vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
10:24 | 14 oktyabr 2017 | Şənbə Məqaləyə 1566 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakıdan İrəvana strateji zərbə

Azərbaycan İranın yeni neft kəmərinin investorlarından biri olmaqla cənub müttəfiqini işğalçıdan uzaqlaşdırır; rəsmi Tehran ölkəmizin yatırımlarına ümid edir

Analitik xidmət

MÖVZU İLƏ ƏLAQƏLİ

Noyabrın 1-də Tehranda Rusiya, Azərbaycan və İran prezidentləri üçtərəfli görüşü keçiriləcək. Prezidentlərin budəfəki zirvə görüşündə üç qonşu ölkə arasında regional əməkdaşlığa dair məsələlərin geniş müzakirəsi gözlənilir. Söhbət ilk növbədə üç qonşu ölkənin iqtisadi maraqlarına xidmət edən və onların bölgədə tranzit rolunu artıracaq «Şimal-Cənub» nəqliyyat dəhlizi (dəmiryolu) layihəsini reallaşdırmaq yönündə işləri intensivləşdirməkdən gedir.

Qeyd edək ki, üçlü formatda görüş Tehranda bu ilin yayında baş tutmalı idi. Görünür, texniki xarakterli bəzi məsələlər, o sırada ola bilsin, regionda cərəyan edən son dramatik proseslər, habelə geosiyasi hadisələr bu mühüm görüşün ertlənməsini şərtləndirib. Bütün hallarda bir şey dəqiqdir ki, layihə vaxtında tamamlanacaq. Nə xoş ki, Azərbaycan bu layihədə də mərkəzi yer tutur - özü də etibarlı və imkanlı bir investor kimi.

 

***

 

İşğalçı Ermənistanı ən çox narahat edən də təkcə belə üçlü zirvə görüşləri deyil, ən əvvəl İrəvana müttəfiq və simsar sayılan iki böyük dövlətin - Rusiya və İranın Azərbaycanla iqtisadi bağlarının çoxalması, Bakının Moskva və Tehran üçün önəminin artması, paralel olaraq, Ermənistanın tranzit ölkə olaraq əhəmiyyətinin azalması və işğalçı ölkənin onsuz da kasad büdcəsinin getdikcə daha da kasadlaşmasıdır. İqtisadi bağlılıq isə bir qayda olaraq siyasi bağları labüd edir ki, bu da Dağlıq Qarabağ məsələsində Bakının söz sahibliyini daha kəsərli edə, onun manevr imkanlarını artıra bilər.

Yeri gəlmişkən, bu ayın sonunda - prezidentlərin Tehran zirvə görüşü ərəfəsində (30 oktyabr) Ermənistanın daha bir «qorxulu röyası» sayılan Bakı-Tiflis-Qars dəmiryolunun rəsmi açılışı gözlənilir. Açılışda Azərbaycan, Türkiyə və Gürcüstan dövlət başçıları iştirak edəcək. Bununla təcavüzkar ölkənin iqtisadi və kommunikasiya blokadası daha da güclənmiş olacaq. Yada salaq ki, bu layihənin əsas sərmayəçisi Azərbaycandır.

 

***

 

«Əslində, belə görüşlər (prezidentlərin gözlənilən Tehran zirvəsi nəzərdə tutulur-red.) bölgədə sülhün, sabitliyin və əməkdaşlığın inkişafına xidmət edir. Hər üç ölkə qarşılıqlı maraqlar əsasında əməkdaşlıq sisteminin yaradılmasına çalışmalıdır. Azərbaycan üçün bunun əhəmiyyəti çox böyükdür. Ölkəmiz həmişə bu istiqamətdə əməkdaşlığa hazırdır. Çünki Azərbaycanın xarici siyasət strategiyası əməkdaşlıq və tərəfdaşlıq üzərində qurulub».

Bu sözləri axar.az açıqlamasında Rusiya, Azərbaycan və İran prezidentlərinin Tehran görüşünü şərh edən deputat Asim Mollazadə deyib. O, hesab edir ki, Azərbaycan-Rusiya-İran prezidentlərinin Tehranda gerçəkləşəcək görüşü bir sıra mühüm perspektivlər vəd edir: «Bu, əsasən iqtisadi və nəqliyyat sahəsi ilə bağlı olacaq. Əslində ən mühüm məsələlərdən biri də indiki dönəmdə Rusiya-Azərbaycan-İran formatıdır ki, bu sistemin də formalaşması Bakının maraqlarına uyğundur».

A.Mollazadə Tehranda baş tutacaq ikitərəfli görüşlərə də münasibət bildirib. «Təbii olaraq Azərbaycanın bugünkü siyasətinin əsasını Dağlıq Qarabağ münaqişəsinin həlli təşkil edir. Hesab edirəm ki, Azərbaycan və Rusiya prezidentlərinin Tehranda ikitərəfli görüşündə Dağlıq Qarabağ məsələsi də ön planda olacaq», - deyə o əlavə edib.

 

***

 

Bu arada ermənilər üçün İran-Azərbaycan münasibətləri xüsusunda daha bir bəd xəbər yayılıb. Məlum olub ki, İran hökuməti özünün Oman körfəzindəki Cask limanı ilə Xəzərdəki Neka lomanı arasında neft kəməri layihəsini reallaşdırmaq imkanlarını nəzərdən keçirir və bu layihədə həm də Azərbaycanı iştirakçı kimi görür. Bu haqda haqqin.az-a «Ghadir İnvestment Co.» İran şirkətinin müşaviri Xəmsəri  bildirib.

Xəbərin əsas özəlliyi də məhz Azərbaycanla bağlıdır. Belə ki, iranlı yetkili sözügedən layihədə Azərbaycanın da öz sərmayəsi ilə iştirakında maraqlı olduqlarlını söyləyib. «Neka-Cask neft kəmərinin həyata keçməsi layihənin bütün iştirakçılarına xeyir gətirəcək və bütövlükdə Xəzər regionunun iqtisadi inkişafına xidmət edəcək. Layihə uzunluğu 1640 km, borunun diametri 42 düym, gündəlik buraxılış gücü isə 1 milyon ton neft olacaq boru xəttinin inşasını nəzərdə tutur», - deyə şirkət rəsmisi bildirib və onu da qeyd edib ki, hələlik hər şey layihənin maliyyələşməsinə gedib dirənir.

Tehran indi səylər göstərir ki, layihəyə iri beynəlxalq sərmayəçiləri cəlb eləsin. Ancaq Donald Trampın Ağ Evə gəlişi ilə İranın ABŞ-la təzədən gərginləşən münasibətləri, xüsusən də az öncə ABŞ Konqresinin İran, Rusiya və Şimali Koreyaya qarşı uzunmüddətli sanksiyalar qanunu qəbul eləməsi iri investorlar axtarışını səmərəsiz edə, demək, Azərbaycanın maliyyə yatırımlarının önəmini artıra bilər.

Sonda təkcə bunu əlavə eləmək qalır ki, İranın adı çəkilən neft kəməri projesində Azərbaycanın investor olaraq iştirakı məsələsinin prezidentlər - İlham Əliyev və Həsən Ruhaninin Tehranda ikitərəfli görüşü çərçivəsində diqqət mərkəzinə gətiriləcəyi istisna edilmir. Bir sözlə, 1 noyabr zirvəsi hər mənada Azərbaycanın nəfinə, Ermənistanın isə zərərinə işləyəcək tarixi bir təmas kimi yadda qalacaq.