vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
18:43 | 13 oktyabr 2017 | Cümə Məqaləyə 1987 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mübahisə bütün hədləri keçir»

«The Wall Street Journal»: «Türkiyə və ABŞ bir-birini qırır, Rusiya və İran isə sevinir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə və ABŞ arasında gərginlik ilk dəfədir ki, baş vermir. İki ölkə arasında münasibətlərin ən pisləşdiyi dövr isə 1974-cü ilə təsadüf edir. Həmin il Türkiyə Kipr türklərin canlarını qorumaq məqsədilə adaya ordu yeritmiş, bu da onun NATO müttəfiqləri, xüsusilə ABŞ-ın ciddi təpkisinə səbəb olmuşdu. Ağ Ev hətta bu gün İran və Suriya kimi ölkələrə qoyduğu embarqonu Türkyəyə qarşı tətbiq etmişdi.

Üstündən 43 il keçdikdən sonra NATO-da müttəfiq sayılan iki dövlət yenə də strateji məsələlərdə qarşı-qarşıya gəlib. Üstəlik, ABŞ Türkiyəyə yönəlik bütün vizaları ləğv edib.

Həm Türkiyədə, həm də ABŞ-da bunu müxtəlif səbəblərə bağlayırlar. Mövzu barəsində hər gün qardaş ölkə mətbuatında yazarların qələmindən onlarla analitik məqalə dərc olunur.

«Milliyet» qəzetinin yazarı Mehmet Tezkan hadisənin köklərini 2003-cü ilin martın 1-də Türkiyə Böyük Millət Məclisində Amerikanın İraqa müdaxiləsinin Türkiyə üzərindən həyata keçirməsinə izn vermədiyi akta bağlayır. Daha doğrusu, həmin gün Məclis yeni qanunla 40 minlik ABŞ ordusunun Türkiyəyə girişinə və onların ölkədə yerləşərək qalmasına icazə verəcəkdi. Bunun əvəzində Türkiyə Vaşinqtondan 8 - 10 milyard dollarlıq əvəzsiz maliyyə yardımı, üstəlik, ABŞ ordusu ilə birlikdə İraqa daxil olmaq imkanı qazanacağı iddia edilirdi.

Lakin nədənsə parlament həmin gün bu qətnaməni qəbul etmədi.

Ona görə də Mehmet Tezkan bu gün gəlinən nöqtənin ABŞ-ın Ankaraya duyduğu dərin kinə bağlayır.

Doğrudur, bununla bağlı Türkiyədə diskussiyalar səngimək bilmir.

Həmin dövrdə 1 mart müzakirələrini yürüdən keçmiş səfir Dəniz Bölükbaşı hesab edir ki, əgər 1 mart aktı (Anadolu türkcəsinin hüquq dilində tezkere - red.) qəbul edilmiş olsaydı, Bərzani bu il 25 sentyabrda referendum keçirməyə cəsarət edə bilməzdi.

Digər səfir Şükrü Ələkdağ isə Mehmet Tezkana tam əks fikir bildirib. O, razılaşmaya görə, türk əsgərinə İraqda onsuz da silah işlətməyə icazə verilmədiyini söyləyərək, bunu Bərzaninin referendumuna bağlamağın səfehlik olduğunu qeyd edib.

Şükrü Ələkdağın söylədiklərində haqlılıq payı az deyil. Çünki NATO Türkiyənin başqa bölgələrdə silahlarını işlətməsinə olduqca soyuq yanaşır və bu da öz ərazi bütövlüyünü qorumağa çalışan Türkiyənin qəzəbinə səbəb olur.

ABŞ-ın «The Wall Street Journal» qəzeti isə hazırkı situasiyanın ən çox Rusiya və İranı sevindirdiyini yazır. Mövzuya həsr olunmuş məqalədə Ağ Evin indiki rəhbərliyinə yönəlik tənqid açıq-aşkar hiss olunur.

«Türkiyə və ABŞ arasında mübahisə artıq qəbul olunan bütün hədləri keçir. Burada tərəflərin bir-birinə qarşı duyduğu çaşqınlıq və kinin də rolu var. Bir yandan isə kənardan Rusiya və İran kimi ölkələr də aradakı uçurumu dərinləşdirmək üçün əllərindən gələni edirlər.

Nəticədə Suriya müharibəsində Türkiyə qarşısına qoyduğu hədəflərin ABŞ-la deyil, Moskva və Tehranla üst-üstə düşdüyünü aşkar etdi», - jurnalist Yaroslav Trofimov qeyd edir.

Məqalədə Ərdoğan hakimiyyətinin Tramp hakimiyyətinə ilkin vaxtlarda böyük ümidlər bəslədiyini, lakin yeni administrasiyanın Ankaranın ümidərini boşa çıxardığı vurğulanıb:

«Türkiyənin optimizmi münasibətlərdə yaranan zəhərli mühitlə tam ziddiyyət təşkil edir. Suriyada Ankaranın gözləntilərinin əksinə olaraq Tramp administrasiyası Türkiyənin və hətta Vaşinqotunun terrorçu hesab etdiyi PKK-nin davamı olan YPG kimi kürd dəstələrinə Obamadan daha çox yardım etməyə başladı».

Qəzetin rəyini öyrəndiyi türk ekspertlər də yaxın zamanlarda vəziyyətin dəyişməsini gözləmirlər. Hazırda istefada olan diplomat Sinan Ulgenin fikrincə, vəziyyət yaxın gələcəkdə tamamilə pisləşməyə doğru gedə bilər. «Deskalasiya üçün hansısa işıq görünmür, çox güman ki, biz eskalasiya yolundayıq», - Ulgen qəzetə bildirib.