vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
19:10 | 2 mart 2018 | Cümə Məqaləyə 2613 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yeni «soyuq müharibə»

Putini hövsələdən çıxaran əsas amil Rusiyaya təzyiqlərin alçaldıcı xarakter almağa başlaması oldu

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Putinin «analoqu olmayan silah düzəltmişik» bəyanatının səbəbləri barədə. Bu, ən əvvəl diplomatiyanın, ABŞ-la aparılan qapalı danışıqların nəticəsiz qaldığını göstərir.

Yanvar ayının sonlarında Rusiyanın 3 kəşfiyyat orqanı – FSB, QRU və SVR-in rəhbərləri Bortnikov, Korobov və Narışkin Vaşinqtona səfər etmişdilər. Bu, indiyədək görünməmiş bir hadisə idi. İstər həmin səfər zamanı CİA direktoru Pompeonun ABŞ seçkilərinə müdaxilə etmiş haker qrupunun bağlı olduğu QRU-nun rəhbəri Korobov ilə görüşdən imtina etməsi, istər səfərdən sonra baş verənlər (məsələn, ABŞ-ın Suriyada rusiyalı muzdluları bombardman etməsi), istərsə də Putinin bugünkü qəzəbli tonu göstərir ki, sövdələşmə ya baş tutmayıb, ya da ABŞ «dərin dövləti» Trampın iradəsi xaricində bu prosesi baltalamaqla məşğuldur.

Digər səbəblər kimi Amerikanın yeni milli təhlükəsizlik strategiyası və bunun əsasında hazırlanan yeni müdafiə və nüvə strategiyalarında Rusiyanın əsas hədəflərdən biri kimi göstərilməsi, 2019-cu maliyyə ili üçün 716 milyard dollar həcmində yeni hərbi büdcə müəyyənləşdirilməsi və orada Avropada Rusiyaya qarşı fəaliyyətlər üçün 6,3 milyard dollar ayrılması, ABŞ-ın nüvə arsenalının modernizasiyasına başlaması və məhdud dağıdıcı gücə malik nüvə bombaları hazırlayacağını bəyan etməsi (bununla nüvə silahının tətbiqi riski artır), hətta asimmetrik təhdidlərə belə (kiberhücum) nüvə zərbəsi ilə cavab verə biləcəyini yeni strategiyada elan etməsi, Avropaya nüvə bombası daşıya bilən strateji bombardmançılar yerləşdirməsi, Rusiya sərhədlərində NATO hərbi infrastrukturunun yaradılması, Avropa və Asiyada ABŞ raket hücumundan müdafiə sisteminin qurulması, NATO-nun genişlənmə siyasətini davam etdirməsi, Rusiyaya qarşı sanksiyaların səngimək əvəzinə getdikcə daha da sərtləşdirilməsi və yeni qanun (CAATSA) əsasında ABŞ-ın üçüncü ölkələri də Rusiya ilə iqtisadi, hərbi-texniki sahələrdə razılaşmalardan çəkindirməsi, Ukraynaya müasir silahların verilməsi barədə siyasi qərar, beynəlxalq məhkəmələrin Ukrayna ilə mübahisəli məsələlərdə Rusiya əleyhinə qərar verməyə başlaması və s. məsələləri qeyd etmək olar.

Bütün bunlarla bərabər, Rusiya kosmik sənayesinin ABŞ-ın özəl şirkətindən (SpaceX) geri qalmasının da Rusiya tərəfinin cavab vermək məcburiyyəti hiss etməsində rolu var.

Putini hövsələdən çıxaran əsas amil isə son vaxtlar Rusiyaya təzyiqlərin müəyyən qədər alçaldıcı xarakter almağa başlaması oldu. Suriyada Rusiya vətəndaşlarından ibarət «Vaqner qrupu»na qeyri-proporsional şəkildə (strateji aviasiyanı cəlb etməklə) zərbə endirilməsi, Rusiya idmançılarının Olimpiya oyunlarında ölkənin adı və bayrağı altında çıxışdan məhrum edilməsi, WADA-nın Rusiyanı bundan sonra beynəlxalq idman yarışlarına ev sahibliyi etmək hüququndan məhrum edəcək qərarın qəbuluna hazırlaşması, Argentinada Rusiya hakim dairələrinin əlinin olduğu narkotrafikin üzə çıxarılması, Tunisdə Rusiya silahı və hərbi texnikasını daşıyan gəminin saxlanılması bu qəbildən olan hadisələrdir.

Putin ABŞ-ın konstruktiv niyyətlə masaya əyləşməsinə nail olmağa çalışır. «İndiyədək bizi eşitmirdiniz, artıq eşidin!» şəklində Vaşinqtona ünvanlanan emosional çağırışın mənası budur. Lakin Vaşinqtonda, xüsusən Konqres dəhlizlərində hökm sürən əhval-ruhiyyəni nəzərə alsaq, bu bəyanatın əks effekt doğurması ehtimalının yüksək olduğunu söyləyə bilərik. Gərginliyin daha da artması, o cümlədən Kiçik və orta mənzilli raketlərin ləğvinə dair 1987-ci il tarixli Qorbaçov-Reyqan müqaviləsinin pozulması, Strateji hücum silahlarının ixtisarına dair müqavilənin (SNV-3) uzadılmaması, silahlanma yarışının başlaması tamamilə mümkündür.

Bir sözlə, yeni «soyuq müharibə».


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)