vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ENERGETİKA  
20:19 | 7 noyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 1851 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Neft bahalaşması layihələri bərpa edəcəkmi?

Ekspert: «Dövlət investisiya xərcləri ilə bağlı ehtiyatlı siyasət davam edəcək»

DÜNYA

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünya bazarında neftin qiymətinin artması prosesi davam edir. Əksər beynəlxalq araşdırma mərkəzləri cari ilin sonunadək qiymətin 70 dollara çataraq bu səviyyədə sabitləşəcəyini proqnozlaşdırırlar.

Azərbaycan hökuməti dövlət büdcəsi üzrə proqnozları tərtib edərkən neftin qiymətini 45 dollardan hesablayıb. Dünya bazarında qiymətlərin yüksəlməsi hökumətin xərclərlə bağlı daha cəsarətli proqnozlaşdırmalarına səbəb olub. Belə ki, neftin aşağı qiymətləri şəraitində hazırlanan 2017-ci ildə dövlət büdcəsindən ayrılan dövlət əsaslı vəsait qoyuluşu(investisiya) xərclərinin 1 milyard 860 milyon manat olması nəzərdə tutulub. 2018-ci ilin büdcəsində isə bu vəsaitin 2 dəfədən də çox artırılaraq 4 milyard 924,2 milyon manat olması proqnozlaşdırılıb.

Onu da qeyd edək ki, neftin qiyməti 80-100 dollar olduğu dövrdə Azərbaycanda dövlət vəsaiti hesabına çoxsaylı və böyük maliyyə tutumlu investisiya layihələri həyata keçirilirdi.

Dünya bazarındakı kəskin qiymət enişi ilə xeyli sayda layihələrin icrası dayandırıldı. Yenidən artan neft qiymətləri həmin layihələrin bərpasına gətirib çıxara bilərmi?

Sualımıza cavab verən iqtisadçı-alim Azər Mehtiyev bildirir ki, hökumət dövlət investisiya layihələri ilə bağlı daha ehtiyatlı siyasət yürüdür: «Əvvəla, bu istiqamətə ayrılan vəsaitlərin bölgüsü birbaşa ölkə rəhbərliyi tərəfindən həyata keçirilir. Əvvəllər Nazirlər Kabinetinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölüşdürülməsinə dair qərarları olurdu və onu əldə etmək mümkün idi. Bu il elə bir qərarı biz əldə edə bilmədik. Vəsaitlər əsasən prezident sərəncamı ilə bölüşdürülür. Digər tərəfdən, artıq irihəcmli deyil, aşağı məbləğli, daha çox sayda insanın cəlb olunacağı layihələrə üstünlük verilir. Məsələn, kəndlərarası, rayonlararası yolların çəkilməsi kimi layihələr daha çoxdur».

İqtisadçı-alimin sözlərinə görə, gələn il üçün dövlət əsaslı vəsait qoyuluşu xərclərinin 2 dəfə artırılması əsasən hökumətin daha çox iş yerləri yaratmaq, əmək tutumlu və sosial-iqtisadi yükü çox olan layihələrin icrasını planlaşdırması ilə bağlıdır: «Gələn il həm də seçki ilidir. Büdcə proqnozlaşdırılması zamanı bu amil də nəzərə alınır. Azərbaycan iqtisadiyyatı hələ böhranın təsirlərindən tam ayılmayıb. Buna görə də əsas diqqət müxtəlif istiqamətlərdə iqtisadi aktivliyi artırmağa yönəlib. Məsələn, Bakı şəhərində dövlət hesabına iri tikinti layihələri həyata keçirməklə bu sektorda canlanma yaratmaq planlaşdırılır. Bundan əlavə, digər bir sıra istiqamətlərdə də dövlət vəsaitləri hesabına layihələr həyata keçirməklə iqtisadi aktivliyi artırmaq, daha çox sayda insanı layihələrin icrasına cəlb etməklə sosial narazılığı azaltmaq məqsədi güdülür».

A.Mehtiyev hesab edir ki, neftin qiymətinin yüksəlməsi əvvəlki illərdə olduğu kimi irihəcmli və səmərəsi az olan layihələrin icrasına səbəb olmayacaq: «Ötən il və bu il hökumət daha az vəsaitlə daha çox iş görməyə çalışdı. Büdcə layihəsindən görünür ki, ən azı gələn il üçün də bu siyasət davam edəcək. Lakin bu siyasətin həyata keçirilməsi mexanizmi tam aydın deyil. Bunu müəyyənləşdirmək üçün gəlirlərin bol olduğu illərdə icra olunan layihələrin səmərəlilik, iqtisadiyyata verdiyi töhfələr baxımından qiymətləndirilməsi aparılmalıdır. Yəni infrastrukturun yenilənməsi vacibdir, amma gəlin görək bu sahədə həyata keçirilən layihələr nə qədər effektiv icra olunub? Bu effekti bilməliyik ki, növbəti mərhələdə onun daha da artırılması üçün vəsaitləri hara yönəltməyin gərəkdiyini müəyyənləşdirə bilək. Təəssüf ki, belə qiymətləndirmələrə rast gəlmək mümkün deyil. Bütün hallarda, düşünürəm ki, dövlət investisiya xərcləri ilə bağlı ehtiyatlı siyasət davam edəcək».