vaxtlı-vaxtında oxuyun! Şənbə, 16 dekabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0032 AZN
Rusiya rublu 1 RUB = 0.0289 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2846 AZN
Türk lirəsi 1 TRY = 0.4379 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
09:34 | 4 dekabr 2017 | Bazar ertəsi Məqaləyə 285 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bakı və Ankara anlaşsa, buna heç kim mane ola bilməz»

Azərbaycan-Türkiyə hərbi müttəfiqlik sazişi yenidən gündəmdə

Etibar SEYİDAĞA

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən həftənin Azərbaycan üçün mühüm hadisələrindən biri Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri oldu. Xəbər verildiyi kimi, ikitərəfli görüşdə qardaş ölkələr arasında hərbi-texniki əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq barədə razılıq əldə edilib.

Ordu generalının sözügedən səfəri iki qardaş ölkə arasında hərbi müttəfiqlik müqaviləsinin bağlanması və Azərbaycanda Türkiyə hərbi bazasının yerləşdirilməsi məsələnin yenidən mediada müzakirə edilməyə başlamasına rəvac verib. Bir sıra siyasi ekspertlər bildiriblər ki, artıq bu addımın atılmasının vaxtı çatıb. Azərbaycanın real situasiyadan çıxış edərək Türkiyə ilə birgə hərbi birləşmələr yaratması, ərazisində qardaş ölkənin hərbi bazalarının qurulmasına razılıq verməsi tam məntiqli görünür.

Politoloq Natiq Miri hesab edir ki, Türkiyə Hərbi Hava Qüvvələrinin komandanının səfəri çox ciddi hadisə sayılmalıdır: «Bu hadisə strateji xarakter daşıyır. Türkiyə ilə hərbi müttəfiqlik sazişinin bağlanması və Azərbaycan ərazisində, əsasən də Naxçıvanda Türkiyə hərbi bazasının yerləşdirilməsinin vaxtı çoxdan çatıb. Hətta mən də deyərdim bu iş gecikir. Türkiyə hərbi qüvvələrinin bir eskadirilyası mütləq Naxçıvanda yerləşdirilməlidir. Bu ilk növbədə ona görə lazımdır ki, Azərbaycan hər hansı düşmən ölkənin həmləsi təhlükəsi ilə üz-üzə qalanda, xüsusən də Qarabağda hərbi əməliyyatlar başlayanda Azərbaycan bütün gücünü arxayın şəkildə Qarabağ cəbhəsinə yönəldə bilər, Naxçıvanın təhlükəsizliyindən arxayın olarıq. Hərbi müttəfiqlik sazişi imzalansa türk hərbi qüvvələri təkcə Naxçıvanda deyil, təhlükə yarandığı zaman Azərbaycanın digər ərazilərində də hərəkətə keçmək imkanı qazanacaq. Ona görə də düşünürəm ki, indi başlıca vəzifə Türkiyənin Naxçıvanda hərbi bazasını rəsmiləşdirməsidir. Əgər Qars müqaviləsinə görə Türkiyə Naxçıvanın təhlükəsizliyinə görə cavabdehdirsə, bunu vaxt uzatmadan real həyatda əks etdirmək lazımdır».

Politoloqun sözlərinə görə, Azərbaycan müstəqil dövlətdir və Bakı Türkiyə ilə bu məsələdə razılaşsa, heç bir dövlət bu prosesə mane ola bilməz: «Ermənistanın və onun havadarı Kremlin etirazları da yersiz və məntiqsiz olacaq. Bakının həm Moskvaya, həm də İrəvana ünvanlayacağı məntiqi sual belə olacaq: Rusiya Ermənistanda hərbi bazalarını yerləşdirə bilirsə və bu dövlətin təhlükəsizliyini təminatı altına alırsa, niyə Türkiyə ilə Azərbaycan eyni işi görə bilməz? Buna nə Kremlin, nə də İrəvanın məntiqi cavabı ola bilər. Ona görə bu işi çox da uzatmadan yoluna qoymaq lazımdır. Azərbaycan ordusu Ermənistan ərazisinə hücum etmir, özünə aid Dağlıq Qarabağı və ətraf rayonları işğalçılardan azad etmək istəyir. Buna heç Rusiya da qarışa bilmir. Çünki Rusiya Ermənistanın təhlükəsizliyinin təminatçısıdır, Dağlıq Qarabağın yox. Eyni saziş Azərbaycanla Türkiyə arasında imzalansa, bu, Türkiyənin Dağlıq Qarabağ üzərindəki təhlükəsizliyinə də təminatçı anlamına gələcək. Bundan sonra Ankaranın hansı addımlar atacağı indidən bəlli olmasa da, o da aydındır ki, Ermənistan qarşısında Azərbaycan-Türkiyə hərbi ittifaqını görəcək».

Azərbaycan qanunvericiliyinin ölkəmizdə xarici dövlətin hərbi bazasının yaradılmasını mümkün saymadığı, eyni zamanda Azərbaycan Qoşulmayanlar Hərəkatının üzvü olması, üstəlik, Türkiyənin NATO ölkəsi olmasının bu məsələnin reallaşmasına əngəl yaratdığı barədə deyilənlərə gəlincə, ekspert bildirdi ki, əslində bu amillər baryer sayıla bilməz: «Azərbaycan Respublikasının Hərbi Doktrinasına əsasən, Azərbaycanın qoşulduğu beynəlxalq sazişlərdə nəzərdə tutulmuş hallar istisna olmaqla, ölkəmizin ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol verilmir. Bununla belə, hərbi-siyasi vəziyyətdə köklü dəyişiklik baş verən hallarda Azərbaycan öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə və ya başqa formada xarici hərbi iştiraka müvəqqəti icazə vermək hüququnu özündə saxlayır. Azərbaycanın Konstitusiyasında Azərbaycanın ölkələrlə ikitərəfli hərbi müttəfiqlik sazişi bağlaması qadağan edilmir. Belə bir sazişin imzalanması, ölkəmizdə Türkiyə hərbi bazalarının yerləşdirilməsi Azərbaycanın hüququdur. Çünki beynəlxalq hüquqa görə, Bakı istənilən üsulla məruz qaldığı təcavüzə qarşı çıxa və öz ərazi bütövlüyünü bərpa edə bilər. O ki qaldı NATO üzvü Türkiyənin Azərbaycanda hərbi baza qurmasının mümkünsüzlüyünə, əgər qardaş ölkə NATO üzvü olmayan Qətərdə belə bazaları saxlayırsa, demək, Azərbaycanda da mümkündür. ABŞ NATO üzvü olmayan bir sıra ölkələrdə hərbi bazalarını saxlayır. Yəni istinad edilməli təcrübələr kifayət qədərdir. Naxçıvanda, o cümlədən Azərbaycanın digər ərazisində Türkiyə hərbi qüvvələrinin yerləşdirilməsinə nə hüquqi, nə də siyasi cəhətdən məhdudiyyət ortalıqda yoxdur. İki ölkə arasında qarşılıqlı hərbi yardım yönündə bir saziş artıq var. Lakin bu hərbi müttəfiqlik sazişini əvəz etmir. Ona görə də artıq Azərbaycan bu yöndə təşəbbüskar ölkə kimi addım ata və Türkiyə ilə hərbi müttəfiqlik müqaviləsi bağlanmalıdır. Azərbaycan bunu etməklə heç bir hərbi bloka qoşulmur və hansısa bir-birinə qarşı olan hərbi bloklardan hansınasa üstünlük verdiyini ortalığa qoymur. Bu, sadəcə, iki dövlət arasında olan müqavilədir və Azərbaycanın özünün təhlükəsizliyini təmin etmək hüququnu qanunlarımız və beynəlxalq hüquq tanıyır. Ona görə də düşünürəm ki, Azərbaycanla Türkiyənin hərbi müttəfiqlik sazişi bağlamasının qarşısında əngəl yoxdur. Artıq əlverişli siyasi zəmin də yaranıb».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *