vaxtlı-vaxtında oxuyun! Şənbə, 30 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
16:31 | 12 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 2338 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Arazla ayıran anlaşma

Heç bir kəlməsində Azərbaycanın adını keçmədiyi, özünü cəhənnəmə çevirdiyi «Gülüstan»

Zaur ƏLİYEV,
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

MÖVZU İLƏ ƏLAQƏLİ

1813-cü ilin 12 oktyabrında «Gülüstan» sülh müqaviləsindən əvvəl Azərbaycanın ümumi ərazisi 410 min kvadrat kilometr olub. Azərbaycan torpaqlarının parçalanmasına xidmət edən bu biabırçı sülh anlaşması barədə Abbasqulu Bakıxanov «Gülüstani-İrəm» adlı əsərində belə yazırdı: «Həmin ilin baharında (1813-cü il) İran dövləti ruslar tərəfindən alınan ölkələri geri qaytarmaqdan naümid oldu. Rum (Osmanlı) barışığı və Xorasanda baş verən iğtişaş nəticəsində şah barışığa meyil göstərdi. Mirzə Əbülhəsən xan Şirazi İran dövləti tərəfindən vəkil edildi. Sərdar Ratişşev də gəldi. Qarabağın Gülüstan adlı yerində, hicri 1228-ci (1813) ildə, təşrin-əvvəl (oktyabr) ayının 12-də Rusiya və İran dövlətləri arasında əhdnamə bağlandı».

Bu müqavilə tarixə imzalandığı yerin, yəni Gülüstan kəndinin adı ilə- Gülüstan müqaviləsi kimi daxil oldu. Müqaviləni İran tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfdən isə Ratişev imzaladı. 11 maddədən ibarət müqavilə ilə yurdumuz amansızcasına bölüşdürüldü, düşmənçiliyə son qoymaq üçün iki istilaçı ölkə bundan sonra «əbədi dostluq şəraitində yaşayacaqlarına» söz verdilər.

General Ratişevin yazışmalarında bu müqavilə həm də «İran dövləti ilə ümümrusiya imperiyası arasında əbədi sülh haqqında traktat» kimi təqdim olunurdu. Qeyd etmək lazımdır ki, sülh müqaviləsinin maddələrinin razılaşdırılması üzərində də iş xeyli gərgin keçdi. Qacar sarayını bu müqavilənin bağlanmasına meyilləndirmək üçün Qor Uzeley də xüsusi canfəşanlıq göstərdi ki, general Ratişev də öz yazışmalarında Rusiya maraqlarının qorunmasına kömək edən bu ingilis diplomatına minnətdarlığını bildirirdi.

- Gülüstan müqaviləsi giriş və 11 maddədən ibarətdir. Müqavilənin mətni öz dövrünün dil üslubiyyatına uyğun olaraq hazırlanmışdır. Ona görə bugünkü gün üçün onun dili həm rus dilində, həm də fars dilində kifayət qədər ağırdır və bu mətnin Azərbaycan dilinə tərcüməsi əlavə şərhləri və izahatları tələb edir. Azərbaycan dilində bu müqavilənin mətni kütləvi informasiya vasitələrində çap olunsa da, onun yenidən və daha peşəkar səviyyədə tərcüməsinə ehtiyac var. Çünki bu mətnin hər ifadəsi özlüyündə hüquqi öhdəliklərin daşıyıcısıdır və onların tərcüməsindəki yanlışlıq həmin öhdəliklərin lazımınca təsəvvür edilməsini çətinləşdirə bilər.

Müqavilənin sonuncu maddəsindən göründüyü kimi, Gülüstan müqaviləsi rus dilində tərtib olunub və sonra da fars dilinə tərcümə edilib. Qeyd etmək lazımdır ki, müqavilənin fars dilinə tərcüməsində kifayət qədər sərbəstliyə yol verilib, mətndə fars dilinin üslubiyyatından irəli gələn çoxlu təkrar məzmunlu ifadələr işlədilib. Sülh müqaviləsinin bağlanması üçün aparılan müzakirələrin şahidi olmuş İngiltərənin İrandakı elçiliyinin katibi Moriyer də bu məqamı müşahidə edərək yazırdı: «Gülüstan müqaviləsinin farsca nüsxəsi İran ibarələri ilə yazılıb».

Bu müqavilə ona xidmət edirdi. 1813-cü ildə Gülüstan müqaviləsi bağlandıqdan sonra Azərbaycanın bir hissəsi, o cümlədən Qazi-Qumuq, Tiflis, İrəvan və Qarabağ xanlıqları Rusiyanın himayəsinə keçdi. Az sonra Quba, Dərbənd, Şirvan və Bakı xanlıqları da Rusiya qoşunları tərəfindən işğal olundu.

 

***

 

«Gülüstan müqaviləsi»ndə bircə dəfə də olsun «Azərbaycan» adına rast gəlinmir. «Türkmənçay müqaviləsi»ndə də Azərbaycanın adı göstərilməyib. Rusiya və İran törətdikləri cinayəti, işğal faktını gizlətmək üçün Azərbaycan adını müqaviləyə salmayıblar. Gülüstan müqaviləsi ilə təkcə Azərbaycana aid torpaqlar deyil, həm də Dağıstan camaatlıqları və gürcü çarlıqları Rusiyanın ixtiyarına keçmişdi. Bizim faciələrin başlanğıcı olan Gülüstan müqaviləsində qeyd edilən ən əsas məsələlərdən biri – İran, Azərbaycan torpaqlarına köçmək istəyən ermənilərə nəinki maneçilik törətməməli, əksinə kömək edilməli idi. Müqaviləyə əsasən, həmin ermənilərin mal və mülklərini satmağa İran hökuməti yardım göstərməliydi. 1814-cü ildən ermənilər Gəncə, Bakı və Qarabağda sərbəst şəkildə məskunlaşmağa başladılar. Ruslar çox qısa zamanda ermənilərdən hökumət strukturlarında da istifadə etməyə girişdilər. Bu zaman Rusiyadan kömək umaraq öz hakmiyyətini qorumaq istəyən xanların vəziyyəti lap ağırlaşdı. Bir çoxlarının xan titulu daşımaq ixtiyarı əlindən alınmış, maksimum özünü bəy adlandırmağa icazə verilmişdi. Azərbaycan xanlarına bölgədə olan rus generalının qəbuluna düşmək şansı da tanınmırdı. Onları, uzaqbaşı, polkovnikin köməkçisi qəbul edirdi. 1819-cu ildə Şəki xanlığı, 1820-ci ildə Şirvan xanlığı ləğv edildi. 1822-ci ildə Qarabağ xanlığı da ləğv edildi və onun yerində komendant üsul- idarəsi təsis edildi. Ruslar onları Qacarlara qarşı müharibəyə dəvət edən xanlıqları məhv etməyə başladılar. Xan sülalələri məhv olduqca ermənilərin saraylarda mövqeləri güclənməyə başlandı.