vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNDƏM  
18:45 | 5 noyabr 2017 | Bazar Məqaləyə 3170 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

BTQ təkcə iqtisadi qazancdırmı?

Azərbaycanın okeanlara çıxışı üçün ən təhlükəsiz və ucuz yol… (birinci yazı)

Erkin QƏDİRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı-Tiflis-Qars dəmiryolu haqqında yazmağı düşünmürdüm. Bununla bağlı suallara da «bu, mənim sahəm deyil» sayağı cavablar verirdim. Lakin tənqidi şərhlərin xeylisini oxuyandan sonra, yazmaq qənaətinə gəldim. Yazı böyük olduğundan, onu üç parçaya böldüm.

Mübahisə açmaq istəmirəm. İşin iqtisadi tərəfinə heç toxunmayacağam. Bir onu deyim ki, bu layihənin iqtisadi potensialının olduğundan daha böyük göstərildiyini söyləyənlərlə razıyam. Amma! Bu işdə önəmli olan iqtisadiyyat deyil. Daha doğrusu, ölkəmizin buradan yaxşı pul qazanacağı güman olunsa da, ən böyük güman başqadır.

Nəqliyyat, özəlliklə dəmir, dəniz və boru yolları - strateji məsələdir. O dərəcədə strateji ki, ölkələrin təhlükəsizliyinə, bölgələrdəki güc nisbətinə önəmli təsir göstərə bilir. Ölkəmizin dənizə birbaşa çıxışı yoxdur. Bu amilin bizə mənfi təsiri haqqında bir neçə dəfə yazmışam.

Dənizə birbaşa çıxışımızın olmaması bizim üçün strateji gerilikdir. Bu geriliyik obyektivdir, bizdən (siyasətimizdən) asılı deyil, coğrafi yerləşməmizdən qaynaqlanır. Buna görə də ölkəmizin, iqtidarda kimin olmasından asılı olmayaraq, xarici siyasət seçimləri çox deyil. Bizə, özümüzü təhlükəsiz hiss etmək və faydalı ticarət qurmaq üçün, mütləq dənizə çıxış gərəkdir. Bu çıxış da mütləq davamlı, güvənli və ucuz olmalıdır.

Rusiyanın üzərindən Qara və Baltik dənizlərə çıxışımız var (kanallar vasitəsilə). Amma bu çıxışın davamlılığı şübhə altındadır, güvəni və ucuzluğu isə heç yoxdur. Üstəlik, Rusiyanın üzərindən gedən su yolları ilin az qala yarısı buz altında qalır (donur). Ona görə də iqtisadi faydası böyük ola bilmir. İran üzərindən Hind Okeanına çıxışımız olsaydı, bu, ən ucuz və iqtisadi baxımdan faydalı yol ola bilərdi. Amma bunun nədən gerçəkləşməyəcəyini, güman edirəm, burada izah etməyə gərək yoxdur.

Odur ki, dənizə tək çıxışımız qalır - Gürcüstan üzərindən. Gürcüstan üzərindən çıxdığımız dənizin (Qara Dəniz) iki tarixi və geopolitik sahibi vardır - Rusiya və Türkiyə. Bu iki ölkə arasında münasibətlərin durumu bizə birbaşa təsir edir. Onların arasında savaşın bizə böyük ziyan vuracağı aydın olsa da, bunun tam tərsi də bizim faydamıza deyil. Yəni, Rusiyayla Türkiyənin çox yaxınlaşmasından ölkəmiz heç nə qazanmayacaq, əksinə, xarici siyasət fürsətlərimiz daha da azalacaq. Bunu bir dəfə yazmışdım, təkrarlamağın faydası var - Rusiya, Türkiyə və İran arasında nə qədər çox ziddiyyət olarsa, bir o qədər də ölkəmizin xarici siyasət fürsətləri çoxalmış olur.

Bəxtimizdən (başqa söz tapa bilmədim), Türkiyə bizə həm qardaş ölkədir, həm də NATO üzvü kimi nə Rusiya ilə, nə də İranla bəlli həddən artıq yaxınlıq edə bilir. İstəsə də edə bilməyəcək, çünki həm Rusiyanın, həm də İranın, ayrı-ayrılıqda və birlikdə, Türkiyəylə bağlı tarixi və geopolitik qarşıdurması yox olası deyil. Odur ki, qardaşlığı qırağa qoymuş olsaq belə, yenə də Türkiyənin və Azərbaycanın bu bölgədə bir-birinə böyük ehtiyacları olacaq. Bəs, Gürcüstan?

Gürcüstan, Türkiyə və Azərbaycan arasında yerləşdiyinə görə, yuxarıda söz açdığım ehtiyacın gerçəkləşmə vasitəsinə çevrilir. Bu, Gürcüstanın özünün də faydasınadır. Bu ölkənin, bizdən fərqli olaraq, dənizə birbaşa çıxışı olsa da, dənizlə dünyaya çıxarası strateji resursları yoxdur. Üstəlik, Rusiyadan qaynaqlanan aydın və davamlı təhlükə qarşısındadır. Rusiyadan qaynaqlanan təhlükə - Gürcüstanı və Azərbaycanı yaxınlaşdıran ən təsirli amillərdən biridir. Bunun da üzərinə Gürcüstanın bizdən enerji, bizim də Gürcüstandan nəqliyyat asılılığımızı gəlsək, bu iki ölkə (+ Türkiyə) arasında getdikcə dərinləşən əməkdaşlığı daha yaxşı anlaya bilərik.

Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı münasibətləri «qarşılıqlı strateji asılılıq» adlandırmaq olar. Bu, hələ müttəfiqlik anlamına gəlmir, amma işlərin ona doğru getdiyini görməmək olmur. Birlikdə keçirilən ardıcıl hərbi təlimlər də bunu aydın göstərir. Hərbi təlimlər bekarçılıqdan deyil, ehtiyacdan keçirilir. Bu üç ölkənin hansı və haradan qaynaqlanan təhlükələrə qarşı birlikdə hərbi təlim keçirdikləri də məlumdur (bu haqda açıq danışılmasa da). Şübhəsiz ki, təlimlərin məqsədlərindən biri, daha öncə qurulmuş Bakı-Tiflis-Ceyhan və Bakı-Supsa boru kəmərləriylə yanaşı, Bakı-Tiflis-Qars dəmiryolunu qorumaqdır. Bu dəmiryolunun hərbi məqsədlər üçün də önəmi böyükdür.

Bakı-Tiflis-Qars dəmiryolunun strateji önəmi nədir (nədədir)? Qərb doğrudanmı, ya da Qərbdə hər kəsmi buna qarşı olub? Keçmişdə və bu gündə buna oxşar örnəklər varmı? Bu və başqa suallarla bağlı gümanlarımı yazımın ikinci parçasında oxuya bilərsiniz.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)