vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
ENERGETİKA  
23:07 | 25 noyabr 2017 | Şənbə Məqaləyə 2033 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

OPEK-in Vyana görüşü

Müharibənin başlanğıcı, yoxsa sonu?

MÖVZU İLƏ ƏLAQƏLİ

Qlobal neft paktının müddəti artırılacaqmı? Bu sualın cavabı gələn həftə Vyanada veriləcək. Ayın son günü Avstriya paytaxtına toplaşacaq dünyanın neft ölkələrinin rəsmiləri iki suala cavab axtaracaqlar. Qlobal neft paktının müddəti uzadılacaqmı sualının cavabı az-çox məlumdur, qiymətlər bahalaşıb deyə heç kəs OPEK+ sazişinin müddətinin artırılacağına şübhə etmir. Çünki ilk cəhd uğurlu alınıb və hasilatı azaltmaq barədə razılaşmadan sonra qiymətlər 20 dollardan artıq bahalaşıb. Neftin qiymətinə təsir edən siyasi amilləri də əlavə etsək, əminliklə demək olar ki, OPEK üzvləri və sazişdə iştirak edən kartelə üzv olmayan ölkələr razılaşmanın müddətini uzadacaqlar. Lakin hansı müddətə? Əsas sual budur.

Masada iki seçim var. Sazişin müddətini altı aylıq, və ya birillik uzatmaq. Müddəti iyula kimi uzatmaq tərəfdarları qərarın bazara təsirini öyrənmək istəyir. Belə bir fikir var ki, Vyanada sazişin müddəti artırılsa belə, bu qərar qiymətlərə əvvəlki təsiri göstərməyəcək. Ən yaxşı halda qiymətlər 60 dollar ətrafında stabilləşə, yaxud il ərzində 70 dollara yaxınlaşa bilər. Sazişi ilin sonuna kimi uzatmaq tərəfdarları, məsələn Səudiyyə Ərəbistanı hesab edir ki, razılaşmanın bir il müddətinə bağlanması belə bazara psixoloji təsir edəcək. Yəni bazar iştirakçıları bir illik sazişi neft ölkələrinin hasilatı azaltmaqda və qiymətləri yüksək səviyyədə saxlamaqda qərarlı olması kimi dəyərləndirəcək və neft bahalaşacaq. Yaxud da ən azı indiki səviyyədən ucuzlaşmayacaq.

Vyana görüşündə müddətlə bağlı bu iki qərardan biri seçiləcək. Lakin hər iki qərarın effekti iştirakçı ölkələrdən çox ABŞ-da qaya nefti hasilatının səviyyəsindən asılıdır. 2017-ci ildə ABŞ-da illik hesablamada orta günlük hasilat 9,2 milyon barel təşkil edəcək, bu həftə hasilat son iki ilin rekordunu yeniləyərək 9,66 milyon barel səviyyəsinə qalxıb. Gələn il bu ölkədə günlük hasilat orta hesabla 9,9 milyon barelə çatdırılması proqnozlaşdırılır. Neftin bahalaşması bu artımı dəstəkləyir, çünki ABŞ-da hasilat yalnız neft 45 dollardan ucuz olacağı halda azala bilər. OPEK-in proqnozlarına əsaslansaq, gələn il qiymətlərin 58 dollardan aşağı düşməsi gözlənilmir, deməli, bu həm də ABŞ-da hasilatın artacağı deməkdir. «Qlobal neft sazişinin müddəti bir illik artırılarsa, qiymətlər ən azı indiki səviyyədə qalacaq» iddiaları göstərir ki, OPEK ABŞ-da hasilatın artması ehtimalını nəzərə alıb.

Burada hasilat nə qədər artacaq sualı meydana çıxır və hətta Birləşmiş Ştatlarda belə bununla bağlı proqnoz verməyə çətinlik çəkirlər. Neftin qiymətlərinə dair dəqiq proqnozlar ustası sayılan Endi Holl hesab edir ki, OPEK-in neft sazişinin müddətini artırmaq niyyəti kartelin zəiflik əlamətidir. Onun sözlərinə görə, hasilatı azaltmaq hesabına qiymətləri nəinki bahalaşdırmaq, elə indiki səviyyədə qalacağına ümid etmək belə zəiflik əlamətidir. Endi Hollun fikirlərinə bir əlavə də etmək olar. Bazarda neftin qiyməti heç də həmişə tələb-təklif qanunu əsasında formalaşmır, burada iqtisadi faktorlar qədər, siyasi faktorlar da önəmli rol oynayır. ABŞ-da neftçıxarma texnologiyasının təkmilləşməsi, Yaxın Şərqdə gərginliyin artması, İranla Səudiyyə Ərəbistanı arasında potensial müharibə ehtimalı və digər amillər 2018-ci ildə neftin qiyməti ilə bağlı proqnoz verməyi doğrudan da çətinləşdirir.

Bu baxımdan OPEK-in hasilatı azaltmaq təşəbbüsü iki cür əsaslandırıla bilər. Birincisi, ən azı hasilatı azaltmaqla neftin qiymətinə təsir edən daha bir amil formalaşdırılacaq. Çünki «OPEK+» formatında sazişə qoşulanların qazancları olmasa belə, itirdikləri bir şey də olmayacaq. Baha qiymətə daha az neft satmaqla, ucuz qiymətə daha çox neft satmaq arasında gəlir baxımından elə bir ciddi fərq yoxdur. İkincisi, bu saziş OPEK üçün mövcudluğunu təsdiq etmək üsuludur. Yəni, saziş yoxdursa, indiki şərtlərdə faktiki olaraq OPEK də yoxdur. Bazara təsir imkanları olmadıqdan sonra kartelin mövcudluğu kimə və nəyə lazımdır? Vyana görüşündə masa arxasında əyləşəcək tərəflər təkcə «saziş hansı müddətə uzadılacaq» sualına deyil, həm də OPEK kiməsə lazımdırmı sualına cavab vermiş olacaqlar.