vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ENERGETİKA  
21:44 | 4 dekabr 2017 | Bazar ertəsi Məqaləyə 2373 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qara qızıl»ın taleyindəki pessimist və optimist suallar

OPEK-in Vyana sammiti: Neft erası bitir, yoxsa neft müharibəsi başlayır?

MÖVZU İLƏ ƏLAQƏLİ

Gözlənən qərar qəbul edildi, gözlənən effekt isə olmadı. Qlobal neft paktının müddəti 2019-cu il yanvarın 1-dək uzadıldı, neftin qiymətində isə sıçrayış müşahidə olunmadı. Niyə? Səbəblər çoxdur, əsas səbəb isə ABŞ-da hasilatın artmasıdır. OPEK hasilatı azaltmaqla bazarda süni qıtlıq yaratmaq və qiymətləri qaldırmaq istəyir, ABŞ isə hasilatı artıraraq bazarda qıtlığın yaranmasına yol vermir. İkinci səbəb neftin qiymətinin indiki şərtlər daxilində maksimum həddə çatmasıdır. Bu o deməkdir ki, bazar Vyanada qəbul olunacaq qərara çoxdan hazır idi və bu əhval-ruhiyyə iki aya yaxındır ki, neftin qiymətində əksini tapıb.

Vyana sammitinin qərarları neftin qiymətinə iki cür təsir edə bilərdi. Ya qərarın müddəti artırılır və neftin qiyməti sabitləşərək cüzi templə artmağa başlayır, yaxud neft ölkələri sazişə mart ayından xitam verirlər və qiymətlər bu qərar fonunda ucuzlaşır. İkinci ehtimal sıfıra yaxın idi, bazar birinci ehtimalı yüksək saydığından qiymətlər son iki həftədə 62-64 dollar aralığında stabilləşirdi.

Üçüncü səbəb odur ki, hasilat azaldılsa da, bazarda hələ balans yaranmayıb. Ölkələrin, transmilli korporasiyaların anbarlarında hələ də kifayət qədər neft ehtiyatları qalır, bu isə tələbin təklifi üstələməsinə imkan vermir. Düzdür, saziş imzalandıqdan keçən müddətdə ehtiyatlar azalıb, amma azalma gözlənilən səviyyədə deyil. Proqnozlara əsasən, ehtiyatların tükənməsi və bazarda balansın yaranması üçün təxminən bir ilə yaxın vaxt tələb olunur. Həm Səudiyyə Ərəbistanı, həm Rusiya bir neçə müddətdir ki, artıq bazarda balansın yaranmağa başladığı barədə silsilə bəyanatlar səsləndirirlər, lakin hər bəyanatda bir pessimist çalar da hiss olunur.

Pessimizm üç səbəbdən qaynaqlanır:

Birincisi, ABŞ istənilən yolla OPEK+ qərarının effektini öldürməyə çalışır, ölkədə hasilatın artması buna imkan verir.

İkincisi, iki illik fasilədən sonra neft sektoruna, yeni yataqların işlənməsinə yatırılan investisiyaların həcmi artmağa başlayıb. Neftin ucuzlaşmasından sonra geoloji kəşfiyyat işlərinə sərmayə qoyuluşu ciddi şəkildə azalmış, transmilli korporasiyalar Asiya, Afrika qitələrində və dənizlərdə yeni perspektivli yataqların kəşfi üçün ayrılan vəsaiti ixtisar etmişdilər. Neftin bahalaşması yenidən investisiya qoyuluşuna marağı artırıb, bu isə bazara əlavə həcmdə neft daxil olacağı ehtimalını gücləndirir.

OPEK üzvlərində pessimist əhval-ruhiyyə doğuran üçüncü səbəb isə yataqların işlənməsi texnologiyalarının sürətli inkişafıdır. Məhz bu səbəb ABŞ-da «şist nefti inqilabı»na səbəb oldu, Birləşmiş Ştatları neft bazarının aktiv oyunçusuna çevirib. Hələlik qiymətlər 40 dollardan çox olarsa, şist nefti çıxarmaq şirkətlərə sərf edir, texnologiyalar təkmilləşdikcə neft hasilatının maya dəyəri aşağı düşəcək. Bununla da ABŞ-da «şist inqilabı»nın ikinci mərhələsi başlamış olacaq, hasilat sürətlə artacaq və OPEK-in bazardakı dominant rolu zəifləyəcək.

Sual olunur: nə vaxt, nə zaman? Bazar qlobal neft paktının effektini azaldacaq bu üç səbəbin nəticələrini bir ay sonra da hiss edə bilər, bir il sonra da. Sövdələşməyə imza atan ölkələr bunu yaxşı anlayırlar, bu səbəbdən bəri başdan gələn ilin iyununda sazişin yenidən müzakirəsi barədə razılıq əldə olunub. Açıqlamalardan hiss olunur ki, bəzi OPEK üzvləri, məsələn İran və İraq sazişdən çıxmaq üçün özlərinə ayaq yeri qoyublar, yaxud ayaq yeri axtarırlar.

Doğrudanmı bu qədər pessimist fonda neftin qiymətlərinin bahalaşacağına heç ümid yeri yoxdur? Təbii ki var, neft bazarında qiymətlərin formalaşmasına o qədər çox amil təsir göstərir ki, onların hamısının əvvəlcədən proqnozlaşdırmaq çətindir. Ən əsası isə neftin qiyməti təkcə tələb-təklif əsasında deyil, siyasi amillərin də təsiri ilə formalaşır. Başlana biləcək hansısa müharibə, neft nəqli yollarında yarana biləcək problem və sair qiymətləri bahalaşdıra bilər və neft bazarı belə fors-major vəziyyətlərdən sığorta olunmayıb. Digər tərəfdən OPEK indiyədək sazişdə iştirak etməyən Liviya və Nigeriyada hasilatın həcmini 2017-ci il səviyyəsində saxlamaq barədə qərar qəbul edib. Qərara əsasən, bu iki ölkədə gündəlik hasilat ümumilikdə 2,8 milyon bareli keçə bilməz. Saziş bu müddəanın daxil edilməsi qiymətlərin bahalaşmasını təmin edəcək əsas amillərdən yalnız biridir.

Və ən əsas sual. OPEK, daha doğrusu Səudiyyə Ərəbistanı nə üçün neftin bahalaşmasında bu qədər maraqlıdır? Cavab çoxdur, əsas səbəb isə başqadır. Səudiyyə Ərəbistanı gələn il ölkənin milli neft şirkəti «Saudi Aramco»nu gələn il özəlləşdirməyə çıxaracaq. Neft nə qədər baha olarsa, Səudiyyə özəlləşdirmədən bir o qədər çox qazanc əldə edəcək. Bu qədər sadə...