vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
PARTİYALAR  
14:13 | 3 fevral 2014 | Bazar ertəsi Məqaləyə 2050 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Operativ» bəyanat

Milli Şura Mehman Əliyevlə bağlı 10 gün əvvəl baş verən hadisəyə indi reaksiya verdi

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycan hakimiyyəti tənqidi mövqedə olan ictimai fəallara, gənclərə, müxalifət nümayəndələrinə və jurnalistlərə qarşı repressiv fəaliyyətini gücləndirməkdədir. Həbslər, hədələr və böhtan kampaniyaları yenə də davam edir. Bu arada tanınmış jurnalist və vətəndaş cəmiyyətinin nüfuzlu nümayəndəsi Mehman Əliyevə qarşı böhtan kampaniyasına cəhd edilib». Bu fikirlər Milli Şuranın verdiyi bəyanatda qeyd edilib.

Milli Şura bəyan edib ki, Mehman Əliyevə gələn müəmmalı zəngdən sonra onunla edilən telefon söhbəti dinlənilib, qeydə alınıb və səs yazısı anonim şəkildə KİV-lərə paylanılıb. Daha sonra bu söhbət Qərb ölkələrinin köməyi ilə Azərbaycanda hakimiyyət dəyişikliyi yaratmaq planının qurulması kimi qələmə verilib.

«Halbuki, səs yazısına qulaq asanlar da görürlər ki, söhbətdə Mehman Əliyev tərəfindən qanuna və mənəviyyata zidd heç bir fikir səsləndirilməyib. Mehman Əliyev mətbuata açıqlamasında bu zəngin ona şübhəli göründüyünü və söhbəti davam etdirməkdən imtina etdiyini də açıqlayıb. Bəlli olur ki,  cəmiyyətdə böyük nüfuz və etimad sahibi olan bir şəxsi gözdən salmaq üçün təxribat planlaşdırılıb, lakin düşünülmüş plan uğursuzluqla başa çatıb və daha sonra bundan ləkələmə cəhdi kimi istifadə edilib. Halbuki vətəndaşların telefon danışıqlarını dinləmək, yazmaq və yaymaq qanunsuz bir əməldir və dövlət bu cür cinayətlərə qarşı mübarizə aparmalıdır».

Milli Şura bildirib ki, Mehman Əliyev uzun illər sabit və güzəştsiz demokratik mövqeyi ilə seçilən bir ictimai xadimdir. Onun peşəkar və müstəqil jurnalist mövqeyi isə cəmiyyətdə örnək kimi göstərilir.
«İctimaiyyətin ən fərqli təbəqələrində çox böyük etimada və nüfuza sahibdir. Həmçinin Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür və qurumun rəhbərliyində təmsil olunur. Biz hesab edirik ki, bu amillər antidemokratik hakimiyyəti narahat edir və Mehman Əliyevə qarşı qaralama kampaniyasının səbəbi də bunlardır».

Milli Şura  Mehman Əliyevə qarşı təxribatı və böhtan kampaniyasını pisləyir, ona qarşı qanunsuz addımları dayandırmağı tələb edir.