxilən insan özünü hələ də gənc hiss edir. O, tək məndə deyil, bir çoxlarında elədir. Bu həddi keçmiş dostlarım var, deyirlər ki, «əşi, bundan sonra adam ikinci nəfəs alır, fikir eləmə». Amma əslində insanın daxili dünyasından asılıdır. İnsan özünü daxilən necə hiss edirsə və hələ də nəsə iş görmək həvəsi varsa, yaş burada heç bir rol oynamır. Sadəcə olaraq fiziki cəhətdən müəyyən məqamda qarşına sədd qoyula bilər.


- Yubiley gününüz sakit keçdi. Geniş şəkildə, təmtəraqlı qeyd etməyə ehtiyac duymadınız deyəsən...

- Qeyd etmək deyəndə ki... Sosial şəbəkədə şəxsən tanımadığım adamlar belə, məni təbrik elədilər. Sözün doğrusu, mənəvi cəhətdən və müsbət enerji almaq cəhətdən bu, mənə çox kifayət elədi. Bir də ki, mən ad gününü ailədə keçirirəm. Ailə deyəndə ki, qardaşımdır, çox yaxın dostlarım, qohumlarımdır. Onlarla hələ oturub bir məclis qurmamışam, quracam və bir-birimizi tərifləyib məmnun şəkildə dağılışacağıq.


- Səhv etmirəmsə, siz baş redaktorlar içərisində ən qocamanısınız, eləmi?

- Bilmirəm, vallah. O barədə heç düşünməmişəm. Yox, niyə? İstədim deyim Aqil Abbas. Amma Aqil Abbas artıq baş redaktor deyil. Hə, qocamanlardan biri demək olar.


- Yaş sindromu hiss olunmursa, deməli, yaradıcılığa, qəzetçiliyə davam deyirsiniz, düzdür?

- Yazı işinə təbii ki, davam. Yazmaq, pozmaq, nəsə yaratmaq, söz demək, insanlara fikir çatdırmaqda «stop» məsələsi yoxdur. Sadəcə olaraq qəzeti dayandıranda həm yorulmuşdum, həm Rauf Mirqədirova zərər gəlməsin deyə, demişdim ki, daha yazmayacağam. O məsələlər həll olunandan sonra daxilən özümü güclə saxlayırdım nə isə yazmamaq üçün. İndi o məsələlər şükür Allaha, həll olundu, Rauf azadlıqdadır, daha yazmaq olar.


- Amma qəzet çıxmır, yalnız sayt versiyası qalıb...

- Yox, qəzet çıxmır. Ancaq «Ayna»dır, orada da yalnız müəllif yazıları var. Yəni xəbər, reportaj, müsahibə janrları demək olar ki, yoxdur.


- Və işçilər də yoxdur.

- Yox, işçi yoxdur. Həmkarlar, bizə yazmağa həvəsi olan insanlar yazır. Onlara da baxırıq, müəyyən səviyyədən aşağı olmamaq şərtilə.


- Həm də ictimai əsaslarla çalışırsınız, düzdür?

- Bəli, ictimai əsaslarla.


- Üzü 70-ə doğru media ilə bağlı hansısa yeni plan, layihələriniz olacaqmı?

- Əgər qəzet bərpa etməyi nəzərdə tutursunuzsa, hələ heç bir planım yoxdur. Qəzet, yaxud sayt gündəlik, yəni xəbərlə işləyən media orqanıdır ki, onlara gərək cavan, enerjisi çox olan adamlar rəhbərlik etsin. Amma təbii ki, kiməsə məsləhət, tövsiyə xarakterli yardım lazım olarsa, onu etməyə həmişə hazır olacağam.


- Pensiya yaşına da bir şey qalmayıb. Heç o barədə düşünmüşünüz?

- (gülərək) Bilirsiniz, yazan adam üçün nə pensiya, nə yaş? Yazırsansa, beynin işləyirsə, 100 yaşında da ömür vəfa edirsə, yazacaqsan. Bizim Çingiz Hüseynov var, Allah canını sağ eləsin!


- Ya da Şirməmməd müəllim...

- Hə, Şirməmməd müəllim. Yəni onlar yaşa baxmır ki. İşləyirlər.


- Mən həm də pensiya təminatını nəzərdə tuturam. Pensiya yaşına çatacaq bir qəzetçinin alacağı pensiyanın miqdarı barədə də ara-sıra müzakirələr gedir.

- Tək qəzetçi deyil ki. Əgər prezident təqaüdü almırsansa, yaxud hökumətdə işləyib məmur təqaüdü, pensiyası almırsansa, hesab elə ki, acından öləcəksən. Çünki ümumiyyətlə, bizdə təqaüd çox biabırçı şəkildədir. O başqa bir problemdir. Çünki son 10 ilə yaxındır hərənin öz təqaüd kartı var. Hər ay o karta, Pensiya Fonduna köçürmələr gedir. O köçürmələr illərlə yığılır və hökumət strukturu olan Pensiya Fondu onu yaxşı mənada, maliyyə baxımından fırladır. Ondan faizləri qazanır, amma ona verdiyim puldan mənə heç bir faiz gəlmir. Hesablamalara gələndə dünyanın bir sıra ölkələrində hərənin öz pensiya kartı var və ora kim nə qazanıbsa, onun faizi yığılır. Yəni yaxşı işləyən adam öz əməyinin bəhrəsini qocalığında görür. Amma indi bizdə elədir ki, yenə sovet sistemindən qalma bir şeydir, hamıya eyni yanaşılır. Tutaq ki, mən ömür boyu işləyib 500 manat qazanmışam, kimsə o qədər işləməyib, 100 manat qazanıb. Amma məndən kəsir, ona da 150 manat pensiya verir, mənə də. Bəs, hardadır ədalət? Onda kartoçkalara ehtiyac yoxdur, heç olmasın. Yaxşı, həmin pulları fırladırsınız, fırladırsınız, yaxşı bəs, mənim faizim də olmalıdır axı. Həmin kartoçkada yığılan pulları, tutalım onun sahibi ölürsə, onu ailə üzvlərinə vermirlər. Nə üçün? Mənim pulumdur axı...Yəni belə şeylər çoxdur. Bunları dəfələrlə yazmışıq da, demişik də.

 

- Son zamanlar televiziya mövzusundan çox danışılır. Yerli kanalları izləyirsinizmi?

- Mən televiziyada ancaq futbola, yaxud da hansısa idman yarışlarına baxıram. Çünki bizim televiziyalar baxılası deyil. Xəbərlərə baxanda adam dəli olur. Rusiya televiziyası başdan-ayağa təbliğatdır, orada xəstəxanadır, klinik vəziyyətdir. Türkiyə televiziyası da onun kimi, heç onlardan uzağa getmir. Dilini bildiyimiz ölkələrin televiziyası budur. O birilər də ingiliscə, almancaya ara-sıra baxırsan. Onların cəmiyyətdəki problemləri, hətta yumorları dil bilməyəndən sonra maraqsız olur. Bizim televiziya, yaxud «politoloqların» nəyinə baxasan ki. Öz problemlərimiz qalıb, bunlar Katoloniyadan danışır. Orda demokratiya pozuldu, bəs, burda pozulmadı? Öz dərdimizi, azarımızı qoymuşuq, Kataloniyanın dərdini çəkirik. Nə bilim Şotlandiyada referendum oldu, olmadı. Ona görə də mən bizim televiziyalara ancaq  normal idman olanda baxıram. Futbol olanda da bizim şərhçilərin səsini kəsib şəklinə baxıram.


- «Qarabağ»ı izləyirsiniz?

- Təbii ki, izləyirəm. Çünki üzümüzü ağ eləyən onlardır. Komandanın adı var da. Bu adla Çempionlar liqasına çıxırsansa, hamı deyir ki, Qarabağ Ermənistan deyil, Azərbaycandır. Bu nöqteyi-nəzərdən böyük təsiri və mənası var.


- Açıqlamalarınızdan belə görünür ki, Vətənə çox bağlısınız, qürbətdə yaşamağı qəbul etmirsiniz.

- Hər adamın başı öz torpağında ağırdı. Mən xarici ölkələrə gedib gəzməyi xoşlayıram. Hətta bir sıra ölkələrdəki həyat tərzini də bəyənirəm. Amma darıxıram, mən oralarda yaşaya bilmərəm. Hərçənd dil problemi də olmayacaq. Az-çox nəsə bilirəm. Ancaq mən burada daha xoşbəxt oluram.


- Elçin bəy, rəhmətlik atanız, böyük yazıçımız İsmayıl Şıxlını bu yubiley günlərində yəqin ki, daha çox xatırladınız. Heç bu yaşında oğulun ataya hesabat verdiyi, onun məsləhətinə ehtiyac duyduğu anlar olurmu?

- Təbii. Onu heç vaxt unutmuram. Müəyyən məqamlar olub ki, demişəm, bu saat sağ olsaydı, məsləhətləşərdim onunla. Yəqin ki, hamı üçün təbii bir haldır, valideyni ilə məsləhətləşmək istəyi-olmayandan sonra...Təbii ki, onu unutmuruq. Mənim üçün onun yeri görünür....

Hörmətli Elçin Şıxlını yubileyi münasibətilə «Yeni Müsavat» Media Qrupu adından bir daha təbrik edir, ona uzun ömür, can sağlığı arzulayırıq.