vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
DÜNYA  
11:30 | 13 noyabr 2017 | Bazar ertəsi Məqaləyə 2921 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şimali Koreyadakı gülməli və faciəvi absurdlar

Cins şalvar geyinməyə də qoymurlar, qol vurulanda sevinməyə də...

Sevinc TELMANQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Elə gün olmur ki, dünya mediası Şimali Koreya, eləcə də onun lideri Kim Çen In barədə yeni, absurd və maraqlı nəsə yazmasın. Əgər nüvə silahları olmasaydı, böyük ehtimalla, bütün dünyada Şimali Koreya dünyanın ən qapalı cəmiyyəti olaraq tanınacaqdı.

Diktatorları haqqında əyləncəli xəbərlər hazırlanacaqdı. Saçları, hobbiləri, Qərbə qarşı kompleksləri və ya gizli Amerika heyranlığı kimi. Qərb belə hekayələri sevir. Səddam Hüseynin yazdığı deyilən eşq kitabları, Qəzzafinin qadın cangüdənləri kimi. Sirli bir xarakter olan Şimali Koreya lideri də o qisimdən olacaqdı.

 

Varislər və onların bir-birini əvəzləməsi

 

Şimali Koreyanın qurucu lideri olan Kim Sonq İlin ardınca ölkənin lideri oğlu Kim Çen İl oldu. 2011-ci ilin dekabr ayında Kim Çen İlin ani ölümündən sonra növbə Kim Çen Ina gəldi. Adı ilk olaraq 2010-cu ilin sentyabr ayında yayıldı. Qısa müddət ərzində varis olaraq adı hallanmağa başladı.

Dünya gənc diktatorun ən dəqiq görüntüsünü atasının qəbrini daşıyan maşının yanında yeriyərkən gördü. Atasının üçüncü həyat yoldaşından dünyaya gəlib. Doğum tarixi hələ bilinmir. Amma daha çox yayılan məlumatlara görə, 1984-cü ildə dünyaya gəlib. Hətta doğum gününün 8 yanvar olduğu deyilir.

Əslində Kim Çen Inın yerinə digər iki oğlan övladları olan Kim Çen Çol və Kim Cen Namın keçməsi gözlənirdi. Amma Kim Çen Nam 2001-ci ildə saxta sənədlə Yaponiyadakı Disneylanda girəndə yaxalanıb. Kim Çen Çolun isə kişilərə xas olmayan davranışlara sahib olması Kim Çen Inın yolunu açdı. Adı yayılandan sonra onun da böyük qardaşları kimi İsveçrədə oxuduğu üzə çıxdı.

İsveçrənin Bern şəhərindəki Liebefeld Məktəbində saxta sənədlə təhsil almışdı. Qərb mədəniyyətinin təsiri altına düşməməsi üçün məktəb xaricindəki vaxtını Şimali Koreya vəzifəlilərinin gözü önündə keçirmişdi. Ancaq bütün əziyyət və cəhdlərə baxmayaraq, onu tanıyan məktəb yoldaşlarına görə, video oyunlarına, basketbola və idman geyim tərzinə çox meylli idi.

 

Bibisinin ərini edam etdirdi, qızı olduğunu bütün dünyadan gizlətdi

 

Gənc diktatorun evli olduğu bilinir. 2012-ci ilin iyul atında Şimali Koreyanın dövlət mediası Kim Çen Inın Ri Solju ilə evlənməsi xəbərini yaydı. Bəzi xəbər qaynaqlarına görə, keçmiş müğənni olan Solju qısa saçları, mükəmməl bədən quruluşu, şıq geyimi ilə qısa müddət ərzində dünya mediasında böyük maraq yaratdı. Birinci ledinin tez-tez həyat yoldaşı ilə kameralar qarşısına çıxıb poza verməsi Kim Çen Inın atası və babasından fərqli bir siyasət sərgiləyəcəyi versiyalarına səbəb oldu.

2013 və 2014-cü illərdə Kim Çen Inla görüşən amerikalı keçmiş futbolçu Dennis Rodmana görə, cütlüyün bir qızı var. Heç bir siyasi və hərbi təcrübəsi olmamasına baxmayaraq, 5 il öncə atasının kreslosuna oturan Kim Çen Inın Kommunist Partiyası daxilindəki yüksək vəzifəli şəxslərin nəzarətində ölkəni idarə edəcəyi düşünülmüşdü. Bu mərhələdə bibisi ilə bibisi ərinin adı ön plana çıxdı. Ancaq ölkənin ikinci ən güclü ismi olaraq qəbul edilən bibisinin əri Çan Son Txek 2013-cü ilin dekabrında edam edildi. Vətənə xəyanətdə ittiham edilən bibisinin əri barədə yayılan ən dəhşətli xəbər isə onun 120 ac itə yedirilməsi ilə bağlıdır. Kim Çen In bibisini də siyasət arenasından uzaqlaşdırdı. Bibisi və bibisi ərinin xaricində orduda, diplomatik korpusda və Kommunist Partiyası daxilində yüzlərlə insanı edam etdirməsi və ölkədə yeganə söz sahibi olması da təxminlər sırasındadır. Kim Çen Inın keçən il müdafiə naziri Hyon Yong Çolu bir yığıncaqda yatdığı üçün edam etdirdiyi da iddialar sırasındadır.

 

Arıqlamaq üçün mədəsini kiçildib, yeməyini isə mikroskopla yoxlatdırır

 

Babasına oxşamaq və anasına bənzəyən yapon cizgilərindən qurtulmaq üçün estetik əməliyyatlar keçirməsi də onunla bağlı ən çox yayılan məlumatlar sırasındadır. Bundan başqa, onun saç modeli də dünya miqyasında böyük bir populyarlığa sahibdir. Liderin salatı mikroskopla yoxlanır. Onun eyni zamanda ətə xüsusi həssaslığı da yayılan məlumatlar sırasındadır.

Ötən il həddən artıq ət və spirtli içki qəbul etdiyi üçün yeriməkdə çətinlik çəkirdi. Bir müddət əsa ilə dolaşan diktatorun daha sonra mədə kiçiltmə əməliyyatından keçdiyi iddia edilir. İsveçrənin məşhur Emmental pendiri ilə kürüyə bağlılığı olan Kim Çen In bir oturuşda iki şüşə şampan içir.

 

Ölkənin vahid saç modelləri - seçmək və seçilmək şansın yoxdur

 

Ölkədəki qadın və kişilərin saç modelləri bəllidir. Amma fərqli modellər arasında seçim edilə bilir. Kişilər üçün 10, qadınlar üçünsə 28 saç modeli var. Ölkədə cəmi 3 TV kanalı var. İkisi həftə sonu, digəri isə sadəcə, axşamlar yayımlanır. Bütün televizorlar fabrikdən sadəcə, Şimali Koreya dalğalarına uyğun hazırlandığı üçün xarici kanallara da giriş etmək mümkün deyil. Radio kanalları sadəcə, dövlət dalğalarını tutacaq şəkildə istehsal edilir.

Ölkə içində istifadə olunan bir telefon şəbəkəsi var. Amma heç kimin başqa bir ölkə ilə telefonda danışmasına icazə verilmir.

 

İnternet ancaq universitet və dövlət idarələrində var

 

Ancaq universitetlər və dövlət idarələrində istifadə olunan, onlara məxsus internet xətti var. Amma burada belə internet xidməti tamamilə Kommunist Partiyasının nəzarətində olur. Beş ildən bir seçkilər keçirilir. Təbii ki, tək bir namizəd olur. Məsələn, 2012-ci ildəki son seçkilərdə səslərin 100 faizini Kim Çen Un almışdı. Şimali Koreyaya girişlər sadəcə, Çin və Rusiya üzərindən mümkündür. Fərd olaraq Şimali Koreyaya getmək çox çətindir. Ölkəyə uçuşu həyata keçirən tək aviaşirkət isə Şimali Koreya dövlətinə aid Air Koryodur.

Ölkəni ziyarət edən turistlərin belə başına bir nəfər olmaqla işçi təhkim edilir. Tək başına hərəkət etmələri qadağandır. Hara gedəcəklərinə, nələrin şəklini çəkə biləcəklərinə, kimlərlə danışa biləcəklərinə və haralarda qalacaqlarına da bu şəxslər qərar verirlər.

 

Şəxsi maşın sürmək... qadağandır

 

Ölkədə şəxsi maşın yasaqdır. Bu səbəbdən də ancaq dövlətin icazə verdiyi şəxslərin maşını var. İctimai nəqliyyat xaricində insanlar velosiped və motosiklet ilə hərəkət edirlər. Gecələr şəhərlər tamamən qaranlığa bürünür. Kino-teatr salonları və ya rəqs klubları var. Amma orada yalnız yerli filmlər izlənə bilir. Qərb musiqisi qadağandır.

Hər yeni doğulan körpə dərhal qeydiyyata alınır. Və ömrü boyunca da gizli bir dosye ilə izlənir, nəzarət altında olur. İş həyatındakı yük əsasən qadınların çiynindədir. Ən yaxşı orduda, diplomatiyada və xüsusən də Kommunist Partiyası içində yüksələnlər qazanırlar. İşçilərin ayda 1 və ya 2 min dollar qazandığı bilinir.

Evlilik yaşı 27-30 arasında dəyişir. Ailələrin əsasən çoxlu sayda uşaqları olur. Ölkəyə hər il orta hesabla 2 min nəfər xarici gəlir. Bunlar ancaq müəyyən olunmuş turizm şirkətləri üzərindən giriş edə bilirlər.

İlk olaraq 2013-cü ildə xaricilərə ölkədə cib telefonlarından istifadəyə icazə verildi. Ölkədə hər kəsə əsgər deyə bilərik. Bu səbəbdən də dünyanın ən böyük ordusuna sahibdirlər. Ehtiyat əsgərlərlə birlikdə 7.7 milyon qadın və kişi orduda qulluq edir. Əsgərlik müddəti kişilər üçün 10, qadınlar üçün 3 ildir.

Dünyanın ən böyük stadionu paytaxt Pxenyanda yerləşir. 150 min nəfərlik «Rungrado May Day» adlı stadionda futbol matçları da keçirilir. Ancaq matçlarda qol atılanda sevinmək qadağandır. Ölkədəki bütün şagird-tələbələr akkordeon çalmağı bilməyə məcburdur. Ölkədə gübrə az olduğu üçün tarlalarda insan nəcisindən də istifadə olunur.

Amerikanı təmsil etdiyi üçün bu ölkədə cins şalvar qadağandır. Şimali Koreya paytaxtı Pxenyan elit təbəqə üçün utopik şəhərdir. Yoxsul təbəqə nümayəndələrinin şəhərə daxil olmaması üçün şəhərin sərhədləri silahlı mühafizəçilər tərəfindən qorunur. Paytaxt əhalisinin böyük hissəsi dəbdəbə içərisində yaşayır. Bununla eyni zamanda, vətəndaşların 3 milyonuna gün ərzində cəmi 1-2 saatlıq elektrik enerjisi verilir. Bəzən, xüsusən də qış fəslində elektrik enerjisi tamamilə söndürülür. Çünki milyonlarla insan soyuqdan donmamaq üçün mübarizə aparır. Pxenyanın sərhədlərindən kənarda yerləşən əksər evlər isə ümumiyyətlə elektrik şəbəkəsinə qoşulmayıb.

 

Cənubi Koreya şimaldan qaçanlara vətəndaşlıq verir, Çin isə geri qaytarır

 

Ölkədən xaricə getmək cinayət sayılır, ancaq istisna hallarda icazə verilə bilər. Şimali Koreyadan qaçıb Çinə sığınmaq istəyən şəxslər tapılıb edam edilir. Bəzi şəxslər istisna olmaqla, digər vətəndaşlar üçün başqa ölkəyə zəng etmək qadağandır. Buna cəhd edən olarsa, ölümlə cəzalandırılır.

Bir çox şimali koreyalılar qonşu ölkələrə qaçırlar. Çinin rəsmi siyasəti onları sərhəd vasitəsilə geri deportasiya etməkdən ibarətdir. Onları isə öz vətənlərində ya öldürür, ya da bir neçə 10 illik müddətə əmək-islah düşərgələrinə göndərirlər.

Çindən fərqli olaraq Cənubi Koreya onların ölkəsinə qaçmış şəxslərə (cinayətkar olmayanlara) dərhal vətəndaşlıq verir, professional hazırlıq keçir və ehtiyac olduqda psixoloji konsultasiyalar təklif edir. Mühacirlərə ayda 800 dollar müavinət verilir, onları işə götürən şəxslərə isə 1800 dollar bonus təklif edilir.

Bütün bunları əldə etmək üçün isə Cənubi Koreyaya qaçmış şəxsin Şimali Koreya vətəndaşı olduğunu sübut edən sənədi təqdim etməsidir. Lakin bu sənədin olmaması halında belə, Cənubi Koreya hökuməti bu məsələyə göz yuma bilər. Prinsipcə düşərgədən qaçmış şəxslər hər hansı sənədə sahib ola bilməzlər axı.


Adamyeyənlər və ət qanunu


1994-1998-ci illər dövründə Şimali Koreyada güclü daşqınlar baş verir və kənd təsərrüfatı torpaqlarının böyük hissəsi yararsız hala düşür. SSRİ qarşısında yığılan borc kənd təsərrüfatı məhsullarının ölkəyə idxal edilməsini istisna etmişdi. Nəticədə əhali aclıqdan həlak olmağa başlayır. Bu dövr ərzində əhalinin demək olar ki, 10 faizi, yəni 3,5 milyon nəfər həlak olmuşdu. İstənilən kənd təsərrüfatı məhsulu müharibə təhlükəsi səbəbi ilə müsadirə edilirdi. Şimali koreyalılar ilk olaraq ev heyvanlarını, sonra ağac kötüklərini və nəhayət, uşaqları yeməyə başladılar.

Məhz bu dövrdə «Ətin haradan olduğunu bilmirsinizsə, onu almayın» ifadəsi işlənməyə başladı. Ölkədən qaçmağı bacarmış insanların danışdığına görə, insanlar sahibsiz uşaqları vağzallarda tutur, onları yatırdır və evə gətirərək parçalayırdılar.

Ölkə məktəblərində riyaziyyat kimi fənlər keçirilsə də, əsas mövzu tarixdir. Kim ailəsi haqqında hər bir dərsdə danışılır və insanlar hakimiyyət başçılarının müqəddəs olduğuna inandırılıb.

Ölkə əleyhinə olan bir şəxs aşkar edildikdə o, xüsusi düşərgəyə göndərilir. Fikirləri dəyişmədiyi halda yaşamaq haqqı əlindən alınır. Bu düşərgələrin birində ana uşağı ağladığı üçün onu öldürmək məcburiyyətində qalıb. Şimali Koreya xalqına görə «Cənubi Koreya» anlayışı yoxdur. Dünyada bir Koreya var. Ölkə rəsmi olaraq Koreya Xalq Demokratik Respublikası adlandırılır.