vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
20:55 | 12 dekabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2142 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya «Şimal Liqası» və «5 Ulduz»un qara gözünə aşiq olub?

Kreml İtaliyada Azərbaycan qaz borusunun düşmənlərini necə dəstəkləyir...?

MÖVZU İLƏ ƏLAQƏLİ

Moskva 2016-cı ildə təkcə ABŞ prezident seçkilərinə müdaxilə edərək Donald Trampa dəstək verməyib, eyni zamanda İtaliyada keçirilən konstitusiya referendumu kampaniyasına da müdaxilə edib. Virtualaz.org xəbər verir ki, ABŞ kəşfiyyatında bunu sübut edən dəlillər var. «La Stampa» qəzetinin Vaşinqton müxbiri belə yazır.

ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə köməkçisinin keçmiş müavini Maykl Karpenter qəzetə açıqlamasında Rusiyanın İtaliyadakı referendum kampaniyasını təsdiq edib. Karpenter keçmiş vitse-prezident Cozef Baydenlə birlikdə Kremlin bu hücumuna dair «Foreign Affairs» qəzetində dərc edilmiş məqalənin müəllifidir.

Bu referendum kampaniyasında hakim partiya uduzub, nəticədə baş nazir Matteo Rentsi istefaya gedib. Karpenter bildirib ki, Rusiya sosial şəbəkələrdə trollardan və botlardan istifadə edərək onun maraqlarına cavab verən informasiyaları sosial şəbəkələrdə yayıb, hökumətin legitimliyinə zərbə vurmaq və «Yox» kampaniyasını dəstəkləmək üçün genişmiqyaslı müdaxilə həyata keçirib.

«La Stampa» yazır ki, Rusiyanın bu dezinformasiya kampaniyasına Sabkt-Peterburqdakı «İnternet-araşdırmalar agentliyi» də cəlb edilib. Maykl Karpenterin bildirdiyinə görə, bu agentliyin bəzi «dezertirləri» necə işlədiklərini dəqiqliyi ilə izah ediblər.

Bəs Rusiyanın məqsədi nə olub? Karpenter deyir: «Referendumda hakim partiyanın uduzması və qeyri-stabillik yaradılması». Bu, Rusiyanın digər Qərb ölkələrindəki məqsədləri ilə eynidir. Kreml Qərb ölkələrində xaos, qeyri-stabillik yaratmaq, hökumətləri laxlatmaq, millətçi, qatı solçu və qatı sağçı qrupları dəstəkləmək üçün çoxdandır iş aparır. «Moskva mənim ölkəmdə olduğu kimi sosial, etnik və irqi ayrı-seçkiliyi qızışdırmaq istəyir», - Karpenter deyib.

Lakin bu, Rusiyanın İtaliya siyasətinə müdaxiləsinin başa çatması deyil. Əsas məsələ qabaqdadır və Karpenter bildirir ki, Moskva İtaliydakı parlament seçkiləri ərəfəsində «Şimal Liqası» və «5 Ulduz» hərəkatına fəal dəstək verir. «Mənim Rusiya təbliğatı əsasında apadığım analizlər, eləcə də «Hamilton 68», «German Marshall Fund» və ya «Digital Forensic Lab» kimi müxtəlif təşkilatların məlumatları göstərir ki, Rusiya «Şimal Liqası»nı və «5 Ulduz» hərəkatını dəstəkləyir. Bunu sübut edən bir yığın dəlillər var»-Maykl Karpenter bildirib.

Özü də söhbət təkcə internetdə dəstəkdə deyil, siyasi dəstəkdən gedir. Karpenter bildirib ki, bu ilin martında «Şimal Liqası» Rusiyanın hakim «Vahid Rusiya» partiyası ilə əməkdaşlıq müqaviləsi bağlayıb. «5 Ulduz» hərəkatının liderləri isə Rusiyaya səfərlər ediblər. «Onlar Kremlin narrativ strategiyasına cəlb olunublar və Moskva tərəfindən hazırlanmış tezislərdən istifadə edirlər. Onlar Putinin başlıca ideoloji hədəflərini təmin edirlər, sanksiyaların götürülməsini istəyirlər, NATO-nu aqressivlikdə qınayırlar, Avropa İttifaqına hücum edirlər. İtaliya siyasi partiyası kimi onların buna tam haqqı var, lakin aydındır ki, hərəkat Kremlin strategiyası çərçivəsində fəaliyyət göstərir»-Karpenter bildirib.

Qeyd edək ki, «5 Ulduz» hərəkatı İtaliyada Azərbaycan qazının Avropaya nəqli üçün çəkilən TAP kəmərinə qarşı davamlı olaraq aksiyalar, təxribatlar, çıxışlar təşkil edir. Hərəkat İtaliya parlamentində 22 faizə yaxın səslə təmsil olunub. Hərəkatın lideri şoumen Beppe Grillodur. Analitiklərə görə 2018-ci ildə keçiriləcək parlament seçkilərində bu hərəkatın qalib gəlmək imkanı məhduddur, ancaq Rusiyanın dəstək verdiyi «Şimal liqası» ilə alyans qurub daha çox yerə nəzarət edə bilər.

Azərbaycan qazı Avropa bazarlarında Rusiya qazına hazırda yeganə alternativdir. Avropanın qaz bazarında inhisarçı mövqedə olan «Qazprom» dəfələrlə Cənub Qaz Dəhlizinə qarşı mənfi münasibətini büruzə verib.