vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
REGİON  
19:42 | 14 noyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2373 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İçki və hicabsız gəzmək

İranlıları Türkiyəyə cəlb edən nədir?

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Economist» yazır ki, «60 yaşlarında olan iki iranlı qadın saçlarının qızılı rəngi ilə bir-birləri qarşısında öyünürlər. Onların saçlarını gizlədən baş örtükləri çiyinlərinə düşüb. Masaların arxasında əyləşmiş ailələr nargilə çəkir, dəyərindən qat-qat bahalı pivə içirlər. Elə ki məşhur bir mahnı səsləndi, durub qol-qanad açıb rəqs edirlər».

Məqalədə deyilir ki, bütün bunlar İranda yox, Türkiyənin cənub-şərqindəki, tozlu-torpaqlı, o qədər də gözəgəlimli olmayan Van şəhərində baş verir.

Silsilə terror hücumlarından, Ərdoğan hökumətinə qarşı uğursuz çevriliş cəhdindən sonra davam edən repressiyalara görə Türkiyə turizmi tənəzzül keçirir. Turistlərin sayı 2015-ci ildə 36 milyon nəfər idisə, indi bu rəqəm 25 milyondur.

Qərblilər Türkiyədən yan durmağa çalışırlar. Aralıq dənizi boyunca otellər və qonaq evləri qiymətlərini bir xeyli enidirblər.

İran sərhədindən bir saatlıq avtomobil yolu məsafəsində olan Vanda da vəziyyət fərqli olmamalıydı, fəqət…Fərq bundadır ki, İrandan gələn turistlərin sayı artıb. 2017-ci ilin ilk 9 ayı ərzində bura İrandan 388 min turist gəlib. Bu, ötən illə müqayisədə 264 min nəfər çoxdur. Beləliklə, Van az qala öz əhalisinin sayı qədər turist qəbul edib.

«The Econimist» məcmuəsinin müxbiri Vanda gecələmək üçün bir çarpayılı otaq tapanadək 14 müxtəlif otelə zəng etməli olub.

Ötən yay Vana İrandan o qədər turist gəlib ki, mer onların bir hissəsini tələbə yataqxanalarında və ya şəxsi evlərdə yerləşdirməli olub. Öz ölkəsində qadağan edilmiş bir musiqiçi Vanda 5 min həmvətəninin qarşısında konsert verib.

Vanlılar zarafat edirlər ki, onlar bəzən öz şəhərlərində özlərini gəlmə kimi hiss edirlər.

Türkiyə qərbli turistləri təkrar cəlb etməyə çalışdığı bir vaxtda, Yaxın Şərqdən gələn turistlərin sayı artmaqda davam edir. Bu il təkcə İrandan gələnlərin sayının 2 milyona çatacağı gözlənir. Bu, İran turistləri üçün yeni rekorddur. Küveyt, Bəhreyn və Səudiyyədən gələn turistlərin də sayı artmaqdadır.

İranlıların axışdığı Van şəhərinin bəzi özəllikləri var. Burada 2015-ci ildə kürd separatçılarla hökumət qoşunları arasında toqqumalar baş verib. Şəhərin başı üstündəki yüksəklikdə 1100 yaşlı erməni kilsəsi görünür. Şəhər eyni adlı gölün sahillərində yerləşir. Bir də buranın ağtüklü, gözləri müxtəlif rənglərdə olan pişikləri məşhurdur.

«The Economist» yazır ki, iranlıların bir çoxu sadəcə olaraq bura saçlarını açmaq üçün gəlir. Burada üzlərinə ifrat kosmetika vuran, qısa ətəkli paltarlar geyinən iranlı qızları tez-tez görmək olar. Onların ən sevimli məkanları gecə klublarıdır. Bir çox klublar yalnız iranlılara xidmət edir. İranda içki içib, rəqs etmək qadağandır, lakin Konstitusiyası ilə dünyəvi olan Türkiyədə belə qadağalar yoxdur. Üstəlik də Vanın özü ümumən mühafizəkar ölkədə liberal şəhərlərdən biri sayılır.

Türkiyədə istirahət edən iranlı evdar qadın Bahar deyir ki, qızı əvvəllər axşamlar hicabsız gəzməkdən ehtiyat edirmiş. Amma sonra görüb ki, bu, qətiyyən problem deyil.

Amma burası da var ki, İranı dörd onillikdir bürüyən islamçılıq indi burada, Erdoğanın Türkiyəsində də yüksəlişdədir.

İstehlak vergilərinin artması və başqa məhdudiyyətlər burada alkoqollu içkiləri dəbdəbə predmetinə çevirib.

Dini məktəblər yağışdan sonra göbələk kimi artır. Darvinizm və onun təkamül nəzəriyyəsi məktəblərin tədris proqramlarından çıxarılıb.

Lakin Vanın küçələrindəki dünyəvi iranlılar Ərdoğan tənqidçilərinin ittihamlarını rədd edirlər. Onlar düşünmürlər ki, Türkiyə teokratiyaya çevrilir. Lakin onlar da etiraf edirlər ki, əlamətlər vahiməlidir.

Ailəsi ilə birlikdə restoranda istirahət edən Məcid müəllim deyir ki, mentalitet eynidir.

Onun sözlərinə görə, Türkiyə dindarlaşdıqca iranlılar üçün daha az cazibədar olacaq.