vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
14:48 | 18 oktyabr 2017 | Çərşənbə Məqaləyə 2695 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Müstəqillik günü ilə bağlı yanlışımız

... 18 oktyabrı deyil, 30 avqustu qeyd etməliyik

Cavid İSMAYIL

MÖVZU İLƏ ƏLAQƏLİ

30 Avqust 1991-ci il tarixdə Azərbaycan Respublikasının Ali Sovetinin növbədənkənar sessiyasında «Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında» Bəyannamə qəbul edilib (Qərar № 179-XII). Sənəddə açıq şəkildə qeyd olunur ki, «Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan xalqının ali dövlət mənafelərini rəhbər tutaraq və onun iradəsini ifadə edərək, 1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarında təsbit edilmiş prinsiplərə müvafiq surətdə beynəlxalq birliyin üzvü olan dövlətlər və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmasına ümid bəsləyərək Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu elan edir».

Azərbaycan parlamentinin elə həmin gün qəbul etdiyi başqa bir qərarda isə Azərbaycanın artıq müstəqilliyini elan etmiş bəzi dövlətləri tanıdığı bildirilib və onlara da Azərbaycanın müstəqilliyini tanımaqla bağlı çağırış edilib. Azərbaycan Respublikası Ali Sovetinin Bəyanatına (30 avqust 1991-ci il tarixli və 181-XII saylı) nəzər salaq:

«Azərbaycan Respublikasının Ali Soveti SSR İttifaqının suveren respublikalarının öz müqəddəratını və dövlət quruluşunu kənardan müdaxilə olmadan sərbəst təyin etmək, onların siyasi, iqtisadi, sosial və mədəni inkişafını öz arzusu ilə həyata keçirmək hüququnu təsdiq edərək, öz müstəqilliyini elan etmiş Latviya, Litva, Estoniya, Moldova, Gürcüstan, Ukrayna və Belarusiya respublikalarının bu bəyannamələrinə tərəfdar olduğunu bildirir və onların müstəqilliyini tanıyır.

Azərbaycan Respublikası Ali Soveti respublikalarımız arasında səmərəli iqtisadi və mədəni əlaqələrin uzun illər toplanmış təcrübəsini, bu respublikaların dost xalqlarına rəğbət hissini əsas tutaraq Azərbaycanla müstəqil Latviya, Litva, Estoniya, Moldova, Gürcüstan, Ukrayna və Belarusiya respublikaları arasında qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirir.

Ali Sovet öz dövlət müstəqilliyini elan etmiş respublikaları müstəqil Azərbaycan Respublikasını tanımağa və onunla hərtərəfli əlaqələr yaratmağa çağırır. Müstəqil Azərbaycan Respublikası indiyədək SSRİ-nin tərkibində olan bütün respublikalarla bir-birinin suverenliyini tanımaq, qarşılıqlı hörmət və bir-birinin işlərinə qarışmamaq şərti ilə iqtisadi əlaqələri bərpa etmək və özünün bütün öhdəliklərini ardıcıl surətdə yerinə yetirmək əzmində olduğunu və bu istiqamətdə danışıqlar aparmağa hazır olduğunu bildirir».

İndi isə Azərbaycan parlamentinin 18 oktyabr tarixli qərarına nəzər salaq. 18 Oktyabr 1991-ci il tarixdə Azərbaycan parlamenti Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktını qəbul etmiş və bu Akt daha sonra ümumxalq referendumu ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktının «Giriş» hissəsində bildirilir ki, «1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək Azərbaycan xalqının dövlət quruluşunun çoxəsrlik ənənələrini dirçəltdi.... Lakin 1920-ci il aprelin 27-28-də RSFSR beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, müharibə elan etmədən öz silahlı qüvvələrinin hissələrini Azərbaycana yeritdi, suveren Azərbaycan Respublikasının ərazisini işğal etdi, qanuni seçilmiş hakimiyyət orqanlarını zorakılıqla devirdi və Azərbaycan xalqının çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyə son qoydu... Bunun ardınca Azərbaycan 1806-1828-ci illərdə olduğu kimi yenidən Rusiya tərəfindən ilhaq edildi. Bütün bunlara baxmayaraq Azərbaycan xalqı dövlət müstəqilliyi uğrunda mübarizəni davam etdirirdi... «Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında» Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə də bu mübarizənin yekunu olmuşdur».

Buradan çox aydın görünür ki, hətta 1991-ci il oktyabrın 18-də bu çox dəyərli sənədi (Konstitusiya Aktını) qəbul edənlər özləri də 30 Avqust 1991-ci il tarixli Bəyannaməni «müstəqillik mübarizəsinin yekunu» və müstəqilliyin elan edildiyi sənəd kimi qiymətləndiriblər. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktının «Giriş» hissəsinin son cümləsi də məhz belə bitir: «Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və «Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında» Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir».

Göründüyü kimi, 18 Oktyabr tarixli sənəddə söhbət müstəqilliyin elanından yox, məhz elan olunmuş müstəqil dövlətin əsaslarının müəyyənləşdirilməsindən gedir. Deməli, müstəqilliyin bərpası günü kimi 18 Oktyabrı deyil, 30 Avqustu qeyd etməliyik.