vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
10:10 | 13 oktyabr 2017 | Cümə Məqaləyə 2331 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İşğalçını xilas layihəsi

Qarabağda marta qədər müharibə olmayacaq? Prezidentlərin Soçi görüşü ilə bağlı iddialar birmənalı qarşılanmır

MÖVZU İLƏ ƏLAQƏLİ

Qarabağ cəbhəsində hökm sürən nisbi sakitliyin səbəbləri barədə müxtəlif ehtimallar irəli sürülür. Düzdür, əslində atəşkəsin davamlı şəkildə pozulması, düşmənin atəş nöqtələrinin susdurulması nəticəsində işğalçı ordunun itki verməsi situasiyanın olduqca kövrək olmasından xəbər verir. Amma söhbət aprel döyüşlərinə bənzər gərginliyin yaranmasının qarşısının alınmasından gedir ki, hələlik buna nail olunub.

Kreml Qarabağda müharibə ocağının alovlanmasını müəyyən dövr üçün əngəlləməyə çalışır. Rusiyalı politoloq Vladimir Yevseyin açıqlamaları bu barədə iddiaları qüvvətləndirir. Ekspert AzadlıqRadiosunun erməni redaksiyasına müsahibəsində öz fikirlərini əsaslandırmaq üçün deyib ki, 2017-ci ilin iyulunda Soçidə Rusiya və Azərbaycan prezidentləri - Vladimir Putin və İlham Əliyev arasında görüşdən sonra təmas xəttində gərginlik qismən səngiyib. Rusiyalı politoloqun qənaətinə görə, Qarabağ cəbhəsində nisbi sakitlik gələn ilin martında Rusiyada gözlənilən prezident seçkiləri ilə birbaşa bağlıdır. «Fikrimcə, Moskva Soçi görüşü zamanı regionda sabit situasiyanın saxlanması ilə bağlı İlham Əliyevdən bəzi zəmanətlər alıb», - o əlavə edib.

Əslində 2016-cı ilin aprel döyüşlərindən sonra təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca bir neçə dəfə gərginliklər yaşandı, qarşılıqlı itkilər oldu. Bu ilin yanvar-fevral aylarındakı gərginliklərdən sonra Rusiya başda olmaqla, həmsədr ölkələr Ermənistandakı parlament seçkilərinin sakit şəkildə keçirilməsindən ötrü hər şeyi etdilər.

Xatırladaq ki, aprel ayında böyük savaşın başlanacağı barədə hətta xarici ekspertlərin xəbərdarlıqları səslənirdi və bu, Serj Sərkisyan rejimini ciddi narahat etdiyi üçün Rusiyaya sığınmışdı. Təsadüfi deyildi ki, mart ayında Vladimir Putin Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlər keçirdi. Elə ötən ilin aprel döyüşlərindən sonra da növbəti böyük əməliyyatlara imkan verməmək üçün Kreml vasitəçilik təşəbbüsünü işə salaraq tərəfləri bir araya gətirmişdi. Bu mənada yay aylarında Putinin Soçidə əvvəlcə prezident İlham Əliyevlə, bir ay sonra isə Serj Sərksiyanla görüşməsi yuxarıda qeyd olunan iddialara rəvac verib. Yəni rusiyalı ekspertin dediyinə inansaq, V.Putin ən azı 2018-ci ilin mart ayına qədər Qarabağ cəbhəsində atəşkəsin qorunub-saxlanılması, böyük savaşa başlanılmaması üçün Azərbaycan rəhbərliyi ilə müzakirələr aparıb. Yazın ilk ayında isə Rusiyada prezident seçkiləri keçiriləcək və dünyanın aparıcı gücləri ilə baş-başa qalan şimal qonşumuzda böyük siyasi hadisənin çox qızğın atmosferdə keçəcəyi şübhə doğurmur. Bu mənada iddialar var ki, Rusiya lideri onu məşğul edəcək başqa problemlərin aktuallaşmasını qəti istəmir, o cümlədən Qarabağ müharibəsinin alovlanmasını.

Əslində S.Sərkisyanın BMT Baş Assambleyasının tribunasından cinayətkar adlandırılmasından sonra Azərbaycan prezidentinin onunla növbəti dəfə masa arxasında əyləşməyə razılıq verməsi təsadüf sayıla bilməz. Çox güman ki, bu razılıq Ermənistan prezidentinin yerinə oturdulması nəticəsində verilib. Necə ki, prezident Avropa İttifaqı səfirləri ilə görüşdə işğalçı ölkə başçısının heç bir şərt irəli sürməməklə danışıqlar masasına qayıtdığını xüsusi vurğuladı. Ancaq ortaya sual çıxır: deyək ki, Azərbaycan rəhbərliyi yenə də sülh danışıqlarının davamına razılıq verib. Bəs bu zəmanətin qarşılığında Putin Azərbaycana nə təklif edib? Mart ayına qədər Qarabağ məsələsində ciddi dönüş təminatı ola bilərmi? Yoxsa Kreml, sadəcə, öz maraqları naminə vaxt qazanmaq istəyir?

Politoloq Arzu Nağıyev isə bildirdi ki, belə bir razılığın əldə edilməsi inandırıcı görünmür: «Ola bilər ki, cənab Putin Sərkisyanla hər hansı bir danışıqlara getsin və bundan seçki öncəsi təbliğatda istifadə etsin, lakin Azərbaycanla belə bir danışığa gedilməsi inandırıcı deyil. İlk növbədə Rusiyanın Ermənistan ərazisində yerləşən hərbi bazalarında da seçicilər var və bu da mühüm məsələdir. Hətta deyərdim ki, ATƏT-in Minsk Qrupunun həmsədr dövləti kimi Dağlıq Qarabağ münaqişəsində istənilən müsbət bir addım Rusiyanın nüfuzunun artması üçün ən güclü bir təbliğat ola bilərdi. Bununla cənab Putin Rusiyada da separatçı meyllərin qarşısını almış olardı, eyni zamanda çoxmilyonlu Azərbaycan diasporunun seçici səsini qazanmış olardı. Rusiyanın siyasi elitası və politoloqları belə anonslar və proqnozlar verməklə Rusiyanın siyasi çəkisini artırmağa çalışırlar, onsuz da məlumdur ki, Rusiya bu münaqişənin həllində açar fiqurdur. Sadəcə olaraq, son vaxtlar ABŞ-ın səyləri daha çoxdur və Rusiya da buna görə siyasi gedişlər edir. Azərbaycan üçün hazırkı status-kvo qaneedici ola bilməz. Buna görə də Rusiya konkret olaraq münaqişənin həllində daha maraqlı olmalı və Ermənistana təsir etməlidir. Bundan başqa, bu məsələ nə qədər tez baş verərsə, Rusiyaya tətbiq edilən sanksiyalara da yenidən baxılma şansı artar».

«Doğrusu, rusiyalı ekspertin «təminat» sözünün arxasında hansı məsələləri nəzərdə tutduğunu deməyə çətinlik çəkirəm. Belə özünüifadə tərzi rus ekspertlərinin böyük əksəriyyətində var və onlar bir çox hallarda ekspert kimi deyil, hədəf seçilən ölkələrin ictimai rəyinə provokativ məlumatlar ötürən informasiya təxribatçıları kimi davranırlar».

Bu fikirləri politoloq Elçin Mirzəbəyli açıqlamasında bildirdi. Ekspert qeyd etdi ki, əgər Vladimir Yevseyev təmas xəttində atəşkəsin qorunub saxlanılmasını nəzərdə tutursa, Rusiya onsuz da mütəmadi olaraq atəşkəs rejiminə əməl olunması ilə bağlı bəyanatlar verir: «Bu, həm də ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Rusiyanın missiyasına aid olan bir məsələdir. Rusiyada keçiriləcək prezident seçkilərinin nəticəsi indidən bəllidir. Mövcud reallıqlar çərçivəsindən baxanda Rusiyada seçkinin nəticələrinə təsir göstərə biləcək daxili faktorlar daha çoxdur. Neftin qiymətinin ucuzlaşması və sanksiyalar nəticəsində gündən-günə geriləyən iqtisadiyyat və əhalinin maddi durumunun kəskin şəkildə pisləşməsi, sosial problemlər sadə məntiqlə Rusiyada keçiriləcək seçkilərə daha çox təsir göstərməlidir. Əgər Rusiyada ictimai rəy və seçicilərin mövqeyi nəyisə həll edirsə, o zaman bu rəyə və mövqeyə təsir göstərə biləcək amillər əhalinin həyat tərzinə təsir göstərən məsələlərlə bağlı ola bilər». Bu mənada E.Mirzəbəyli hesab edir ki, Qarabağda atəşkəsin pozulması, yaxud pozulmaması Rusiya seçicisi üçün heç nə ifadə etmir. O cümlədən Putinin seçkilərdə iştirakı və yenidən prezident seçilməsi üçün: «Əgər söhbət xarici siyasət, yaxud rusların dediyi kimi, «Yaxın xaric»də baş verən proseslərdən seçki kampaniyasında təbliğat elementi kimi istifadə olunmasından gedərsə, o zaman Rusiya münaqişənin həlli istiqamətində müəyyən addımlar atmalı və nəticəyə nail olmalıdır. Atəşkəsin qorunub saxlanılması münaqişənin həlli anlamına gəlmir. Zənnimcə, seçkiöncəsi Moskvanı düşündürən əsas məsələ ölkədə sosial vəziyyətin ən azı, indiki səviyyədə qorunub saxlanılması ilə bağlıdır. Kreml bu istiqamətdə daha çox resurs axtarışındadır».

Bu arada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Qərargahlar rəisi general-polkovnik Anatoli Sidorov növbəti açıqlaması ilə diqqət çəkib. Ötən həftə KTMT-nin Ermənistanı müdafiə edəcəyinə dair bəyanat verən rus general bu dəfə bildirib ki, Qarabağ konflikti yalnız sülh yolu ilə həll edilə bilər (axar.az) «Hazırda əsas məqsəd balansı saxlayıb, gələcəkdə konflikti həll etməkdir. Müxtəlif strukturların müxtəlif fəaliyyətləri ilə yəqin ki, sülh və sakitlik bərqərar olacaq. Mən əminəm ki, həll yalnız sülh yolu ilə mümkündür», - deyə, o bildirib.

Azərbaycanın yeni silahlar alması müqabilində Ermənistanın daha da zəif düşməsi təbii ki, Rusiyanı da qayğılandırır. Ermənilər özləri də etiraf edirlər ki, əgər aprel döyüşləri zamanı Rusiyanın müdaxiləsi bir az da geciksəydi, o halda erməni ordusu tamam pərən-pərən düşəcəkdi. Deməli, Kreml nə yolla olur-olsun Ermənistanı xilas etmək istəyir, Rusiyadakı prezident seçkiləri kampaniyası dövründə isə regiona diqqət azala bilər.

Azərbaycanı öz torpaqlarını işğalçıdan azad etməkdən ötrü hüququndan istifadə etməkdən çəkindirməyə çalışan, Qarabağ məsələsinin yalnız sülhlə həll olunmasından bəhs edən Rusiya hakimiyyəti bu arada Ermənistana növbəti hərbi yardım qərarını verib. Məlumata görə, Rusiya Ermənistana müasir silahlar və hərbi texnikanın alınması məqsədilə 100 milyon dollarlıq yeni kredit verəcək (APA) Kredit razılaşmasının təsdiqi məsələsi Ermənistan hökumətinin iclasında müzakirə ediləcək. Razılaşmaya uyğun olaraq, kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub.

Politoloq Elçin Mirzəbəyli hesab edir ki, Rusiyanın Ermənistana silah-sursat almaq üçün 100 milyon dollar kredit ayırması ola bilər Azərbaycanın son günlər öz hərbi potensialını gücləndirmək istiqamətində atdığı addımlarla bağlıdır: «Amma məsələnin digər tərəfi də var. Ermənistana ayrılan kredit əslində rəmzi məna daşıyır. Çünki bu kredit Ermənistana pul şəklində verilməyəcək. Şübhəsiz ki, Ermənistan Rusiyanın verdiyi pulla başqa bir ölkədən silah ala bilməz. Kreditin müqabilində isə Ermənistana silah-sursat, hərbi texnika veriləcək. Azərbaycan isə Rusiyanın hərbi-sənaye kompleksinin istehsal etdiyi məhsullardan daha müasir silah-sursat, hərbi texnika alır və yenə də almaq imkanındadır».

İstənilən halda Kremlin siyasəti anlaşılan deyil. Əgər söhbət sülh danışıqlarından gedirsə, o halda işğalçıya yeni silah-sursat göndərilməsi əslində işğalın stimullaşdırılmasıdır. Məntiq onu deyir ki, Rusiya Azərbaycanın «əl-qolunu bağlamaqla», onu müharibədən çəkindirməklə Ermənistan üçün zaman qazanmaq, bu müddətdə işğalçını silahlandırıb Bakını «Lavrov planı»nın «daha optimal həll yolu» olduğuna inandırmaq istəyir. Bir məqamı da unutmaq olmaz: növbəti ilin aprelində Ermənistan prezidentinin səlahiyyət müddəti bitir və Sərkisyan nə yolla olursa-olsun baş nazir kürsüsünə sahiblənmək istəyir. Bunun üçünsə cani prezidentə Qarabağ cəbhəsində sakitlik çox lazımdır. Əks təqdirdə, növbəti savaş və erməni ordusundakı itkilər Sərkisyanın bütün planlarını alt-üst edə bilər. Çox güman ki, Soçi görüşündə Sərkisyan NATO ilə əməkdaşlıqdan imtinanın müqabilində Putindən hakimiyyətinin ömrünü uzatmağın da təminatını alıb, Qarabağda status - kvonun qorunub-saxlanması şəraitində... («YM»)