vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
15:25 | 8 noyabr 2017 | Çərşənbə Məqaləyə 2482 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Putinin ittifaqı» dağılır

Qırğızıstanın Aİİ-dən çıxmaq hədəsi qurumun taleyini sual altına qoyub; Azərbaycanın önəmi artıran iki amil

Analitik xidmət

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya prezidenti V.Putinin SSRİ-nin reanimasiyasına hesablanmış Avrasiya layihələrindən biri və ən önəmlisi - Avrasiya İqtisadi Birliyi (AİB) çətin günlərini yaşayır. 5 ölkənin - Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus və işğalçı Ermənistanın üzv olduğu qurum daxilində vəziyyət hətta böhranlı sayıla bilər.

Söhbət təkcə AİB çərçivəsində iqtisadi-ticari inteqrasiyanı əngəlləyən obyektiv amillərdən getmir. Eyni zamanda üzv ölkələrin liderlərinin bir-birinə qarşı gizli-açıq şəxsi antipatiyasından gedir - hansı ki, onsuz da özünü bir təşkilat olaraq illərdir təsdiqləyə bilməyən AİB üçün əlavə gərginlik yaratmaqdadır.

 

***

 

Məsələn, Qazaxıstan və Belarus prezidentlərinin - Nursultan Nazarbayev və Aleksandr Lukaşenkonun erməni prezident Serj Sərkisyana gizli antipatiya bəslədiyi sirr deyil. Ümumiyyətlə, AİB-in digər 4 dövləti ilə hər hansı quru əlaqəsi olmayan, yalnız Rusiyanın və erməni lobbisinin dotasiyası və ianəsi hesabına mövcud olan, habelə, ciddi iqtisadi-önəm kəsb etməyən Ermənistanın AİB-də üzvlüyü nonsensdir.

Başqa sözlə, işğalçı ölkə sadəcə, Rusiyanın əlavəsi (səsvermə zamanı «düymə basanı») kimi bu qurumda təmsil olunub ki, bu da kifayət qədər müstəqil iqtisadi siyasət yürüdən, böyük iqtisadi potensiala malik Belarus və Qazaxıstan üçün, yumşaq desək, xoş deyil. Qazaxıstan və Belarusun Azərbaycana obyektiv əsaslardan doğan isti münasibəti isə təşkilatın möhkəmlənməsinə əngəlləyən digər bir amildir - hansı amilə ki, erməni ekspertləri də tez-tez diqqət çəkirlər. Onlar təəssüflə vurğulayırlar ki, AİB-də və onun hərbi qurumu KTMT-də («Rus NATO»su) Ermənistandan çox Azərbaycanın dostları var (yeri gəlmişkən, ötənilki 4 günlük aprel müharibəsində, ardınca isə KTMT-yə erməni generalın baş katib gətirilməsinin əngəllənməsində Nazarbayev və Lukaşenkonun Azərbaycana simpatiyası aydın şəkildə ortaya çıxmışdı).

 

***

 

Son vaxtlar isə Qırğızıstanla Qazaxıstan arasında yaşanan gərginlik AİB-nin varlığını yeni və ciddi bir sınaq qarşısında qoyub. Belə ki, qırğız prezident Almazbek Atambayev faktiki, təşkilatın perspektivsiz bir quruma çevrildiyini bəyan edərək deyib: «Biz bu təşkilata həddən artıq böyük ümidlər bəsləyirdik. İqtisadi inkişaf baxımından biz gərək özümüzü altatmayaq və birliyə ümid bəsləməyək. Yalnız bir adamın naz-qəmzəsindən asılı olan ittifaq etibarlı ola bilməz, əgər hətta, o, dünyanın ən böyük adamı olsa belə».

Cəmi bir ay sonra öz postundan gedəcək Atambayevin bu sözləri (onun prezident seçilmiş xələfi Sooranbay Jeenbekovun indiki kursu davam etdirəcəyi şübhə doğurmur), az qala, şok effekti yaradıb. Düzdür, Atambayev ad çəkməyib. Ola bilsin, o, məhz Nazarbayevi nəzərdə tutaraq belə sərt ifadə işlədib. Ancaq Putinin də «bostanına daş atıb». Nədən ki, AİB-də əsas söz sahibləri iki nəfər - Putin və Nazarbayovdur.

Bundan əlavə, iki türkdilli dövlətin sərhəd-gömrük məntəqələrində baş verən son insidentlər, etiraz aksiyaları söyləməyə əsas verir ki, Qırğızıstanın yeni prezidentinin dönəmində də AİB daxilində vəziyyət yaxşılığa doğru tezliklə dəyisməyəcək. Qeyd edək ki, Atambayev-Nazarbayev qalmaqalından sonra Qazaxıstan qırğız mallarına qarşı öz sərhədini daha möhkəm bağlayıb və nəticədə həmin malların digər AİB ölkələrinin ərazisinə çıxışı da çətinləşib.

 

***

 

Bütün bu baş verənlər ona işarədir ki, «AİB xəmiri» hələ çox su aparacaq. Başlıca səbəb isə təşkilatın sağlam təməl üzərində qurulmaması, iqtisadi yox, başqa maraqlara söykənməsidir.

Misal üçün, bu quruma Azərbaycan qat-qat çox lazımdır, nəinki Ermənistan. Məhz Azərbaycanın üzvlüyündən sonra Ermənistan Rusiya və digər üzv dövlətlərlə iqtisadi əlaqələr yarada, eyni zamanda qarşılıqlı inteqrasiya canlana bilərdi. Təsadüfi deyil ki, rəsmi Moskva illərdir ölkəmizi bu quruma üzvlüyə şirnikləndirir. Lakin Bakının AİB-ə üzvlük şərti bəllidir - öncə Qarabağ.

Yaxud Türkiyənin üzvlüyü ilə AİB real nəfəs qazana bilırdi. Hətta qardaş ölkənin iqtisadiyyat naziri Nihat Zeybək bir ara bunun anonsunu da verib. Lakin yenə Qarabağ əngəli ortaya çıxır. Çünki Türkiyə bizim köklü maraqlarımızı gözardı edib, təcavüzkarla vahid təşkilatda təmsil olunmaz.

 

***

 

Bu xüsusda dünən Andrey Nikolayevin müəllifi olduğu, Rusiyanın tanınmış portallarından olan rosbalt.ru-da dərc olunan analitik məqalə diqqət çəkir. Məqalədə Avrasiya Birliyinin faktiki, böhranlı yaşadığı qeyd olunur. Kifayət qədər böyük olan yazıdan bəzi sitatları təqdim edirik.

«Qırğızıstan prezidenti qazax liderinə çirkab atması azmış kimi, indi də öz ölkəsinin AİB-dən çıxmasını təbliğ edir. Üstəlik, bütöv bir inteqrasiya birliyini - Rusiyanın da daxil olduğu AİB-i şantaj edir. Moskva isə nədənsə susur. Atambayev deyir ki, ittifaq bir nəfərin nazından asılı ola bilməz. Gəl indi anla ki, o, kimi nəzərdə tutur - Rusiyanın, yoxsa Qazaxıstanın liderini? Mümkündür ki, belə üstüörtülü sözlərlə o, hər ikisinı daş ayıb. Çünki şəxsi incikliyi olan Nazarbayevdən fərqli olaraq, Putinə qarşı açıq şəkildə getmək asan deyil. Bu harasıdır, Atambayev bəyan edib ki, onun ölkəsi Özbəkistanda, Çində özünə yeni bazarlar və nəqliyyat dəhlizləri tapmalı, həmçinin Bakı-Tiflis-Qars (Türkiyə) dəmir yoluna çıxan Çin-Qırğızıstan-Özbəkistan yolunun inşasını sürətləndirməlidir».

Yaxud belə bir sitat: «Qırğızıstanlın baş naziri Artyom Novikov bəyan edib ki, əgər Qazaxıstanla sərhəddə vəziyyət nizamlanmasa, sonrakı qərar, o sırada ölkənin AİB-dən çıxması ilə bağlı qərar siyasi səviyyədə qəbul ediləcək. Yəni hazırda situasiya məhz Qərbin arzuladığı kimidir - hansı ki, «yeni Putin SSRİ»sinin, yəni AİB-in dağılmasını  proqnozlaşdırır və səbirsizliklə gözləyirdi - hərçənd AİB «Putin SSRİ-si» roluna dartmır əslində».

 

***

 

Əlavə edək ki, Putin ittifaqının hazırkı böhranlı durumu konkret olaraq Azərbaycan üçün də əhəmiyyətsiz deyil. Ən azı iki səbəbdən: birincisi, baş verənlər AİB ilə həmsərhəd olan ölkəmizin təşkilat üçün (onun xilası baxımından) dəyərini artırır, bu dəyərə məxsusi çalar verir. İkincisi isə, Bakı-Moskva münasibətlərində birincinin taktiki manevr imkanlarını artırır. Rusiyanın Azərbaycana yeni və daha böyük siyasi ehtiyacını şərtləndirir. Bu isə öz növbəsində həm də yeni siyasi fürsət deməkdir. Azərbaycan üçün, Qarabağ məsələsi üçün...