vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ANALİZ  
09:08 | 9 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 2075 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropa Birliyi mükəmməl deyil, amma...

Millətçilik paradı başlasa, yeganə meyar güc olacaq, sonra isə faciələr

Altay GÖYÜŞOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Niyə Kataloniya müstəqilliyinin əleyhinəyəm? Mən Brexitin də əleyhinə idim, yadınıza gəlirsə, Şotlandiya müstəqilliyinin də. Çünki mən həmişə Avropa Birliyi ideyasını romantik millətçilikdən doğan konfliktlərin həllinin resepti kimi görmüşəm.

AB-də bütün qüsurları ilə yanaşı, demokratiya var, nisbi rifah var, universal insan haqları var. Yəni parçalanmaq üçün yeganə əsas milli hisslər və eqoizmdir.

Belçika var ki, içində iki bir-birinə yumşaq desək, dost münasibət bəsləməyən etnik qrup məhz Avropa Birliyi içində olduğu üçün parçalanmır.

Amma təəssüf ki, Macarıstan, Polşa nümunələri, yaxud Qərbi Avropa ölkələri içərisində milliyyətçi hərəkatların güclənməsi indi ciddi problemdir. Həmçinin Kataloniya məsələsinə də bu prizmadan baxıram.

Mən hətta Avropa Birliyi ideyasına bizim bölgələrdəki konfliktlərin perspektiv həlli kimi də baxıram. Bu mənada cəlbedici sayıram.

Ona görə prinsip olaraq Kataloniyanın ayrılmasını böyük təhlükə hesab edirəm. Bu, zəncirvari reaksiya kimi bütün Avropa ərazisində etnik konfliktləri qıcıqlandıra bilər.

Avropa Birliyi ideyası sarsıldısa, ondan sonra meydanda ancaq fiziki güc qalır.

İndi mən çox gözəl başa düşürəm ki, Kataloniya məsələsinin kəskinliyi Franko irsi ilə sıx surətdə bağlıdır. Həmçinin Avropa establişmentinin korrupsiyalaşması, iqtisadi böhran, ondan əvvəl SSRİ ilə soyuq müharibə dövründə Qərbin Frankoya verdiyi dəstəyin acılarıdır.

İspaniya hökuməti də bu işdə özünü çox pis apardı. Ümid edirəm ki, seçici də, növbəti hökumət də bu hökumətin aşırı güc tətbiqinə əmr vermiş yetkililərini cəzalandıracaq.

Normal referendumda əksər Kataloniya əhalisinin çoxluğunun əvvəldəki kimi müstəqillik əleyhinə səs verəcəkləri ehtimalı da yox deyildi.

Qısası bütün səbəb, əsaslara baxmayaraq Kataloniya müstəqilliyini zərərli sayıram.

Mən hətta Brexitin də reallaşmayacağına ümid edirəm. Əgər reallaşsa, əvvəlkindən fərqli olaraq, bu dəfə Avropa Birliyinə üzv olacaq Şotlandiyanın müstəqilliyi tərəfdarı olaram.

Qısası, Avropa Birliyi mükəmməl deyil, amma bu bölgə üçün ortada olan ən yaxşı ideyadır.

Millətçilik paradı başlasa, bayaq dediyim kimi yeganə meyar güc olacaq, arxası isə faciələr.