vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
BÖHRAN  
14:07 | 9 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 1756 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

SEPAH Trampı hədələdi

ABŞ sanksiyaları bərpa etsə, …

MÖVZU İLƏ ƏLAQƏLİ

«Financial Times» (FT) yazır ki, İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) Birləşmiş Ştatlara, bu qurumun terrorçu təşkilatlar siyahısına salınmaması üçün xəbərdarlıq edib.

Korpus bildirib ki, ona qarşı sanksiyalar elan edilsə, keşikçilər də ABŞ hərbiyyəsini hədəfləməkdə sərbəst olacaqlar.

Son günlər verilən xəbərlərə görə, ABŞ prezidenti İranın sanksiyalardan azad edilməsi müddətini uzatmamaq niyyətindədir. Başqa sözlərlə bu, Birləşmiş Ştatların, İran və 6 dünya gücü arasında 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxması demək olacaq.

Digər tərəfdən bu baş verərsə, İran hərbiyyəsi 1979-cu ildən bəri ilk dəfə olaraq sanksiyalarla üzləşəcək.

FT izah edir ki, indiyədək İran silahlı qüvvələrinin ən qüdrətli seçmə birliyi olan bu korpusla əlaqəli fərdlər və şirkətlər üzərinə sanksiyalar qoyulsa da, inqilab keşikçilərinin özləri birbaşa hədəflənməyiblər.

«Əgər ABŞ administrasiyasının axmaq qərarı barədə mediada yayılmış şayiələr gerçək çıxarsa, keşikçilər ABŞ hərbiyyəsi ilə İŞİD qüvvələri ilə rəftar etdikləri kimi davranacaqlar», - korpusun ali komandanlarından briqada generalı Məhəmmədəli Cəfəri deyib.

Cəfəri deyib ki, İran Vaşinqtonun, «Amerikanın Düşmənlərinin Sanksiyalarla Hədəflənməsi» barədə qanunu hərəkətə gətirməsini ABŞ-ın nüvə razılaşmasından birtərəfli qaydada çıxması kimi qiymətləndirəcək.

Tramp İran, Şimali Koreya və Rusiyanı hədəfləyən bu qanunu ötən avqust ayında imzalayıb.

Briqada generalı deyib ki, ABŞ-ın nüvə sazişindən çıxması İran İslam Respublikasına özünün adi müdafiə raket və regional proqramlarını inkişaf etdirmək imkanı verəcək.

O əlavə edib ki, ABŞ-ın yeni sanksiyaları İrana tətbiq edilsə, onda ABŞ İran raketlərinin vura bildiyi 2000 kilometrlik ərazidəki bütün regional bazalarını buradan çıxarmalı olacaq.

Ötən həftə Donald Tramp İranı Yaxın Şərq boyunca terrorçuluq və zorakılığın ixracında, qan tökülməsi və xaosda ittiham etmişdi.

FT yazır ki, Tehranın dəstəklədiyi Livanın Hizbullah təşkilatı qonşu Suriyada prezident Bəşər əl-Əsədin qüvvələri ilə çiyin-çiyinə döyüşür.

İran habelə Yəmənin vətəndaş müharibəsində şiə hutiləri dəstəkləyir.

Bununla belə, Tehrandakı Qərb diplomatları deyirlər ki, ABŞ-ın İnqilab Keşikçilərinə qarşı hər hansı hərəkəti İranın Yaxın Şərqdəki fəaliyyətini daha da pozucu edəcək.

«Biz amerikalılara dəfələrlə xəbərdarlıq etmişik ki, keşikçilər məsələsində İran rejimi sıralarını daha da möhkəmləndirəcək və Yaxın Şərqdə daha qorxunc qüvvəyə çevriləcək, - deyib bir diplomat, - Amma ABŞ administarsiyası bizə qulaq asmaya bilər».

Avropa ölkələri 2015-ci ildə imzalanmış nüvə sazişini dəstəkləməkdə davam edirlər. Bu sazişi İranla birlikdə 6 dünya gücü imzalayıb və sənəd BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiq olunub.

Tramp İran üzərindən sanksiyaları qaldıran şəhadətnaməni oktyabrın 15-ədək ləğv edə bilər. Bundan sonra İranın üzərinə təkrar sanksiyaların qoyulması üçün Konqresin 60 gün vaxtı olacaq.

İranın praqmatik prezidenti Həsən Ruhani ötən şənbə bildirib ki, nüvə sazişini geri döndərmək mümkün deyil və bu beynəlxalq razılaşmanın pozulmasına görə məsuliyyəti İran yox, Amerika daşıyacaq.