vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
BÖHRAN  
21:04 | 2 yanvar 2018 | Çərşənbə axşamı Məqaləyə 2948 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

2018-ci il «İran ssenarisi» ili olacaqmı?

Həqiqi islahatları, azadlığı və demokratiyanı mövcud siyasi sistemin çərçivəsində aramaq mənasız məşğuliyyətdir

Hüseynbala SƏLİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Adətən ilin sonuna yaxın hamının siyasi olaylara marağı azalır. Adi insanlar «Siyasətçilər də qış tətilinə çıxdı, daha maraqlı bir şey olmaz» deyib bayrama hazırlıqlarla məşğul olur, işi – peşəsi siyasi prosesləri izləmək və bundan həm özləri, həm də ki, başqaları üçün nəticə çıxarmaq olan siyasi təhlilçilərsə daha çox il ərzində hansı təxminlərinin nə dərəcədə doğrulduğunu aydınlaşdırmaqla məşğul olurlar.

Amma bir rus mahnısında deyildiyi kimi, təbiətdə pis hava olmur və təbiətin bütün havaları gözəldir. Bu baxımdan siyasət üçün də əlverişsiz mövsüm olmur; istənilən vaxt nəsə baş verə bilər, istənilən vaxt hansısa ölkədə bu və ya digər siyasi olay baş qaldıra bilər.

Bu baxımdan ötən ayın lap sonunda İranda sosial etirazların baş qaldırması haqqındakı xəbərlər də istisna olmadı, kimsə «Əşi, bu vaxt da etiraz olarmı? Bunlar da vaxt tapdı!», – deyərək gileylənmədi. Mövzu sarıdan bir azca kasadlıq yaşayan təhlilçilər üçünsə bu, lap yerinə düşdü və onlar dərhal prosesləri izləməyə girişdilər.

Ölkələr var ki, orada hər hansı etiraz baş verəndə insanların ilk reaksiyası bu, olur ki, görən, bunlar daha nə istəyirlər? Ölkələr də var ki, əksinə orada bir hadisə baş verməyəndə daha təəccüblü olur və hətta ən adi insanlar da belələri haqda «Əcəba, bunlar nə vaxtadək yatacaqlar?», – deyə soruşurlar.

İranı ikincilərə aid etmək olar. Sözsüz, bu ölkənin bol neft və qaz erhtiyatları hələki onun siyasi-iqtisadi modelindəki kələ-kötürləri, ruhani elitasının orta əsr çağlarının idarəçilik fəlsəfəsini xatırladan hakimiyyət üslubundakı dəhşətli qüsurları «ört-basdır» etməyə imkan verir.

Amma bu, heç bir halda əbədi ola bilməz, çünki «mənəvi dəyərlər» deyilən anlayışlar da var və gec-tez hər bir insan onlar haqqında da ciddi düşünməyə başlayır. Qəribədir ki, bəzən İranın siyasi elitasının təmsilçilərinin öz dilindən də bu cür fikirləri təsdiqləyən bəyanatlar və ya çağırışlar eşitmək olur. Məsələn, neçə illər bundan əvvəl islahatçılıq platforması ilə hakimiyyətə gələn İran prezidentlərindən birinin sözüdür ki, heç bir ideya azadlıqla rəqabət apara bilməz...

Amma prezidentlik müddəti bitəndə elə həmin adamın özü də qayıtdı ki, mən İran dövlətini ( «İran rejimi» desəydi daha yaxşı olardı!) zəiflətməyə yox, əksinə onu gücləndirməyə gəlmişəm! İndi prezident H.Ruhani də islahatçılıq platforması ilə hakimiyyətə gəlibdir, fəqət, artıq xeyli vaxt keçsə də, nəinki ciddi islahat, heç onların əlaməti belə yoxdur.

Üstəlik, ölkənin siyasi palitrasında da guya ki, iki rəng daha çox nəzərə çarpır: islahatçılar və mühafizəkarlar.

Amma onları qətiyyən ayırmağa çalışmazdıq, çünki bizə elə gəlir ki, bu cür şərti bölgü sadəcə, siyasi prosesləri modelləşdirmək, onları bir çevrədə saxlamaq və hər iki siyasi tələbə - mühafizəkarlığa da, islahatçılığa da ruhani sferası hüdudlarında təklif hazırlamaq cəhdindən başqa şey deyil. İranın ruhani elitası bir sistemdir və onlar bütün siyasi ovqat və umacaqlara məhz bu sistem çərçivəsində «təklif» formalaşdırmaqla məşğuldurlar ki, bunu da artıq qeyd etdik. Həm də avtoritar sistemlərdə hətta «müxalifət»in də hakim siyasi elitanın özü tərəfindən formalaşdırması təəccüb doğurmamalıdır - ən ölüvay, ən aciz avtoritar sistemlərdə də belə olur, ondan qala, İran ola...

Elə bu səbəbdən İranda həqiqi islahatları, azadlığı və demokratiyanı mövcud siyasi sistemin çərçivəsində aramaq mənasız məşğuliyyətdir.

Hər dəfə «islahatçı» adı ilə bu və ya digər ruhani, yaxud da ki, onların siyasi «kölgə»ləri hakimiyyətə gələcəkdir, vədlərlə təmsil etdikləri siyasi sistemin ömrünü uzatmağa çalışacaqlar, cəmiyyət isə bundan heç nə qazanmayacaq.

Amma İranın siyasi elitasının yürütdüyü siyasət, eləcə də buna cavab olaraq Qərb dövlətlərinin ona qarşı gördüyü tədbirlər gec-tez nəticəsini verəcəkdir. Əgər bir az da ömrünü uzatmaq istəyirsə, İran rejimi özünün geosiyasi ambisiyalarını, ideoloji hədəflərini nəzərdən keçirməli və «Bizim iddiamız imkanımıza adekvatdırmı?» sualına cavab tapmalıdır.

O ki qaldı digər müsəlmanların İrana və bu ölkədəki proseslərə münasibətinə, birincisi, özünü az qala, «islam həmrəyliyinin flaqmanı» sayan Tehran əslində islam dünyasında təfriqəçilik və ya bölücülükdən savayı bir işlə məşğul olmur. Özünüz bircə suala cavab verməyə çalışın: «Heç 21-ci əsrdə də şiə-sünni söhbəti apararlarmı?»..

İran nə edir? Elə indicə adını çəkdiyimiz iki təriqətdən birini özünün dövlət ideologiyasına çevirib və bu, da azmış kimi onun əsasında özünün geosiyasi arxitekturasını və yaxud da konfiqurasiyasını qurur.

İkincisi, İranın «dini həmrəylik» çağırışlarında heç bir səmimiyyət yoxdur və bunu illərdir ki, onun Ermənistanla bağlı siyasətində görürük.

Tehran Bakı ilə Dağlıq Qarabağ məsələsində daha ciddi həmrəylik göstərsə, o halda vəziyyət xeyli dəyişə bilər. Dəfələrlə xatırlatmışıq ki, Ermənistanın dünyaya iki çıxışı var: İran və Gürcüstan. Yetər ki, Tehran İrəvanı bu müstəvidə azacıq sıxışdırsın, onunla ticari-iqtisadi əlaqələrini məhdudlaşdırsın,- inanın, Ermənistan dərhal çökər!

Amma Tehran bunu etmir, əksinə İrəvanla əlaqələrini daha da genişləndirməyə çalışır. Deməli, «islam həmrəyliyi»lə bağlı bu ölkənin elitasının dedikləri də ən yaxşı halda yalnız və yalnız siyasi ritorikadır, reallıqda isə o, digər islam ölkələrini öz təsiri altına almaq, onlardan öz məqsədləri üçün istifadə etmək cəhdindən başqa şey deyil...

Bəs prosesin inkişafı, İrandakı etirazların finalı necə olacaq? Qəti söz demək hələ tezdir. Amma bütün qeyri-azad, avtoritar siyasi sistemlərin bircə finalı olur: çöküş! İran rejimini də belə aqibət gözləyir. Bu, növbəti ildə də ola bilər, 20 ildən sonra da, amma mütləq olacaq...

Qərbin yürütdüyü siyasətdən və sanksiyalardan da çox şey asılıdır, üstəlik, Ağ Evin də məsələyə yanaşma tərzi də çox önəmlidir. Amma Şimali Koreyanın təcrübəsi göstərir ki, bu cür rejimlərin taleyini nüvə silahı əldə edənədək həll etmək lazımdır.

Bir daha deyirik ki, ABŞ–ın, konkret olaraq, D.Tramp administrasiyasının İranla bağlı nə düşündüyünü bilmirik və onun planlarında «İran ssenarisi»nin da olub-olmaması da bizə məlum deyil. Bəlkə elə ABŞ üçün də bir - iki bu cür rejimin qalması sərfəlidir? Axı böyük hərbi xərcləri hansısa formada əsaslandırmaq və yaxud da bir vaxtlar politoloq S.Hantinqtonun yazdığı kimi, amerikalıları millət kimi «konsolidasiya» etməkçün bu rejimlərin timsalında DÜŞMƏN OBRAZI deyilən məsələyə də ehtiyac var?..