vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
18:27 | 26 fevral 2018 | Bazar ertəsi Məqaləyə 1880 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qan gölündə boğulan Şərqi Quta

Bu qəsəbə Əsəd üçün niyə önəmlidir...?

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən həftə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi atəşkəs qətnaməsinə baxmayaraq Suriya rejimi Dəməşq ətrafındakı Şərqi Quta qəsəbəsinə bu gün də aviazərbələr endirib. Virtualaz.org BBC rus xidmətinə istinadən xəbər verir ki, Suriya rejimi atəşkə rejiminin «terrorçulara zərbə endirilməsinə dəxli olmadığını» bildirir.

BMT Təhlükəsizlik Şurası ötən şənbə günü humanitar böhranın yaşandığı bu qəsəbədə hərbi əməliyyatların 30 günlüyə dayandırılmasına dair qətnamə qəbul etmişdi. Bazar günü Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqları zamanı Moskvanı Əsəd rejimini bu atəşkəs qətnaməsinə əməl etməyə inandırmağa çağırmışdı. Atəşkəsin məqsədi müxalifətin nəzarətində və mühasirə vəziyyətində olan qəsəbədən yaralıları və mülki əhalini çıxarmaq, beynəlxalq humanitar yardım missiyaları göndərməkdir. Lakin belə görünür ki, atəşkəs cəmi bir neçə saat sonra pozulub. Suriya Hərbi Hava Qüvvələrinin vertolyotları və təyyarələri qəsəbəyə «çəllək bombaları» atmaqda davam ediblər.

Müharibədən əvvəl Quta rayonu Dəməşqin ətraf rayonlarından biri idi, Suriyada üsyan başlayanda müxalifət bu rayonun şərq hissəsində nəzarəti ələ keçirib. 2015-ci ilə qədər Qutanın şərqində möhkəmlənmiş müxalif qüvvələr Əsəd rejimi üçün ciddi təhdid idi. Bu rayondan Dəməşqin özünə qədər 8-10 km məsafə var və əgər Rusiyanın hərbi müdaxiləsi olmasaydı üsyançıların paytaxta irəliləməsini dayandırmaq mümkün olmayacaqdı.

Lakin Rusiyanın hərbi müdaxiləsindən sonra Bəşər Əsəd bu rayonu mühasirədə saxlayıb ara-sıra havadan zərbələr endirməklə əsas qüvvələrini ölkənin digər regionlarında silahlı müxalifətə qarşı döyüşlərə səfərbər etdi. Şərqi Qutaya aparan bütün yollar bağlandı və bu qəsəbədə qalan 400 minə qədər əhaliyə zəruri humanitar yardım ancaq Dəməşqin icazəsi ilə çatdırıla bilirdi.

Fevralın 4-dən bəri isə Əsəd rejimi bu rayona qarşı yenidən intensiv hərbi zərbələrə başlayıb. Şərqi Quta rayonu əsasən «Ceyş əl-İslam» islamçı qruplaşmasının nəzarətindədir. Bundan əlavə  həmin rayonda «Həyyat Təhrir əl-Şam» adlı cihadçılar alyansı da fəaliyyət göstərir, qruplaşmaya «Əl-Qaidə»nin Suriyadakı keçmiş komandiri rəhbərlik edir. 2017-ci ildə Rusiya, Türkiyə və İran arasında əldə edilmiş üçtərəfli razılaşmaya əsasən Şərqi Quta da deeskalasiya rayonu elan edilmişdi.

Lakin fevralın əvvəllərindən başlayaraq Əsəd rejimi bu rayona özünün elit hərbi birləşmələrini cəmləşdirdi. Yaşayış məntəqəsini üsyançılardan təmizləmək üçün bir neçə hücum cəhdi edilsə də nəticə vermədi. Üsyançılar Şərqi Qutada illərdir yeraltı sığınacaqların və tunellərin şəbəkələrini yaradıblar. Nəticədə Suriya ordusu qurudan hücumla qəsəbəni ələ keçirə bilmir. Və əsas taktika kimi hava zərbələrinə üstünlük verilir. Bu isə dinc əhali arasında çoxsaylı itkilərə gətirib çıxarır. Son bir neçə həftə ərzində Suriya aviasiyasının və Rusiya Hava-Kosmik Qüvvələrinin endirdiyi zərbələr nəticəsində Qutanın şərqində yüzlərlə dinc sakin həlak olub.

Yaxın Şərq üzrə ekspert Mixail Maqid BBC-yə bildirib ki, əslində deeskalasiya zonalarının yaradılması «feyk» idi. Çünki burada əsas məqsəd Əsəd və müttəfiqlərinə qüvvələri digər üsyançı birləşmələrə, o cümlədən İŞİD-ə qarşı mübarizəyə səfərbər etmək olub.

İndi Suriyada əsas müxalif qruplaşmalar dağıdılandan sonra Əsəd bütün əsas qüvvələrini İdlibə və Şərqi Qutaya yönəldib. Digər deeskalasiya zonası Suriyanın cənubunda, İsraillə sərhəddədir. Lakin Suriya rejimi İsrailə görə həmin rayonda hərbi əməliyyatlar apara bilmir. Beləliklə də Əsəd rejiminin illərdir davam edən müharibədə qalib gəlməsi üçün İdlibi və Şərqi Qutanı almaq iki əsas hədəfdir. Lakin İdlibdə də hərbi əməliyyatlar aparmaq mürəkkəbdir, həmin rayonda Türkiyənin hərbi iştirakı var. Üstəlik Türkiyə bildirir ki, hazırda hərbi əməliyyatlar apardığı Afrinlə kifayətlənməyəcək, Amerika hərbçilərinin olduğu Menbiçi də tutacaq və İdlibdə dayanacaq. Bu baxımdan Əsəd rejimi əsas qüvvələrini müxalif anklav olan Şərqi Qutaya yeridib.

Hazırda Şərqi Quta illərdir davam edən artilleriya və raket zərbələrindən, bombardmanlardan «ay peyzajını» xatırladır. Qəsəbədə salamat ev, tikili qalmayıb. Lakin üsyançılar özlərinə yeraltı sığınacaqlar düzəldiblər və yerin altı ilə rahat hərəkət edib yerlərini tez-tez dəyişə bilirlər. Bu səbəbdən Suriya ordusunun  anklavı öz nəzarətinə ala bilməsi mürəkkəb məsələdir.

Hərbi ekspert Viktor Muraxovskiyə görə Suriya ordusu Hələbdə qazandığı təcrübədən istifadə edir. Bu, şəhəri aramsız bombalamaq, darmadağın etmək və sonda əhalini və üsyançıları oranı tərk etməyə məcbur etməkdir.

Mixail Maqid də hesab edir ki, Bəşər Əsəd Şərqi Qutad məhz Hələb ssenarisini təkrar edir. «Əgər bu kvartalları birbaşa hücumla ələ keçirmək alınmırsa kütləvi zərbələr, bombardman qarşı tərəfi məcbur edir ki, anlaşmaya getsin, şəhərdən çəkilsin», - o deyir.

Əgər belə anlaşma əldə olunsa Şərqi Qutadan müxalif qüvvələrin çəkilməsi üçün ancaq bir rayon qalır - İdlib. Lakin hələlik bu qəsəbəyə nəzarət edən üsyançılar təslim olmaq fikrində deyil, onların silah-sursat ehtiyatı belə görünür ki, boldur və uzun müddət müqavimət göstərə bilərlər. Mülki əhali barədə isə bunu demək mümkün deyil. Bombardmanlardan hər gün dinc əhali, o cümlədən uşaqlar ölür, Əsəd rejimi xəstəxanaları da bombalayır. Humanitar fəlakət yaşanır, ərzaq, dərman vasitələri çatışmır. Şəhər əsl qan gölünə çevrilir.