vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 oktyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9479 AZN
Rusiya rublu 1 RUB = 0.0259 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2135 AZN
Türk lirəsi 1 TRY = 0.3020 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
ENERGETİKA  
12:00 | 17 dekabr 2017 | Bazar Məqaləyə 1866 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Almaniya TAP-a qarşı

Ekspertlər bu qərarın layihənin icrasına təsirinin olmayacağını deyirlər

Dünya SAKİT

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa İnvestisiya Bankı (European Investment Bank, EIB) Azərbaycan qazını Avropaya daşıyacaq Trans Adriatik Qaz Kəmərinin(TAP) çəkilişini maliyyələşdirmək barədə gələn ilin fevralında qərar verəcək. Halbuki Bankın layihəyə 1,5 milyard avro ayırmaq barədə qərarının dekabrın 12-də keçirilən iclasında alacağı gözlənilirdi.

Bu məsələyə münasibətini bildirən SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib ki, bu addım layihənin icrasına hələlik təsir etməyəcək: «Hələlik bu qərar layihənin icrasına təsir etmir. TAP layihəsi 2020-ci ilin əvvəlində istismara veriləcək».

Vitse-prezident onu da qeyd edib ki, EIB bu qərarı bəzi amillərin təzyiqi altında atıb. Bu amillərdən birinci isə iclas ərəfəsində bank rəhbərliyinə edilən təzyiqlərdir. Belə ki, iclasla eyni gündə Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Parisdə qlobal iqlim dəyişiklikləri ilə bağlı sammit keçirilib. Ekologiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar  tədbirlər ərəfəsində nüfuzlu media orqanlarında bankın alternativ deyil, ənənəvi enerji mənbələrindən istifadəni genişləndirən layihəni maliyyələşdirmək qərarı verməsinə qarşı çıxıblar. Bundan əlavə, Azərbaycanda insan haqlarının pozulduğunu iddia edən beynəlxalq QHT təmsilçiləri EİB-i maliyyələşmədən imtina etməyə çağırıblar.

Qeyd edək ki, TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. Buna görə də Avropa Birliyinin iqlim və enerji məsələləri üzrə rəsmiləri bankı krediti ayırmağa çağırıb. Bildiriblər ki, layihəni dəstəkləyənlərə «təhlükəsiz adekvat maliyyə» lazımdır, onlar intensiv kapitalın gərəkdiyi tikinti mərhələsinə daxil olurlar.

EİB-in qərarını ertələməsi həqiqətənmi TAP-ın qrafikinə təsir göstərməyəcək? Bankın, ümumiyyətlə, maliyyələşmədən imtina etməsi mümkündürmü?

Sualları cavablandıran Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı TAP-ın çəkilişinin hər bir halda vaxtında başa çatacağı qənaətindədir: «Bu layihə Avropa Birliyi üçün çox böyük siyasi-iqtisadi əhəmiyyət kəsb edir. Avropanın Rusiyanın qaz asılılığını azaldır. Layihə üçün artıq kifayət qədər yüksək həcmdə kreditlər, maliyyə ayrılıb, işlərin xeyli hissəsi icra olunub. Buna görə də onun dayanacağını, yaxud ləngiyəcəyini düşünmürəm».

İnsan haqları məsələsinə gəlincə, xanım hüquq müdafiəçisi deyir ki, beynəlxalq maliyyə qurumları bir layihəylə bağlı qərar verərkən yalnız onun icra olunduğu ərazidəki insan haqları məsələlərini nəzərə alırlar: «Yəni əgər Avropa İnvestisiya Bankı müəyyənləşdirsə ki, TAP onun keçdiyi ərazilərdə yaşayan insanların haqlarının əvvəlkindən pis vəziyyətə düşməsinə gətirib çıxarır, onda maliyyələşməni ayırmaya bilər. Burada söhbət kəmərin keçdiyi ərazidəki insanların birbaşa kəmərin təsiri ilə pozula bilən hüquqlarından gedir. Azərbaycandakı vəziyyətin bura aidiyyəti yoxdur».

Ekoloji problemlərə gəlincə, M.Qəhrəmanlının dediyinə görə, hər hansı problem yarandıqda belə kəmərin tamamən dayanmasından deyil, təsirlərin minimuma endirilməsindən, yaxud marşrutda dəyişiklikdən söhbət gedə bilər: «Məsələn, Gürcüstanda Bakı-Tiflis-Ceyhan Borjomi dərəsindən keçirdi, gürcü ekoloqlar etiraz etdilər, fikirlərini əsaslandırdılar. Yalnız bundan sonra marşrutda dəyişiklik edildi. Yəni ekoloji əsas gətirəndə də mütləq ciddi izahat verilməlidir. Alternativ enerji əvəzinə qaz kəmərinin maliyyələşdirilməsi iddiası ciddi arqument ola bilməz. Alternativ enerjinin qazın yerini tutması üçün onilliklər lazımdır. O dövrdə Avropa nədən istifadə etməlidir?»

Təşkilat rəhbəri yalnız TAP deyil, Cənub Qaz Dəhlizi layihəsinin bütünlüklə və qrafikə uyğun həyata keçiriləcəyinə əmindir: «Bilirsiniz, biznes və siyasi maraqlar olan yerdə digər maraqlar, hüquqlar sonrakı yerlərdə gəlir. Biz 17 ildir bunu görə-görə gəlirik».

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, bankın qərarı ertələməsinə baxmayaraq, layihənin icrasında hər hansı ləngimə olmayacaq: «Xarici mətbuatın Bank rəhbərliyindəki mənbəyə istinadən yazdığına görə, qərarın qəbulunun təxirə salınmasının əsas səbəbi Almaniya hökumətinin layihə ilə bağlı iradları olub. Bu iradların bir qismi kəmərin İtaliya ərazisindəki hissəsinin yaratdığı ekoloji problemlərin tam aradan qaldırılmaması ilə bağlıdır. Digər irad isə Azərbaycanda layihədən faydalananın dövlət şirkəti olduğu, dövlətin ərazisində isə insan haqlarına riayət olunmaması iddiasıdır. Lakin düşünürəm ki, bunlar o qədər də inandırıcı deyil. Çünki İtaliya ərazisindəki ekoloji problemlər məsələsi bu ilin əvvəli üçün daha kəskin qoyulurdu. Lakin ilin əvvəlindən bəri Cənub Qaz Dəhlizinə milyardlarla dollar vəsait ayrılması barədə beynəlxalq maliyyə qurumlarının qərarları oldu. İndi isə ilin sonudur, İtaliyadakı problemlər demək olar ki, tamamən həllini tapıb, müzakirələr də səngilyib. Bütün bunları nəzərə alaraq, düşünürəm ki, Bankın Direktorlar Şurasının qərarı texniki baxımdan vaxt çatdırmadığı üçün təxirə salması barədə deyilənlər daha doğrudur».

İ.Şabanın fikrincə, hətta Avropa İnvestisiya Bankı vəsait ayırmasa belə, Azərbaycanın TAP-dakı 20 faiz payının qalan hissəsini - təxminən 450 milyon dolları maliyyələşdirmək  üçün yetərli imkanı olacaq.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *