vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
AVROPA  
14:17 | 28 fevral 2018 | Çərşənbə Məqaləyə 2592 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Merkel avtomobil şirkətlərini müdafiə edə bilmir

Almaniya şəhərlərində dizellə işləyən avtomobilləri qadağan edəcəklər

MÖVZU İLƏ ƏLAQƏLİ

Britaniya mətbuatının bu gün toxunduğu mövzulardan biri də dizellə işləyən avtomobillərlə bağlı Almaniya məhkəməsinin qərarıdır. «The Guardian» yazır ki, havanı çirkləndirən milyonlarla avtomobil Almaniya küçələrindən yox ola bilər.

Ölkənin Ali İnzibati Məhkəməsi aşağı instansiya məhkəmələrinin bələdiyyələrin dizellə işləyən avtomobillərə qadağan qoymaq hüququnu tanıyan hökmlərini qüvvədə saxlayıb.

Bu tarixi hökm bütün ölkə boyunca 12 milyon avtomobili və Avropanın ən böyük avtomobil bazarını təsirləndirə bilər.

Almaniyanın Leypsiq şəhərindəki Ali İnzibati Məhkəməsi Ştutqart və Düsseldorf şəhərlərinin bələdiyyələrinə dizel maşınlarına qadağa qoymaq icazəsi verən hökmləri qüvvədə saxlayıb.

Bu qərarın qəbul edilməsi üçün ilk əvvəl «Deutsche Umwelthilfe» ətraf mühiti mühafizə kampaniyası müraciət etmişdi.

Ekspertlər bildirirlər ki, bu məhkəmə presedentinin ardınca Almaniyanın bir çox şəhərləri dizel avtomobillərinin qadağası təşəbbüsünə qoşula bilər.

Məhkəmənin hökmündə deyilir ki, qadağan məsələsi tamamilə şəhər bələdiyyələrinin ixtiyarına verilir, lakin onlar bu tədbirin tətbiqi zamanı «aşırı sərtlik» göstərməməlidirlər. Məhkəmə ilkin mərhələdə təcili yardım ambulanslarına, zibilyığan maşınlara və polis avtomobillərinə güzəşt olunmasını tövsiyə edib.

Kampaniyaçılar bildirirlər ki, yol-nəqliyyat məhdudiyyətlərinin qoyulması havanın təmizlənməsi üçün həlledici faktordur.

Ekspertlərin daha kədərli statistikasına görə, Almaniyada hər il 6-13 min arasında adam atmosferin çirklənməsi ilə bağlı xəstəliklərdən vəfat edir.

Alimlərin inamına görə, havanın çirklənməsinin əsas baiskarı məhz dizellə işləyən maşınlardır. Onlar bildirirlər ki, Ştutqart, Düsseldorf, Köln və Münhen kimi şəhərlərdə havanın tullantı qazları ilə çirklənməsi normadan iki dəfə artıqdır.

Bununla belə, qadağanın tətbiqi milyonlarla avtomobil istifadəçisini qeyri-müəyyən vəziyyətə sala bilər. Bu da qeyd olunur ki, məhkəmə qərarı dizelli avtomobillərin qiymətlərini «öldürəcək».

Hökumət sürücülərin narahatlığını aradan qaldırmaq üçün tədbirlərin tədricən tətbiq olunacağını bildirib.

Hüquqşünaslar deyirlər ki, məhkəmə heç bir avtomobilə qadağa qoymayıb, sadəcə olaraq, bu problemli vəziyyətə aydınlıq gətirib.

Kansler Angela Merkel isə bəyan edib ki, avtomobillərin havanı çirkləndirməsi yalnız böyük şəhərlərdə problem təşkil edir.

Məhkəmə qərarından sonra avtomobil şirkətlərinin səhmləri azacıq qiymətdən düşüb.

Kansler Merkel avtomobil nəhənglərinə münasibətdə üzüyumşaqlıq göstərməkdə günahlandırılır.

Bu qadağadan nə qədər avtomobilin təsirlənəcəyi naməlum qalır, amma belə görünür ki, dizellə işləyən 15 milyon avtomobildən yalnız 9 milyonu təsirlənəcək. 6 milyon avtomobil «Euro 6» ekoloji təmizlik standartlarına cavab verir.

Avtomobil sənayesi tacirlərin bundan sonra dizelli maşınların satılmasına daha az maraq göstərə biləcəyindən narahatdır.

Bəzi ekspertlər isə bildirirlər ki, dizelli avtomobillərin qadağasını lazımınca monitorinq etmək çətin olacaq.