vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
11:46 | 14 dekabr 2017 | Cümə axşamı Məqaləyə 1809 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putinin qalib ədası ...

... Yaxud rus generalının Bəşər Əsədə hörmətsizliyi

Elşad PAŞASOY

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya prezidenti Vladimir Putinin Suriya səfəri zamanı davranışları geniş müzakirə mövzusuna çevrilib. Xüsusilə də Rusiya liderinin Suriyada özünü qalib prezident kimi göstərməsi, üstəlik, rus generalın Suriya prezidenti Bəşər Əsədə qarşı davranışları daha çox diqqət çəkib.

Türkiyə səfərindən öncə Suriyadakı rus hərbi bazasına baş çəkən Putin elə bu səfərdə rus qoşunlarının Suriyadan çıxarılacağını elan etdi. Suriya uğrunda qələbəni təntənəli şəkildə elan etmək üçün Xmeymin aviabazasına gedən Rusiya prezidentinin bir neçə saatlıq səfəri barədə günlərdir ki, danışılır. Virtualaz.org xəbər verir ki, rus generallardan biri Suriya diktatoru Bəşər Əsədin qolundan tutaraq ləngidib və onun Putinlə yanaşı qırmızı xalı üzərində yeriməsinə mane olub. Kadrlara əsasən Putinin təyyarəsi aviabazada yerə enəndə onu Rusiya qoşun qruplaşmasının komandanı qarşılayır və raport verir. Daha sonra Putin onu Xmeymin aviabazasında gözləyən Bəşər Əsədlə və rus hərbçiləri ilə görüşür, ardınca hərbçilərin qarşısında çıxış etmək üçün qırmızı xalı üzərində tribunaya tərəf gedir. Bu vaxt Bəşər Əsəd də onunla yanaşı getmək istəyir, ancaq rus generallarından biri onun qolundan tutaraq saxlayır, işarə verir ki, Putindən arxada qalmaq lazımdır.

Yazıda qeyd olunduğu kimi, bu, Suriyada «xozeyinin» hazırda kim olduğunu göstərən simvolik kadrlardır. Bəşər Əsəd yüz minlərlə suriyalını qətlə yetirsə də, məhz Putinin sayəsində hakimiyyətdə qalıb və indi onun Rusiya prezidenti ilə bərabər şəkildə qələbə raportu verməsi əlbəttə ki, yersiz görünərdi. Bu, Putinin qələbəsidir və Əsəd ona şərik ola bilməz. Əsəd nəinki hakimiyyətdə qalmasına, eləcə də sağ olmasına görə Putinə minnətdar olmalıdır, həm də yerini bilməlidir. Yəni indi onun yeri Putindən arxadadır, hətta öz ölkəsində olsa belə.

Sözügedən materialda qeyd olunduğu kimi, B.Əsəd hətta özünün sağ qalmasına görə Putinə minnətdar olmalıdır. Ancaq o, eyni zamanda həm müxalifətlə, həm də İŞİD-lə müharibədən qalib çıxmağa məhz rus ordusunun gücü sayəsində nail oldu. Xəzərdən Suriyadakı mövqelərə zərbə endirən Rusiya ordusunun komandanının statusu təbii ki, başqadır. Elə ekspertlərimiz də bunu deyir.

«Putin hərbi bazaya gəlmişdi, Suriyaya yox. Burada səhv ondan ibarət olub ki, Putin Əsədlə hərbi bazada görüşmək niyyətində olub. Düzü, mən belə bir protokolu bilmirəm». Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov  açıqlamasında bunları bildirdi.

Diplomat dedi ki, bu gün hamı Suriyanın ərazi bütövlüyü, yaxud suverenliyindən danışır, amma bu ölkədə suverenlikdən heç nə qalmayıb: «Vəziyyət o həddə çatıb ki, müxtəlif dövlətlərin təyyarələri Suriya ərazisini bombardman edirlər. Müxtəlif bölgələri ayrı-ayrı qüvvələr tutub. Bu baxımdan protokol məsələsi o qədər də önəmli deyil. Protokol da bir sıra hallarda dövlətin nüfuzundan, gücündən asılıdır. Suriya böhran içindədirsə, onun protokolu da böhran içində olacaq. Bənzər davranışlar vaxtilə ABŞ prezidenti İraqa səfər edəndə də olub».

T.Zülfüqarov qeyd etdi ki, bu günlərdə ən yaxşı şərhləri müxtəlif xarici müşahidəçilər verirlər: «Bu səfər əsasən Putinin prezident seçkilərinə hazır olmasını açıqlamasından sonraya təsadüf etdi. Suriya səfərində də əsas məqsəd daxili siyasətə yönəlmişdi. Orda səslənən fikirlər də daxili auditoriyaya hesablanmışdı. Yəni Suriya səfəri daxili siyasətlə bağlı xarici səfər idi. Orda bəyan olunub ki, Suriyadakı qüvvələr çıxarılacaq. Seçicilərə göstərmək lazımdır ki, Putinin siyasəti dünyanın istənilən yerində Rusiyanın nüfuzunu qaldırmağa yönəlib».

Diplomat hesab etmir ki, B.Əsədə qarşı rus generalının hörmətsiz münasibəti hansısa ssenari əsasında qurulub: «Əgər Putin öz ordusu ilə görüşürsə, Əsədin orada görünməyi də düzgün deyildi. Müəyyən bir yerdə gözləyib, sonra Putinlə görüşsə, daha düzgün olardı».

General-leytenant Yaşar Aydəmirov açıqlamasında bildirdi ki, söhbət hərbi hissədən gedir və ona görə də həmin ərazi diplomatik ərazi deyil: «Hər bir ölkənin generalı özünün ali baş komandanına hörmət eməlidir. Ola bilər ki, onun bu hərəkəti etika qaydalarından kənardır. Mən rus generalın Bəşər Əsədin qolundan tutub onu ləngitməsinə yaxşı hərəkət kimi baxmıram. Amma bilmirəm, bəlkə orada nə isə başqa bir məsələ olub. Şəxsən mən bu məqamın mənasını başa düşə bilmirəm».

Yeri gəlmişkən, Putin Rusiyadakı prezident seçkilərinədək rus ordusunun Suriyadan çıxarılacağını bəyan edib. Y.Aydəmirov qeyd etdi ki, Rusiya prezidenti bu qərarı elə-belə qəbul etməyib: «O bilir ki, rus ordusu artıq Suriyada müəyyən vəzifələri icra edib. Onlar həm də Suriya ordusunun formalaşmasında, təminatında müəyyən işlər görüblər. Putin yəqin bilir ki, Suriya ordusu artıq xarici müdaxilənin qarşısını ala bilər. Sözsüz ki, rus ordusunun Suriya ordusunun formalaşmasında, nizam-intizamın yaradılmasında, hətta maddi-texniki təminat məsələlərində köməyi olub».

Bununla belə, general rus ordusunun Suriyanı tamamilə tərk etməyəcəyini düşünür: «Sözsüz ki, rus ordusu ordan heç vaxt tam çıxmaz. Ola bilsin ki, Rusiyadakı birləşmələrin müəyyən hissəsi ora ezam olunub. Yaxud qırıcı, bombardmançı təyyarələr öz yerlərinə qayıda bilərlər».

Y.Aydəmirov V.Putinin Suriyada «qalib ordunun, qalib ölkənin rəhbəri» kimi davranmasını təəccüblü saymır: «Rusların orada böyük rolu olub. Ümumiyyətlə, Suriya dövlətinin qorunmasında rus ordusu misilsiz rol oynayıb. Rus ordusunun Suriyadakı hissələri dəqiq silahlarla təmin olunmuşdu. Rus ordusu olmasaydı, Suriya ordusu çətin qələbə qazanardı. Odur ki, Əsəd qələbə qazanmasına görə Putinə borcludur və uzun müddət Rusiyaya minnətdar olmalıdır».