vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 21 fevral 2018
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.1060 AZN
Rusiya rublu 1 RUB = 0.0301 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3763 AZN
Türk lirəsi 1 TRY = 0.4519 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
PROBLEM, ŞİKAYƏT, NARAZILIQ  
16:59 | 14 fevral 2013 | Cümə axşamı Məqaləyə 38 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şəbəkə biznesinin fırıldaqları

İnsanları milyoner olmaq vədi ilə necə aldadırlar?

Kaspi.az

Qardaş, milyoner olmaq istəmirsən? Yaxşı bir iş var. Sənin qazanmanı istəyirəm. Niyə başqası qazanmalıdır ki? - Nə işdir elə? - Telefon söhbəti deyil. Bunun üçün mütləq bura gəlməlisən.

Bu dialoq bəlkə də çoxlarına tanışdır. Şəbəkə biznesi ilə məşğul olanlar salam-kəlamdan sonra yaxınlarını, dost-tanışlarını «yoldan çıxararaq» ofislərinə bu yolla dəvət edir. Hələ bu, dialoqun qısa formasıdır. Qarşıdakı adam nə qədər cəhd etsə də, işin nədən ibarət olduğunu telefon vasitəsilə öyrənə bilmir və ofisə getməkdən də imtina edir. Bu zaman dostunu «milyoner» etmək istəyən iki gündən bir, bəzən 2-3 ay zəng edib qır-saqqız olur ki, «mütləq gəlməlisən, yaxınımsan, dostumsan, canımsan, qardaşımsan, sənin qazanmanı istəyirəm».

Oxşar olsalar da, mövzumuz 1990-cı illərdə dəb halını almış muncuq biznesi barədə deyil, İnternet üzərindən şəbəkə biznesi haqqındadır. İnternet üzərindən şəbəkə biznesi necə işləyir, bu işdə kimlər udur, kimlər uduzur, kimlər necə aldanır və kimlər necə aldadır? Suallarımıza cavab tapmaq üçün həm bu işə pul qoyub udanlar, həm uduzanlar, həm şəbəkə biznesinin məsul şəxsləri, həm də müstəqil ekspertlərlə danışdıq.

 

Bir ailənin 5 üzvünün pulu necə batıb

 

Müsahibimiz Ramiz də bir neçə il bundan əvvəl Quest.net (indiki qnet.net - L.M.) şəbəkə biznesinə qoşulanlardandır. Deyir ki, yalnız özü deyil, atası, bacısı, xalası və dayısı da bu biznesə qoşulub. Hətta qardaşı şəbəkədəki dostlarının təkidi ilə daimi iş yerini də tərk edib ki, aya ən azı 2-3 min manat qazanacaq. Qohumlar hərəsi ayrı-ayrılıqda 600-800 manat verərək qızıl zinət əşyaları sifariş ediblər. Qohumların biri-birini cəlb etdikləri və «iş»ə başladıqları müddətdən 2-3 ay sonra Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq yolu ilə vətəndaşları aldadıb onların milyonlarla manat pulunu ələ keçirmiş transmilli mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib. Şəbəkə biznesinə pul qoyub qazanmaq istəyən bu ailənin bir neçə üzvünün sifariş etdiyi zinət əşyaları da gəlib çıxmayıb. Beləliklə, «it də iplə birlikdə gedib». Ramizin dediyinə görə, onu bu «iş»ə eyni qəsəbədə yaşayan yaxın dostu dəvət edib, sonra isə o, öz qohumlarını prosesə cəlb edib. Ramiz deyir ki, şəbəkəyə qoşulmaq üçün 3-4 il əvvəl aldığı min manat borcu hələ də qaytara bilməyib: «Hətta elə adamlar tanıyıram ki, bankdan faizlə götürdükləri borcu 2 il müddətinə güclə qaytardılar. İnternet vasitəsilə aldığın malı da bazarda satmaq istəyəndə ona aldığından 3-4 dəfə ucuz qiymət qoyurlar deyə, satmağa əlin gəlmir».

 

İşin məğzi nədən ibarətdir?

 

Yuxarıda qeyd etdiyimiz kimi, sizi şirin vədlərlə ofislərinə aparırlar. Ofisdə sizi gülərüz personal qarşılayır və səliqəli bir otağa aparır. Burada siz, sizi şirkətə qoşmaq istəyən və sizə pul qazanmağın yollarından danışan xanım (nədənsə, pul qazanmanın yollarını anladanlar həmişə xanımlar olur - L.M.) olur. O, əvvəlcə sizə sual verir ki, milyoner olmaq istəyirsinizmi. Təbii ki, sizdən «bəli» cavabını alandan sonra şirin dilini işə salır və şəbəkə biznesində uğur qazanmağın yollarından danışır. Danışığından da belə çıxır ki, bu işdə uduzmaq mümkünsüzdür. Hətta sizə bu yolla dünyada zəngin olan, lüks maşınlara, evlərə sahib olan əcnəbi isimlərin hekayələrini anladır. Bunun da ardından sistemə üzv ola bilməniz üçün sizdən şirkətə məxsus hansısa zinət əşyası, yaxud sağlamlıq üçün lazım olan məhsul, ya da hansısa ölkədə qalmaq üçün pulsuz hotel xidmətini sifariş verməniz tələb edilir. Özü də qızıl məmulatlarının çox məhdud sayda istehsal edildiyini və sizə çox ucuz qiymətə başa gəldiyi deyilir. Yalnız bu məhsulları pul verib aldıqdan sonra şirkətə üzv ola bilirsiniz. Sonra üzərinizə üzvlər yazdırırsınız ki, onlar vasitəsilə pul qazana biləsiniz. Məsələn, min manat verib 1 qızıl zinət əşyası alırsınız, sonra üzərinizə 2 nəfər yazdırırsınız, yəni bu adamlar da məhsul alırlar. Beləliklə, 2 nəfərdən 250 manat əldə edirsiniz. Sonra üzərinizə yazılmış 2 nəfər hərəsi öz üzərinə 2 nəfər yazdırdıqda yenidən 250 manat qazanırsınız. Beləcə, sizə üzərinizə daha çox adam yazdırmaqla daha çox qazanacağınız vədi verilir. Təbii ki, siz də bu şirin vədlərə aldanaraq şəbəkə biznesinə qoşulursunuz. Düşünürsünüz ki, tanışlarınız çox olduğuna görə sizə adam yığmaq üçün 1-cə ay kifayətdir. Beləcə, sizə pul qazanmağın yollarını izah edən xanım istədiyinə nail olur.

 

Amerikada bu biznes qadağan edilib

 

İqtisadçı-alim Vüqar Bayramlı bizimlə söhbətində şəbəkə marketinqində uduşda ancaq bir tərəfin olduğunu qeyd etdi: «Bu da marketinq biznesini idarə edənlər və piramidaya tez qoşulanlardır. Şəbəkə biznesi ilk dəfə ABŞ-da yaranaraq sonradan dünyanın müxtəlif ölkələrində yayıldı. Amma sonradan şəbəkə biznesində iştirak edənlərin böyük bir qisminin biznesi təşkil edənlər tərəfindən aldadılması və eyni zamanda sözügedən biznesində iştirak edənlərin əksəriyyətinin ziyanla üzləşməsi səbəbindən ABŞ-da bu fəaliyyət növü qadağan edildi. Bir müddət sonra inkişaf etmiş ölkələr də şəbəkə biznesi birmənalı şəkildə insanların aldadılmasına gətirib çıxardığından qadağan edildi».

V.Bayramlının sözlərinə görə, şəbəkə biznesi yüksək gəlir gətirsə belə, bütövlükdə insanların aldadılmasına və onların vəsaitlərinin bir qisminin əlindən alınaraq bu biznesə qoyulmasına gətirib çıxarıb: «Məhz bu baxımdan inkişaf etmiş və digər ölkələrdə şəbəkə biznesi bir biznes növü kimi qadağan edilib. Ancaq nisbətən az maariflənməyə malik olan və savad baxımından daha az inkişaf etmiş cəmiyyətlərdə şəbəkə biznesi inkişaf edir. Çünki dünyagörüşü məhdud və savadsız insanları inandırmaq daha rahat və asandır. Azərbaycan da belə ölkələrdəndir. Bu biznesin əsas məğzi ondan ibarətdir ki, insanları daha asan, işləmədən gəlir əldə etməyə inandırırsan».

 

Bazar dəyərindən 10 dəfə baha mal almalısan

 

V.Bayramlı onu da qeyd etdi ki, şəbəkə biznesində təklif edilən malın dəyəri bazar qiymətindən dəfələrlə, bəzən 10 dəfə çox olur: «Hansısa bahalı məhsulu almaq şəbəkə biznesinə qoşulmağın şərti olduğuna görə bu biznesə cəlb edilən şəxs piramida prinsipi ilə qazanmaq əvəzinə itirir. Ümumiyyətlə, şəbəkə biznesində daimi gəlir əldə etmək mümkün deyil. Əksinə, əvvəlcə gəlir əldə etməyə başlayan insan nə qədər uzun müddət bu biznesdə qalırsa, birinci mərhələdə az-çox qazandıqlarını da itirir. Buna görə də şəbəkə biznesinə daxil olan şəxs müəyyən adamları cəlb edə bilibsə, vaxtında bu biznesdən ayrılmalıdır».

 

Hesablama: kim uduzur, kim udur?


Qeyd edək ki, bir neçə il əvvəl Türkiyədə də şəbəkə biznesi, konkret olaraq «QuestNet» şirkəti fəaliyyətə başlayıb. 2011-ci ildə isə «QuestNet» İnternational Limited firması barədə cinayət işi qaldırılıb. Təqribən 20 min insanın hər birindən müəyyən məbləğdə pul alan şirkətin üst-üstə 15 milyon dollara qədər pulu mənimsədiyi bəlli olub. İnsanlardan 570 dollarla 2500 dollar arasında pul alındığı açıqlanıb.

Türkiyədə aparılan araşdırmalar zamanı bəlli olub ki, piramida sistemi ilə qurulan şəbəkə biznesində üzvlərin 83 faizi uduzur, yalnız 17 faiz udur. Vüqar Bayramlı da deyir ki, şəbəkə biznesinə üzv olanların heç də hamısı uduzmur: «Başqa insanlara da məhz udanlar misal kimi göstərilir. Şəbəkə biznesinə rəhbərlik edən sahibkarın da gəliri ondan ibarətdir ki, şəbəkə biznesinə daxil olanların hər yüz nəfərindən 10-u gəlir əldə edir, 90-ı isə gəlir əldə edə bilmir. Məhsullar bazar qiymətindən baha satıldığı üçün isə bütün hallarda şəbəkə biznesi qazanır».

Mütəxəssislərin fikrinə əsaslansaq, belə bir nəticəyə gəlmək olar ki, Azərbaycanda şəbəkə biznesinə qoşulan tutaq ki, min adamın ən yaxşı halda orta hesabla 15 faizi, yəni 850 nəfəri uduzur, yalnız 150 nəfəri udur. Bu 150 nəfəri görən hər bir adam isə düşünür ki, onlar da uda bilər. Bu biznesə qoşulanların qoyduğu pul batmaq təhlükəsiylə üzləşdiyindən və pullarını çıxarmaq istəyi gözlərini örtdüyündən ən yaxın adamlarını belə inandıraraq şirkətə yazdırırlar ki,heç olmasa qoyduqları pulu götürsünlər.

 

Niyə tanış, qohum?

 

Şəbəkə biznesinə yoldan keçənlərin deyil, yalnız dostların, qohumların, yaxınların cəlb edilməsinin səbəbinə gəlincə, V.Bayramlı bunu həmin sahədə aldananların sayının çox olması ilə izah etdi: «Yadınızdadırsa, bir neçə il öncə Azərbaycanda «QuestNet» şirkətini yaradanların böyük bir qisminin həbsi həyata keçirildi. Baxmayaraq ki, bu biznes növü Azərbaycanda rəsmi olaraq qadağan deyil, amma ortada aldatma faktları olduğuna görə hətta cinayət işi də açıldı. Bu biznesə yalnız yaxınların cəlb edilməsi də ona xidmət edir ki, aldadılsa belə dost-dostdan, qohum-qohumdan şikayət edə bilməsin. Bu cür şirkətlərin ofislərinin yerini tez-tez dəyişməsinin səbəbi də şikayətçilərin onları tapmamasına və dövlət qurumlarının onların fəaliyyətini nəzarətdə saxlaya bilməməsinə hesablanıb».

 

«Şirkət yerini dəyişdiyindən, saatı qaytara bilmirəm»

 

Jalə adlı müsahibimiz də şəbəkə biznesinin qurbanlarındandır. O, «goldmine.net» şəbəkə biznesinin toruna düşüb. Düzdür, şəbəkəyə öz biznesini qurmaq məqsədilə qoşulmasa da, «Goldmine»dan aldığı saatda yaranan problemi aradan qaldırmaq üçün şirkəti axtarsa da, əvvəlki yerində tapa bilmir. Jalə deyir ki, qızıl suyuna salınmış saatı 75 manata alıb və alarkən onu şirkətə cəlb edən dostu deyib ki, «narahat olma, sən üstünə adam yazdırmasan da, qazanacaqsan, çünki mən özüm adamlar cəlb edəcəm». Jalənin sözlərinə görə, saatı ona qızıl zəmanətlə, yəni ömürlük «qarantiya» ilə veriblər, bu, hətta təminat sənədində də qeyd edilib: «Amma kəməri və özü də xarab olan saatı qaytarmaq üçün əlimdə təminat sənədi olsa da, şirkətin yerini tapa bilmirəm. Məni oraya aparan dostuma deyirəm ki, şirkət yerini dəyişib, indi hara qaytarım saatı. Deyir ki, məndə də şirkətdən heç kimin əlaqə nömrəsi qalmayıb. Dostum olduğundan deyə bilmirəm ki, məni sən yazdırmısan, saatı da alıb sənə xeyir vermişəm, indi pulumu ver, saatı götür».

Qeyd edək ki, yazımızda şəbəkə biznesi dedikdə, klassik şəbəkə biznesini deyil, hesabların, sifarişlərin İnternet üzərindən aparıldığı biznesi nəzərdə tutmuşuq.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *