vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 yanvar 2018
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0842 AZN
Rusiya rublu 1 RUB = 0.0301 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3777 AZN
Türk lirəsi 1 TRY = 0.4493 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
12:50 | 30 noyabr 2017 | Cümə axşamı Məqaləyə 403 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənipərəst Lavrovun qaranlıqda görünən izi...

Tofiq Abbasov: «Dövlətlər bəzi hallarda səfirləri vasitəsilə digər ölkələrə münasibətlərini ifadə edirlər»

Cavanşir ABBASLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan və Rusiya arasında son günlərdə yaranan səfir qalmaqalı hələ də davam edir. Əvvəlcə Kremlin Xarici İşlər Nazirliyinin Kadrlar Departamentinin direktor müavini Georgi Zuyevin ölkəmizə səfir təyin olunduğu, lakin rəsmi Bakının ona etimadnamə vermədiyi barədə xəbərlər yayılsa da, artıq yeni səfirin göndəriləcəyi barədə xəbərlər dövriyyədədir.

9 ildir ölkəmizdə səfir olan və səlahiyyət müddəti başa çatan Vladimir Doroxinin yerinə təyin olunacaq  Rusiyanın yeni səfirinin kimliyi açıqlanmır. Bu isə qalmaqalın səngimədiyini göstərir.

Politoloq Tofiq Abbasov hesab edir ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi çərçivəsində daim ən çox problem yaşadığı məsələ üç həmsədr ölkədə-Rusiya, Fransa və Amerikada erməni məsələsinin daxili gündəmdə olmasıdır: «Hər üç dövlətin içərisində siyasi elitaya təsir göstərmə imkanları baxımından erməni icmaları çox güclüdür və kifayət qədər maliyyə resursları var. Bu baxımdan təbii ki, onlar boş oturmurlar. Vaxtaşırı Qarabağ problemi ilə bağlı fəaliyyətlərini gücləndirirlər ki, bizdən öndə olsunlar. Bununla rəsmi Bakını qondarma «Dağlıq Qarabağ Respublikası»nın müstəqilliyini tanımağa vadar edəcəkləri xülyaları ilə yaşayırlar. Bu istiqamətdə biz həm taktiki, həm də strateji gedişlər görürük. Kənardan Rusiyanın ölkəmizə səfir təyin etməsi asan görünsə də, amma incəlikləri gördüyümüz zaman bunun asan olmadığının şahidi oluruq. Doroxinin vəzifəsindən gedişi artıq məlumdur. O, ola bilsin ki, Azərbaycanı istəyən bir şəxs idi, məsələlərin bəzilərini tarazlaşdırmaqdan ötrü müəyyən səylər göstərirdi. Amma onun özü də bildirirdi ki, geri qayıtmaq vaxtı çatıb. Bu zaman Rusiya Xarici İşlər Nazirliyində bir neçə namizəd nəzərdən keçirilirdi. Nə qədər təəccüblü görünsə də, namizədlərdən biri Rusiyanın tanınmamış Abxaziyadakı səfiri idi. Təbii ki, Azərbaycan tərəfi buna razılıq verməyəcəkdi. Lakin təxribat yaratmaq niyyəti ilə Rusiya Xarici İşlər Nazirliyindəki mənfur ermənipərəst qüvvə bu qərarı verdi. Bu yerdə xatırladım ki, bu ilin iyulunda Rusiya rəhbəri Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyevin görüşü oldu. Həmin görüş zamanı Azərbaycan tərəfin xahişi, bəlkə də tələbi o idi ki, xarici işlər nazirləri orada iştirak etməsin. Burada təbii ki, Elmar Məmmədyarovla bağlı problem yox idi, problem Rusiyanın XİN rəhbəri Sergey Lavrov idi. Həmin görüşdə İlham Əliyev həmkarına açıq şəkildə bildirdi ki, Lavrov erməni lobbisinə dəstək verir, Azərbaycanın mənafelərinə zərbə vurur. Lavrovun ermənipərəst olması bütün mövqelərində özünü açıq göstərir. Səfir məsələsində ölkəmizin konkret mövqeyi var ki, Azərbaycanı sevməyən, bizə düşmən münasibətində olan şəxs diplomat kimi gələ bilməz. Azərbaycanın bu səfiri qəbul etməməsi Rusiyanın özü üçün bir dərsdir. Kreml bir çox yerlərdə özünü zəif aparır. Qafqaz, postsovet məkanında qeyri-adevkat siyasət yürüdür. Bu siyasət də təbii ki, ölkəmiz tərəfindən qəbul oluna bilməz. Bu baxımdan səfir məsələsi siyasi görünsə də, bunun  texniki tərəfləri də var. Lavrov xarici işlər naziri kimi Rusiyanın xarici siyasətinin rıçaqlarını o qədər zəiflədib ki, artıq onunla bağlı çox böyük narazılıqlar var. Özü də bir neçə dəfə dilə gətirib ki, artıq yorulub, istefaya getməyə hazırdır. Amma istefaya ona görə gedir ki, ailəsi Amerikada olub, orada biznesi var. Bu faktdan çıxış edib, Lavrovun Rusiyanın mövqelərini necə sevdiyi barədə müəyyən çıxarışlar edə bilərik».

Politoloq səfir məsələsinin Azərbaycan üçün olduqca ciddi məsələ olduğunu bildirdi: «Dövlətlər bəzi hallarda səfirləri vasitəsilə digər ölkələrə münasibətlərini ifadə edirlər. Məsələn, keçmiş bir xarici işlər naziri hansısa bir ölkəyə səfir göndəriləndə, bu layiqli bir təyinat kimi qiymətləndirilir. Ola bilsin ki, Rusiya-Azərbaycan münasibətləri fonunda belə bir hala rast gəlməyəcəyik. Amma savadlı, bacarıqlı, peşəkar bir şəxsin səfir kimi ölkəmizə gəlməsi hər iki dövlətin maraqlarının xeyrinə olacaq. Rusiya və Azərbaycan arasında bir sıra məsələlərdə, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlum vəziyyət Azərbaycan tərəfi məcbur edir ki, ölkəmizin mövqelərini qəbul edən şəxs səfir gəlsin. Bu istiqamətdə lazımi tədbirlər görülməlidir ki, olan vəziyyət daha da gərginləşməsin. Azərbaycanda ictimai rəydə belə bir məsələ formalaşıb ki, Dağlıq Qarabağ münaqişəsinin ortaya çıxması Kremlin layihəsidir. Bu fikirlər doğru deyil. Çünki bu məsələ sözün həqiqi mənasında Mərkəzi Kəşfiyyat İdarəsinin yaratdığı layihədir. Bu, 80-ci illərin axırlarında hələ sovet dövründə işə salınıb. Bu proyektin üstündə əvvəldən-axıra qədər işləyiblər. Rusiyanın bu prosesə qatılması Yeltsin dövrünə təsadüf edir. O dövrdə də Kreml Amerikanın qapazaltısı idi. Reallıqdır ki, Rusiyanın xarici siyasəti az-çox Putinin dövründən formalaşmağa başladı. İndi bu siyasətin nə vəziyyətdə olduğunu yaxşı görürük. Bu baxımdan bu layihənin arxasında duran dünya erməniliyidir. Rusiyanın mövqeləri zəifdir. Amerika bütün siyasi cəbhələrdə Rusiyanı sıxışdırır. Kreml özünü elə aparır ki, guya supergücdür. Əslində belə deyil. Əgər Kremlin nüvə potensialı olmasa, üçüncü dərəcəli ölkə olar. Əgər bir ölkənin xarici siyasətini aparan qurum belə hərc-mərclik yaradırsa, deyə bilərəm ki, həmin ölkəni siyasi qurumları başlarını itiriblər. Bir tərəfdən xeyli yardımlar etməklə ABŞ Ermənistanda mövqeyini gücləndirir, bunu Rusiya görməyə bilməz. Amerikanın ən güclü nümayəndəliyi birinci Almaniyadadırsa, ikinci Ermənistandadır. Az qala potensialı min nəfərə çatır.  Sual olunur ki, bunların orada işlərinin adı nədir? Qafqaz bölgəsində təmsilçiliklərini artırırlar ki, mövqelərini gücləndirsinlər. Bununla bağlı da təbii ki, xüsusi planları var, region dövlətləri ilə bağlı Amerika tələsmədən,  addım-addım işini görür, Rusiya da bunun qarşılığında addım-addım geri çəkilir. Reallıq budur».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *