vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
10:43 | 30 noyabr 2017 | Cümə axşamı Məqaləyə 2623 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hesablama Palatası ilə hesablaşmayanlar...

Rusiyada HP-nin təqdimatı qubernatorların dərhal həbsi üçün əsas sayılır, Azərbaycanda isə...

Dünya SAKİT

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda dövlət maliyyə nəzarətinin gücləndirilməsi istiqamətində bir sıra addımların atılmasına baxmayaraq, bu sahədə ciddi problemlər hələ də qalmaqdadır. Dövlət maliyyə nəzarətini həyata keçirən əsas orqan olan Hesablama Palatasının ictimai vəsaitlərin istifadəsi üzrə apardığı yoxlamalar irihəcmli yayınmaların aşkarlanması ilə nəticələnir. Bir çox hallarda bir qurumda aparılan təkrar yoxlamalarda belə eyni nöqsanlar, vəsaitlərin təyinatından yayındırılması, mənimsənilməsi halları üzə çıxır.

Palatanın bu kimi faktlarla bağlı hüquq-mühafizə oqranlarına yönləndirdiyi işlər üzrə bəzi hallarda ciddi tədbirlər görülmür, istintaq-araşdırması aylarla davam edir, ortaya konkret nəticələr qoyulmur. Məsələn, Dövlət İqtisad Universitetində aşkarlanan irihəcmli mənimsəmə və korrupsiya faktları üzrə başladılan cinayət işi üzrə istintaq bir neçə aydır davam edir, hələ də günahkarlar məsuliyyətə cəlb olunmayıb. Yaxud Hesablama Palatasının Gənclər və İdman Nazirliyində apardığı yoxlamanın nəticələrini əks etdirən qərarı nazirliyin özünə göndərilib. «Aqrolizinq» ASC-də bir neçə dəfə aparılan yoxlamalarda təxminən eyni nöqsanlar aşkarlanıb. Hər dəfə ASC-nin bu və ya digər vəzifəli şəxsi işdən azad olunub, lakin nöqsanlara yol açan sistemdə dəyişiklik edilməyib.

Bu, həm də Hesablama Palatasının müxtəlif qurumlara göndərdiyi tövsiyələrin nəzərə alınmadığının göstəricisidir. Dünya təcrübəsinə nəzər yetirdikdə isə vəziyyətin Azərbaycandan çox fərqli olduğu açıq görünür. Hesablama Palatası kimi müstəqil nəzarət orqanı təcrübəsindən istifadə edən ölkələrin əksəriyyətində bu qurumlara geniş səlahiyyətlər verilib. Məsələn, Rusiyada Palatanın təqdimatı bütöv regionların qubernatorları, böyük dövlət müəssisələrinin rəhbərlərinin dərhal həbsi üçün ən başlıca əsas sayılır. Hökumət məmurları az qala büdcənin hər xərc maddəsi üzrə Hesablama Palatasına geniş və hərtərəfli izahat verməli olurlar.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda dövlət maliyyə nəzarətinin gücləndirilməsinə, ən əsası isə onu həyata keçirən ali orqan - Hesablama Palatasının səlahiyyətlərinin artırılmasına ehtiyac böyükdür.

Milli Məclisin üzvü Vahid Əhmədov deyir ki, həqiqətən də Hesablama Palatasının səlahiyyətlərinin artırılması zərurəti yaranıb: «Hazırda Azərbaycanda yeganə yoxlayıcı orqan Hesablama Palatasıdır. Burada çoxlu sayda bacarıqlı mütəxəssislər toplaşıb. Son vaxtlar da istər yoxlamaların keçirilməsi, istərsə də məlumatların ictimaiyyətə açıqlanması baxımından işlərini çox aktivləşdiriblər. Biz də hesab edirik ki, Palatanın səlahiyyətləri artırılmalıdır. Artıq buna görə «Hesablama Palatası haqqında» yeni qanun layihəsi hazırlanıb və  Milli Məclisdə birinci oxunuşdan  keçib. Orada Hesablama Palatasına çox geniş səlahiyyətlər nəzərdə tutulub. O qanun tətbiq olunduqdan sonra hesab edirəm ki, Palatanın fəaliyyəti çox güclənəcək».

 

Palataya tam müstəqillik verilməlidir

 

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlunun sözlərinə görə, yanaşma bir neçə istiqamətdə dəyişməlidir: «Birinci növbədə ali audit qurumu olaraq Hesablama Palatasının müstəqilliyi ölkənin ali sənədində təsbit olunmalıdır. Hazırda ölkə konstitusiyasında bu qurumun Milli Məclisə tabeliyi nəzərdə tutulur. Düşünürəm ki, belə bir qurumun tam müstəqil fəaliyyəti təmin olunmalıdır -  hakimiyyətin heç bir qoluna tabe olmamalıdır. İkinci bir addım Palata sədri, onun müavinləri, auditorlarının seçim prosedurlarının təkmilləşdirilməsi olmalıdır. Bir çox ölkələrdə parlamentin büdcə komitəsinin sədri, palatanın auditorlarının bir qismi müxalifət fraksiyalarının namizədlərindən ibarət olur. Hesab edirəm ki, bizdə də parlament azlığına bu sahədə hüquq verilməlidir. Düzdür, hazırda bizdə parlamentdə real müxalifətin olmaması bunun effektini minimuma endirir, amma hər bir halda, qanunverici əsasın yaradılması zəruridir».

İqtisadçı-alimin zəruri saydığı daha bir məsələ Hesablama Palatasının fəaliyyətində hesabatlığın və şəffaflığın artırılmasıdır: «Palatanın fəaliyyətində vətəndaş cəmiyyətinin iştirakına şərait yaradılmalıdır. Eyni zamanda həyata keçirdiyi yoxlamalara, qəbul etdiyi qərarlara dair daha ətraflı məlumatların,  fəaliyyəti ilə bağlı geniş və hərtərəfli rüblük hesabatların açıqlanması lazımdır. Bundan əlavə, büdcə layihəsi və büdcənin icrasına dair rəyləri Milli Məclisə təqdim olunduğu formada ictimaiyyətə də açıqlanmalıdır. Palatanın rəyində həmçinin büdcədənkənar fondlarla bağlı məlumatların da əks olunması çox vacibdir».

Q.İbadoğlunun sözlərinə görə, Palatanın dövlət borcunun idarə edilməsinin auditini aparması çox vacibdir: «Gələn ilin büdcəsində dövlət borcunun idarə olunması xərcləri 2,2 milyard manata çatacaq. Bu da ondan irəli gəlir ki, müxtəlif qurumlar dövlət zəmanəti ilə aldıqları borcları səmərəsiz idarə edirlər, nəticədə yük dövlətin üzərinə düşür. Bu baxımdan, Palataya dövlət təminatı ilə alınmış kreditlər çərçivəsində onları əldə edən qurumların auiditini aparmaq səlahiyyəti verilməlidir.

Düşünürəm ki, Palataya perfomans auditi aparmaq hüququ da verilməlidir. Bu, dövlət təşkilatlarının fəaliyyətinin effektivliyinin qiymətləndirilməsi məqsədli auditdir. Türkiyədə belə audit həyata keçirilir. Belə yoxlamalardan sonra dövlət təşkilatlarının yaxın müddətli dövr üçün strateji hədəflərinin müəyyənləşdirilməsi işi aparılır ki, bu da həmin dövrdən sonra onların işini daha dərindən və dəqiq qiymətləndirməyə imkan verir».

Mütəxəssis hesab edir ki, daha operativ kənar auditin təşkili üçün illik audit planından kənar olaraq əlavə audit tapıntılarının da hesabata salınması və onun parlamentə təqdim olunması çox vacibdir: «Məsələn, Almaniyada bu sahədə böyük nailiyyətlər əldə olunub. Norveçdə korporativ sektorda dövlət marağının auditi kimi mütərəqqi təcrübə var. Bizdə Palatanın belə bir audit aparmaq səlahiyyətləri olsaydı, bəlkə də Beynəlxalq Bankdakı irihəcmli korrupsiya hallarının qarşısını vaxtında almaq olardı. Böyük Britaniyada müdafiə sektorunun xərcləmələrini Palata ayrıca yoxlayır və nəticələri ictimaiyyətə təqdim edir. Rusiyada da Palatanın səlahiyyətləri bizdəkindən çoxdur. Onların hətta öz institutları da fəaliyyət göstərir».

Q.İbadoğlu onu da bildirdi ki, Hesablama Palatasının fəaliyyətinin güclü olması üçün həmçinin vətəndaş cəmiyyəti və müstəqil mətbuatın olması çox vacibdir: «Bu iki institut Palatanın işinin effektini daha da artıra bilər».