vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
REGİON  
20:00 | 9 noyabr 2017 | Cümə axşamı Məqaləyə 2104 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistan günbəgün vəhşiləşir

Artan ailədaxili zorakılıq halları və yeni mübahisəli qanun layihəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

İrəvanda yaşayan Taquhi Mansuryan, ailəsini qoruyub saxlamaq üçün ərinin kobud davranışına çox dözməli olub. «Məni küçədə də döyürdü, valideynlərimə hücum edirdi. Polisə şikayət etdim. Əhəmiyyət vermirdilər. Ailədə olan şeydir, barışarsınız, deyirdilər», - Taquhi Mansuryan BBC müxbirinə danışıb.

Ermənistanda məişət zorakılığı məsələsi Parlamentdə «Ailədaxili zorakılığın qarşısını almaq və ailədaxili zorakılığa məruz qalan şəxslərin müdafiəsi haqqında» yeni qanun layihəsinin müzakirəsi ilə yenidən gündəmə gəlib.

Ermənistan Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış qanun layihəsi bir aydır ki rəsmi və qeyri-rəsmi dairələrdə müzakirə olunmaqdadır.

Nəticə olaraq qanun layihəsi Ermənistan ictimaiyyətini iki düşərgəyə bölüb: layihənin tərəfdarları hesab edirlər ki, zorakılıq mütləq tənbeh edilməlidir, əleyhinə olanlar isə bu qanunu «erməni ailə ənənələrinə ciddi zərbə» kimi nəzərdən keçirirlər.

 

Evin sirrini vermək istəmirlər

 

«Qadınlara qarşı zorakılıq əleyhinə» təşkilatının məlumatına görə, son 5 il ərzində ən azı 35 qadın ailə zorakılığı nəticəsində ölüb. Qətllərin 63 faizi kənd rayonlarında baş verib.

Ermənistan Ədliyyə Nazirliyi 2016-cı ildə qeydə alınan ailədaxili cinayətlərin sayının 756-ya çatdığını bildirib.

Lakin belə bir inanc da var ki, rəsmi rəqəmlər həqiqi vəziyyəti əks etdirmir. Müşahidələrə görə, erməni qadınların əksəriyyəti evin sirrini verməmək adətinə əməl edərək, psixoloji və fiziki zorakılığa dözməyə məcbur olur.

Lakin daha dözmək mümkün olmayanda müvafiq orqanlara müraciət edən qadınlar lazımi tədbirlər görülmədiyindən şikayət edir. Taquhi Mansuryan da deyir ki, vaxtında tədbir görülmədyindən başı çox çəkib.

«Məhkəmə ona cəmi 6 ay həbs cəzası kəsdi, lakin cəzanı şərti tətbiq etmək qərarı verdi, bundan üç ay sonra o balta ilə bizə hücum etdi, anamı öldürdü, atamla mən yaralanıb xəstəxanaya düşdük», - Taquhi söyləyir.

Qadının boynunda iti alətlə yetirilmiş çapıq qalıb.

Halbuki məhkəmədə Mansuryanın iki ay ərzində iki dəfə döyülməsi və xəsarət alması nəticəsində bədənində qançırlar əmələ gəlməsi təsdiqlənmişdi.

Taquhinin keçmiş əri Vladik Martirosyan 64 yaşlı keçmiş qayınanasını ötən il balta ilə öldürməkdə şübhəli bilinir. Hazırda bu məsələ ilə bağlı istintaq gedir.

Taquhi ailədaxili zorakılıq haqqında qanunun qəbul olunmasını dəstəkləyir.

«Mən hesab edirəm ki, qanun böhranlı hallarda düzgün hərəkət etməyi bacaran sosial, psixoloji yardım xidmətləri yaradar. Polis də maariflənməlidir. Düzgün hərəkət etsəydilər, o həbsxanada olmalı idi. Anam da sağ olardı», - Taquhi deyir.

 

Ailədaxili zorakılığı hallarının sayı niyə artır?

 

Ekspertlər hesab edirlər ki, Ermənistanda ailədaxili zorakılıq hallarının artması belə hallara məruz qalanlar üçün xüsusi stabil gender siyasətinin işlənib hazırlanmaması, yardım mexanizmi və üsullarının olmaması, hökumət tərəfindən zorakılıq qurbanları və onların övladlarına xidmət təklif etməməsidir.

Ermənistan Cinayət Məcəlləsində ailədə zorakılığının müxtəlif hallarına dair müddəalar yoxdur, bütün belə hallar 117-ci (bilərəkdən səhhətə yüngül zərər yetirmə) və 118-ci (döymək) maddələri əsasında nizamlanır, «Qadınlara dəstək» mərkəzinin rəhbəri Maro Matosyan deyib.

Polisin fəaliyyətsizliyi isə, onun sözlərinə görə, insidentlərin araşdırılması və zorakılıq qurbanları ilə savadlı işləmək mexanizmlərinin olmamasıdır.

Sosial xidmətlər idarələrində hazırlıqlı mütəxəssislər yoxdur, problem ailədaxili zorakılıq haqqında qanunun olmamasındadır, Maro Matosyan hesab edir.

 

Qanunun ilk layihəsini QHT-lər hazırlayıb

 

Ailədaxili zorakılığa qarşı ilk qanun layihəsi 2009-cu ildə «Qadın hüquqları mərkəzi» ictimai təşkilatı tərəfindən hazırlanıb.

«2013-cü ildə «Qadınlara qarşı zorakılıq əleyhinə» koalisiyası qanun layihəsinin yenidən işlənib hazırlanmış ikinci variantını Ermənistan Milli Məclisinə təqdim edib, lakin qəbul olunmayıb», - BBC müxbirinə «Qadınlara qarşı zorakılıq əleyhinə» koalisiyanın fəalı Zaruhi Hovhannisyan deyib.

Əsas izahat o olub ki, Ermənistanın dövlət büdcəsi belə bir «xeyli maliyyə vəsaiti tələb edən» qanun layihəsini qəbul etmək iqtidarında deyil, Zaruhi Hovhannisyan deyir.

Ədliyyə Nazirliyinin layihəsində bəzi prinsipial müddəaların fərqinə baxmayaraq, QHT nümayəndələri, nəhayət, ailədaxili zorakılığa qarşı qanun layihəsinin gündəmə gəlməsini alqışlayırlar.

«Biz ailədaxili zorakılığın kriminallaşdırılmasını istəyirdik. Çünki müşahidələrimiz göstərir ki, məhkəmələr ailədaxili zorakılığı tam nəzərdən keçirmir, yalnız bir məqamı, məsələn, arvadın əri tərəfindən döyülməsi faktı nəzərə alır. Bir halda ki, bu qadın 8-9 il ərzində zorakılığa məruz qalıb. Ədliyyə Nazirliyi isə qarşısını alma məqamına üstünlük verib», - Zaruhi xanım deyir.

 

«Ən zəruri ehtiyac»

 

Qanun layihəsinin ictimai müzakirəsi zamanı çıxış edən Ermənistan ədliyyə naziri David Harutyunyan son 4 il ərzində 3571 ailədaxili zorakılıq hallarının qeydə alındığını bildirib.

Ailədaxili zorakılığın qarşısının alınması, nəticədə zərər çəkənin müdafiə edilməsi, Ermənistan ədliyyə naziri David Harutyunyanın sözlərinə görə, «bizim üçün ən zəruri ehtiyacdır».

Nazir ailədaxili zorakılığa dair rəsmi statistikanın həqiqi vəziyyəti əks etdirmədiyini deyir. Çünki zərərçəkənlərin çox az hissəsi zorakılığa məruz qaldığı barədə açıq danışmır.

«Bu faktları müxtəlif araşdırmalar da təsdiq edir. Lakin hətta rəsmi rəqəmlər narahat olmağa əsas verir», - jurnalistlərə David Harutyunyan deyib.

 

İldə 5 min zəng

 

Hüquq-müdafiəçi Zaruhi Hovhannisyan deyir ki, yeni qanun ailədaxili zorakılığın qarşısını almağa, zorakılıq təhlükəsinə uğrayanlara yardım göstərməyə, təhlükəsiz yerdə sığınacaqla təmin etməyə imkan verəcək.

«Hazırda hətta polis yalnız iş işdən keçdikdən, kimsə döyülüb-əzildikdən, ağır bədən xəsarəti aldıqdan və ya dünyasını dəyişdikdən sonra müdaxilə edir. Amma müvafiq qanun olsa, belə halların qarşısını almaq olar», - Zaruhi Hovhannisyan deyir.

O qeyd edir ki, ölkə üzrə qətl hallarının 17 faizi ailədə baş verir.

Zaruhi Hovhannisyanın sözlərinə görə, «Qadınlara qarşı zorakılıq əleyhinə» koalisiya təkcə qadın hüquqlarının müdafiəsi ilə bağlı qaynar telefon xətt vasitəsilə ildə 5 min zəng alır.

Bu o deməkdir ki, 5 min qadının yardıma ehtiyacı var və o bilmir kimə müraciət etsin, necə müraciət etsin, hüquqlarını necə müdafiə etsin.

«Bəzən də qadın körpə uşağı, ya da uşaqları ilə çöldə qalır. Əri evdən qovur. Bizə zəng edəndə, biz onları sığınacaqla təmin etməyə çalışırıq. Lakin bizim imkanlarımız məhduddur. Bizim kirayə etdiyimiz evdə 4-5 ailə sığına bilər. Bununla hökumət məşğul olmalıdır, xüsusi sosial, psixoloji yardım xidmətləri yaradılmalıdır, büdcədə nəzərə alınmalıdır. Müvafiq qanun bu məsələləri həll etməyə imkan verər», - hüquq müdafiəçisi deyir.

 

«Xaricilərin diktəsi ilə»

 

Vətəndaşların bir hissəsi ailədaxili zorakılıq haqqında qanun layihəsinə heç bir ehtiyac olmadığını deyir və onun xarici ölkələrin diktəsi ilə gündəmə gətirildiyini bildirirlər.

İrəvan geosiyasi klubunun rəhbəri Arman Boşyan hesab edir ki, qanunun meydana gəlməsinin arxasında Qərb durur.

Onun sözlərinə görə, bu qanun, ailə üzvlərindən birini zorakılıq qurbanı təyin edib, istənilən şəxsi öz evindəcə həbs etməyə imkan verir.

 

«Məcbur edən yoxdur»

 

Qanun layihəsini təqdim edən Ədliyyə nazirinin müavini Vigen Koçaryan Ermənistanın ailədaxili zorakılıq haqqında qanunu qəbul etməyə məcbur edilmədiyini bildirir. Onun sözlərinə görə, bu barədə siyasi qərar 2004-cü ildə, insan haqları sahəsində hökumətin milli fəaliyyət proqramı təsdiq edilərkən qəbul olunub.

Lakin nazir müavini, eyni zamanda, qanunun qəbul edilməsi zəruriyyətinin Ermənistanın «könüllü şəkildə» üzərinə götürdüyü beynəlxalq öhdəliklərindən irəli gəldiyini qeyd edib.

Qanun layihəsinin qəbul edilməsi müşkülləşir və layihənin yaxın günlərdə parlamentin iş gündəliyinə daxil edilib-edilməcəyinə dair suallar yaranır, İrəvan müxbirimiz deyir.