vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
MÜSAHİB  
13:02 | 17 dekabr 2017 | Bazar Məqaləyə 6133 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mehriban Əliyevanı uşaqlıqdan tanıyıram»

Elçin Şıxlı: «Ona görə müəyyən mənada nikbinəm, həm də nəyəsə ümid etmək lazımdır»

MÖVZU İLƏ ƏLAQƏLİ

2014-cü ildə fəaliyyəti dayandırılmış «Ayna» və «Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlının «Ölkə.az» xəbər portalına müsahibəsi sosial şəbəkələrdə müzakirə və mübahisə obyektinə çevrildi. E.Şıxlının hakim ailə barədə fikirləri birmənalı qarşılanmadı və suallar doğurdu. Meydan TV sual yaradan məqamlarla bağlı Elçin Şıxlının qonağı oldu.


- Elçin bəy, müsahibəniz müzakirələrə səbəb oldu, müxtəlif fikirlər və ittihamlar da var. Əsasən də prezident İlham Əliyev və xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva barədə dediklərinizdir. Birinci sualım ölkə başçısı haqqında fikirlərinizlə bağlıdır. İlham Əliyev 2003-cü ilin avqustunda Milli Məclisdə Baş nazir təyin olunanda siz də zaldaydınız və hətta təyinatı alqışlayanlardan oldunuz. Ötən 14 ildə gözləntiləriniz doğruldumu?

- Bəli, iclasda olmuşam, o zaman dövlət tədbirlərinə dəvət olunurdum. Və alqışlayanlardan biri idim. O mənada ki, hakimiyyətə cavan adam gəlirdi, nəsə yeni şeylər gözləyirdim. Çünki o cavan adam dünyanı görüb, Moskva Dövlət Universitetini bitirib, bir neçə xarici dil bilir... Hər halda gözləntilərim ondan ibarət idi ki, bu insan Şərq dünyasını yox, Qərbi daha yaxşı tanıyır və Avropadakı dəyərlər Azərbaycanda daha asan, daha geniş olacaq. Təəssüf ki, gözləntilərimin hamısı həyata keçməyib.

 

- Narazı qaldıqlarınızı tezis şəklində sadalaya bilərsinizmi?

- Media adamı olduğum üçün bu barədə danışa bilərəm. Azərbaycanda media yoxdur, jurnalistika məhv olmuş şəkildədir, tək-tük kimsə nəsə deyir, onların da səsi artıq eşidilmir, kəmiyyət var, keyfiyyət yoxdur. Sərbəst söz söyləməyin özü də problemdir, məsələn, mən hətta prezident İlham Əliyev, yaxud xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva haqqında müsbətəbənzər fikir işlədəndə belə çox adamın xoşuna gəlmir. Bu, Azərbaycanda fikir rəngarəngliyinin problemli olduğunun göstəricisidir, hər iki tərəfdən.

 

- Dediyiniz çox adam haqlı, yoxsa haqsızdır?

- Haqlı, yaxud haqsız deyə bilmərəm, hər adamın öz fikri ola bilər. Problem ondan ibarətdir ki, hamı başqalarının özü kimi düşünməsini istəyir və bunu tələb edir.

 

- Amma ortada gerçəklik də var…

- Bəli, var, amma mən bu tələbi heç bir tərəfdən qəbul etmirəm. Çünki mənim öz fikrim var. Ola bilsin, müəyyən məqamda bəlkə də nəyisə yanlış deyirəm, amma fikir mənimdir və bu baxımdan da fikrimin üstündə dayanıram. Ancaq fikri dəyişə də bilərəm. O mənada ki, sabah indiki kimi deyil, tamam fərqli bir şey ola bilər, o zaman sabaha uyğun fikir deyəcəm.

 

- ReAL-ın həbsdə olan sədri İlqar Məmmədov barədə dediklərinizə gəlmək istərdim. Bir çox beynəlxalq təşkilatın hakimiyyətdən onun buraxılması barədə tələblərini bilirsiniz. Avropa Məhkəməsinin məlum qərarı var və bu qərar Avropa Şurası ilə Azərbaycan arasında skandal yaradıb, artıq prosedur başlayıb. Doğrudanmı, prezidentin bu skandaldan xəbəri olmadığını düşünürsünüz? Əgər Rusiyapərəstlər həbs edibsə, azadlığa buraxmırsa, bu, prezident üçün daha pis deyilmi?

- Daha pisdir və təbii ki, prezidentin bundan xəbəri var. Vəziyyət o dərəcəyə çatıb ki… Bayaq dedim, bu gün bir fikirdə ola bilərəm, sabah vəziyyət dəyişsə, başqa fikirdə. Mənə asandır, amma prezident olduğu üçün bu adam deyə bilməz ki, olmamalıydı, oldu. Adam dirənir…

 

- Söhbət prezidentdən gedir?

- Təbii, hər bir adam, o cümlədən prezident. Mən indi sadə adamam, bağışlayın, vəssalam. Amma biri də var prezident səviyyəsində bağışlayın deyəsən. İlqar Məmmədov tutulmamalı idi, ümumiyyətlə, o, heç bir əməl də törətməyib, sübuta yetirilməyib. Bizim məhkəmələri tanıyıram. Ümumiyyətlə, siyasi-ictimai nöqteyi-nəzərdən İlqar Məmmədov həbs olunmamalıydı. Onu tutmaq olmazdı, bu, burnundan o yanı görməmək deməkdir.

 

- Sabiq prezident Heydər Əliyev nümunəsi də var. 1998-ci ildə Baş prokuror Eldar Həsənova göstəriş verdi, Pənah Hüseyni həbsxanadan çıxartdırıb birbaşa kabinetinə gətizdirdi və söhbət etdi. Əgər onun varisi İlham Əliyev atasının kursunu davam etdirirsə, bu variantdan istifadə edə bilməzmi?

- Etmək olar. Müsahibəmdə demişdim ki, hər bir rəhbər şəxsin, təbii ki, prezidentin müxtəlif sahələr üzrə yardımçıları, köməkçiləri olur. Onlar həmişə öz sahələri ilə bağlı hesabatı prezidentə təqdim edirlər. Hesabatın necə hazırlanmasından və orada nə yazılmasından da çox şey asılıdır. Heydər Əliyev başqa adam idi, siyasi cəhətdən həddən artıq böyük adam idi. Hətta özü üçün çətin və pis məqamları belə xeyrinə çevirməyi bacarırdı. Məsələn, Pənah Hüseyni kabinetinə gətirib söhbət edir. Sovet dövründən belə bir siyasəti vardı: onu tənqid edənə, hansısa sahəni hədəfə alana həmin sahəni tapşırırdı və deyirdi: «İşlə». Sonra da biabır edib kənarlaşdırırdı. Biz dəfələlərlə bunun şahidi də olduq.

 

- «Azərbaycanda müxalifət keçmişdə qalıb» söyləyən Elçin Şıxlıya həm də hakim komandanın əksər üzvlərinin sovet nomenklaturasının yetirmələri olduğu məlumdur. Ötən 14 ildə bir sıra nazirlər dəyişsə də, idarəetmə dəyişmədisə, hakimiyyətin özü  keçmişdə qalmayıbmı?

- Elə mən də müsahibəmdə keçmişlə bağlı kiminsə fikrini təkrarlaya biləcəyimi demişdim. O cümlədən, sovet nomenklaturasının işçiləri olduğunu bildirmişəm. Bilirsiniz, sistem dəyişməyib.

 

- Nazirlər Kabinetinin sədri Artur Rasizadə 21 ildir...

- Yenə rəhmətlik Heydər Əliyevdən misal gətirəcəm, o, bizi qəbul edəndə Rauf Arifoğlu onun qardaşından şikayət etdi. Heydər Əliyev dedi ki, gəl, o məsələnin üstündən keçək. İndi də Baş nazir məsələsinin üstündən keçək, danışılası deyil. Sistem və sxem dəyişməlidir.


- Kim dəyişməlidir?

- Təbii ki, rəhbərlikdə olan etməlidir. Amma biri var kiminsə gücü çatır, kiminsə çatmır.


-  İlham Əliyevin gücü çatmırmı?

-  Görünür, çatmır. Bu adamın atasından qalma işçilərin qarşısında hansısa mənəvi öhdəliyi ola bilər.


- Yalnız mənəvimi?

- Yalnız mənəvi, başqa nə ola bilər?


- Mehriban Əliyevanın özünə komanda seçdiyini bildirmisiniz, konkret kimləri göstərə bilərsiniz ki, mütərəqqi adamlar sayıla bilər?

- Hələ heç kimi deyə bilmərəm. Çünki özünün inzibati idarəsini hazırlayır, Birinci-vitse prezidentin də aparatı olur. Aparata yığdığı gənc adamlar var, amma normal tanınmır, bir-ikisinin adını bilirik. Mən ikisini şəxsən tanıyıram, üçüncüsünü bir az.


- Konkret adlarını çəkə bilərsiniz?

- Bəli, birinci köməkçisi Anar Ələkbərov, İsveçrədə səfirimiz olan Əmirbəyov və hüquqi məsələlər üzrə gənc oğlan var, savadlıdır, səhv etmirəmsə, Gündüzdür.


- Bu adamlar sistemin içində əriyə bilməzlərmi, məsələn, Mikayıl Cabbarovu təhsil naziri qoydular, amma dəyişiklik olmadı...?

- Bəli, onlar sistemin içində əriyə bilərlər. Bu saat məni təhsil naziri qoysalar, heç nə edə bilməyəcəm. Müəyyən şərtlər var, normal ölkələrdə universitetlər müstəqildir, rektoru kollektiv seçir, AMEA bizim anlamımızda olduğu kimi deyil, sistem dəyişməlidir. Sovet dövründə üç il Maarif Nazirliyində kollegiya katibi və nazirin köməkçisi işləmişəm, ancaq orta məktəb sisteminin öhdəsindən gəlmək üçün güc çatmırdı, çox dəhşətliydi, böyük sahəydi.


-  Doğrudanmı, sizdə belə təsəvvür var ki, Mehriban xanım komandanı dəyişmək istəyir?

-  Bəli, var.


-  İnformasiyaya, yoxsa təhlilə əsaslanırsınız?

- Görünür də. Mən deyə bilmərəm ki, dəyişdiyi adamların hamısı idealdır, amma hər halda dəyişmək istəyir və dəyişir də.


- Heydər Əliyev Fondunda işləmiş şəxslər var ki, onlar son illərdə nazir vəzifəsinədək irəli çəkiliblər. Məsələn, rabitə və informasiya texnologiyaları naziri Ramin Quluzadə. Ancaq Azərbaycan və xarici mətbuatdakı yazılarda fondun maliyyə mənbələri sualı aktual olaraq qalır. Niyə fondun maliyyə mənbələri qapalıdır? Düzdür, fond Azərbaycanda və xaricdə böyük işlər görür, kilsələr təmir edir, məktəblər tikir, bəs bunların maliyyə mənbələri hardandır? Yaxud Heydər Əliyev Fondunun adı beynəlxalq hesabatlarda ofşor zonalarda çəkilir, araşdırmaların nəticəsi olaraq, amma təkzib də olunmur. Belə olduqda Mehriban Əliyeva və onun komandaslı barədə nikbin düşüncələriniz hardandır?

- Birinci, bizdə nə açıqdır ki, o da açıq olsun? Hər şey qapalıdır. İkinci, bu, sistemdən irəli gəlir. Üçüncü, nikbin olmağım, sözün doğrusu, Mehriban Əliyevanı uşaqlıqdan tanıyıram. Yazıçılar mühitində böyümüşəm, Süleyman Rüstəmin oğlundan başlamış Mirmehdi Seyidzadə, Əliağa Kürçaylı, Bəxtiyar Vahabzadə, Qabil, onların uşaqları ilə bir yerdə böyümüşük, ünsiyyətdə olmuşuq, hər birini tanıyıram. Dostlarım arasında olanda çox vaxt deyirəm ki, mənim yanımda yazıçılardan danışmayın, yəni hamısını tanıyıram. Mehriban xanım da elə, Mircəlal Paşayevin nəvəsidir, həm də eyvan qonşusu olmuşuq, bir-birimizi görüb böyümüşük. İndi də küçədə məni görsə, o saat salamlaşıb hal-əhval tutacaq. Rəhmətlik anası Aida xanımı da tanımışam, atasını da tanıyıram, ziyalı ailədir. İndi çox şeylər deyilir, hakimiyyətə gəlmək, hakimiyyətdəki geniş imkanlar tamam başqa şeylərdir. Adamı tanıdığıma görə müəyyən mənada nikbinəm, həm də nəyəsə ümid etmək lazımdır. Hətta çox çətin və mənfi situasiyada adam işıqlı bir şey axtarmaq istəyir, onu etməsən, yaşamaq çox çətin olur.

 

- Doğrudanmı, Mehriban Əliyevanın Azərbaycanı dəyişmək istədiyinə inanırsınız? 

- Bəli, ola bilsin mənimlə bir çox adam razı olmayacaq. Deyəcəklər ki, indiyə qədər niyə dəyişmirdi? Ona görə ki, vəzifəsi yox idi. Hətta mənim həyat yoldaşım evdə deyəndə ki, işdə filan məsələni niyə belə etdin. Bir az dinləyib cavab verirəm ki, özüm bilərəm. Amma indi Mehriban xanımın vəzifəsi var, prezidentdən sonra ikinci adamdır və məsuliyyət var. Həm də ona görə nikbinəm ki, mən bu adama bədə-bəddə nə olsa müraciət edə bilərəm və fikrimi deyə bilərəm.

 

-  Bəs ölkə mətbuatı haqda niyə müraciət etmirsiniz?

-  Kim sizə deyib ki, müraciət etməmişəm? 

 

-  Cavab almısınızmı?

-  Yox, cavab almamışam. Yəni o səviyyədə müraciət olmayıb, amma hər gün yazdıqlarım, «Ayna»dakı yazılar elə müraciətdir, nə deyiriksə, müraciətdir. Mən hər gün həmkarlarımın bir neçə sualına cavab verirəm, bunlar hamısı müraciətdir. Sadəcə, masanın üstünə hesabat qoyanlar var. Həmin hesabatı masanın üstünə qoyanlar dediklərimizi ora daxil edir, ya etmir, bu, başqa məsələdir. Sistemdə olanlar vaxtilə mənə deyirdilər ki, necə istəyiriksə, hesabatı hazırlayır və lazım gələndə birinin üstünə beşini də qoyuruq.