vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
GÜNDƏM  
09:21 | 5 fevral 2014 | Çərşənbə Məqaləyə 4661 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakı erməniləri təhlükədir?

Dövlət Statistika Komitəsinin 2009-cu il əhalinin siyahıyaalınmasına əsasən onların sayı 300 nəfərdir, ekspertlər isə 25-30 min rəqəmi üzərində dayanır

musavat.com

MÖVZU İLƏ ƏLAQƏLİ

Öz ailəsi ilə birlikdə sığınacaq almaq üçün Ermənistana gedən və rəsmi şəkildə erməni hakimiyyətinə müraciət edən Azərbaycan vətəndaşı Cavid Orucov ətrafında baş verənlər gündəmə yeni mövzu çıxarıb. Söhbət əslən erməni olan və Azərbaycan paytaxtında yaşayan erməni milliyyətindən olan vətəndaşlardan gedir.

Xatırladaq ki, Bakıda 25-30 min erməninin yaşadığı barədə vaxtaşırı rəsmi məlumatlar yayılıb. Azərbaycan rəsmiləri Qarabağ danışıqlarında bu faktı xüsusilə qabardaraq Ermənistanda bir nəfər də olsun azərbaycanlının yaşamadığını daim diqqətə çatdırıb. Bura Dağlıq Qarabağda yaşayan və Azərbaycan vətəndaşı olan erməniləri də əlavə etsək, böyük bir siyahı alınar. Ancaq bu da var ki, Bakıda yaşayan ermənilərdən zaman-zaman Azərbaycana qarşı istifadə olunub, həmçinin milliyyətcə erməni olanlar Avropa İnsan Haqları Məhkəməsində ölkəmizə qarşı iddia qaldırıb, yaxud üçüncü ölkəyə üz tutandan sonra Azərbaycana qarşı ittihamçı mövqedən çıxış edib. C.Orucovun həyat yoldaşının erməni olması faktı da sübut edir ki, erməni faktından Azərbaycana qarşı istifadə halları daim olacaq. APA-nın apardığı araşdırma nəticəsində məlum olub ki, C.Orucov 1976-cı ildə Bakı şəhərində anadan olub və bu günə kimi Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4085-ci məhəllə, ev 1, mənzil 5 ünvanına qeydiyyatdadır. Onun həyat yoldaşı Mirzəyeva (Əliyeva) Röya Rauf qızı da 1983-cü ildə Bakı şəhərində doğulub. Ancaq araşdırma zamanı o da müəyyən edilib ki, C. Orucovun atası 1945-ci ildə Şuşa şəhərində anadan olub, orta məktəblərdə müəllim işləyib və 2008-ci ildə vəfat edib. Anası Orucova Mirvari Əsədulla qızı 1947-ci ildə Bakı şəhərində anadan olub, hazırda paytaxtda yaşayır və 11 saylı İnternat Məktəbində müdir müavini işləyir. Ailə üzvləri ilə birgə Ermənistana səfər etməklə Azərbaycan vətəndaşlığından imtina edərək Ermənistan vasitəsilə üçüncü ölkədə sığınacaq almaq istəyində olan C.Orucovun həyat yoldaşı haqqında maraqlı faktlar ortaya çıxıb. C.Orucovun anası Mirvari Orucova deyib ki, oğlu 2009-cu ildə sosial şəbəkə vasitəsilə tanış olduğu Bakı şəhər sakini Röya Mirzəyeva ilə ailə qurub və həmin nikahdan onların 3 övladı olub. M. Orucovanın dediyinə görə, R. Mirzəyevanın atası əslən Şuşa rayonundan olan bəstəkar Rauf Əliyev, anası Əliyeva Alia Davudovnadır. «Cavidin qayınanası Alia Əliyevanın atası Davud Mirzoyan isə əslən Qarabağ bölgəsindəndir, milliyyətcə ermənidir və vəfat edib. Anası isə əslən Polşadan olan yəhudidir»-deyə, M.Orucova bildirib. Göründüyü kimi, on illər keçəndən sonra hətta damarlarından azərbaycanlı qanı axan birisi erməni kartından istifadə edərək millətinə və vətəninə xəyanət edib. Ermənistan mətbuatı iddia edib ki, guya C. Orucov həyat yoldaşının erməni milliyyəti ilə qarışıqlığı olması səbəbindən Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən incidilərək maraqları üçün istifadəyə məcbur edilib.

Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov «Yeni Müsavat»a bildirdi ki, 60-cı illərdən bəri Şuşada yaşayan hər kəsi yaxşı tanıyır: «Ancaq Şuşada Rauf Əliyev adlı bəstəkar tanımamışam. Şuşadan bir bəstəkar var - 40-cı illərin sonlarında anadan olub, Əliyev Rafiq Tofiq oğlu, hazırda Bəstəkarlar İttifaqının Şuşa rayon şöbəsindədir, yaxşı bir bəstəkarımızdır, yaxşı da tanıyırıq. Mən bu faktın araşdırılması üçün göstəriş  verəcəyəm. Amma Şuşada elə bir adam yaşamayıb. Mən 1960-65-ci illərdən sonra Şuşada yaşayanların hamısını əzbər bilirəm. Şuşada Polşa yəhudisi nə gəzirdi? Bir nəfər beləsi olsaydı, hamı tanıyardı». B.Səfərov C.Orucovun sığınacaq istəyinə də reaksiya verdi: «Onun seçimi belə olub. Arvadı ermənidirsə və arvadının qohumlarına tərəf gedibsə, mən nə deyə bilərəm ki? Təbii ki, heç bir azərbaycanlı bu addımı normal qəbul edə bilməz. Siz necə bu faktla bağlı nə fikirdəsinizsə, mən də eyni cür düşünürəm, mən də sizin biriniz kimi, millətimi və ölkəmi sevirəm. Xalqını və ölkəsini sevməyən adamların hamısına da düşmən gözü ilə baxıram». B.Səfərov Bakıda yaşayan ermənilərin təhlükə mənbəyi olması ilə bağlı deyilənlərə fərqli yanaşır: «Onlar Azərbaycanda anadan olublar, yaşayırlar, Azərbaycanı seçib qalıblar və Azərbaycan vətəndaşlarıdır. Onlarla bağlı Azərbaycan xalqının ayıq-sayıq olması lazımdır. Ancaq mən inanmıram ki, onların hamısı təhlükə mənbəyi olsun. Çünki bugünkü Azərbaycan, onun inkişafı, yüksəlişi, insanların firavan yaşaması, sabitliyin hökm sürməsi, nümunəvi dünya ölkələrindən biri olması faktdır. Bu adam belə bir ölkəni qoyub acından ölən Ermənistana niyə gedib?» İcma rəhbəri Ermənistanın bu faktdan sui-istifadə etməsini təbii saydı: «Təəssüf ki, bəzən bizimkilər də bu məsələdə erməniyə kömək edirlər».

 

«Erməni ermənidir və onlardan nə desən gözləmək olar»

 

Hakim partiyadan azərbaycanlı ailənin Ermənistanda siyasi sığınacaq istəməsinə münasibət bildirilib. YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov aznews.az-a bildirib ki, bu cür hallar Ermənistan tərəfinin növbəti təxribatıdır: «Cavid Orucovun həyat yoldaşı ermənidir. Onlar bir müddət əvvəl də xaricdə yaşayıblar və bu müddət ərzində ola bilər ki, sözügedən ailə ermənilərlə əlaqəyə girib. Nəticə olaraq onlar Ermənistana keçmək kimi addım atıblar. Bunun özü də təxribatın bir formasıdır. İşğalçı ölkə dünya ölkələrinə göstərmək istəyir ki, sözügedən ailə Azərbaycandan qaçıb Ermənistana gəlib. Çünki biz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağda ermənilərin hüquqlarının qorunması ilə bağlı dəfələrlə bəyanat vermişik. Bununla Ermənistan dünyaya car çəkmək istəyir ki, onların Azərbaycanda hüquqları pozulur». S.Novruzov vurğulayıb ki, Ermənistanda bir azərbaycanlı yaşamadığı halda Azərbaycanda 30 minə yaxın erməni yaşayır: «Onların bəziləri kimlərinsə həyat yoldaşı, övladıdır. Bununla bərabər ölkədə mənşəcə erməni olan hüquq müdafiəçiləri var. Onlar digər Azərbaycan vətəndaşları kimi eyni hüquqa malikdir. Azərbaycanda ermənilərə qarşı hər hansı təhdid yoxdur. Hesab etmirəm ki, onlara bu gün Azərbaycan tərəfindən yaradılan şəraitin əvəzində hər hansı təxribata getsinlər. Amma yenə də erməni ermənidir və onlardan nə desən gözləmək olar».

 

Bakıda ermənilərin sayı nə qədərdir - 300 nəfər?

 

Rəsmi qurumların Bakıda yaşayan ermənilərlə bağlı mövqeyi necədir, onların statistikası aparılırmı, fəaliyyəti izlənilirmi? Ümumiyyətlə, Bakı erməniləri potensial təhlükə mənbəyi sayılırmı?

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin əhali və gender statistika şöbəsinin müdiri Rza Allahverdiyev bildirdi ki, sonuncu siyahıyaalma 2009-cu ildə olsa da, Bakıda yaşayan ermənilərin konkret sayı barədə onlarda məlumat yoxdur: «Siyahıyaalma zamanı vətəndaş demir ki, «mən erməniyəm», deyir «azərbaycanlıyam». Biz də orda sənəd yoxlamırıq ki, bunu dəqiqləşdirək. Odur ki, bunu daha dəqiq pasport xidmətləri dəqiq bilə bilər. Biz siyahıya alma keçirəndə heç bir respondentdən tələb olunmur ki, sən gətir pasportunu göstər, görək kimsən, nəçisən? Sadəcə, soruşuruq hansı millətdənsən, deyir azərbaycanlıyam. Məsələn, qarışıq nikahdadır, ər azərbaycanlıdır, arvad erməni olsa da, deyir azərbaycanlıyam. Bu səbəbdən konkret bilinmir ki, burada nə qədər erməni var». 

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin saytında 2009-cu il əhalinin siyahıyaalınmasının məlumatları bölümündə Azərbaycanda yaşayan ermənilərin sayının 120 min 300 nəfər olduğu qeyd olunub. Qurumdan aldığımız məlumata görə, söhbət Dağlıq Qarabağda yaşayan 120 min nəfərdən və Bakıdakı 300 ermənidən gedir. Göründüyü kimi, Bakıda 30 minədək erməni yaşadığı halda, onların yalnız 1 faizi rəsmiləşdirilib.

Qeyd edək ki, BMT-nin tövsiyələrinə uyğun olaraq siyahıyaalma zamanı respondentdən sənəd tələb olunmur. Üstəlik, şəxsiyyət vəsiqələrində milliyyət bölümünün yer almaması da bu işə əlavə əngəl yaradıb.

DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə Bakı ermənilərinin potensial təhlükə mənbəyi olduğunu güman etmir. «Yeni Müsavat»a açıqlamasında DİN rəsmisi onu da bildirdi ki, milliyyətindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün vətəndaşların hüquqları qorunur: «Azərbaycan çoxmillətli, tolerant bir dövlətdir. Azərbaycanda yaşayan insanların hamısı Azərbaycan vətəndaşlarıdır. Azərbaycan vətəndaşlarının da təhlükəsizliyinin, asayişinin keşiyində dövlətimiz və onun hüquq-mühafizə orqanları durub. İctimai təhlükəsizliyə, kriminogen duruma da tam nəzarət olunur». 

MTN-in mətbuat xidmətinin rəhbəri Arif Babayev isə «biz buna münasibət bildirmirik» deməklə kifayətləndi.

 

«Erməni adı ilə alver edən, ancaq erməni olmayanlar daha çoxdur»

 

Miqrantlara Hüquqi Yardım İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev deyir ki, Dövlət Statistika Komitəsinə məlumatlar DİN-in şəxsiyyət vəsiqəsi və qeydiyyat bölmələri tərəfindən göndərilir: «Yəni vətəndaşlar doğum haqqında şəhadətnamə alanda şəhadətnamə almasını təsdiq edən vərəqi doldurub Dövlət Statistika Komitəsinə göndərirlər. Eyni zamanda şəxsiyyət vəsiqəsi alanda da oxşar talonlar doldurulur və göndərilir. Dövlət o blankda olan məlumatları göstərir. DSK-nın 300 nəfərin məncə, 1987-88-ci illərin məlumatıdır, onu təkrar göstərirlər. O, yeniləşməmiş məlumatlardır. Mən gedib şəxsiyyət vəsiqəsi alıramsa, etnik mənsubiyyəti göstərmirəm. Məsələn, biz son illər 10-15 nəfər milliyyətcə erməni olan şəxslərə şəxsiyyət vəsiqəsi almışıq. Onların heç biri, hətta adı, soyadı erməni olsa da, şəxsiyyət vəsiqəsində etnik mənsubiyyət göstərilmir. Ona görə də komitənin bu barədə məlumatı yanlışdır və reallığı əks etdirmir. DİN-in də məlumatları düzgün deyil. Çünki nə qədər ki, şəxsiyyət vəsiqələrində milli mənsubiyyət göstərilməyib, bu, belə də olacaq». Ə.Əliyev deyir ki, bundan əlavə, Azərbaycan ərazisində təxminən 20 minə yaxın sənədsiz insanlar var: «Müəyyən olunur ki, şəxsiyyət vəsiqəsi almaq üçün müraciət edən həmin insanların bir qismi erməni mənşəyinə görə erməni olan şəxslərdir. Bunların da dəqiqləşdirilmiş uçotu aparılmır. Ona görə mənim KİV-ə ermənilərin sayı ilə bağlı təqdim etdiyim rəqəm dəqiq rəqəmdir. Üç il əvvəl Azərbaycan rəsmiləri də hansısa hesabatlarda Bakıda yaşayan ermənilərin sayını 30 min göstərmişdi. Həmin rəqəmi ilk olaraq biz açıqlamışdıq. İndi bunların sayı nisbətən azalıb, həm gedənlər, həm ölənlər, həm məhkəmə qərarı ilə etnik mənşəyini dəyişənlər olub. Ancaq Bakıda yaşayan ermənilərin sayı 25 mindən az deyil. Ermənistandan fərqli olaraq, Azərbaycanda ermənilər ən mötəbər yerlərdə çalışır və heç bir qorxu olmadan işləyir, ad-soyadlarının dəyişilməsi ilə bağlı məhkəmələrə müraciət edirlər. Sadəcə, Azərbaycan bu faktdan faydalanmır və özünü dünyada tolerant ölkə kimi tanıda bilmir. Azərbaycan göstərməlidir ki, bəli, bizdə ermənilər yaşayır və bu, yaxşı bir haldır, ailələr dağılmalı, insanlar məhv olmalı deyil. Üstəlik, əgər Dağlıq Qarabağın idarəçiliyi Azərbaycana qaytarılarsa, oradakı ermənilər də burda sərbəst yaşayacaqlar». Mərkəz rəhbəri qeyd etdi ki, bu gün erməni adı ilə alver edən, ancaq erməni olmayanlar daha çoxdur: «Ermənistana gedən ailə etnik mənşəyinə görə erməni deyil. Sadəcə bilir ki, Ermənistan onu üçüncü ölkəyə göndərəcək. Azərbaycanda bütün imkanlardan istifadə etdi, heç bir səfirlik ona viza vermədi, əl, barmaq izləri qara siyahıdadır, ona görə də bu adam məcbur olub Ermənistana getdi ki, Avropaya gedə bilsin. Çünki eyni üsuldan ermənilər istifadə edir, qaçıb Azərbaycana gəlirlər, müəyyən müddət sonra üçüncü ölkələrə göndərirlər. Bu günə qədər Azərbaycan adından istifadə edib xaricdə sığınacaq alan Ermənistan erməniləri daha çoxdur. Erməni adından istifadə edən azərbaycanlıların sayı da yüzlərlədir. Hətta kifayət qədər sayılıb-seçilən nüfuzlu insanlar da gedib analarını, arvadlarını, nənələrini, yaxud özlərini erməni kimi təqdim ediblər ki, təki sığınacaq alsınlar».

Necə deyərlər, şərhə ehtiyac yoxdur. Milliyyətini danan, Azərbaycan torpağını işğalda saxlayan düşmənin adından yararlanmağı belə özünə rəva bilənlərin elə bu ölkədən cəhənnəm olub getməsi daha yaxşı deyilmi?