vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
09:42 | 16 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 2600 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kremlin təhlükəli balans siyasəti

Rusiya həm Ermənistana, həm də Azərbaycana silah verməklə ən əvvəl öz maraqlarını güdür; Bakı seçim qarşısında

Siyasət şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Sirr deyil ki, postsovet məkanındakı separatçı rejimlər ən çox Rusiyanın maraqlarına xidmət edir. Nə iqtisadi, nə də siyasi anlamda baş tutmamış bu kvazi-dövlətlər, həll olunmamış üstəlik, bütöv bir regionun iqtisadi inkişafına, qonşu ölkələr və xalqlar arasında inteqrasiyaya illərlə əngəl olur, bölgədəki ümumi təhlükəsizliyə ciddi təhdid yaradır. Çünki daima özündə potensial müharibə riski daşıyır. Dağlıq Qarabağ ixtilafı timsalında bunu qabarıq şəkildə görmək olar.

Son vaxtlar isə aqressiv separatçılıq dalğası yavaş-yavaş demokratik Avropaya da adlamağa başlayıb. Söhbətz təbii ki, İspaniyanın Kataloniya əyalətində keçirilən və qanunsuz hesab edilən müstəqillik referendumundan gedir. Bəs bu proseslər regional və qlobal sabitliyə nə vəd edir, çıxış yolu nədir?

 

***

 

«Əgər separatçı rejim ayrılmaq istədiyi dövlətlə xoş münasibətlərdə olmaq niyyətində deyilsə, - hansı ki, Dağlıq Qarabağı erməni icması üçün hətta katalonlardan da çox xarakterikdir, - o zaman beynəlxalq birliyin onu suveren dövlət kimi tanıması üçün heç bir obyektiv əsas yoxdur». Musavat.com-un məlumatlına görə, bu sözləri «Vestnik Kavkaza» nəşrinə açıqlamasında Moskvadakı Milli Strategiya İnstitutunun prezidenti, analitik Mixail Remizev son vaxtlar dünyada separatizm dalğasının güclənməsi və bu prosesin mümkün nəticələrini Dağlıq Qarabağ konflikti kontekstində şərh edərkən deyib.

Lakin politoloqun sözlərinə görə, məhz Dağlıq Qarabağ konflikti timsalında bütünlüklə ikili standart praktikası işləyir: «Bu da regiondakı beynəlxalq oyunçuların müxtəlif maraqları ilə bağlıdır. Dağlıq Qarabağ ixtilafı - tarixi səbəblərdən ə çətin həll oluna bilən münaqişələrdən biridir. Üstəlik, Azərbaycan və Ermənistanın arxasında duran beynəlxalq qüvvələr arasında hansısa tarazlıq var ki, bu da həllə mane olur. Çətin ki, bu tarazlıq münaqişə tərəflərindən birinin xeyrinə pozulsun. Həm Rusiya, həm də ABŞ mövcud situasiya səbəbindən birmənalı seçim edib 100 faiz tərəflərdən birinin yanında dura bilmir. Həm Avropada, həm də ABŞ-da güclü erməni lobbisi fəaliyyət göstərir. Ancaq həm Avropa, həm də ABŞ kimi beynəlxalq oyunçuların Azərbaycanla bağlı böyük iqtisadi maraqları var. Hərbi eskalasiya başlayanda ona daha böyük maraq yarandı. Beləcə də davam edəcək».

 

***

 

Ancaq konfliktin həllində əngəl yaradan əsas beynəlxalq oyunçu kimi ən əvvəl elə ekspertin vətəndaşı olduğu Rusiyanın adını çəkmək lazım gəlir. O Rusiya ki, Dağlıq Qarabağ münaqişəsinə həm də kommersiya maraqları prizmasından baxır. Problemi həll eləmək əvəzinə, bir-biri ilə 29 ildir müharibə vəziyyətində olan Azərbaycan və Ermənistanı silahlandırıb böyük paralar qazanmağın ayrı anlamı ola bilməz.

Bütün bunlar Rusiya rəsmilərinin Qarabağ məsələsinin həllində Moskvanın maraqlı olması barədə fikirlərinin nə dərəcədə qeyri-səmimi və qeyri-ciddi olduğuna şübhə yeri saxlamır. Kremlin Qarabağa yönəlik belə təhlükəli siyasəti heç vaxt regionda sabitliyə xidmət edə bilməz.

«Rusiyanın Ermənistanı bir çox məqamda təmənnasız olaraq silahlandırması regionda təhlükəsizliyi təhdid edir». Bu sözləri Rusiyanın İrəvana növbəti dəfə hərbi kredit ayırmasına münasibət bildirən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. O bildirib ki, Rusiyanın Ermənistanı silahlandırması nə Azərbaycan üçün, nə də Ermənistan üçün yeni bir şeydir.

«Rusiya həmişə Ermənistanı silahlandırıb və silahlandırmaqda da davam edir. Azərbaycan bu gün 20-dən çox dövlətdən silah alır. Ermənistanın isə yürütdüyü siyasət nəticəsində iflic olan iqtisadiyyatı bu ölkəyə hardansa silah almağa imkan vermir. Bunun əvəzində isə Rusiya bu və ya digər formada Ermənistana müasir siyalhlarını ya açıq-aşkar hədiyyə edir, ya da ən aşağı faizlə, uzunmüddətli kredit adıyla göndərir. Bu isə Rusiya və Azərbaycan arasında mövcud strateji əlaqələrə cəmiyyətin etirazına səbəb olur. Digər tərəfdən, Minsk Qrupunun həmsədri olan Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə obyektiv yanaşdığını ciddi şübhə altına qoyur», - deyə o qeyd edib.

Polkovnik hesab edir ki, Ermənistanın hər hansı ölkədən, o cümlədən Rusiyadan öz pulu ilə silah alması daxili işidir və normal qarşılana bilər: «Ancaq məsələ də bundadır ki, bu silahları Ermənistan almır və ala da bilməz. Az öncə Ermənistana 200 milyon hərbi kredit verən Rusiyanın proses çərçivəsində İrəvana həmçinin «İsgəndər» raketlərini yerləşdirdiyini gördük. Hətta Ermənistan tərəfi bu raketlərin idarəetməsinin İrəvana verildiyini də bildirdilər. Bundan qısa müddət sonra isə Rusiyanın İrəvana daha 100 milyonluq hərbi kredit ayırması əlbəttə ki, Azərbaycanda böyük ictimai reaksiyaya səbəb olur».

Hərbi ekspertə görə, Rusiyanın bu siyasəti illərdir Qarabağ probleminin həll edilməməsinin arxasında Kremlin dayandığı barədə mövcud mövqeyi bir daha gücləndirməkdədir: «Bu probleminin həllində Rusiyanın mövqeyi bizə artıq bəllidir. Aydındır ki, Rusiya istəsəydi, problemin sülh yolu ilə həllinə nail ola bilərdi. Ancaq Rusiya postsovet məkanında qaynar nöqtələr olmasının tərəfdarıdır. Bu, Rusiyanın bölgədə mövcudluğunu qorumaq üçün iqtisadi-siyasi əməkdaşlıq deyil, təzyiq yolu tutmasının görüntüsüdür. Ancaq hesab edirəm ki, bu təzyiqin əks-effekt verəcəyi də hesablanmalıdır. Birinci ona görə ki, Azərbaycan Rusiyadan böyük partiyalarla silah alan ölkələr sırasındadır və bu cür addımlar Azərbaycanı Rusiya silahından imtinaya təhrik edə bilər, nəticədə isə Rusiya büdcəsi itirəcək. Hazırda sanksiyalar altında olan, Suriyada əməliyyatlar aparan Rusiya üçün bu büdcə itkisi kifayət qədər ciddi məsələdir. Digər tərəfdən, Rusiyaya ictimai inam zəifləyir və bölgənin aparıcı ölkəsi olan Azərbaycan öz milli maraqlarını təmin etmək üçün ciddi seçim edə bilər».

«Rusiyanın Ermənistana müasir silahlar almaq üçün 20 il müddətinə kredit verməsində məqsəd həmin ölkəni silahlandırmaqdır». Bunu isə «Trend»ə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, Minsk Qrupu həmsədrlərindən biri olan Rusiyanın Ermənistana müasir silahlar almaq üçün kredit verməsi Azərbaycanda da müəyyən suallar yaradır.

«Nəzərə alaq ki, silahlar satılmır, onlar kreditlə verilir. Bu gün Ermənistan çox zəif iqtisadiyyata malikdir və büdcəsini çətinliklə toplayır. Kreditin 20 il müddətində verilməsində məqsəd Ermənistanı silahlandırmaqdır. Hesab edirəm ki, bu məsələnin Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərəfəsində qaldırılması heç də doğru addım deyil», - deyə deputat vurğulayıb.

A.Mirzəzadə əlavə edib ki, müqaviləyə əsasən, 100 milyon dollar məbləğində kredit Ermənistana 20 il müddətinə verilir. Onun fikrincə, 100 milyon dollar bu gün müharibə aparan ölkə üçün çox aşağı bir məbləğdir: «Ermənistana 100 milyon dollarlıq silah tədarük ediləcək. Ermənistanın sərbəst vəsaiti olsaydı, o, silah bazarında özünün sərbəst seçimini edə bilərdi. Reallıq odur ki, Ermənistan yenə də xarici ölkələrdən asılı vəziyyətdədir. Ermənistanın siyasəti ona nə güc, nə nüfuz, nə də kapital gətirə bilir. Azərbaycanın müstəqil xarici siyasəti isə onun bir dövlət kimi güclənməsinə, bölgə üçün əhəmiyyətli olan layihə iştirakçısına çevrilməsinə, ən əsası ösə özünün haqq-ədalət işini dünyada qəbul etdirməsinə səbəb olub».

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib.