vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
ANALİZ  
23:43 | 27 dekabr 2017 | Çərşənbə Məqaləyə 2953 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bəs deyirdilər müsəlmanları sevmirlər?

Səmimi etiraf edək ki, belə vəziyyəti gözləmirdik…

Hüseynbala SƏLİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

BMT-nin Əl-Qüdslə bağlı toplantısında ABŞ-ın diplomatik məğlubiyyəti elə bariz oldu ki, nəinki işi-peşəsi bu cür məsələləri araşdırmaq olan siyasi təhlilçilər, hətta adi insanlar da hələ bundan danışmaqda davam edirlər.

Səmimi etiraf edirik ki, belə vəziyyəti gözləmirdik, bir tərəfdən, Türkiyənin islam ölkələrini səfərbər etməsi ABŞ-a qarşı həmin düşərgənin müqavimətinin güclü olacağını güman etməyə əsaslar verirdi, amma Səudiyyə kimi ölkələrin bir az nala-mıxa vurması, ortada başqa «alver» yapmağa çalışması və ən başlıcası da, digər ölkələrin bu prosesdə nə qədər aktiv olacağı ilə bağlı qeyri-müəyyənliklər adama qəti  söz deməyə imkan vermirdi, hərçənd, D.Tramp qərarını elan edərkən artıq Avropa ölkələrinin buna böyük etirazı oldu...

Qərəz, indi hər şey olmasa da, hər halda, böyük mərhələ arxada qalıbdır-dünya ölkələri o şeyi etdilər ki, onu edə bilərdilər və hətta hesab edirik ki, etməlidilər də.

Bu məsələdə hamımızın mövqeyi ölkəmizin rəsmi mövqeyi idi və bir daha deyirik ki, hətta indi də müəyyən qədər fərqli fikirlər səslənsə də, yenə də düşünürük ki, Azərbaycan BMT-nin qərarlarını və beynəlxalq hüququ dəstəkləməlidi, çünki BMT heçdirsə, hüquq-filan yoxdursa, bu, o demək olardı ki, məsələn, BMT TŞ-nın Qarabağla bağlı qəbul etdiyi dörd qətnamə də heçdir! Bunu bir daha ona görə vurğulayırıq ki, bəzən Azərbaycanın qərarını sırf islam həmrəyliyilə, guya ki, Bakının başqa çıxış yolunun olmaması ilə yozurlar, əslində isə Azərbaycan hüquqa və prinsipə dəstək verdi.

Bəli, o, başqa məsələdir ki, hüquq da, prinsip də kağız üzərində qalmamalıdır. Ona görə də bir azacıq irəliyə qaçmaq olsa da, deyim ki, Qüdslə bağlı da bu problem var, hələ ki, nə Tramp administrasiyası, nə də İsrail hökuməti qərara boyun qoymur. Təbii ki, otuz ilə yaxındır, BMT-nin 4 qətnaməsinin icrasını gözləyən Azərbaycandan yaxşı heç kim bunun ağrısını hiss etməz.

Amma qərar bütün hallarda, yenə də qərardır, bilavasitə qüvvəsi olmasa da, ən azı siyasi əhəmiyyəti var. Ona görə də ilk arzumuz budur ki, kaş, bütün ölkələr Qarabağ probleminin müzakirələri zamanı da belə anlaşıqlı olsunlar.

Eləcə də ərəb ölkələrindən qardaş Türkiyənin səmimiyyətinə adekvat olan səmimiyyət görmək istəyirik, çünki son məsələdə uzağı iki-üç ölkə fəallığa görə Türkiyə ilə müqayisəyə gələr.

Həm də müsəlman intellektuallar daim gileylidirlər ki, bəs bizi kimsə eşitmir və sevmir, az qala, mənzillərinin içində də «sionist sövdələşməsi»nin izlərini axtarırlar. Amma bir daha məlum oldu ki, heç də belə deyil. Bəli, dünya maraqlar dünyasıdır, amma demək ki, hamı işini-gücünü atıb tək bir xalqa və ya ümmətə nifrət edir,- əlbəttə ki, bu, düz olmaz və bu kontekstdə bir vacib məsələni bir daha deyərdik: hər bir insan kimi, hər bir xalq da özünü sevdirməyi bacarmalıdır...

O ki qaldı ABŞ-a, çox şey demək olar. Sözsüz, bir diplomatik məğlubiyyət hələ bu ölkənin yenməsi demək deyildir, ABŞ təbii ki, qüdrətli dövlətdir və qüdrətli dövlət kimi qalması üçün hələ ki ciddi bir təhlükə də görünmür.

Amma bir məsələ vardır. Təbii ki, Qüds qərarını D.Tramp verdi, fəqət, bu su xeyli əvvəl bulanmışdı. Biz bunu kiçik Buşun vaxtından müşahidə edirdik. Dünyada tez-tez dövlətlərin də reytinqini müəyyən etməyə cəhd olur, məsələn, bir də görürsən, hansısa ABŞ prezidentinə dünya insanlarının münasibəti araşdırılır. O vaxt görürdük ki, İsraildən savayı Buşun siyasətini təqdir edən yoxdur...

Obama bunu azacıq dəyişməyə çalışdı. Amma onun da dövründə uğursuz, üstəlik, məqsədi də hələ mübahisəli olan «ərəb ssenariləri» hər şeyi korladı. İnanın, bir yazar kimi, lap əvvəldən Qüds qərarı ilə bağlı açıq tərəf saxlamamağa çalışdıq, bizim üçün hüququn da, İsrailin də, hətta yəhudi lobbisinin də önəmini qeyd etdik. Amma indi dediyimiz məsələyə qayıtmaq istərdik: əvvəlini bilmirik, kiçik Buşdan başlanan və B.Obama vaxtında da «ərəb ssenariləri» kimi davam edən siyasətdən razı qalan yalnız İsrail hökuməti idi!

Səddam, Qəzzafi və qeyrisi iyrənc diktatorlar idi, amma «Diktatoru devirdik» deyib, əvəzində ölkəni xaraba qoymaq da olmaz axı! Niyyətiniz xoşdursa, bunu axıradək edin və bu xalqlara hər mənada kömək olun. Yoxsa bulanıq su elədi ki, axırda adamın öz üstünə sıçrayır!