vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AKTUAL  
11:18 | 1 dekabr 2017 | Cümə Məqaləyə 2858 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanı Kərbəla müsibətinə dartmaq cəhdləri

Yaxın Şərqdə Suriyanı, Yəməni, İraqı xarabalığa çevirən də məhz bu ideologiya deyilmi?

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu il Bakıda keçirilən aşura mərasimlərinə bütün məhdudiyyətlərə, o cümədən qanunvericiliklə müəyyən olunmuş məhdudlaşdırmalara baxmayaraq yüz minlərlə adamın qatılması Azərbaycanda dini radikalizmin yayılması təhlükəsindən narahatlıq keçirənlərdə sual yaratdı: nə baş verir, Azərbaycanda dini fanatizm meyllərinin ildən ilə güclənməsi bəzilərinin iddia etdiyi kimi sosial narazılıqların din müstəvisində özün büruzə verməsidir, yoxsa islam inqilabının ixracını özünün dövlət siyasətinin prioriteti elan etmiş İranın ideoloji və kəşfiyyat fəaliyyətinin nəticəsidir?

Belə görünür ki, Azərbaycanda dini fanatizm meyllərinin güclənməsinin səbəbləri üzərində baş sındırarkən yenə də bir nömrəli amil olaraq məhz İran nəzərdən keçirilməlidir. virtualaz.org qeyd edir ki, bunu artıq arxada qalmış Məhərrəmlik ayında «Ərbəyin» mərasimləri üçün İran üzərindən İraqın Kərbəla və Nəcəf şəhərlərinə gedən minlərlə azərbaycanlı zəvvarlar arasında Tehran ayətullahlarının və İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) xəfiyyələrinin hansı ideoloji iş apardığına dair əldə edilən informasiyalar da təsdiq edir.

Əvvəlcə onu qeyd etmək lazımdır ki, Bakıda kütləvi Aşura mərasimlərinə qatılanların sayı ildən ilə artdığı kimi Kərbəla ziyarətinə gedənlərin də sayı sürətlə artır. Müşahidələr və Kərbəla ziyarətlərini təşkil edən turizm şirkətlərinin statistikası göstərir ki, bu il ərzində Azərbaycandan Kərbəla ziyarətinə təxminən 30 min nəfər gedib. Bu, ötən illə müqayisədə 33 faiz (!) çoxdur.

İlk baxışdan belə sual yarana bilər ki, axı Kərbəla İraq şəhəridir və nədən Azərbaycandan bu şəhərə ziyarətə gedənlərin artmasında İranın rolu barədə danışılır?

Lakin Kərbəlaya səfərlərin təşkilindən tutmuş zəvvarların təhlükəsiz hərəkətinə, yerləşmələrinə və ziyarətlərini həyata keçirmələrinə qədər bütün işlərə məhz İrana bağlı strukturlar və şəxslər nəzarət edir. Bunu Kərbəla ziyarətindən dönən zəvvarlarla aparılmış söhbətlər də təsdiqləyir.

Ümumiyyətlə, Azərbaycandan Kərbəlaya ziyarətlərin təşkili Həcc ziyarətindən fərqli olaraq nəzarətdən kənardır. Bu işlə həm çoxsaylı turizm şirkətləri , həm fərdi şəxslər məşğul olur. İnternetdə kiçik araşdırma aparmaq kifayətdir ki, Kərbəla ziyarəti üçün xidmətlərini təklif edən çoxsaylı bələdçilərin elanlarına rast gələsən.

Araşdırmalar isə göstərir ki, Azərbaycandan zəvvarların şiələr üçün müqəddəs məkanlarına-İranın Məşhəd, Qum, İraqın Kərbəla, Nəcəf və sair şəhərlərində yerləşən ziyarətgahlara  aparılmasını 40-a yaxın Azərbaycan turizm şirkəti və 250-dən çox qrup rəhbəri həyata keçirir.  Bu sahədə fəaliyyət göstərən əsas turizm şirkətləri  «Ziyarət Tur», «Uğur Travel», «Türbət» MMC, «Məsum Tur», «Sindibad Tur», «Nur Ziyarət Tur», «Merac Tur», «Qaim Tur» və s. hesab olunur.

Yaxın Şərqi qan gölünə çevirmiş sünnü-şiə düşmənçiliyi, İraqda hər gün baş verən qanlı terror aktları (hansı ki, bu terror hücumlarının hədəfi bir qayda olaraq şiələr olur) şəraitində bu ziyarətlərin nə dərəcədə təhlükəli olduğu ayrı məsələdir. Çünki həmin turizm şirkətləri və bələdçilər ziyarətçilərin təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görmək imkanları məhduddur. Belə bir vaxtda Kərbəlada keçirilən aşura mərasimlərinin təhlükəsizliyi ilə İranın İnqilab Keşikçiləri Korpusu və ona bağlı «Haşdi Sabi» silahlı qruplaşmasının döyüşçüləri məşğul olur.

Xəbərlərə görə bu  il noyabrın ilk ongünlüyündə Kərbəlada keçirilən «Ərbəyin» mərasimi də zəvvarların çoxluğu ilə yadda qalıb. İraq KİV-lərinin xəbərlərinə görə 30 milyona yaxın adam ziyarətə qatılıb və onların da əksəriyyəti digər ölkələrdən gələnlər olub. Və Azərbaycandan «Ərbəyin» mərasimlərinə gedənlərin də sayı ötən ilkinə nisbətən xeyli çox olub.

Əlbətdə, əhalisinin əksəriyyəti şiə müsəlmanlar olan ölkədən bu ziyarətə gedənlərin artması təəccüblü görünməyə bilərdi. Azərbaycanda din azadlıqları hökm sürür, əhalinin öz dini dəyərlərini qoruması və ona sahib çıxması yaxşıdır, əlbəttə, «kənar müdaxilələr», bu inanclardan maraqlı qüvvələrin sui-istifadə cəhdləri olmasaydı...

Ancaq  hər il olduğu kimi, bu il də azərbaycanlıların Kərbəla ziyarəti həmin «kənar müdaxilələrin», Azərbaycana radikal dini ideologiyaların ekspansiyası səylərini dayandırmayan qüvvələrin nəzarəti altında keçib.

Ziyarətdən yenicə dönən zəvvarlarımızın sözlərinə görə, Azərbaycandan gedənlərin bu dəfə çox olduğunu görən bəzi «din adamları» fürsətdən istifadə edərək ziyarətə gələnlər arasında əməlli-başlı anti-Azərbaycan təbliğatı aparmağa çalışıblar.

Bu təbliğat zamanı xüsusən hüquq-mühafizə orqanlarının iki il əvvəl Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat müzakirəyə çıxarılıb. Qəsəbədə radikal dini elementlərə qarşı görülmüş tədbirlər «şiələrin sıxışdırılması, təqib olunması» kimi qələmə verilib. Zəvvarların dediyinə görə, bu təbliğatda Rusiyada yaşayan, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan Fəxri İlyasov, İranda təhsil alan Azər Cəbiyev, Famil Cəfərov adlı şəxslərin birləşdiyi qrup daha fəal olub.

Bundan başqa, hətta Nəcəf və Kərbəlada bir neçə yerdə divarlara Taleh Bağırzadənin, Mövsüm Səmədovun, eləcə də Nardaran əməliyyatı zamanı tutulanların şəkilləri yapışdırılaraq, onları «Azərbaycandakı islam mücahidləri», «Azərbaycan şiələrinin liderləri» kimi təqdim ediblər. Müsəlman Birliyi Hərəkatının üzvləri isə Nardaran əməliyyatı zamanı ölənlərin övladlarını da özləriylə götürərək, onları səfər boyu zəvvarlara «şəhid övladları» kimi tanıtdırıb, hakimiyyəti sərt tənqid ediblər…

Səfərlərini İranın bir neçə şəhəri üzərindən salanlarla isə Ərdəbil və Qumun Azərbaycan əleyhinə danışmaqda ixtisaslaşmış mollalarıyla, o cümlədən adı Azərbaycan ictimaiyyətinə yaxşı tanış olan Ədəbilin imam-cüməsi Seyid Həsən Amuli ilə görüşlər təşkil edilib, həmin görüşlərdə Azərbaycan hakimiyyəti əleyhinə sərt ifadələr işlədilib, xüsusən də hüquq-mühafizə orqanlarının Nardaranda keçirdiyi əməliyyat pislənib. Bu təbliğatın məqsədi açıq-aşkar Azərbaycanda hakimiyyət-vətəndaş qarşıdurması yaratmağa hesablanmışdı. Çıxışçılar bir ağızdan deyiblər ki, Azərbaycan dövləti öz vətəndaşlarının qayğısına qalmır, onları həbsə atır.

İran ayətullahları görünür Azərbaycandan Kərbəla ziyarətinə gedənlərin hər il artmasından ruhlanaraq hakimiyyətə qarşı təbliğatın dozasını da artırıblar, azərbaycanlıların dini duyğularından siyasi maraqlar üçün istifadə cəhdlərini artırıblar və özlərini «məzlum, əzilən Azərbaycan şiələrinin» əsas himayəçisi kimi təqdim ediblər.

Yaxın Şərqdə Suriyanı, Yəməni, İraqı xarabalığa çevirən də məhz bu ideologiya deyilmi? Son bir neçə ildə milyonlarla günahsız insan məhz bir tərəfdən özünü vəhabiliyin beşiyi, sünniliyin mərkəzi elan etmiş Səudiyyə Ərəbistanı, digər tərəfdən şiəliyi və islam inqilabının yayılmasını rəsmi dövlət ideologiyasına çevirmiş İran tərəfdən qızışdırılan bu düşmənçiliyin qurbanı olmayıbmı?

Azərbaycan bu təlatümləri nəzərə alaraq öz vətəndaşlarının din azadlıqlarını qorumaqla bərabər tolerantlıq, multikulturalizm prinsiplərini də təbliğ edir, ölkəni təriqət düşmənçiliyinə yuvarlayıb Yaxın Şərqdə hər gün təkrarlanan Kərbəla müsibətlərinə dartmaq cəhdlərinin qarşısını almağa çalışır. Lakin dindən siyasi alət kimi istifadə edənlər də boş dayanmır və göründüyü kimi onların apardığı təbliğat getdikcə aqressiv xarakter alır.