vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
AKTUAL  
21:31 | 29 oktyabr 2017 | Bazar Məqaləyə 2661 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Keşlə»vari qanun pozuntusu

Yaxud Zaur Axundovun təşkil etdiyi adqoydu mərasimi

CAVAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Topaz Premyer Liqasının dünən baş tutan oyunundan bəhs etməyə ehtiyac yoxdur. «Keşlə» – «Kəpəz» matçında qalib gələn qonaqlar buna alın təri sayəsində nail oldu. İlyas Səfəzadənin mövsümdəki ən yaxşı oyunu gəncəlilərin inamlı qələbəsi ilə yekunlaşdı. Futbolçular can qoydu və lazım olan nəticəni qazandı.

Amma bugünkü məşqçi dəyişikliyi sübut etdi ki, «İnter»in (indiki «Keşlə») məğlubiyyətində komandanın öz rolu da olub. Ardıcıl 4 oyundur futbolçular özünə bənzəmir və Zaur Svanadzenin yolasalma mərasimi üçün işlər gedirdi. «Neftçi»ylə razılaşıb, sonradan «bəzi rəhbər şəxslərə qalmağımla bağlı söz vermişəm» deyən Nizami Hacıyev və yoldaşları həmişəki oyunu oynamırdı.

Bu səbəbdən oyun haqda danışmaq, analitik yazı hazırlamaq gülünc olardı. Oyun içində «oyun» varkən, oxucunu aldatmağa dəyməz. Ondansa iyrənc görünən başqa məqamlardan söz açaq.

 

***

 

Oktyabrın 28-i həm də «İnter»in dəfn günüydü. AFFA rəhbərliyi və onların himayəsində olan klubun yeni rəhbərliyi qələbəsini qeyd edirdi. Uzun mübarizədən sonra bu klub diz çökdürüldü, məhv edildi və ələ keçirildi. Beynəlxalq Bank tərəfindən Xəzər Universiteti rəhbərliyindən 10 il öncə 250 min dollara alınan klub beləcə AFFA-nın əlinə keçdi.

Klubun yeni adla ilk oyunu üçün bayram tədbiri hazırlanmışdı. Süni anşlaq qarşısında müğənni Ədalət Şükürov ötən əsrdən qalma mahnıları ilə şou yaratmağa çalışırdı. AFFA-nın baş katibi Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev klubun Müşahidə Şurasının sədri Zaur Axundovun təşkil etdiyi adqoydu mərasiminə gəlmişdi. Lakin həm tədbirin, həm də oyunun nəticəsinin uğursuz alınması səbəbi ilə onlar jurnalistlər qarşısına çıxmadı, arxa qapıdan qaçdılar.

 

***

 

Nizami rayonunun müxtəlif idarə və müəssisələrinin işçilər, məktəblərinin şagird və müəllim kollektivi məcburən stadiona gətirilmişdi. Bu fəaliyyətə görə Axundov Şimali Koreya iqtidarı üçün əla kadr sayıla bilər. Kişinin oğlu bütün rıçaq imkanlarından istifadə edir və əsl diktatordur. Özü də qapıda hamı siyahıya alınır, sayılıb içəri göndərilirdi. Gəlməyənlərin aqibəti yaxşı olmayacaq, iş yerini itirməmək qorxusu ilə tribunalara doluşanlar isə 90 dəqiqənin bitməsi üçün saatlarının sferblatını döyəcləyirdi.

Yatan da var idi, «Kəpəz»in qoluna əl çalan da. Onlar üçün meydandakı mübarizə heç bir əhəmiyyət daşımırdı. Sanki biyara gəlmişdilər. Kolxoz dövründəki plan siyasəti ilə azarkeşlik başqa cür ola bilməzdi. Fasilədə Ədalət Şükürov boğazını cıranda camaat stadiondan qaçmaqla məşğul idi – fasilədən sonra onların yarısı yerində idi, qalanları (xüsusilə də xanımlar – müəl.) siyahıya düşüb, aradan çıxmışdılar. «Keşlə»nin bayraqları da tribunalardakı boşluqları örtə bilmirdi.

 

***

 

Ad dəyişdi, «Keşlə» dünyaya gəldi. Amma hələ bir çox hüquqi prosedurların necə yoluna qoyulduğu sual altındadır. Mövsümün gedişində belə addəyişmə adətən hansısa qərarla rəsmiləşir. Bir klubu qəfildən başqası əvəz edirsə, bunun üçün İcraiyyə Komitəsinin qərar olmalıdır. Xatırlayıram: gərək ki, 2004-cü ildə «Dinamo» «Bakı»ya çevriləndə belə bir qərar verilmişdi. Klub müstəqildir, AFFA işinə qarışa bilməzsə də, hansısa daxili qərar olmalıdı. Bəs, «Keşlə»də qərarı kim verdi? Prezident yoxdur, Müşahidə Şurası sədr Zaur Axundovdan ibarətdi. O zaman bu qərarı kim verib? Deməli, ortada qanunsuz olan nəsə var.

Hələ bunun avrokubokları var. Klub «İnter»in varisi deyilsə, onun öhdəliklərini, borclarını, problemlərini üzərinə götürməyibsə, avrokuboklara gedə bilməyəcək; götürübsə, «İnter Arena» ilə bağlı problemi də həll etməlidir.

Kəsəsi, sual çoxdur. Bütün bunlara ən azı icraçı direktor Rəmiş Malıyev cavab verməlidir. AFFA-nın hüquqşünası (indi də baş məsləhətçidi – müəl.) Rauf Əliyev qalmaqalında ikili müqavilələri açıqlayıb, özünü biabır etsə də, hər halda, təcrübə sahibidir, müəyyən açıqlamalar verə bilər və verməlidir!