vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ARAŞDIRMA  
14:36 | 24 noyabr 2017 | Cümə Məqaləyə 2713 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-la Türkiyəni üz-üzə qoyan adam - Rza Zərrab

Sirlərlə və böyük pullarla dolu həyat hekayəsi - cinayətlər, eşq romanları, rüşvətlər və daha nələr

Sevinc TELMANQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyədə adı müğənni Ebru Gündəşlə gerçəkləşdirdiyi nikahdan sonra eşidilməyə başlanan Rza Zərrab hazırda iki ölkəni - Türkiyə ilə Amerikanı üz-üzə qoyub. Onun Amerika həbsxanasında olduğu, neçə gündür heç bir xəbər alınmadığı, məhkəməsindən öncə sui-qəsdə qurban gedə biləcəyi, eləcə də E.Gündəşlə boşanma ərəfəsində olduğu Türkiyə mediasının ən çox müzakirə etdiyi mövzulardandır. Üstəlik, indi deyirlər ki, istintaqla anlaşıb və Türkiyə rəhbərliyi haqda bildiklərini açıqlamağa razıdır.

ABŞ-a qarşı dələduzluq etmək, bank saxtakarlığı və qara pul təmizləmə cinayətlərində şübhəli bilinərək Mayamidə həbs olunan Zərrabın filmlərə ssenari olacaq hekayəsi bundan 33 il öncə başlayıb.

 

Təbriz, Bakı, Türkiyə

 

Azərbaycan əsilli bir ailənin üzvü olan Zərrab 1983-cü ildə İranın Təbriz şəhərində doğulub. Təhsilini Azərbaycanın paytaxtı Bakıda tamamlayıb və ailəsinin izindən gedərək uşaq yaşda ticarətə başlayıb. Onun heç bir ali təhsil almaması səslənən iddialar sırasındadır, sadəcə orta təhsilini tamamlayıb. Bir müddət ailəsi ilə birlikdə Dubayda yaşadı. Qızıl əşyaları, dəniz və neft ticarəti başlıca iş sahələrindən idi.

23 yaşında ikən Türkiyəyə köçdü. İstanbulun Qapalıçarşı səmtində brilyant alveri ilə məşğul oldu. Ardınca dəmir-çəlik və inşaat sektoruna investisiyalar qoydu. Yalovada bir emalatxana qurdu. 2008-ci ildə qurduğu Royal Dənizçilik A.Ş. qısa müddətdə fəaliyyət sahəsini genişləndirdi, beynəlxalq qızıl ticarətinə də başlayaraq bir holdinqə çevrildi.

Çox diqqət çəkmədən bir neçə il ərzində sərvətinə sərvət qatan Zərrab müğənni Ebru Gündəşlə nikahının ardınca türk cəmiyyəti tərəfindən daha çox tanınmağa başladı. Mahnı sözləri yazan, hətta Sibel Can və İbrahim Tatlısəsə mahnılar verən Zərrab özündən 10 yaş böyük olan Gündəşlə də məhz bu işi sayəsində tanış olmaq fürsəti tapdı.

2010-cu ildə evlənən cütlüyün 1 il sonra uşaqları oldu. Türkiyə vətəndaşlığına keçərək Rıza Sarraf adını alan Zərrab o dönəmdə iş adamı kimliyindən daha çox bir şou-biznes fiquru olaraq gündəmdə idi. Həyat yoldaşına aldığı hədiyyələrlə qəzet manşetlərində yer alırdı. Bu haqda bir qədər sonra...

 

Zərrabdan şok sözlər: «Fahişə ilə məmurun bəxşişi...»

 

17 dekabr 2013-cü il R.Zərrab üçün qırılma nöqtəsi idi. Korrupsiya və rüşvət iddiaları ilə saxlanan şəxslərdən biri də o idi. Həbs olundu, 70 gün həbsxanada qaldı. Yüzlərlə hakim-prokurorun və minlərlə hüquq-mühafizə orqanı mənsubunun vəzifə yerinin dəyişdirildiyi bir ərəfədə azadlığa çıxdı və bu qərar çox ciddi dartışmalara səbəb oldu.

Həmin ərəfələrdə Zərrabın gizli səs yazıları da medianın gündəminə bomba kimi düşdü. Sözügedən yazılarda R.Zərrab «Fahişə ilə məmurun bəxşişi işin başında verilir» cümləsi çox müzakirə olunmuşdu. Həmin dövrdəki daxili İşlər naziri Muammer Gülərin də telefonla ona «Vallah, sənin qabağında yataram» deməsi müzakirə olunan mövzulardan biri idi.

17 dekabr istintaqı təqibsizlik qərarı verilərək, qapadılsa da, Zərrab haqqındakı ittihamlar bitmək bilmədi. İranda «dünyada fəsad çıxarmaq» ittihamından edama məhkum edilən iş adamı Babək Zəncani ilə ortaq olduğu iddiaları, Zəncaninin Zərraba «Rəisim» deyə müraciət etməsi və cütlüyün İrana yönəlmiş beynəlxalq embarqonun qırılmasında ən vacib iki aktyor olduğu istiqamətindəki tezislər də Zərrabı gündəmdə saxlamağa davam etdi.

Zərrab bu iddiaları hər zaman rədd etsə də, Gömrük və Ticarət Nazirliyi məmurları 8 avqust 2014-cü il tarixli sənədlərində İran və Türkiyə arasındakı gizli qızıl ticarətini bu iki adın arasında apardığını bildirdi. Zərrab bu iddiaların üstü soyumadan Amerikaya gedərək, özü üçün qaçılmaz sonluğu hazırlamış oldu. Haqqındakı iddianamə hazırdır. Nyu-Yorkda 75 il həbs cəzası istəyi ilə hakim qarşısına çıxacaq.

Zərrab hər zaman məmurlara və nazirlərə verdiyi bahalı hədiyyələrlə də ad çıxarıb. Məsələn, onun nazir Zəfər Çağlayana 700 min TL dəyərində saat hədiyyə etdiyi ortaya çıxmışdı. Nazir bu saatın pulunu ödədiyini deyərək, ortaya bir ödəmə qəbzi çıxarmışdı. Amma saatın satın alındığı «Patek Philippe» firmasında bu qəbzin saxta olduğu barədə açıqlama gəldi.

Ümumiyyətlə, onun 2014-cü ildə nazir uşaqları ilə cəmi 70 gün həbsdə qalmasının da ciddi pərdəarxası var. Zərrabın iş birliyinə girdiyi məmur və nazirlərə «Azadlığa buraxmasanız, danışacam» deyərək, şantaj etdiyi, məhz bu səbəbdən azadlığa buraxıldığı da səslənən iddialar sırasında idi.

 

Şou-biznes dünyasına girən «istedadlı iş adamı»...

 

Yuxarıda da qeyd etdiyimiz kimi, R.Zərrabın şou-biznes fiquru olması da həyat yoldaşı E.Gündəşlə birbaşa bağlıdır. R.Zərrab Ebru Gündəşin həyatına 2008-ci ildə girib. Həmin vaxt xanım müğənni o zamankı sevgilisi Osmantan Erkırdan yenicə ayrılmışdı və ayrılığın səbəbi olaraq göstərilən ad isə Rza Zərrab idi. Təbii ki, klassik mənzərə yaşanırdı - hər iki tərəf bunu inkar edirdi. Amma həmin vaxt xəbərlərdə Zərrabın adı milyoner iş adamı kimi yox, söz yazarı-iş adamı olaraq hallandırılırdı.

İlk vaxtlar Türkiyə mediası onun barəsində çox kasad məlumata malik idi. Məlumatlarda onun azərbaycanlı olması, Bakıda dünyaya göz açması, tərkibində 6 fərqli şirkəti birləşdirən Royal Dənizçilik şirkətinin sahibi olması da yer alırdı. Rzanın ailəsi varlı idi. Qızıl və neft ticarəti ilə məşğul olurdu. Amma media onun barəsində hər zaman istehza ilə «istedadlı iş adamı» sözləri yazırdı. O, E.Gündəşin «Evet» adlı albomuna söz və musiqisini yazdığı «Sadəcə, sevdim» adlı mahnısını vermişdi.

Bununla yanaşı, Rza bəyin İbrahim Tatlısəs və Sibel Cana da mahnı verdiyi deyilirdi. Milyoner iş adamı bu barədə belə deyirdi: «Mən heç bir mənfəət gözləmədən bəzi əsərlərimi sənətçi dostlarımla paylaşıram. Ebru xanıma da yenə maddi qarşılıq gözləmədən bir əsər verdim».

Həmin illərdə bir başqa şou-biznes bombardmanını isə Azəri qızı Günel «partlatmışdı». Günel telekanallara çıxıb, 8 illik sevgilisini əlindən Ebru Gündəşin aldığını, Zərrabın isə hələ də ona aşiq olduğunu deyirdi. Tam bir il sonra isə E.Gündəşin hamilə olduğu xəbəri sürətlə yayıldı. Elə həmin günlərdə cütlük Zərrabin İstanbulun Şişli bölgəsində yerləşən evində imam nikahına girdilər. Amma bu iddialar cütük tərəfindən heç bir zaman təsdiqlənmədi. Bir müddət sonra isə Gündəşin hamilə olmadığı da üzə çıxdı.

Keçmiş sevgilisi Günelin iddiaları bitmədiyini görüb, Zərrab 2010-cu ilin yanvarında ilk müsahibəsini verdi. «Ebru xanıma heyranam» deyən iş adamı daha sonra şou biznes dünyasına damğa vuran sözlərini də dedi: «Bir kişi olaraq nə yaşadığım münasibətlə, nə o münasibətdə xərclənən pulla, nə də özəl həyatımla bağlı heç bir açıqlama verəcəm.  Bu, mənim aldığım tərbiyəyə yaraşmır. Amma gəldiyimiz nöqtə məni buna məcbur etdi. Güneldən ayrılmağımın Ebru Gündəşlə heç bir əlaqəsi yoxdur. Hər şey Günelin xəyanəti ucbatından bitdi».

 

Zərrabın ailəsi Rzanın Günellə münasibətinə «yox» dediyi halda....

 

Gündəş Zərrab ailəsinin də razılığını almışdı. Zərrabın anası bu münasibət barədə belə danışırdı: «Günellə sevgili olduğu üçün oğlumuzla düz üç il boyunca danışmadıq. Ebru Gündəş mənim xanım qızımdır, onu çox sevirəm. Biz Ebru xanımdan çox razıyıq. Allah da ondan razı olsun».

Amma Türkiyə uzun müddət Zərrabla keçmiş sevgilisi Günelin dava, iftira və təhdid şousuna dözmək məcburiyyətində qaldı. Təbii ki, Ebru Gündəş də. Hətta Günelin iddiasına görə, ayrıldığı sevgilisinin evindən əşyalarını almaq üçün gedəndə evin divarlarında «Səni sevirəm, mənimlə evlənərsənmi?» sözləri yazılmışdı. Bütün bunlar da mediada öz yerini aldı.

Ebru Gündəş ilə Rza Zərrab 11 fevral 2010-cu ildə evləndi. Nikah mərasimi cütlüyün Kəmərdəki evlərində, ailə arasında baş tutdu.

R.Zərrabın adı ilk dəfə 2011-ci ilin aprelində kriminal xronikada hallandı. Qaçaqçılıq suçu ilə göz altına alınan Turqut Happani adlı şəxsin sürücüsü olduğu deyilirdi. Happani  150 milyon dollarlıq qara pulun «təmizlənməsi» əməliyyatında həbs olunmuşdu. Türkiyədən Rusiyaya çamadanlarla 150 milyon dollar daşıyarkən həbs olunan 14 nəfər arasında yer alan Happaninin facebookdakı səhifəsində də dollarlarla çəkdirdiyi fotolar yer alırdı. Zərrab Happanini tanıdığını, amma heç bir zaman onun sürücülüyünü etmədiyini söyləmişdi. Hətta bundan xəbər hazırlayan media qurumlarını məhkəməyə də vermişdi. Maddi və mənəvi təzminat istəmişdi.

Türkiyə mediası E.Gündəşin hamiləliyini də həmin vaxt öyrəndi. Çünki cütlük yay aylarını Bodrumdakı sahillərdən birində, öz gəmilərində keçirirdi. Media isə hamilə Ebrunu uzaqdan da olsa görüntüləməyi bacarmışdı. Cütlüyün qızı Alara 16 dekabr 2011-ci ildə dünyaya gəldi. Doğumdan qısa müddət sonra cütlük Kanlıca bölgəsində yerləşən yeni villalarında yaşamağa başladı.

 

Limitsiz hədiyyələr, başdöndürən pullar

 

Medianın cütlük barədə ən çox yazdığı isə «Rza Zərrabdan həyat yoldaşına möhtəşəm hədiyyə» xarakterli xəbərlər olurdu. Ad günündə ultra lüks gəmi, bir cut villa, 250 min dollarlıq maşın, yollara tökülən yük maşını dolusu güllər, göydələndə 2 milyon dollarlıq ev...

Hətta sənətçinin bir auksiona qatılması, orda Nazmi Ziyanın «Sənətçinin evi» adlı tablosuna 750 min dollara yaxın pul ödəməsi də yayılan xəbərlər sırasında idi. Amma E.Gündəş bu xəbərlərdən olduqca narazı idi. Günlərin bir günü partladı: «Həyat yoldaşım iş adamıdır, mən də illərdir çalışan bir qadınam. Ailəmiz, uşağımız üçün investisiya qoya bilmərik? Bir-birimizə hədiyyələr ala bilmərik? Biz bunlardan xəbər hazırlanmasından bezdik. Həyat yoldaşımın növbəti hədiyyəsinin nə olacağı ilə maraqlananlara deyim: plan qurmuşuq, ərim mənə Marsı satın alacaq!»

R.Zərrabın adı daha sonra E.Gündəşdən daha çox maliyyə maxinasiyalarında hallandı. Amma ən şok xəbər onun gizli yazışmalarının üzə çıxması oldu. Həmin yazışmalarda R.Zərrab İstanbula gələn iş ortağına jest üçün kef məclisi təşkil etmiş, fahişə kirayələmişdi. Amma yazışmalarda iş adamı «onlardan ən gözəlini özünə ayıracağını» da yazmışdı. Ondan bir müddət sonra R.Zərrabın ilk həbsi baş tutmuşdu. Türkiyə mediası E.Gündəşin ən azından bu xəbərə görə ərindən boşanacağını yazsa da, bu, baş tutmadı. Əri ilk dəfə həbs olunan zaman jürisi olduğu verilişdə çıxış edən E.Gündəş həyat yoldaşını çox sevdiyini, ona dəstək olduğunu və pis günlərin tezliklə arxada qalacağına inandığını demişdi.

Hazırda isə səbəbi bilinməsə də, E.Gündəşin ərindən boşanmağa hazırlaşdığı yazılır. Bu, bir iqtisadi anlaşma da ola bilər, Gündəşin daşan səbir kasasının nəticəsi də.