vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
09:40 | 17 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2778 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Həmsədrlərdən Qarabağla bağlı razılaşma xəbəri

Azərbaycan və Ermənistan prezidentləri Cenevrədə görüşdülər; Dövlət başçıları uzun fasilədən sonra bir araya gəldilər

E.PAŞASOY

MÖVZU İLƏ ƏLAQƏLİ

Oktyabrın 16-da İsveçrənin Cenevrə şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan arasında görüş keçirilib. ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən təşkil edilmiş görüşdə Minsk Qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi və hər iki ölkənin xarici işlər nazirləri iştirak edib.

Daha sonra Azərbaycan və Ermənistan prezidentlərinin təkbətək görüşü keçirilib.

Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü ilə bağlı mühüm məlumat yayılıb. «Yeni Müsavat»a göndərilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin birgə bəyanatında deyilir: «Ermənistan Respublikasının Prezidenti Serj Sərkisyan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cenevrədə İsveçrə zirvə görüşü keçirdilər. ATƏT Minsk Qrupunun həmsədrlərinin (İqor Popov Rusiya Federasiyası, Stefan Viskonti Fransa, Andrü Sxofer Amerika Birləşmiş Ştatları) himayəsi altında keçirilən görüşdə Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iştirak etdilər. Zirvə görüşünə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də qatıldı. Görüş konstruktiv mühitdə keçdi. Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşdılar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə etdilər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qalırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər».

Artıq Azərbaycan prezidenti İlham Əliyevin İsveçrə Konfederasiyasına səfəri başa çatıb. (AzərTac)

Qeyd edək ki, 2016-cı ilin ikinci yarısından etibarən Ermənistan rəhbərliyi müxtəlif bəhanələrlə ikitərəfli görüşlərdən boyun qaçırırdı. Hətta xarici işlər nazirləri səviyyəsində görüşlərin keçirilməsi də bu ilin yaz aylarına qədər mümkün olmamışdı. BMT Baş Assambleyasının sentyabrda keçirilən 72-ci sessiyasında aqressiv çıxışı ilə diqqət çəkmək istəyən Ermənistan prezidentinə cavab olaraq Azərbaycan prezidenti Serj Sərkisyanın Xocalı soyqırımında iştirak etmiş bir cinayətkar olduğunu xatırlatmışdı. Həmçinin dövlətimizin başçısı beynəlxalq birliyi xəbərdar etmişdi ki, əgər Ermənistan ağlını başına yığıb danışıqlar masasına qayıtmasa, aqressiv siyasətinə son verməsə, ikinci aprel döyüşlərinə ehtiyac olacaq. Görünür, Azərbaycan rəhbərliyinin Qarabağ siyasətində tutduğu prinsipial mövqe işğalçını və onun havadarlarını danışıqlara qoyulmuş fasiləni ortadan qaldırmağa vadar edib.

Yeri gəlmişkən, prezident İlham Əliyev bu ayın əvvəlində Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edərkən də növbəti dəfə öz mövqeyini ifadə etmişdi. Sitat: «Bizə belə gəlir ki, Ermənistan danışıqlar prosesinə qayıdır və bu, olduqca vacib məsələdir. Onların danışıqları boykot etmək siyasəti birincisi ağılsız, ikincisi isə səmərəsiz idi. Bildiyimə görə, Ermənistan rəhbərliyinə müxtəlif mənbələrdən, o cümlədən Avropadan mesajlar verilib ki, bu ölkə özünü belə apara bilməz. Onlar əraziləri işğal etməklə yanaşı, etnik təmizləmə aparıb və işğal olunmuş əraziləri viran ediblər. Bütün bunlardan sonra onlar danışıqların bərpası üçün hələ şərtlər də irəli sürürlər. Ancaq bu gün hesab edirəm ki, danışıqlar formatı bərpa olunmaqdadır. Bir neçə gündən sonra mən ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin səfirləri ilə görüşəcəyəm və biz gələcək danışıqları, habelə prezidentlər səviyyəsində mümkün görüşü müzakirə edəcəyik».

Dövlət başçısının dediyi kimi, Ermənistanın şərtlə danışıqlar istəyi nəticə vermədi və ötən il «aprelə qədər olan mövqelər azad edilməsə, heç bir danışıqdan söhbət gedə bilməz» kimi absurd iddialar irəli sürən S.Sərkisyan masa ətrafına qayıtmağa vadar oldu. Lakin təhlilçilərə çox yaxşı məlumdur ki, bu danışıqlar erməni prezidentə, sadəcə, vaxt qazanmaq, status-kvonu saxlayaraq 2018-ci ilin aprelində prezidentlik kürsüsünü etibarlı adamına təhvil verərək, hökumətə rəhbərliyi ələ keçirmək üçün lazımdır. Deməli, həmin vaxta qədər S.Sərkisyanın hansısa anlaşmanı imzalaması, hansısa ərazini boşaltması real görünmür.

«Bu görüş Ermənistana, sadəcə olaraq, ona görə lazım idi ki, daxili siyasətdə ondan istifadə etsin. Azərbaycana gəldikdə, bununla demək istəyirik ki, biz həmişə danışıqlarda iştirak etməyə hazırıq. Yəni nəticə ilə bağlı ümidsiz olsaq da, istəmirik erməni tərəfinə bəhanə verək ki, Azərbaycan danışıqlardan imtina edir».

Sabiq xarici işlər Tofiq Zülfüqarov bu fikirləri Cenevrə görüşünü «Yeni Müsavat»a şərh edərkən bildirdi. Bununla belə, eks-nazir hansısa irəliləyişə inanmadığını dedi: «Ermənistan bundan qabaq da hansısa addım atmırdı. Seçkiqabağı isə onlar nə güzəştə gedəcəklər, nə də mövqelərinə qayıdacaqlar».

Yekun bəyanatı analiz edərkən T.Zülfüqarov bunları bildirdi: «Aydın olur ki, tərəflər üçün texniki səviyyədə material verilib ki, ilin axırına qədər bəyanatda səslənən fikirlərdən istifadə etsinlər. Ancaq buna təminat vermək olmaz ki, Cenevrə görüşündən sonra gərginlik səngiyəcək. Çünki Ermənistan tərəfdə yetərincə dairələr var ki, Sərkisyanın konstitusiya islahatlarını həyata keçirməsi üçün şərait yaratmaq istəməzlər. Keçmiş müdafiə naziri Seyran Ohanyanın tərəfdarları bu gün də Müdafiə Nazirliyində qalıb. Onlar heç də yeni nazirin siyasi xəttini dəstəkləmək niyyətində deyillər. Bu baxımdan, əminəm ki, erməni tərəfdən təxribatlar davam etdiriləcək. Təbii ki, işğalçı istəyər ki, bu təxribatların günahını Azərbaycan tərəfin üstünə yıxsın. Bu, mövcud reallıqdır. Düzdür, Sərkisyan indiki vəziyyətdə istəyəcək ki, gərginlik olmasın və sakit şəraitdə islahatları tamamlasın. Amma onun siyasi xəttinə qarşı çıxanlar buna imkan verməyəcək».

Eks-nazir işğal zonasındakı qüvvələrin də gərginlikdə maraqlı olduğunu zənn edir: «Eyni zamanda Dağlıq Qarabağda olan və tam şəkildə erməni siyasi elitasına tabe olan oyuncaq «siyasətçilər» də öz mövqeyini çatdırıblar. Hətta qondarma qurumun «xarici işlər naziri» deyib ki, danışıqlar lazımi səpkidə aparılmır və s. Bu baxımdan, daxili gərginlik mövcuddur. Hər halda, bu şəkildə tənqid ilk dəfə səslənir. Onlar özlərini tərəf kimi sırımaq istəyirlər. Amma ondan başqa da bu və ya digər şəkildə Sərkisyana müxalif olan qüvvələrin bir hissəsi Dağlıq Qarabağdandır. Onlar təbii ki, bəzi məqamlarda öz siyasi ambisiyalarını yaddan çıxartmır. Moskva tərəfindən dəstəklənən Sərkisyanın namizədliyi isə bu qüvvələr tərəfindən heç də birmənalı dəstəklənmir. Ona görə də Cenevrə görüşündən sonra Qarabağda sakitliyin olacağına heç kim təminat verə bilməz».

Yeri gəlmişkən, S.Sərkisyan təkbətək görüşdən sonra Ermənistanın İsveçrədəki səfirliyinə gedib. Erməni mediasının Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyana istinadən yaydığı məlumata görə, burada o, erməni icmasının nümayəndələri ilə görüşüb. Bu faktın özü ondan xəbər verir ki, S.Sərkisyan heç də müstəqil şəxs deyil, o, erməni diasporundan asılı prezidentdir və radikal ermənilərin mövqeyinə zidd addım ata, konstruktiv mövqe sərgiləyə bilməz. Hələ biz Rusiya faktorunu bir kənara qoyuruq.

Sərkisyan İsveçrə Konfederasiyasındakı Ermənistan səfirliyində erməni diasporunun nümayəndələri ilə etdiyi söhbətlərin nəticələri barədə danışıb. Virtualaz.org xəbər verir ki, bu barədə Ermənistan dövlət başçısının mətbuat xidməti bildirib.

«Bir neçə dəqiqə bundan əvvəl Azərbaycan prezidenti ilə görüş başa çatıb: problemin həlli variantları ilə bağlı, belə desək, hər hansı konkret razılaşma yoxdur. Lakin biz qərara aldıq ki, gərginliyin azaldılması üçün tədbirlər görək ki, ön cəbhədə qurbanlar olmasın. Deməliyəm ki, həm Azərbaycan prezidenti, həm də mən bunda çox maraqlıyıq», - Ermənistan prezidenti deyib: «Təbii ki, İlham Əliyev də mənim kimi problemin mürəkkəbliyini anlayır, lakin bu elə bir məsələdir ki, sadə həlli heç zaman olmayacaq. İstəyirəm ki, bir şeydən hamı əmin olsun: bizim üçün Qarabağın təhlükəsizliyini bu və ya başqa mənada poza biləcək həll üsulu ola bilməz. Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun. Heç bir zaman heç bir erməni rəhbər belə bir qərarı qəbul edib gerçəkləşdirə bilməz və bu məqsədlə hər şey edəcəyik, eyni zamanda Ermənistanı inkişaf etdirəcək və onu iqtisadi cəhətdən möhkəmləndirəcəyik».

T.Zülfüqarov isə diqqəti yekun bəyanatda, danışıqların nazirlərin görüşü ilə davam etdirilməsi barədə razılaşmaya yönəltməyi vacib sayır: «Bu da onu göstərir ki, Rusiya XİN başçısı Lavrovun bu və ya digər şəkildə prosesə qayıtmaq niyyəti var. Çünki o, bir müddət idi ki, bu prosesdən uzaqlaşmışdı. Hətta onun planını təbliğ edənlər var idi. Deməli, nazirlərin görüşü ona görə baş verəcək ki, Rusiya XİN bu prosesə qayıtsın və aktiv bu işlə məşğul olsun. Yəni ilin axırında ATƏT-in nazirlər səviyyəsində olan illik görüşdə ikitərəfli görüş təşkil olunacaq. Fikrimcə, bəyanatda məsələnin vurğulanmasında məqsəd bundan ibarətdir. Lavrovun Qarabağ səhifəsinə qayıtmaq planı var».

Yuxarıda vurğuladığımız kimi, görüş nəticəsiz başa çatsa belə, Ermənistanda onun reallaşmasını qəti şəkildə istəməyən qüvvələr var idi. Məsələn, politoloq Qagik Ambaryan Ermənistanın bu görüşdən imtina etməli olduğunu demişdi. «Mən İlham Əliyev və Serj Sərkisyan arasında görüşlərə qəti surətdə qarşıyam. Azərbaycan tərəfi nə qədər ki insidentlərin araşdırılması mexanizmlərinin tətbiqinə razılaşmayıb, bu görüş baş tutmalı deyil. Çünki bu mexanizmlərin münaqişə zonasına daxil olunması bizim üçün çox vacibdir», - erməni politoloq bildirmişdi. Ambaryan demişdi ki, bu görüşlə Sərkisyan geri addım atır. Politoloq Soçidə keçiriləcək MDB ölkələrinin sammiti ərəfəsində Azərbaycan tərəfinin yenə də bir erməni əsgərini öldürdüyünü xatırlatmışdı: «İlham Əliyev Serj Sərkisyanı belə salamlayıb. Bundan başqa, onsuz da gələn ilin aprelində Sərkisyan vəzifəsindən gedir. Qoy görüş barədə gələcək prezident düşünsün».

Göründüyü kimi, daxildə təpkilərlə üz-üzə qalan S.Sərkisyan bu görüşə öz xoşu ilə getməyib. Bu mənada ümid etmək olar ki, nəhayət, işğalçı Ermənistanın rəhbərliyinə beynəlxalq səviyyədə təpkilər artıb. Görüşdən sonra nə baş verəcək, bunu deməksə hələlik tezdir...