vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNDƏM  
14:55 | 17 fevral 2018 | Şənbə Məqaləyə 3545 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistanın silahlandırılması bitdimi?..

ABŞ-ın qərarından qarınağrısına düşən İrəvan özünü elə aparır ki, guya, bunun onlara heç dəxli də yoxdur...

Hüseynbala SƏLİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən gün maraqlı xəbər yayıldı. Ermənistan qəzetlərinə istinadən bildirildi ki, ABŞ Rusiyanın hərbi-sənaye kompleksilə əməkdaşlıq edən ölkələrə, şirkətlərə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır və İrəvan bu müstəvidə Moskva ilə əməkdaşlığını davam etdirərsə, o halda həmin sanksiyaların təsiri altına düşə bilər.

Sözsüz ki, ABŞ-ın bu addımı ilk növbədə başqa məqsədlər üçündür. Məlum olduğu kimi Rusiya büdcəsi əsasən karbohidrogenlərin - neftin və qazın ixracı hesabına formalaşır.

Yeganə gəlir gətirən sənaye sahəsi hərbi–sənaye kompleksidir ki, nəinki özü inkişaf edir, eləcə də digər sənaye sahələrinin də inkişafına, iqtisadiyyatın elmi tutumlu istiqamətlərinin yaşamasına yardımçı olur.

Bu mənada ABŞ-ın qərarı sözsüz ki, bilavasitə regional konfliktlərlə bağlı deyil, amma dolayı yolla onlara da təsir edəcək. Bu ölkə əvvəldən bir sıra hərbi konfliktlərin iştirakçılarına silah satılmasının əleyhinə olub, məsələn, indiyədək nə Azərbaycana, nə də Ermənistana silah satmayıb.

Həm də unutmayaq ki, Ermənistanın heç silah almaq imkanı da yoxdur və bu günə qədər münaqişədə Rusiya silahının sayəsində duruş gətiribdir və elə bu səbəbdən də Vaşinqtonun qərarının onları necə məyus etdiyini təsəvvür etmək çətin deyil, amma özlərini elə aparırlar ki, guya, bunların İrəvana heç dəxli də yoxdur...

Təbii ki, yeni ABŞ təşəbbüsü Azərbaycanın da silah-sursat bazarını məhdudlaşdırır. Amma burada ciddi fərq var. Azərbaycanın silah bazarı yetərincə diversifikasiya olunub, - biz çox ölkələrdən silah alırıq. Üstəlik, ölkənin öz hərbi sənayesi də formalaşmaqdadır ki, bu da həlledici amil olmasa da, hər halda, mütləq nəzərə alınmalıdır.

Ən əsas faktor isə yeni fonda Azərbaycan–Ermənistan hərbi müstəvisində baş verə biləcək dəyişikliklərdir. İllərdir ki, Azərbaycanın mövcud hərbi teatrı öz xeyrinə dəyişmək üçün ciddi imkanları yaranıbdır, di gəl, Rusiya heç vəchlə bunun reallaşmasına imkan vermir. Bakı növbəti silah partiyasını alan kimi Moskva bundan da mükəmməlini və yaxud da ki, ona qarşı nəzərdə tutulan texnikanı dərhal İrəvana göndərir...

Bütün bunların nəticəsisə o, olur ki, Azərbaycanın valyuta ilə aldığı silahları Ermənistan hədiyyə kimi alır. Ona görə Bakı nə qədər çalışırsa, mövcud hərbi teatrda potensial üstünlüyünü reallaşdıra bilmir.

Doğrusu, hələ konkret söz demək tezdir ki, ABŞ-ın yeni təşəbbüsü nə qədər real olacaq. Birincisi, ötən gün yayılan həmin xəbərdə «əhəmiyyətli miqdarda» və s. kimi bir sıra çox axımlı ifadələr də vardı.

İkincisi, Rusiya–Ermənistan hərbi əməkdaşlığı, üstəlik də ki, Ermənistanın mövcud müdafiə sistemi yetərincə şəffaf deyildir ki, bunun mükəmməl şəkildə təftişi həyata keçirilsin.

Üçüncüsü, hər bir adam bilir ki, İrəvanın özünün artıq heç nəyi yoxdur–nəinki zavodları və fabrikləri, hətta yollarını da Rusiyaya satır və bir çox hallarda rus hərbi bazasında cəmləşən silahları da özününkü kimi təqdim edir, hətta hərbi paradda da nümayiş etdirir.

Dördüncüsü, ruslar özləri də bəzi hallarda heç ermənilərdən az fəallıq etmirlər. Yadınıza salın ki, 366–cı alay da Rusiyaya məxsus idi, amma rusiyalı hərbçilərin özlərinin etirafına görə batalyonlardan biri günlərin birində ümumi alaydan «ayrılaraq» tamam ermənilərin nəzarətinə keçdi və qanlı Xocalı hadisəsini törətdi və ruslar da həmin batalyona «gözünün üstündə qaşın var» demədi...

Ona görə də Ermənistandakı Rusiya silahının və ya rus hərbi kontingentinin neytrallığına zəmanət yoxdur, çünki Rusiyanın özü bu münaqişədə neytral tərəf deyil və elə bu səbəbdən də dəfələrlə yazmışıq ki, Dağlıq Qarabağ münaqişəsi o vaxt çözüləcək ki, rusların bu münaqişədə iştirakı daha düzgün qiymətlənidiriləcək və Rusiya həmin bu münaqişədə guya neytral tərəf kimi artistlik etməyəcək. Amma Qərb hələ də bunu etmir.

Baxın, Rusiyaya qarşı Qərbin gündən-günə sərtləşən siyasəti həm də Ukrayna ilə bağlıdır. Bu, çox təqdirəlayiq haldır, amma ki, hamımız istərdik, digər münaqişələrə də eyni münasibət sərgilənsin. Axı Ukrayna hadisələri ətrafında da Rusiya eyni «dekorasiya»nı qurub – guya ki, Donetsk və Luqansk «xalq»ı var, guya ki, krımlılar özləri referendum keçirərək Rusiyaya birləşiblər! Fəqət, Qərb bu «tərtibat»ı qətiyyətlə rədd edir və Ukraynada baş verənləri Rusiyanın təcavüzü kimi qiymətləndirir.

Yaxşı olardı, digər münaqişələrə də eyni münasibət sərgilənsin, amma hələ bu, yoxdur. Bütün hallarda vəziyyəti xeyrimizə dəyişmək üçün real imkanlarımız artır. Elə ABŞ-ın Rusiya hərbi-sənaye kompleksilə bağlı qərarı da bu yöndəndir – təsdiqini taparsa, bu siyasət bütün hallarda həm Rusiya, həm də Ermənistan üçün başağrısı olacaq...