vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
CƏMİYYƏT  
23:57 | 13 oktyabr 2017 | Cümə Məqaləyə 3376 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ömrümüzdən qopanlar

Bilikli, geniş dünya görüşlü, təvazökar, saf adam

Rafael HÜSEYN

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu son günlərdə Bakıdan gələn xəbərlər içərisində məni ən çox sarsıdanı bu oldu. Dəyərli şərqşünas alim və müəllim, orta əsrlər Yaxın və Orta Şərq ölkələri tarixinin dərin bilicisi Rafiq İsmayıl dünyasını dəyişdi.

Əziz Rafiq müəllimin gedişi mənə çox ağır əsir etdi.

Son illər gec-gec, təsadüfdən-təsadüfə görüşsək də, o daim ürəyimdə olan, mənə son dərəcə doğma bir insan idi.

Bu acı xəbəri duyunca istər-istəməz tələbəlik illərimizi, indiki İstiqlaliyyət, oçağkı Kommunist küçəsindəki dərs saatlarımızı, Rafiq müəllimin özünəməxsus danışıq tərzi ilə bizə orta əsrlər Şərq arxivindən oxuduğu mühazirələri xatırladım.

İndi xatirimə gəlir ki, onun təklifi ilə II kursda oxuyanda «Hüseyn Cavidin «Xəyyam» faciəsində tarixilik» adlı araşdırma yazmışdım. Bəyənmişdi, tələbələr qarşısında həmin məruzəni oxumağımı təşkil etdikdən sonra Moskvada Asiya və Afrika xalqları institutunda keçirilən gənc alimlər konfransında iştirakıma da yol açmışdı. O da yadıma düşür ki, konfrans günlərində Moskvada ezamiyyətdə olan Rafiq müəllim iş-gücünün çox, vaxtının qıt olmasına baxmayaraq mənə dəstək göstərmək, məni bir az da ürəkli eləmək üçün gəlmişdi konfrans zalına.

Rafiq müəllim bilikli, geniş dünya görüşlü, təvazökar, saf adam idi. Sözünün, özünün yerini bilən kişi idi.

Sədaqətli, etibarlı dost idi.

Azərbaycan istiqlal mübarizələri tarixində onun çoxlarına bəlli olmayan xüsusi yeri var. 1970-ci illərdə gizli antisovet təşkilatda o, Əbülfəz müəllimin ən inandığı, bel bağladığı silahdaşlarından olmuşdu.

Mənim ona məhəbbətim təbii ki, qarşılıqlı hisslərdən doğmuşdu.

O, ilk tələbəlik illərimdən ünsiyyətdə olduğumuz bütün müddət boyunca mənə bir simsar, məhrəm kimi qayğıkeş münasibət bəsləmişdi.

Rafiq müəllimin bir tərəfi Kürdəmirli idi. Bunu da unutmuram ki, 1995-ci ildə Azərbaycanın müstəqillik dövründəki ilk parlamentinə seçkilərə qatıldığım zaman Rafiq müəllim Kürdəmir rayonuna getmişdi, rayonun ən böyük kəndlərindən olan və özünün də çoxlu qohumlarının yaşadığı Şilyan kəndində camaatı mənə səs verməyə çağırmışdı.

Düşünürəm, xəyalımdan çox anlar keçir və bir daha Rafiq müəllimin əziz surətini, mehriban təbəssümünü canlı görməyəcəyim ürəyimi göynədir.

Buna da çox acıyıram ki, 1 həftədir Vətəndə deyiləm, Strasburqdayam və Rafiq müəllimlə vida mərasimində iştirak edə bilmədim.

Əlimizdən nə gələr!

Ölüm Allahın əmri!

Ruhu şad olsun!

Əminəm ki, yalnız qohumlarının, dostlarının, yaxınlarının deyil, onu yaxşı tanımış hər kəsin yaddaşında Rafiq müəllimin təmiz, işıqlı, təmənnasız, ziyalı varlığı həmişə yaşayacaq.

Hər əziz insan gedişi ilə ömrümüzün bir parçasını, onlu anlarını da özü ilə aparır.

İçərimdə bu boşluğu bütün kədəri ilə hiss edirəm...

Allah o dünyasını versin!

O dünyası bu dünyasından gözəl olsun!

Çünki ləyaqətli Rafiq müəllim elə bu dünyada da çatmış olduqlarından qat-qat artığına layiq idi!

13 oktyabr, 2017. Strasburq, Fransa