vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
PROBLEM  
11:38 | 13 oktyabr 2017 | Cümə Məqaləyə 4419 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Erkən evlilik azarı

14 yaşında ərə verilən qızlar və bu ənənə ilə mübarizə aparanlar

Günel SƏFƏROVA

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bəhsəbəhs edirlər, qonşunun qızı 14 yaşında gedibsə, mən 13 yaşında verəcəm deyənlər var», Lənkəranda söhbət etdiyim bir qadın deyir. Onun sözlərinə görə, bir çox valideynlər qız övladlarını 8-ci sinifdən sonra oxutmağa belə meylli olmurlar, amma bu əsasən «ucqar kəndlərdə baş verir».

«Şəhərdə qızlar mütləq 11-ci sinfi bitirməlidir», Lənkəran şəhərində təndirdə çörək və toyuq bişirərək satan qadın əlavə edir.

Azərbaycanın müxtəlif bölgələrində qız uşaqlarını 13-17 yaş arasında evləndirmək kimi geniş yayılmış ənənə var. Cənub bölgəsi də istisna deyil.

Cinayət Məcəlləsinə əsasən, nikah yaşına çatmayan şəxsləri nikaha məcbur etmə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tətbiq olunan cəzanın və aparılan maarifləndirmə işlərinin problemə müsbət təsir göstərdiyini deyir.

Elə cənub bölgəsinin BBC-ə danışan sakinləri də bu cəzanın erkən evliliklərin sayını nəzərəçarpacaq qədər azaltdığını fikirləşirlər.

Lakin onlar bölgənin ucqar kəndlərində hələ də bu ənənəyə sadiq qalanların olduğuna şübhə etmirlər.


Yarımçıq təhsil


Lənkəranın kənd məktəblərindən birində dərs deyən lakin adının açıqlanmasını istəməyən bir müəllim yuxarı siniflərdə qız uşaqlarının sayının az olduğunu deyir.

«Keçən il 15 yaşlı bir qızın evlənməsini gördüm. Məlum oldu ki, qız da məmnun deyildi. Nənəsi deyirdi qızın oxumağa həvəsi var», müəllim danışır.

O deyir ki, bəzi ailələrin qızlarını erkən ərə verməsinin arxasında sosial faktorlar dayanır.

«Baxırsan atası rəhmətə gedib, ana da xəstədir. 15 yaşında oğlan uşağı fəhlə kimi işləyə bilər, amma qız yox. Ana da istəyir qızını yerbəyer etsin», o deyir.

Müəllim deyir ki, ucqar kənd məktəblərində qızların dərsə davamiyyəti də zəifdir.

Onun sözlərinə görə, qızların məktəbə gəlməsi 8-9 cu sinifdə azalır, 10-11-ci siniflərdə qız uşaqlarını görmək bəzən mümkünsüzdür.

Müəllim məktəb rəhbərliyinin laqeydliyindən də şikayətçidir.

«Rəhbərlik şagirdlərin cəlb edilməsi üçün şifahi və formal əmrlərdən başqa heç nə etmir. Müəllimlər şagirdlərin ardınca qapı-qapı düşür, amma bir dəfə. Son siniflərdə oğlanlar da az gəlir», müəllim deyir.

Amma kənd müəllimi Lənkəran şəhərində valideynlərin artıq qız uşaqlarına təhsil verməyə can atdıqlarından da danışır.

«Bir 10 il əvvəl kəndimizdə ya bir qız oxuyardı, ya da heç olmazdı. İndi o məsələ həll edilib, bir çox ailələr qızlarını oxudur», o deyir.

Danışdığımız digər müəllimlər həm də rayon və kəndlərdə peşə məktəblərinin açılmasının tərəfdarıdır. Bu yolla onlar qızların da hansısa peşəyə yiyələnəcəklərini deyirlər.

 

«Uşaqları bədbəxt edirlər»

 

Erkən evliliklər Lənkəranda qadınların və kişilərin birbaşa danışmaq istəmədiyi mövzu kimi görünür. Qadınlar suallar qarşısında duruxur, kişilər isə «elə şey yoxdur» deyir.

Danışmaq istəyən sakinlər isə şəhər mərkəzində belə problemin artıq olmadığını vurğulayır.

«Qızları 13-14 yaşında ərə vermək yenidən dəbə minib, uşaqların həyatını bərbad edirlər», bu sözləri Cəlilabad sakini deyir.

O, cənub bölgəsində qız uşaqlarının erkən yaşda ərə verilməsi ənənəsini dəstəkləmir.

«Uşaqlarını fikirləşmirlər, bədbəxt edirlər», cəlilabadlı qadın deyir. O, belə valideynləri qınayır.

«Günah valideynlərdədi, bir parça çörəyi yoxdurmu versin uşağına», söhbətə başqa qadın qoşulur.

Bu vaxt onun yanında dayanan 14 yaşlı oğlan uşağı «mənim sinif yoldaşım da nişanlanıb» deyir.

Satıcı qadın əsəbi halda, erkən evliliklərin boşanmalarla sonlanmasından da danışır.

«Elələri var 14 yaşında evlənir, 2 ayın gəlini olub, qayıdır».

Satıcı qız, uşaqlarının təhsil almasının önəmli olduğunu deyir.


Qanundan çəkinmək


Lənkəran rayonunda danışdığımız müəllimlər cərimə və həbs ehtimalına görə vətəndaşların qızlarını erkən yaşda ərə verməkdən çəkindiklərini deyirlər.

Lənkəranın Tütəpeştə kənd müəllimi qanuna edilmiş bu əlavənin müsbət nəticə verməsindən danışır.

«Ola bilər hansısa qohumlar erkən yaşda uşaqlarını nişanlayarlar, amma nikah üçün mütləq 18 yaşı gözləyirlər», onlardan biri qətiyyətlə deyir.

Statistika Komitəsinin məlumatına görə, ölkədə 2016-cı ildə 312 qız 18 yaşına çatmamış nikah bağlayıb. Eyni sənədə əsasən, eyni ildə oğlanlardan cəmi 3 nəfər erkən evləndirilib.

Komitənin məlumatına görə, qızların erkən yaşda nikaha daxil olması 2005-2011-ci ildə daha çox qeydə alınıb. Məsələn, 2011-ci ildə 5138 qız on səkkiz yaşına çatmamış nikaha daxil olub.

2012-ci ildən sonra isə bu rəqəmlər kəskin azalır. Komitə bunu Azərbaycanda ailə qurmaq üçün minimum yaş həddinin kişilərdə də, qadınlarda da 18 olması ilə əlqələndirir.


Xan Lənkəran könüllüləri


Lənkəran sakini 22 yaşlı Nübar Həsənzadə də bölgədə erkən evliliklərin qarşısının alınması üçün müxtəlif tədbirlər görüldüyünü deyir.

O, özünü Xan Lənkəran könüllüsü adlandırır. Deyir ki, Xan Lənkəran 2015-ci ilin iyun ayında yaranmış könüllü təşkilatdır.

200-ə yaxın könüllüsü olan bu təşkilat müxtəlif sahələrdə gənclərlə işləyir. Bu sahələr arasında erkən evililiklərlə mübarizə də var.

Nübar deyir ki, erkən evliliklər təkcə Lənkəranın yox, ümumi cənub zonasının problemidir. O, bu problemin əsasən Masallı rayonunda geniş yayıldığı fikrindədir.

«Kəndlərdə qızlar 8-9-cu sinifdən məktəbdən uzaqılaşdırırlır və ya zorla, ya da öz istəklərilə ailə qurdurulur».

Nübar izah edir ki, erkən yaşlı qızlar bəzən öz istəkləri ilə də ərə getmək istəyirlər: «Qız gözünü açır, görür ki, ətrafdakılar 13 yaşında evlənib. Özündə də şüuraltı belə istək yaranır».

Nübar erkən evliliklərin müxtəlif kasıblıq, din və mentalitet kimi səbəblərə görə baş verdiyi fikrindədir.

O, könüllülərlə birgə ötən il Lənkəranın bütün şəhər və kənd məktəblərində 4 günlük tədbir keçirdiklərini də deyir.

«Hər məktəbdən 8-9-cu sinifdən olan 20 qız arasında seminarlar keçirdik. Onlara hüquqlarını başa salıb, erkən evliliklərin problemlərini izah etmişik».

Buna baxmayaraq, Nübar problemi hələ də aktual hesab edir.

«Masallıya müraciət etdik, bir nəfər qadın göndərə bilmədilər ki, mühazirə keçək».

Nübar deyir ki, qrup bu il də valideynlər arasında maarifləndirmə işləri aparmağı planlayır.

«Bu problem sarmaşıqdır, nə qədər qol budağın kəssək də xeyri yoxdur, gərək kökündən kəsəsən. Uşağa hüquq izah etsən də o bizi 4 gün görür, amma neçə illərdi ailəsi ilə birlikdədir, ailə qorxusu var».

Nübar onu da deyir ki, məsələ ilə bağlı cəzalar sərt olsa da, onun tətbiqində problemlər hələ də yaşanır.

«İnsanlar işlərilə hisslərini qarışdırır. Polisə zəng vursan ki, belə bir hal var, deyəcək sənə nə camaat qızına toy edir. Kəndlərdə hamı bir-birini tanıyır. Polis deyəcək ki, «filankəsin yeznəsini necə aparım, deyərlər gözü götürmədi».

Nübar valideynlərlə yanaşı, müəllimlərin də məsuliyyətə cəlb olunmasının tərəfdarıdır.

«Müəllimlər maraqlanmır. Erkən evliliklərdən xəbəri olur, amma niyə göz yumur?!».


«Say 10 dəfə azalıb»


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu problemin təkcə cənub bölgəsində deyil, Azərbaycanın müxtəlif bölgələrində olduğunu qeyd edir.

Qurum sözçüsü Elgün Səfərov BBC Azərbaycancaya bildirib ki, məsələ ilə bağlı qurum tərəfindən tədqiqatlar, araşdırmalar, layihələr, dövlət proqramları və maarifləndirmə işləri aparılır.

«2010-cu ilə qədər erkən nikahların sayına görə Cənub rayonları birinci yerdə idi, amma indi onlar siyahıda 3-5-ci yerlərə düşüb. Şəki, Ağdam-Bərdə, Gəncəbasar ərazilərində də uşaq nikahlarının sayı cənub zonasına nisbətən çoxdur», o deyir.

«2012-ci ildən uşaq nikahlarının sayı 10 dəfə azalıb. Xüsusilə də cinayət məsuliyyəti tətbiq edildikdən sonra belə nikahların sayında azalma baş verib».

Onun sözlərinə görə, 2012-ci ildən bu yana ölkədə erkən nikahların sayı 500-ü keçmir.

«Biz Mingəçevirdə bir-iki 12-13 yaşda nikah halı qeydə almışıq», deyən qurum sözçüsü əsasən qızların 15-17 yaşlarda nikah bağlamağa sövq edildiyini bildirir.

Elgün Səfərov deyir ki, bu halların qarşısının alınması üçün təkcə onun təmsil etdiyi qurum yox, ümumilikdə Azərbaycan hökuməti səy göstərir.