vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
11:08 | 4 fevral 2014 | Çərşənbə axşamı Məqaləyə 2253 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İxtisarlar başladı

Mərkəzi Bankın kredit qadağası kommersiya təşkilatlarını çökdürür, bankların regionlardakı və paytaxtdakı bəzi filialları bağlanır; ixtisaslı kadrlar işsizlər ordusuna qoşulur

Vüsalə RÜSTƏMOVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan banklar tərəfindən verilən istehlak kreditlərinin faiz dərəcələri niyə azalmır? Baxmayaraq ki, Azərbaycan Mərkəzi Bankı (AMB) bunun üçün bir sıra tədbirlər həyata keçirərək, banklara tövsiyələr verir. Çünki kredit qoyuluşu portfelində bahalı istehlak kreditlərin riskli həddə çatması problemli kreditlərin həcminin artmasına rəvac verir. Problemin həlli üçün avtokreditlərin dayandırılması və arayışsız kredit verilişlərinin məhdudlaşdırılması bu sahədə atılan addımlardan idi. Bundan əvvəl isə AMB depozitlərin sığortalanması üçün faiz dərəcələrini aşağı saldı, kreditlər yenə də ucuzlaşmadı.

İqtisadçı-ekspert Samir Əliyev «Bizim Yol»a şərhində bildirdi ki, son bir-iki ildə istehlak kreditlərində ucuzlaşma meylləri hiss edilirdi. Çünki əvvəllər kiçik istehlak kreditlərinin verilməsinə məhz kiçik banklar maraq göstərirdi. «O zaman risklər artdı ki, böyük bankların da portfelində istehlak kreditlərinin həcmi böyüdü. Bu, bazarda görünməyən bir rəqabət yaratdı. Nəticədə arayışsız kreditlər verildi, habelə faiz dərəcələri 1-2 faiz bənddə də olsa aşağı düşdü və müəyyən ucuzlaşma baş verdi. Azərbaycan Mərkəzi Bankının son addımı - avtokreditlərin dayandırılması, arayışsız kreditlərin verilməsinə məhdudiyyətin qoyması, rəqabət mühitinin müəyyən qədər pozulmasına gətirib çıxardı. Bu qərarların banklara zərbə vuracağını bildirmişik. 

Rəsmi açıqlamalarda AMB-ın banklara yönəltdiyi sözügedən tövsiyələrin istehlak kreditlərinin ucuzlaşdıracağı barədə səslənən fikirləri bölüşmürəm».

S.Əliyevə görə, ucuzlaşma o zaman baş verə bilər ki, arayışla bağlı sərtləşdirilən tələb aradan qaldırılsın: «Çünki bu qərar müştərilərin sayını azaldacaq. Nə vəziyyət yaranıb: istehlak krediti verən bankların sayı çoxdur, amma bu vəsaitə əli çatan müştərilərin sayı isə azalır. Artıq banklar tərəfindən hər bir müştəri üzərində rəqabət yaranacaq. Bu zaman böyük banklar faiz dərəcələrini aşağı salmaqla kiçik bankları sıradan çıxaracaq. Uzun müddətli dövr üçün sözügedən addımlar banklar üçün problemlər yaradacaq».

İqtisadçı deyir ki, proseslər bank sektorunda iki mühüm dəyişikliklərin baş verməsinə nədən olacaq; birinci, bank filiallarının bağlanılması, ikinci, iş yerlərinin sayının azaldılması: «Yaxın iki-üç aydan sonra banklar ixtisarlara getmək məcburiyyətinə qalacaq. Buna səbəb istehlak kreditlərinin məhdudlaşması və müştərilərin sayının azalmasıdır. İndiyədək müştərilərin sayının çox olması bankları əlavə işçilər götürməyə məcbur edirdi. Portfelində istehlak kreditləri olan banklarda isə ixtisarlar daha kütləvi ola bilər. Xüsusilə, avtokreditlərin dayandırılması prosesə bir qədər də təkan verəcək.

Digər bir təsir bankların filiallarının bağlanmasında özünü göstərəcək. Bu proses Bakı və Bakıətrafı qəsəbələrdə baş verəcək. Çünki kredit qoyuluşunun cəmi 5 faizi regionlardakı filialların payına düşür. Onlar da çox böyük zərərlə işləyir. Bu baxımdan istehlak kreditlərlərində yaradılan məhdudiyyətlər onların işinə böyük təsir göstərməyəcək.

Əsasən, paytaxtdakı filialların bağlanılması gözlənilir. Çünki istehlak kreditlərinin məhdudlaşması bankların gəlirlərini azaldacaq. Banklar da itmiş gəliri bərpa etmək üçün əməliyyat xərclərini azaltmağa çalışacaq. Əgər filialların sayı azalacaqsa, bu kreditləşmənin azalması ilə deyil, onların saxlanılması xərclərinin azaldılması ilə əlaqədar olacaq. Artıq dünyada da filialların sayının azalması prosesi gedir. Daha çox elektron xidmətdən istifadə edirlər. Vətəndaşlar mobil internet üzərindən öz hesablarını idarə edə bilirlər. Azərbaycanda da yaxın gələcəkdə filialların regionallaşması prosesi gedəcək. Yəni banklar iqtisadi rayonlar üzrə filial açacaqlar».

Yeri gəlmişkən, «anspress»in məlumatına görə, ölkədə bir sıra banklar öz filiallarını artıq bağlamağa başlayıb. Buna səbəb kimi filiallarda daha çox kreditlərlə bağlı xidmətin göstərilməsi, bunun isə indi məhdudlaşdırılması göstərilir. Mütəxəssislər deyir ki, filialların bağlanmasına zərurət, əsasən, avtomobil kreditləşməsi dayandıqdan sonra yaranıb. Bir qayda olaraq banklar öz filiallarını müştərilərin sayının daha çox və təklif olunan xidmətlərə tələbatın yüksək olduğu bölgələrdə açırlar. Məqsəd xidmətlərə müştərilərin əlçatanlığını artırmaqdır.

Portal yazır ki, kreditlərlə bağlı son dəyişiklikdən sonra vətəndaşların bu filiallara müraciətləri azalıb. Bu isə öz növbəsində bankların gəlirlərinin azalmasına səbəb olub. Artıq həmin filialların saxlanması bank üçün əlavə xərcə çevrilib. Nəticədə banklar öz fəaliyyətində struktur dəyişikliyi həyata keçirməyə başlayıblar.

İqtisadçı Ruslan Atakişiyev isə bildirib ki, filialların bağlanması xüsusən bölgələrdə gözlənilir. Hesab edir ki, bu yerlərdə öz müştərilərinin azaldığını və digər xidmətlərə də tələbatın aşağı düşdüyünü görən bank həmin bölgədəki ofisini bağlayacaq. («Bizim Yol»)