vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
11:10 | 5 fevral 2018 | Bazar ertəsi Məqaləyə 3132 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-ın «terror torbası»

Türkiyə «Zeytun budağı» ilə onu yırtmağa çalışır

Elçin XALİDBƏYLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə dünyaya meydan oxuyur. Həm də öz davranışlarında və qəbul etdiyi sərt qərarlarda tamamilə haqlıdır. Belə ki, son bir neçə gün öncəyə qədər Türkiyə böyük bir təhlükə qarşısındaydı. Bu qardaş ölkə Suriya və İraq istiqamətindən terrorçularla həmsərhəd ölkə vəziyyətində düşmüşdü.

Təbii ki, heç normal dövlət, o cümlədən də Türkiyə belə bir anormal qonşuluq reallığı ilə qətiyyən barışa bilməzdi. Çünki sərhəd təmasında terrorçuların nəzarətində olan geniş bir bölgənin mövcudluğu Türkiyənin ərazi bütövlüyünü birbaşa təhdid edirdi.

Üstəlik, bu ərazilər Türkiyəyə qarşı 40 ilə yaxın qanlı terror aksiyaları törədən PKK-ya bağlı terror qruplaşmalarının (PYD/YPG) əlindədir. PKK kimi, bu qruplaşmalar da həm Türkiyəni düşmən statusunda görürlər, həm də Abdulla Öcalanı öz liderləri hesab edirlər.

Şübhəsiz ki, bu terrorçu qruplaşmaların bu qədər güclənməsi bir-iki günün içərisində baş verməyib. Son illərdə ABŞ-dan və Fransa, Almaniya, Rusiya kimi dövlətlərdən aldıqları dəstəklə həm İraqın, Həm də Suriyanın Türkiyə ilə sərhəd bölgəsində özlərində kifayət qədər geniş kanton bölgə yarada biliblər. Və artıq müxtəlif iddialar irəli sürə biləcək qədər təhlükəli gücə sahib olublar.

Rəsmi Ankara uzun müddət bu təhlükəli problemi siyasi-diplomatik yollarla həll etməyə çalışdı. Ancaq istədiyinə nail ola bilmədi.

Məsələ ondadır ki, Türkiyənin sərhədində yaradılmış terror kantonu ABŞ və Qərb tərəfindən birbaşa himayə olunur, dəstəklənir. Və Türkiyənin ötən ilin yayında reallaşdırdığı «Fırat kalkanı» əməliyyatından sonra bu terror kantonu iki yerə ayrılmış vəziyyətdir.

Birinci kanton bölgədə – Afrin ətrafındakı ərazilərdə yerləşmiş təxminən 8-10 min nəfərlik PKK terrorçularına Rusiya himayədarlıq edir. Bu kanton bölgədə Rusiyanın 100 nəfərlik hərbi kontingenti dislokasiya olunurdu.

İkinci və daha geniş ərazini əhatə edən kanton bölgədəki PKK və PYD/YPG-yə bağlı terrorçuları isə ABŞ himayə edir. Bu bölgədə ABŞ-ın 13 hərbi bazası dislokasiya olunub. Ərazidəki terrorçuların ümumi sayının isə 30 min nəfərdən çox olduğu bildirilir.

Göründüyü kimi, Türkiyə ilə sərhəd bölgəsində kifayət qədər qorxunc «kabus məkanı» yaradılıb. Rəsmi Ankara bu təhlükənin aradan qaldırılması üçün ABŞ və Qərblə təmas içərisində idi. Türkiyə Ağ Evdən bu terror bölgəsinin ləğv olunmasını tələb edirdi. Ağ Ev isə ABŞ-ın həmin bölgədəki terrorçularla heç bir əlaqəsinin olmadığını vurğulayırdı.

Ancaq tezliklə məlum oldu ki, ABŞ-ın həmin terrorçularla nəinki əlaqələri var, üstəlik, amerikalı hərbi mütəxəssislər onlara təlimlər də keçirlər.

Bu sirrin üstünün aşılması rəsmi Ankaranı duyuq saldı. Və Türkiyə bu kanton bölgədə baş verənləri daha diqqətlə izləməyə başladı. Nəticədə ABŞ-ın PKK və PYD/YPG-yə bağlı terrorçulara ən müasir silahlar verdiyini sübuta yetirən faktlar aşkarladı. İnkarolunmaz faktlar qarşısında qalan ABŞ isə həmin silahların zamanı gəldiyində geri yığılacağını bəyan etmək məcburiyyətində qaldı.

Təbii ki, rəsmi Ankara Ağ Evin bu vədlərinin yalan olduğunu anlayırdı. Ona görə də, bütün hərbi-siyasi diqqətini məhz terror bölgəsi üzərində fokslaşdırdı. Çox keçmədən Türkiyə kəşfiyyatı ABŞ-ın PKK və PYD/YPG-yə bağlı terrorçulara daha 10 min TIR müasir silah göndərdiyini ortaya çıxartdı.

Bütün iplər də məhz bundan sonra qopdu. Belə ki, rəsmi Ankara terrorçuların ixtiyarına verilmiş bu qədər silahın məhz Türkiyəyə qarşı istifadə ediləcəyinə artıq qətiyyən şübhə etmir. Ona gərə də siyasi-diplomatik yollarla etiraz etmək mövqeyini arxa plana keçirtmək məcburiyyətində qalıb.

Bunun əvəzindəsə, rəsmi Ankara Türkiyənin parçalanmasına yönəlik prosesi durdurmaq və ölkəni terrorçuların qəfil basqınından qorumaq üçün konkret hərbi müdaxilə variantını reallaşdırmaq qərarına gəlib. Artıq ilk addımlar atılıb və «Zeytun budağı» anti-terror əməliyyatına start verilib.

«Zeytun budağı» anti-terror əməliyyatına başlanmazdan öncə isə rəsmi Ankara Rusiya ilə məsləhətləşmələr aparmaqla Ağ Evin planlarını ilk mərhələdə iflasa uğratdı. Belə ki, ABŞ Türkiyə-Rusiya əməkdaşlığının inkişafından ciddi şəkildə narahatdır. Ona gərə də Ağ Ev rəsmi Ankaranın rus hərbçilərin nəzarətində olan Afrin bölgəsində hərbi əməliyyatlara başlamasıyla Türkiyə-Rusiya münasibətlərinin pozulacağına ümid bəsləyirdi.

Ancaq rəsmi Ankara Baş Qərargah rəisi Hülusi Akarı və MİT müstəşarı Hakan Fidanı Moskvaya göndərməklə bu problemi uğurla həll etdi. «Zeytun budağı» anti-terror əməliyyatının başlanmasından öncə rus hərbçilərin dislokasiya yeri dəyişdirildi və terror kantonunun həmin bölgəsi Türkiyənin ixtiyarına verildi.

Üstəlik, Rusiyanın xarici işlər naziri Sergey Lavrov «Türkiyənin həmin bölgədən qaynaqlanan təhlükə ilə bağlı həssaslığını anlayırıq. ABŞ-ın bölgədəki yolverilməz addımları Türkiyənin səbrini daşırdı və əsəbiləşdirdi», deməklə rəsmi Ankara ilə Kreml arasındakı anlaşmanı təsdiqləmiş oldu.

Amma Türkiyənin ABŞ-la da oxşar anlaşmaya nail ola biləcəyi qətiyyən inandırıcı deyil. Hər halda, Ağ Evin terror kantonunun daha böyük ikinci hissəsində ABŞ-ın himayə edib, silahlahdırdığı və təlim keçdiyi terrorçulara qarşı Türkiyənin hərbi əməliyyat keçirtməsinə loyal yanaşmayacağı şübhə doğurmur. Yəni bu istiqamətdə situasiya bir qədər qəlizdir.

Halbuki rəsmi Ankara «Zeytun budağı» anti-terror əməliyyatının digər terror kantonunda da davam etdiriləcəyinin açıq mesajını artıq indidən verməkdədir. Belə ki, prezident R.T.Ərdoğan «Afrin əməliyyatı bitdikdən sonra hədəfimiz Membic olacaq», deməklə, bu barədə sərt və qəti xəbərdarlıq edib.

Belə anlaşılır ki, rəsmi Ankara ABŞ-ın Türkiyəyə qarşı «terror torbası» tikdiyinin fərqindədir. Və bu «terror torbası»nı «Zeytun budağı» anti-terror əməliyyatı ilə yırtaraq, Türkiyəni gözlənilən təhlükələrdən xilas etmək qərarında qətidir.

Rəsmi Ankaranın «Yanımızda olmayanlar kölgə salmasınlar, qarşımızda olanlarla isə savaş meydanında görüşəcəyik. Əmin olsunlar ki, qarşımızda kim olursa-olsun, əzib keçəcəyik», xəbərdarlığı isə bu bölgədə hər şeyin hələ yeni başladığını, daha kəskin qarşıdurmaların irəlidə olduğunu sezdirir.