vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 18 iyul 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9874 AZN
Rusiya rublu 1 RUB = 0.0272 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2514 AZN
Türk lirəsi 1 TRY = 0.3502 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AVROPA  
13:13 | 27 noyabr 2017 | Bazar ertəsi Məqaləyə 708 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ərdoğanın «hicablı müşaviri» Londonda sərt danışıb

Özləm Zəngin FETÖ-nün Britaniyaya qaçmış biznesmeninin Türkiyəyə ekstradisiyasını tələb edib

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Guardian» yazır ki, Türkiyə bu həftə Britaniyada yaşayan, lakin Ankara tərəfindən 2016-cı il çevriliş cəhdi ilə əlaqəli bilinən şəxslərin ekstradisiya edilməsi üçün Londona təzyiq göstərəcək.

Bu barədə qəzetə müsahibəsində prezident Rəcəb Tayyib Ərdoğanın vəzifəli müşavirlərindən biri və hakim AKP partiyasından keçmiş millət vəkili xanım Özləm Zəngin deyib.

Xanım Zəngin bu müsahibədə Londonu ABŞ-da yaşayan müsəlman vaiz Fətullah Gülənə bağlı olan təşkilatın qadağan olunmasına çağırır.

Zənginin bu müsahibəsi Türkiyənin baş naziri Binali İldırımın Londona səfəri ərəfəsinə təsadüf edir.

Cənab İldırım britaniyalı həmkarı Tereza Mey ilə (Theresa May) danışıqlarda olacaq. İldırımın habelə başqa Britaniya nazirləri ilə görüşəcəyi və onları iki ölkə arasında təhlükəsizlik əməkdaşlığının möhkəmləndirilməsinə çağıracağı gözlənilir.

Türkiyənin Avropa İttifaqı üzvlüyünə çalışdığı və Britaniyanın bu bloku tərk etdiyi bir vaxtda bu iki NATO üzvü arasında münasibətlər hələ də möhkəmdir. Tereza Mey ötən yanvar ayında Ankarada prezident Rəcəb Tayyip Ərdoğanla görüşüb və bundan az sonra xarici işlər naziri Boris Conson (Boris Johnson) Türkiyəyə səfər edib.

İki ölkənin liderləri arasında münasibətlər yaxşı olsa da, Britaniya parlamentinin xarici əlaqələr komitəsindəki millət vəkilləri Ərdoğanı çevriliş cəhdindən fürsətlənərək öz opponentlərinə divan tutmaqda və müxalifəti əzişdirməkdə ittiham edirlər.

Türkiyədə baş tutmamış çevriliş cəhdinin ardınca on minlərlə müəllim, vəkil, polis zabiti, hakim və prokuror vəzifələrindən uzaqlaşdırılıb. Ankaranın təxminlərinə görə, hökumətə qarşı qəsddə 60 min insan iştirak edib.

Bir çox şübhəlilər telefonlarında «ByLock» adlı şifrəli mesajlaşma aplikasiyasının olduğuna görə həbs ediliblər. Hökumət çevrilişçilərin məhz bu aplikasiyadan istifadə etdiklərini bildirir. Zəngin kiminsə yalnız «ByLock»u yüklədiyinə görə həbs olunduğunu inkar edib.

Keçmiş televiziya prodüseri və vəkil Zəngin Ərdoğanın baş müşavirlərindən biridir. AKP-nin tərəfdarı olan əksər qadınlar kimi o da hicablıdır. Hicab Türkiyənin bundan əvvəlki hökumətləri tərəfindən məktəblərdə, universitetlərdə, dövlət və ordu qurumlarında qadağan edilmişdi.

Xanım Zəngin Londona münaqişələrin həlli ilə məşğul olan Demokratik Tərəqqi İnstitutunun görüşündə iştirak etmək üçün gəlmişdi. O, Gülən və çevriliş cəhdi ilə əlaqəli şəxslərin təqib edilməsinin hökumətin prioriteti olduğunu söyləyib.

«Bizim Birləşmiş Krallıqla çox yaxşı münasibətlərimiz var. Biz Britaniyadan buradakı bəzi biznesmenlərin Türkiyəyə ekstradisiyası üçün müraciət etmişik, - deyib Zəngin, - Ədliyyə Nazirliyi bu istiqamətdə işlər görür. İnterpol da fətullahçıların yaxalanması üçün təşəbbüs göstərir».

«Bir biznesmen qanunsuz şəkildə Britaniyaya qaçıb. Bu çox qəddar təşkilatdır. Biz burada 40 illik bir tarixi olan təşkilatdan danışırıq. Türkiyənin baş naziri bu barədə xüsusi danışıqlar aparmaq üçün Londona gəlir. Bu, müzakirə olunacaq məsələlərdən biridir» - deyib müşavir.

Xanım Zəngin britaniyalıları da FETÖ təşkilatı ilə qorxutmağa çalışıb: «Ola bilsin onların Birləşmiş Krallıq üçün 100 illik bir planı var. Bu gün onlar bizim problemimizdir, sabah sizin probleminiz ola bilərlər. Mənim düşüncəmdə onlar PKK-dan daha təhlükəlidirlər. Onlar birbaşa uşaqları hədəfləyir və adamların beyinlərini dumanlandırırlar. Bu bir təriqətdir».

Gülənin tərəfdarları isə bildirirlər ki, çevriliş cəhdi ilə heç bir əlaqələri yoxdur və Ərdoğan bütün bunları öz siyasi çıxarları üçün uydurub.

Türkiyə ABŞ-da yaşayan Fətullah Gülənin də ekstradisiyasına çalışır, amma bu işdə hələlik uğur qazana bilməyib.

Britaniyadakı Gülən tərəfdarlarından biri deyib ki, o ekstradisiya ricası barədə heç nə eşitməyib, lakin bu, gözləniləndir. O deyib ki, indiyədək Gülən tərəfdarları Malayziya və Pakistan kimi ölkələrdə qanunsuz oğurlanıb.

Britaniya Daxili İşlər Nazirliyinin sözçüsü deyib ki, onlar siyasət və protokola uyğun olaraq ekstradisiya müraciətləri barədə açıqlama vermirlər.

İnterpolun Lion şəhərindəki baş qərargahı da ekstradisiya tələbləri barədə iddiaları rədd edib.

Təşkilatın sözçüsü deyib ki, İnterpol nizamnaməsinin 3 maddəsinə uyğun olaraq bu qurum siyasi, hərbi, dini və ya irqi fəaliyyətlərə heç bir müdaxilə etmir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *