vaxtlı-vaxtında oxuyun! Cümə, 15 dekabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 1.9983 AZN
Rusiya rublu 1 RUB = 0.0287 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2653 AZN
Türk lirəsi 1 TRY = 0.4424 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
MEDİA-QHT  
17:34 | 22 noyabr 2017 | Çərşənbə Məqaləyə 228 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Vəsait ayrılsın!»

Millət vəkili Əflatun Amaşovdan onlayn media ilə bağlı təklif

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Respublikasının Milli Məclisinin bu gün keçirilmiş plenar iclasında 2018-ci ilin dövlət büdcəsi ilə bağlı çıxışım:

«2018-ci il dövlət büdcəmizdə keçən ilkindən fərqli olaraq əhəmiyyətli dərəcədə artım müşahidə olunur. Bu bizi sevindirir.

Sənəd mükəmməldir, peşəkarlıqla hazırlanıb. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi ilə bağlı vəsaitin ayrılması isə ayrıca vurğulanmalıdır. Biz Şərqdə ilk demokratik respublikanın qurucusu olan xalqıq. Belə bir böyük dəyəri yaşatmağımız, təbliğ etməyimiz son dərəcə vacibdir və qürurvericidir.

İkinci gündür ki, dəyərli həmkarlarım çox ciddi təkliflərlə çıxış edirlər. Onları təkrarlamadan mən də bir sıra məqamlara toxunmaq istərdim.

1. Heç şübhəsiz ki, Azərbaycan ordusu regionda ən güclü ordudur. Əgər sülh yolu ilə olmasa, torpaqlarımızı ordumuzun sayəsində işğaldan azad edəcəyik. Ancaq reallıq budur ki, bu gün bir kəndimizi belə geri almağa cəhd göstərsək, beynəlxalq güclərin ciddi təzyiqi ilə üzləşəcəyik. Ona görə indiki durumda informasiya müstəvisindəki fəaliyyətimizi daha mükəmməl qurmalıyıq. Bir tankın alınmasına xərclənən pulla güclü bir televiziya kanalı yaratmaq mümkündür. Müxtəlif dillərdə yayımlanacaq proqramlar Azərbaycan həqiqətlərini daha geniş auditoriyaya çatdıra bilər. Bu isə şübhəsiz, sülh danışıqlarında həm də əlavə üstünlüyümüzdür. Buna görə də dövlət büdcəsindən ümumən media ilə bağlı vəsaitin həm məğləğinin artırılmasını, həm də belə demək mümkünsə, təyinat istiqamətlərinin genişləndirilməsini təklif edərdim.

2. Mən bir neçə dəfə onlayn jurnalistika üçün dövlət büdcəsindən vəsaitin ayrılmasını təklif etmişəm. Doğrudan da, bu, çox əhəmiyyətlidir. Təcrübə göstərir ki, xaricdən Azərbaycana olan informasiya təhdidlərinə qarşı əsasən onlayn media orqanları mübarizə aparır. Ancaq maliyyə çatışmazlığından bu sahədə problemlər var. Heç şübhəsiz, sahəyə sistemli şəkildə dövlət vəsaiti ayrılmalıdır. Ən azı indi 1 milyon tapıb bu məqsədlə ayıra bilsək, əminəm ki, tezliklə onun nəticəsini görəcəyik.

Ümumən onu da deyim ki, dövlətlər özlərinin informasiya təhlükəsizliyinin təminatına kifayət qədər böyük vəsait ayırırlar. Məsələn, Rusiya bu məqsədlə adambaşına 40 dollar, Türkiyə 50, Qazaxıstan 35 dollar xərcləyir. Müqayisəli yanaşsaq, bizdə - müharibə vəziyyətində olan bir ölkədə bu rəqəm xeyli aşağıdır. Buna görə də dövlət büdcəsindən informasiya sahəsinə ayrılan vəsait əhəmiyyətli dərəcədə artırılmalıdır.

3. Növbəti qeyd etmək istədiyim məsələ informasiya ombudsmanı ilə bağlıdır. Ümumən mən əvvəldən də həmin institutun ayrıca müstəqil qurum kimi fəaliyyət göstərməsinin tərəfdarı olmuşam. Bütün dünyada bu belədir. Bizdə isə bu qurum İnsan Hüquqları üzrə Müvəkkilliyə birləşdirilib. Fəaliyyəti isə göz qabağındadır. Səbəb göstərilir ki, hökumət ştat ayırmır. Bu, izah deyil, daha çox bəhanəyə bənzəyir. Amma ümumən informasiya ombudsmanı ölkənin informasiya təhlükəsizliyi baxımından çox vacibdir. Madam ki, institut var, hökumət buradadır, soruşuram, niyə ona ştat ayrılmasın? Görək ki, işi nədən ibarətdir.

4. Daha bir məsələyə də diqqətinizi çəkmək istərdim. İş elə gətirdi ki, son aylar 4-5 xarici ölkəyə səfər etdim. Orda müxtəlif media qurumlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri ilə təmaslarım oldu. Təbii ki, onların Azərbaycanla bağlı bilikləri var. Əvvəlki illərlə müqayisədə bu biliklər daha çoxdur. Ancaq biz məsələni əvvəlki illərlə müqayisə şəklində qura bilmərik. Çünki artıq reallıqlar və tələblər dəyişib. Düşünürəm ki, ölkəmizlə, xüsusən də Dağlıq Qarabağ həqiqətləri ilə bağlı biliklər daha geniş olmalıdır. Dövlət səviyyəsində bu işi xaricdəki səfirliklərimiz və diplomatik missiyalarımız həyata keçirirlər. Müəyyən təbliğat işləri, tədbirlər, toplantılar və sair təşkil edir, eləcə də xaricdəki diaspor təşkilatlarımızın fəaliyyətinin belə deyək ideyasını formalaşdırırlarlar. Amma 2018-ci ilin dövlət büdcəsindən onlar üçün ayrılan vəsaitin həcmi azaldılıb. Hesab edirəm ki, buna getmək olmaz. Əksinə biz xaricdəki səfirlik və diplomatik missiyalarımızın maliyyə resurslarını artırmalıyıq ki, mövcud olduqları ölkələrin ictimai həyatına daha çox nüfuz edə bilsinlər. Təkrar edirəm, bu bizim üçün son dərəcə vacibdir.

Xaricdən söhbət düşmüşkən, bir məsələni də mütləq vurğulamalıyam. Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlıların Vətənidir. Dövlət üçün kimin harada yaşamasının heç bir fərqi yoxdur. Dövlətimiz harada olur-olsun xalqımızla bağlı mədəniyyət nümunələrinə həmişə qayğı ilə yanaşır. Bu gün Tiflisdə əsası hələ 1873-cü ildə qoyulan, hazırda ulu öndərin adını daşıyan teatrın binası baxımsız vəziyyətdədir. Düzdür, hələlik Gürcüstan dövlətinin elə də vəsaiti yoxdur ki, onu təmin etsin. Düşünürəm ki, iki ölkə arasında müəyyən razılığa gəlinib bizim büdcəmiz hesabına Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Teatrının binasını təmir edə bilərik. Bu bizim mənəvi borcumuzdur.

5. İndi isə deputatı seçildiyim Saatlı rayonu ilə bağlı bir neçə məsələdən bəhs etmək istərdim. Bilirsiniz ki, cənab Prezidentin həssas yanaşması nəticəsində son illər kənd təsərrüfatına diqqət və qayğı kifayət qədərdir. Ancaq bu sahədə müəyyən problemlər də qalmaqdadır. Məsələn, bu il Saatlı rayonunda 17 min hektar pambıq əkildi. Onun 1000 hektarı suvarılmadı. Çünki Araz çayının imkanları məhduddur. Keçən dəfə mən bildirmişdim ki, Kür çayından su kanalı çəkilməlidir. Özü də cəmi 17 kilometrlik. Bundan yalnız Saatlı deyil, bütövlükdə zona faydalanacaq. Məsələni bir neçə dəfə müxtəlif aidiyyəti qurumların təmsilçiləri ilə müzakirə etmişik. Bu kanalın çəkilməsi elə də ciddi vəsait tələb etmir. Ancaq onun olmaması kəndliləri əhəmiyyətli gəlirdən məhrum edir, zəhmətləri hədər gedir. Təsəvvür edin, 1000 hektar ərazinin suvarılmaması nə deməkdir? Xahiş edirəm ki, bu məsələ diqqətdə saxlanılsın.

Kənd təsərrüfatı ilə əlaqədar daha bir məsələyə də diqqətinizi çəkmək istərdim. Saatlıda gələn il üçün də 4 min hektar sahə üçün fermerlərə subsidiyalar verilməyəcək. Bu adamların da kifayət qədəri məcburi köçkünlərdir. Düzdür burada subyektiv səbəblər də var. Ancaq obyektiv amillər daha öndədir. Subsidiya alınması üçün lazım olan sənədləri asanlıqla əldə etmək mümkün deyil. Buna kəndlinin heç maliyyə imkanı da çatmır. Çox xahiş edirəm ki, Nazirlər Kabineti subsidiyaların verilməsində bunları nəzərə alsın. Özü də bu məsələ yalnız Saatlı rayonu üçün aktual deyil. Oxşar problemlər digər bölgələrimizdə də var. Hansısa asan yol müəyyənləşdirilməlidir. Yerində araşdırma aparılmalıdır. Əsas odur ki, real iş görən adamlar subsidiyasız qalmasın. Bu ölkədə yaranan məhsul bolluğuna mənfi təsir göstərə bilər.

6. Mən sonda bir sıra aidiyyəti qurumların göstərdikləri diqqəti vurğulamaq istərdim. Xüsusən də «Azərişıq» ASC-nin sədri cənab Baba Rzayevə, «Azəravtoyol» ASC-nin sədri cənab Saleh Məmmədova, səhiyyə naziri cənab Oqtay Şirəliyevə Saatlı seçicilərinin təşəkkürlərini çatdırıram. Onların rəhbərlik etdikləri qurumlar Saatlı rayonu ilə bağlı məsələlərə son dərəcə həssas yanaşıblar. Rayonla əlaqədar məsələlərdə üzərilərinə düşən missiyanı ləyaqətlə yerinə yetiriblər».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *