vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
MƏHKƏMƏ, İSTİNTAQ  
14:26 | 20 fevral 2018 | Çərşənbə axşamı Məqaləyə 4874 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Dedim qohumdur, yəqin məni tutdurmaz»

«Dəmirbank»ın fırıldaqçılıqda günahlandırılan sabiq filial rəhbəri danışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda, mənimsəmədə təqsirləndirilən «Dəmir Bank» ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinədarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Virtualaz.org-un xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

Prosesdə Fərəh Rəşadətli ifadə verib. O, ittihamları qəbul etmədiyini və özünü təqsirli bilmədiyini deyib. Təqsirləndirilən şəxsin sözlərinə görə, zərərçəkənlərə faizlə pul verib və ayrılan pulları da mənimsəməyib.

R.Rəşadətli ifadəsində göstərib ki, 2011-ci ilin sonlarında Tural Axundov filiala gəlib və 150 min manat əmanət qoymaq istəyib. Həmçinin, şirkət açdıqlarını və buna görə də iki bankdan arayış lazım olduğunu deyib: «Ona arayış düzəldib verdim. Arayışlardan biri anası Əzizə xanımın adına idi. Bəhruz müəllimin dəvəti ilə şirkətdə görüşdük. Onların hesablarının bizim banka köçürülməsinə qərar verdik».

F.Rəşadətli ifadəsində göstərib ki, Tural Axundovun vasitəsilə Sevda Xəlilova da filiala gəlib: «Firəngiz xanım pulu dollarla qoyacaqdı, amma manatla qoymaq istədi. Bununla bağlı müzakirəmiz oldu. Sevda ilə Firəngiz pulu qoydular. 150 min dollar idi. Tural həmin vaxt burda yox idi, on gündən sonra gəldi. Mənə dedi ki, nahaq qoymusan, o pul mənimdir. Pulu məxaric edib Turala qaytardım».

F.Rəşadətli deyib ki, Sevda Xəlilova bir aydan sonra ona pulun karta köçmədiyini bildirib: «Turalı ofisə çağırdım, dedi ki, pulu yol tikintisinə qoymuşam, ailəm elə bilir bankdadır. Dedi ki, Sevdanın kartına hər ay özü köçürürmüş, indi ödəyə bilmir. Təklif etdi ki, ona deyim faizləri axırda alacaq. Mən öz hesabımdan faizləri kartlara ödədim, dedim axırda özüm götürərəm. Çünki Tural qohum idi deyə, ona kömək etmək istədim. Həm də Tural dedi ki, Sevda xanım birdən baş idarəyə şikayət edər. Ona görə də, problem yaranmasını istəmirdim».

F.Rəşadətli sonradan faizləri ödəyə bilmədiyindən baş idarəyə şikayət olunub: «Tural dedi ki, sən qırağa çəkil, biz pulu bankdan alacağıq. Nərimanovda məhkəmələr olanda da getmirdik. Sonra dedilər işçilərin tutulacaq, mən də hər şeyi öz boynuma götürdüm. Dedim qohumdur da, yəqin məni tutdurmaz. Əzizə xanımın adına 1,1 milyon manat olmayıb, Sevda xanımın adına 300 mindir, o da qaytarılıb. Pərvanə Əliyevanın adına heç 4 manat da olmayıb. Gülnurun adına olan pulu Tural götürüb. Sevdanın da pulunu Tural götürüb. Firəngiz Xəlilovanın pulunu iki dəfəyə götürüblər. Tural bir dəfə 150 min qoyub sonra çıxarıb. Bircə Sevdanın pulu sistemə oturub, qalanı real deyil».

F.Rəşadətli əməkdaşlarının qanundan kənar heç bir iş görmədiklərini məhkəmənin diqqətinə çatdırıb: «Əməkdaşlarım işlərini itirməsin deyə mənim dediklərimi edirdilər. Qanundan kənar nəsə iş gördüyümü bilməyiblər, onlara əlavə heç bir manat də verilməyib. Tural bacımın yoldaşının dayısı oğludur. Həm də Turalla bir yerdə oxumuşam. Tural gəlib dedi ki, pulu batırıb biznesdə, atası da tələb edir. Mənə təklif etdi ki, borc tapıb verim, yoxsa atası məndən prokurorluğa şikayət edəcək. Çıxış yolu tapmaq üçün faizləri ödəyirdim ki, vaxt uzansın. İstintaq zamanı deməmişəm ki, pulu özümə xərcləmişəm. Həmin vaxt hamiləliyimin son dövrü idi, ifadə verə, uzun müddət otura bilmirdim. Müstəntiqə dedim nə istəyirsən yaz, qol çəkim gedim».

F.Rəşadətli istintaqdan əvvəl Turalgilin onu hədələdiyini deyib: «Ona görə geri çəkildim. Onun qardaşı Toğrul Yasamalda hakimdir, onun adı ilə məni hədələyirdilər. Mənim 16 işçim tutulacaqdı. Ona görə də, istintaqa əvvəl fərqli ifadə verib hər şeyi boynuma aldım. İmzaları da öz üzərimə götürdüm. Sevda xanımın qoyduğu pula görə imzalanan müqavilədə faizdə səhv var idi, sənədi təzədən ona qaytarmamaq üçün yeni sənəd çap etdik və onu Tural imzaladı. Buna görə də, məxaric edəndə də Turalın imzası ilə çıxardıq. Mən Turala 1,6 milyon ödəmişəm. Tural da korrupsiya idarəsində ifadəsində bunu etiraf edib».

Məhkəmə prosesi martın 1-də davam edəcək.

İstintaq yolu ilə müəyyən edilib ki, Fərəh Rəşadətli «Dəmir Bank» ASC-nin Bayıl filialının müdiri vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda əmlakı ələ keçirib, dələduzluq edib, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədib.

O, Tural Axundovdan 395 min manat, Əzizə Axundovadan 1 milyon 155 min manat, Bəhruz Axundovdan 400 min manat, Pərvanə Əliyevadan 400 min manat, Gülnur Axundovadan 300 min manat, Sevda Xəlilovadan 300 min manat, Firəngiz Xəlilovadan 150 min dollar, Rüstəm Qasımovdan 100 min dolları əmanət kimi alaraq mənimsəyib. Qeyd edək ki, adları çəkilən şəxslər Azərbaycanın xalq şairi Xəlil Rzanın qohumlarıdır.

«Dəmir Bank»ın nümayəndəsi Firudin Quliyev mülki iddia qaldıraraq banka dəymiş maddi və mənəvi ziyana görə 100 min manat ödənilməsini tələb edib.