vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
10:10 | 22 dekabr 2017 | Cümə Məqaləyə 4296 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Konserv qutularından kosmosa?

Düşmən Azərbaycana qarşı kosmik kəşfiyyata cəhd edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu yaxınlara qədər kəşfiyyat vasitələri təmas xətti boyu məftilə düzülmüş boş konserv qutularından ibarət olan düşmən ordusu Azərbaycana qarşı kosmosdan kəşfiyyat aparmaq niyyətinə düşüb. Belə ki, Ermənistan silahlı qüvvələri yaxın gələcəkdə öz kəşfiyyat imkanlarını genişləndirəcək və qonşu ölkələrin ərazisində «kosmik çəkilişlərin köməyi ilə» operativ kəşfiyyat aparacaq. Virtualaz.org xəbər verir ki, bu barədə Ermənistan hökumətinin ötən gün dekabrın 21-də qəbul etdiyi qərarda deyilir. Məlumatı «Azadlıq» radiosunun erməni xidməti yayıb.

Qərara əsasən ötən ay hökumətin qərarı ilə yaradılmış «Geokosmos» qapalı səhmdar cəmiyyətinə «Geokosmos» qəbuledici stansiyasının proqram-texniki kompleksini modernləşdirmək və işlək vəziyyətə gətirmək üçün 3 milyon dollar ayrılır. Habelə bu səhmdar cəmiyyətin balansına təxminən 1 milyon dollarlıq əmlak verilir. Qərarda digər təfərrüatlar barədə danışılmır.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan da detallar haqda danışmaqdan imtina edib. O, layihənin «məxfi» olduğunu deyib. «Kosmik texnologiyaların köməyi ilə kəşfiyyat imkanlarının genişləndirilməsi kəşfiyyatın üsullarından biridir», - Ovanisyan deyib.

Bəs «Geokosmos»un əsasının qoyulması Ermənistanın kosmosa kəşfiyyat peyki buraxmasına hazırlıqdırmı? Ovanisyan deyib ki, bu barədə nəsə deyə bilməz. Lakin silahlı qüvvələr öz kəşfiyyat imkanlarını genişləndirir və qəbul edilən qərar da buna xidmət edən addımlardan biridir.

Radiostansiya xatırladır ki, ötən ilin aprel döyüşlərinə qədər Ermənistan ordusu dərinliklərdə kəşfiyyat aparmaq üçün texniki imkanlara malik deyildi. Bunu qondarma «dqr müdafiə naziri» Levon Mnatsakanyan da etiraf etmişdi. Lakin indi erməni tərəfi iddia edir ki, guya Azərbaycan ərazisinin dərinliklərində kəşfiyyat aparmaq üçün texniki vasitələr əldə edib.

Ermənistan parlamentinin keçmiş deputatı, beynəlxalq məsələlər və təhlükəsizlik İnstitutunun rəhbəri Stepan Səfəryan isə deyir ki, Ermənistan-Rusiya hərbi əməkdaşlıq müqavilələrində Rusiyanın kəşfiyyat peyklərindən birdə istifadə də nəzərdə tutulur.

«Ancaq bu başqa məsələdir ki, Ermənistan rəhbərliyi Rusiyadan milli təhlükəsizlik və müdafiə ilə bağlı mühüm informasiyaları ona təqdim etməyi tələb etmək cəsarətində olmayıb. Mən özüm xatırlayıram ki, 4-cü çağırış Milli məclisdə biz bir sıra müqavilələri, o cümlədən Rusiya peyklərindən birgə istifadə barədə müqaviləni ratifikasiya etmişik», - Səfəryan deyir.

Stepan Səfəryanın fikrincə həmin müqavilə imkan verir ki, Ermənistan Rusiyanın hərbi kəşfiyyat peyklərinin imkanlarından istifadə etsin. Hərçənd ötən ilin aprel hadisələri zamanı Rusiya Ermənistana kosmik kəşfiyyat vasitəsilə əldə edilən informasiyaları təqdim etməyib. «Görünür indi hökumət bu qərarı verməklə nümayiş etdirmək istəyir ki, Rusiya peyklərindən birgə istifadə imkanlarına malikdir», - Səfəryan deyir.

Bəs Ermənistan ordusunun Rusiya hərbi kəşfiyyat peykləri tərəfindən kəşfiyyat məlumatları ilə təchiz edilməsinin mümkünlüyü nə vəd edir? Azərbaycan bu perspektivi nəzərə alırmı?

Qeyd etmək lazımdır ki, Azərbaycan hələ illər əvvəl özünün ilk kosmik peykini buraxıb. Bu peyk telekommunikasiya təyinatlı olsa da mütəxəssislər qeyd edirlər ki, hərbi təyinatlı peyklərlə mülki peyklər arasında fərq əslində azdır. Yəni istənilən vaxt mülki təyinatlı peykdən də hərbi kəşfiyyat məqsədi ilə istifadə etmək olar. Xüsusən də Azərbaycanın kosmosda artıq üç süni peykinin olduğunu və onların ən son texnologiyalarla hazırlandığı nəzərə alınarsa. Yəni Azərbaycan əslində kosmik kəşfiyyat imkanlarına çoxdan malikdir və bu imkanlardan istifadə edərək nəinki işğal altındakı ərazilərin, eləcə də Ermənistan ərazisinin kosmosdan yüksək dəqiqliklə çəkilişlərini apara bilər, bəlkə də artıq aparır.

Digər tərəfdən bu günlərdə hökumət ölkəyə idxal edilən uçan aparatların, təyyarə hissələrinin və kosmik aparatların gömrük rüsumundan azad edilməsinə dair qərar verib. Bu da Azərbaycanın yaxın gələcəkdə hərbi kəşfiyyat  peykləri də əldə edib kosmosa buraxa biləcəyini göstərir. Xüsusən də nəzərə alınanda ki, bir neçə il əvvəl İsrail mənbələri Azərbaycanın bu ölkədən hərbi kəşfiyyat peykləri almaq barədə danışıqlar apardığı barədə yazmışdı.

Ermənistanda nəzərə alırlar ki, Azərbaycan silahlanmanın bütün istiqamətləri üzrə onu çoxdan qabaqlayıb, o cümlədən kəşfiyyat aparmaq üçün texniki vasitələrin geniş spektrinə malikdir. Bu səbəbdən düşmən ölkə indi kosmik kəşfiyyat imkanlarına malik olmağa cəhd edir və aydındır ki, müttəfiqinin köməyi olmadan bunu edə bilməz.