vaxtlı-vaxtında oxuyun! Cümə, 15 dekabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 1.9983 AZN
Rusiya rublu 1 RUB = 0.0287 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2653 AZN
Türk lirəsi 1 TRY = 0.4424 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
MƏHKƏMƏ, İSTİNTAQ  
20:18 | 23 noyabr 2017 | Cümə axşamı Məqaləyə 157 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakıda ən səs küylü məhkəmə

«Leyla Şıxlinskaya» klinikasında 800 min manatlıq yeyinti, «qara kassa» və digər əhvalatlar…

İnarə RAFİQQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Xalq artisti, aktrisa Leyla Şıxlinskayanın rəhbərlik etdiyi «Leyla Şıxlinskaya» klinikasının böyük məbləğdə mənimsəmədə təqsirləndirilən yeddi nəfər işçisinin – Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsüyeva, Yelena Abdullayeva və Nigar Rzaquliyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Virtualaz.org saytının xəbərinə görə, sözügedən cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılır.

 

Klinikada talanan pullar, audit yoxlaması və «bandotdel»ə şikayət

 

İttihama görə, «Nord Star» şirkətinin nəzdindəki «Leyla Şıxlinskaya» klinikasında baş mühasib işləmiş Şəhla Abbasova və digərləri  klinikaya müraciət etmiş xəstələr barədə məlumatları və ödənişləri qeydiyyata salmayaraq, habelə «ayrı-ayrı işçilərin adlarına artıq əmək haqqı yazmaqla» qanunsuzluğa yol veriblər.  Bildirilir ki, adları çəkilən şəxslərin külli  miqdarda pul vəsaitini talamaqları audit yoxlaması zamanı aşkar edilib.

Klinikanın rəhbəri hüquq-mühafizə orqanlarına 10 mart 2014-cü ildə müraciət edib.  Bu iş üzrə istintaqı əvvəlcə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparıb.

 

Xəstələrin ödədikləri pullar xəzinəyə mədaxil edilməyib

 

İstintaq zamanı müəyyən edilib ki, Şəhla Abbasova «Leyla Şıxlinskaya» klinikasında baş mühasib vəzifəsində işləyərkən müavini Polad Əliyev, menecer Səkinə Qasımova, qeydiyyatçılar – Aytən Hüseynova, Mədinə Hüsüyeva, Yelena Abdullayeva və Nigar Rzaquliyeva ilə «cinayət əlaqəsinə girərək» 1 yanvar 2012-ci ildən 1 sentyabr 2013-cü ilədək klinikaya müayinə və müalicə olunmaq üçün müraciət edən şəxslərin ödədikləri pul vəsaitlərini xəzinəyə mədaxil etməyib öz aralarında bölüşdürmək barədə  razılığa gəliblər. O cümlədən Ginekologiya və Cərrahiyyə şöbələrində tibbi xidmət alanların ödənişlərinin qəbulu qeydiyyatçılar tərəfindən tərtib olunmuş gündəlik hesabatlara daxil edilməyib.

 

Mühasibatlıq işçiləri tərəfindən hansı sənədlər məhv edilib?

 

Klinikada audit yoxlaması zamanı məlum olub ki, mühasibat uçotunun aparılması üçün «Günəş» proqramı quraşdırılıb, maliyyə-təsərrüfat fəaliyyəti mühasibatlıqda tam əksini tapmayıb, nəticədə proqram üzrə balans göstəricilərinin dolğun olmaması aşkar edilib.

İstintaq materiallarına görə baş mühasib Şəhla Abbasovadan audit yoxlaması aparılan dövrə dair ilkin sənədlərin təqdim edilməsi tələb olunsa da o, ilkin sənədləri və müştərilərə göstərilən xidmətlərə görə verilən qəbzləri təqdim etməkdən imtina edib. Klinika rəhbərliyinin göstərişi əsasında həmin sənədlərin mühasibatlıq işçiləri tərəfindən məhv edildiyini bildirib.

Lakin bunu heç bir rəsmi sənədlə təsdiqləyə bilməyib, izahat verməkdən imtina edib. Yoxlama xəzinədar tərəfindən təqdim olunmuş 5 ədəd dəftərxana kitabı, Ginekologiya və Cərrahiyyə şöbələrində həkimlər tərəfindən aparılan əməliyyatların qeydiyyatı kitablarına əsasən aparılıb. Audit yoxlamasının sonunda isə baş mühasib tərtib edilmiş sənədləri imzalamaqdan imtina edib.

 

Həkimlərin xəbəri olmadan pul vəsaitləri mənimsənilib

 

Yoxlama zamanı müəyyən edilib ki, klinikada nağd pul vəsaitlərinin uçotu qanunvericiliyə uyğun aparılmayıb, kassa əməliyyatlarının analitik uçotu və xəzinə kitabından, habelə Maliyyə Nazirliyinin təsdiq etdiyi nömrələnmiş mədaxil orderlərindən istifadə olunmayıb. Klinikaya müraciət edən xəstələr göstərilən xidmətlərin dəyərini nağd pul şəklində, bəzən isə POS-terminal vasitəsilə ödəyiblər. Ödənişə uyğun olaraq onlara qəbz təqdim olunub, kompüterdə pasiyentin adı, soyadı və xidmətin növü göstərilib. İş gününün sonunda qəbul bölmələrinin məsul işçiləri yığılmış pul vəsaitlərini, yazılmış qəbzlərin ikinci nüsxələrini tərtib olunmuş siyahı ilə birgə mühasibatlığa təhvil veriblər. Nağd pul vəsaitlərinin uçotu sonradan xəzinədar Nadejda Kaysın tərəfindən aparılıb.

Klinikada gəlirin formalaşmasını müəyyən edən bütün sənədlərin, qəbzlərin, siyahıların və kompüter proqramındakı məlumatların məhv edilməsinə baxmayaraq yoxlayıcılar həmin dövrün şöbələr üzrə registratura tərəfindən aparılmış yazıları bərpa etməklə əldə olunmuş məlumatları həkimlərin qeydiyyat kitabları xəzinədarın pul vəsaitlərinin uçotunu apardığı 5 ədəd dəftərxana jurnalı ilə üzləşdirilib. Məlum olub ki, aparılmış əməliyyatlardan əldə olunmuş vəsaitlər kassaya tam mədaxil edilməyib.

 

Hər ay həmin kartlara pul köçürülüb

 

Audit yoxlaması nəticəsində klinikada çalışan işçilərin əmək haqqının hesablanmasında da bir sıra çatışmamazlıqlar aşkarlanıb. Belə ki, klinikanın mühasibi tərəfindən bankda bir sıra həkimlərin adlarına onların xəbəri olmadan əmək haqqı kartları sifariş olunub, hər ay klinika tərəfindən həmin kartlara pul köçürülüb. Həkimlərin xəbəri olmadan vəsaitlər kartdan çıxarılaraq mənimsənilib, debitor və kreditorların uçotu düzgün aparılmayıb, kreditorların məbləği süni surətdə şişirdilib.

Xəstələrdən daxil olmuş pul vəsaitlərinin klinikanın kassasına mədaxil edilməməsi, həkimlərin adlarına aidiyyəti şəxslərin məlumatları olmadan əmək haqqı yazılıb plastik kart vasitəsilə hesablardan çıxarılması və digər halların mövcudluğu mühasibatlıq və digər sənədlərlə tam təsdiq olunub.

 

Xəzinədar və «qara kassa»nın qeydiyyatı kitabı

 

Şahid qismində dindirilən Nadejda Kaysına ifadəsində 13 ildən artıqdır ki, «Leyla Şıxlinskaya» klinikasında kassir işlədiyini, klinikanın kassasına daxil olan nağd pul vəsaitinin mədaxilinin və məxaricinin hesabatını apardığını göstərib: «Hər bölmənin özünün koordinatoru var və hər bir koordinator işin sonunda topladığı pul vəsaitlərini, qəbz və talonları mühasibatlığa təqdim edir. Pul vəsaiti günün sonunda mənə təhvil verilir, hesabatlar isə mühasibatlığa təqdim olunur».

Kassir ifadəsində klinikada aparılan yoxlama zamanı külli miqdarda mənimsəmə və israf hallarına yol verilməsinin aşkar olunduğunu, müəyyən sənədlərin, qəbzlərin, gündəlik hesabatların məhv edildiyini göstərib: »Həmin sənədlərin saxlanması mənim vəzifəmə aid olmayıb. Sənədlər mühasibatlıqda saxlanılıb».

 

«Qara kassa»nın qeydiyyat kitabı

 

Həmçinin ifadəsində onun istifadə etdiyi kassa kitabları rəsmi kassa qeydiyyatı kitabları olmadığını, «qara kassa»nın qeydiyyatı kitabı olduğunu göstərib: »Günün sonunda baş mühasib kassa kitabına əsasən mədaxili və məxarici yoxlayırdı. Leyla xanımın şifahi tapşırığına əsasən hər hansı bir məqsəd üçün pul buraxmaq lazım olanda buna görə də müvafiq məxaric sənədi tərtib olunurdu. Klinikanın kassasına daxil olan pullar istintaqa təqdim edilmiş kassa kitablarında qeyd olunub. Kassa kitablarında həmçinin həkimlərə əmək haqqı cədvəllərində göstərilən məbləğlərdən başqa rəhbərliyin göstərişi ilə qeyri-rəsmi əmək haqqı cədvəlləri əsasında da əmək haqları paylanılıb. Bu qaydada verilən əmək haqları da mühasibatlığın təqdim etdiyi cədvəllərə əsasən verilib».


«İlkin yoxlama zamanı aşkarlanan qanun pozuntuları bir daha təsdiq olundu»

 

İstintaq zamanı Leyla Şıxlinskaya ifadəsində «Nord Star» şirkətinin 1997-ci ildə onun tərəfindən təsis olunduğunu, həmin şirkətin tərkibində isə «Leyla Şıxlinskaya» adlı tibb müəssisəsi fəaliyyət göstərdiyini bildirib. Bir sıra həkimlərin əmək haqlarının verilməsində gecikmələr olması, həkimlərin narazılığı, hətta bəzi təcrübəli həkimlərin klinikanı tərk etdiklərinə görə audit yoxlama təyin etdirmək qərarına gəlib.

«21 noyabr 2013-cü ildə auditor rəyi tərtib edildi. Yoxlama zamanı baş mühasib Şəhla Abbasova, baş mühasibin müavini Polad Əliyev, Ginekologiya və Cərrahiyyə şöbələrində qeydiyyatçı işləməklə klinikaya tibbi xidmətlərin göstərilməsi üçün müraciət edən şəxslərdən ödənişlərin qəbulu və kassaya təhvil verilməsinə məsul olan qeydiyyatçıların qanunsuz hərəkətlərə yol verməsi rəydə öz əksini tapdı. Ona görə də Daxili İşlər Nazirliyinə müraciət etdim. İstintaq zamanı təkrar audit yoxlaması keçirildi. İlkin yoxlama zamanı aşkarlanan qanun pozuntuları bir daha təsdiq olundu», - xalq artisti, balerina öz ifadəsində bildirib.

L.Şıxlinskaya istintaqa verdiyi ifadəsində baş mühasib və onunla birlikdə klinikanın vəsaitini mənimsəmiş şəxslərin törətdikləri əməllərə görə cavab verməli olacaqlarını bildirir: »Yoxlama zamanı qanun pozuntuları aşkar ediləndən sonra baş mühasib Şəhla Abbasova cinayət məsuliyyətindən yaxa qurtarmaq və törətdiyi hərəkətləri ört-basdır etmək üçün ilkin audit rəyinin qeyri-obyektiv yazılmasından Auditorlar Palatasına müraciət etdi. Klinikada audit yoxlaması təkrar aparılıb və bir daha baş mühasib Şəhla Abbasova və digərlərinin klinikanın pul vəsaitlərini mənimsəmələri müəyyən edilib».

İş üzrə məhkəmə prosesinin hazırlıq iclası sabah noyabrın 24-nə təyin olunub. Xatırladaq ki, bu cinayət işinin təhqiqatı zamanı klinikada «qara kassa»nın aşkarlanması ilə bağlı 2 milyon manat vergidən yayınma ittihamı ilə yeni cinayət işi də qaldırılıb.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *