vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
13:14 | 17 fevral 2018 | Şənbə Məqaləyə 3970 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakıdan iki fevral «şoku»

Azərbaycan qeyri-dost çevrələrin planını necə pozdu - İrəvan və Kreml təlaş ortaqları kimi...

Analitik xidmət

MÖVZU İLƏ ƏLAQƏLİ

Fevralın 5-də Azərbaycan prezidenti İlham Əliyev aprelin 11-də ölkədə növbədənkənar prezident seçkisinin keçirilməsi haqda sərəncam verdi. Bu qərarı labüd edən əsas səbəblər haqda ətraflı yazmışıq. Səbəblər sırasında həlli uzanan Dağlıq Qarabağ münaqişəsi və müharibə perspektivi məsələsində rəsmi Bakının apreldən sonra daha sərbəst hərəkət və manevr imkanı əldə eləməsi də qeyd edilir.

Təsadüfi deyil ki, Bakının 5 fevral qərarı ən çox işğalçı Ermənistanda təlaş yaratdı. Çünki İrəvanda ümidli idilər ki, ən azından oktyabra kimi Azərbaycanın başı seçki kampaniyasına qarışacağından, təcavüzkar özünü qismən rahat hiss edə və işğal rejimini davam etdirə biləcək. Artıq belə ümidlər basdırılıb. Üstəlik, yaz-yay mövsümü hərbi əməliyyatlar üçün daha əlverişli dövr sayılır.

 

***

 

Ermənistan rəhbərliyi üçün ikinci «şok» İlham Əliyevin hakim partiyanın 15 fevral tarixli VI qurultayında səsləndirdiyi məlum fikirlər oldu. Xatırladaq ki, həmin çıxışı zamanı prezident bir daha Azərbaycan torpaqlarında ikinci saxta erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini deyib.

Sitat: «Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayacaq. Biz həmçinin tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq».

Belə görünür ki, düşmən tərəf hələ də bu bəyanatın ağır təsirindən çıxa bilməyib. Bu da növbəti dəlil. Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq başçısı, 1992-95-ci illərdə prezidentin Qarabağ danışıqlarında xüsusi nümayəndəsi olmuş David Şahnazaryan «Aravot» qəzetinə deyib: «Hələ həmsədrlər regionda ikən İlham Əliyevin onlarla görüşdən dərhal sonra verdiyi bu bəyanatı bir neçə səbəbdən ciddi qəbul eləmək lazımdır və tək seçki kampaniyası ilə bağlamaq doğru olmaz. Bu, əvvəla, etimad mexanizmləri yaratmağa səsləyən vasitəçilərə aydın bir mesajdır. Əliyev bununla həm də Ermənistandaxili siyasi situasiyaya təsir eləmək istəyir. O amacla ki, Ermənistanda da radikal çıxılar səslənəcək. Məsələn, «mənasız danışıqlar dayandırılsın». Ona görə də ölkənin ictimai-siyasi təşkilatları, ekspert ictimaiyyəti belə çağırışlardan çəkinməli, İlham Əliyevin tələsinə düşməməlidirlər»...

 

***

 

Ölkə başçısının İrəvan açıqlaması deyəsən, Rusiyanı da rahatsız edib. Elə olmasaydı, Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova dünənki brifinqdə «Biz Azərbaycanın qonşu Ermənistanla gərgin münasibətlərini yaxşı bilirik. Bu fikir (prezidentin İrəvan açıqlaması - red.) gərginliyin azalmasına xidmət etmir» - bildirməzdi. Rusiya XİN sözçüsü ümumiyyətlə, İlham Əliyevin həmin çıxışını diqqətlə izlədiklərini söyləyib.

Diqqətçəkicidir ki, xanım Zaxarovanın Azərbaycan-Rusiya tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlməyən bu sözlərinə rəsmi Bakının cavabı gecikməyib. Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev mediaya açıqlamasında söyləyib: «Rusiya XİN nümayəndəsinin prezident İlham Əliyevin YAP-ın qurultayında səsləndirdiyi fikirlərlə bağlı açıqlaması tərəfimizdən anlaşılmazlıqla qarşılandı. Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərini və yüksək səviyyəli dialoqu nəzərə alaraq, dövlət başçısının fikirlərinə bu səpkidə münasibət bildirilməsini düzgün hesab etmirik».

XİN sözçüsü deyib ki, tarixin müxtəlif mərhələlərində, o cümlədən keçən əsrin 80-ci illərinin sonunda azərbaycanlıların kütləvi şəkildə Ermənistandan zorakılıqla qovulması, Ermənistan ərazisində köklü Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan və məhv edilməsi tarixi faktlardır və sənədlərlə təsbit olunub: «Ümumiyyətlə, Azərbaycan xalqının sülh şəraitində öz tarixi torpaqlarına qayıtması nəyə görə kimisə də narahat etməlidir? BMT başda olmaqla, müvafiq beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in müxtəlif münaqişələrin tənzimlənməsi ilə bağlı bütün sənədlərində insanların öz doğma torpaqlarına, daimi yaşadığı yerlərə qayıtmasının təmin olunması fundamental hüquqlardan biri kimi təsbit olunub. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin vacib tərkib elementlərdən biri də qanlı etnik təmizləməyə məruz qalmış bir milyondan artıq azərbaycanlının öz tarixi torpaqlarına qayıtmasının təmin olunmasıdır».

H.Hacıyev onu da vurğulayıb ki, Ermənistanın hərbi güc tətbiq edərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonunun işğalını davam etdirməsi, Azərbaycana və digər qonşu dövlətlərə qarşı ərazi iddiaları regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir və vəziyyətin gərginləşməsinə xidmət edir. «Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq qəsdən Suriyadan olan etnik erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirir. Ermənistanın siyasi rəhbərliyi ictimai çıxışlarında Naxçıvana və digər Azərbaycan ərazilərinə iddialar irəli sürür, erməni gəncləri qarşısında çıxış edərək «böyük Ermənistan» xülyası naminə onların yeni torpaqlar əldə etmək üçün gələcək müharibələrdə iştirak etməli olduğunu deyir. Ermənistanın konstitusiyasında digər qonşu dövlətə qarşı açıq ərazi iddiaları öz əksini tapıb. Hesab edirik ki, məsələlərə münasibət bildirərkən onun mahiyyəti dəqiq bilinməli, kontekstdən çıxarılmamalı və Ermənistan kütləvi informasiya vasitələri və siyasətçilərinin məqsədyönlü təhrifləri və dezinformasiyasına deyil, bilavasitə ilkin autentik mənbəyə istinad edilməlidir», - deyə Azərbaycan XİN sözçüsü kifayət qədər sərt sayıla biləcək diplomatik tonda bildirib.

 

***

 

Məsələ də ondadır ki, nə Mariya Zaxarova, nə də bütövlükdə onun təmsil elədiyi Rusiya XİN-dən hələ indiyədək bircə dəfə də olsun Azərbaycan torpaqlarının işğalını pisləyən, ölkəmizin BMT tərəfindın tanınmış ərazi bütövlüyünü, BMT-nin Qarabağ qətnamələrini müdafiə edən bəyanat, açıqlama, fikir səslənməyib. Ərazilərimizin işğalını beləcə sakitcə seyr edən, buna hətta yardım edən Moskvanı prezident İlham Əliyevin İrəvan bəyanatı görən nədən forpost Ermənistan kimi rahatsız edib?

Bəzi siyasi müşahidəçilərə görə, Rusiya XİN-in bu tonu həm də Bakının qəfildən növbədənkənar prezident seçkisi elan eləməsi ilə bağlıdır. İddia edilir ki, Bakı Rusiya üçün yetərincə qəfil olan belə bir qərar verməklə onun hansısa məkrli planını alt-üst edib. Belədirsə, o zaman 11 aprelədək şimaldan başqa de-marşlara hazır olmalıyıq...