vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
MEDİA-QHT  
00:08 | 24 noyabr 2017 | Cümə Məqaləyə 3308 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Onun böyük ürəyi

Dostum Natiq Qədimovun əziz xatirəsinə

Ləman ƏLƏŞRƏFQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Dostlar hamı sənin yasına tələsir. Mən oturub sənin haqqında yazı yazıram. Bağışla məni Natiq, bu gün gələ bilməyəcəm hüzrünə. Çünki, o yas çadırına soyuqqanlı daxil ola bilmərəm. Ananın ağlar gözünə baxa bilmərəm. Körpə gözləyən həyat yoldaşına «axır qəmin olsun» deyə bilmərəm. O böyük qəminin hələ lap başlanğıcındadır. Atasız körpə böyüdəcək bu vəfasız, stressli dünyada. Onları niyə yetim qoydun, ay Natiq? Bizi niyə yetim qoydun?!

Əslində bugünkü köşəmin qəhrəmanı illərin dostu sən yox, Nyu-Yorkda yaşayan bir «Facebook» dostum gənc oğlan olmalıydı. Adını yazmıram, özü belə istəyib çünki. Kimdir o gənc? ABŞ-da təhsil alan bir tələbə. Maşınını satıb, yol pulu edib, gedib orda İT üzrə kollecdə təhsil alan, deməli həm də özünü dolandırmaq üçün işləyən, indi də universitetə hazırlaşan bir həmyerlimiz. Öz halal tələbə pulundan artırıb xərçəngdən əziyyət çəkən jurnalist həmkarımız Ülviyyəyə kömək olmaq istəyib. Mənə yazdı ki, o pulu jurnalist xanımın hesabına köçürə bilmirəm. Sizə göndərsəm, siz ona çatdırarsız?

«Onun böyük ürəyi» haqqında yazmaq istədiyim vaxtda sənin böyük ürəyin özünü ortaya atdı. Niyə ay Natiq? Niyə imkan vermədin ki, mən o gənci «Qalenvagen»li məmur balalarına nümunə göstərərdim? Deyərdim ki, sizin təkərləriniz altında əzilən bu millətin belə oğulları da var. Onlar bir xəstəyə məlhəm ola bilmək üçün öz boğazlarından kəsib ta okeanın o tayından vətənə-ehtiyacı olana yardım edirlər. Tələbə yardımı! Siz isə hətta 140 sürətlə üstündən keçdiklərinizə insanlıq yardımı belə  etmirsiz, onları qanı süzülə-süzülə asfalt üzərində qoyub qaçırsız. Azmı çəkmişdin belə hadisələri, Natiq? Az olmuşdumu mikrofonuna, kamerana əl atanlar, üz-gözünə yumruq atan neçə biləyi havada saxlamışdın? Sonra da çöhrəndəki səmimi gülüşlə, sakit danışığınla, uzun kipriklərini qırpa-qırpa, udquna-udquna yola vermişdin onları.

Efirdə də beləydin. Bir «padvodka»nı oxuyana kimi, azı üç dəfə udqunurdun, boğazın quruyurdu. Boğazımızı qurutdun, Natiq. Dilimiz tutuldu. Balıq kimi lal olduq. Sonuncu dəfə «Gənclik» bağına sellofan torbada gətirdiyin balıqlar vardı ha, bax onlar kimi lal. Gətirmişdin ki, o balıqları qızartsınlar yeyək. Mən dedim ki, bunların boğazına balıq çatar? Az qala bütün «İç xəbər», «Növbətçi» burdadır, apar evə balıqları… yenə də gülümsəmiş, uzun kipriklərini qırpmış, udquna-udquna nəsə demişdin. Bilsəydim dünyadan belə tez köçəcəksən, dediklərini bir-bir yadımda saxlayardım. Uzun illər qabaq baş vermiş bir hadisəni yadımda saxladığım kimi.

Səhv etmirəmsə bacının toyu idi. «İç xəbər»də işləyirdik. Mən toya 3 yaşlı oğlumla gəlmişdim. Toyun ortasında oğlum ayaqyoluna getmək istədi. Dedin ki, ver, mən aparım, sən otur yeməyini ye. Yanımdakı Azər Qismətə dedim ki, vallah, bu Natiq əla oğuldur, toy sahibi olasan, qonaq-qara qəbul edəsən, hələ bir üstəlik iş yoldaşının uşağının çişinin dərdini də çəkəsən? Elə buna gülürdük ki, bir də gördüm üzün-başın suyun içində gəldin. Rəsulun – oğlumun da əlindən möhkəm-möhkəm tutmusan. Dedim bu nə hal, Natiq? Dedin ki, sənin uşağın dəhşətdir eyy, elə gözləyirdi ki, şalvarını aşağı edim. Zalım balası üz-gözümü necə suladısa….O qədər gülmüşdük ki, sözlə ifadəsi mümkün deyil. Və onda mən sənə demişdim ki, eybi yox, sən də acığını ondan onun toyunda çıxarsan. Toyda mikrofonu alarsan əlinə, danışarsan bu hadisəni və onu gəlinin yanında biabır edərsən. Gülüşmüşdük.

Gözləmədin Natiq. Rəsul 10-cu sinifdədir, sənin oğlunla eyni yaşda. Nə qalmışdı onların toyuna? Ən uzağı 10 il. 10 ildən sonra sən hələ əsri yarı edəcəkdin, ay Natiq!

Bu gün səhər dərsə gedən oğlum kədərli sifətimi, ağlamaqdan şişmiş gözlərimi görüb məndən soruşdu. Nə olub, ay ma?

«Natiq əmi öldü, Rəsul..» - dedim.

Hansı? Mən…

Uşağın səsi qırıldı. Sənin ömrün kimi. Sənin ürəyinə nə deyim, Natiq….

Ləman ƏLƏŞRƏFQIZI, əməkdar jurnalist


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)